Naxçıvan rəssamları Bakı sərgisində

 

Gənc rəssam Tural Həsənlinin sənət dünyası

 

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Naxçıvan Muxtar Respublikası rəssamlarının doğma diyarın muxtariyyət qazanmasının 90 illiyinə həsr olunmuş yubiley sərgisi keçirilmişdir. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə Naxçıvanda yaşayıb-yaradan 23 rəssamın 100-dək əsəri nümayış olunmuşdur.

 

 Sərginin təntənəli açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Naxçıvan torpağının həmişə rəssamlarımızın ilhammövzu qaynaqlarından olduğunu vurğuladı, bu diyarın istedadlı fırça ustalarının öz əsərləri ilə milli rəngkarlığımızı zaman-zaman zənginləşdirdiklərini söylədi.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İsa Həbibbəyli Naxçıvanın təbiətinin, tarixinin və yurdsevər insanlarının saysız-hesabsız rəsm əsərlərinə mövzu verdiyiniyubiley sərgisinin də bu baxımdan rəngarəng, məzmunlu olduğunu bildirdi.

Mərasimdə çıxış edənlər ekspozisiyanı bu diyarın övladlarının qədim türk yurdu Naxçıvanın yubileyinə layiqli sənət töhfəsi kimi dəyərləndirdilər. Sonra paytaxt ictimaiyyətinin numayəndələri, sənətsevərlər sərgi ilə tanış oldular, təəssüratlarını bölüşdülər.

Sərgi iştirakçıları sırasında gənc rəssam Tural Həsənlinin iki rəsm əsərinin – natürmortların iştirakçıların diqqətini daha çox cəlb etdiyinin şahidi olduq. Akademik İsa Həbibbəyli bildirdi:

Tural mən Naxçıvanda işlədiyim dövrdə bizim tələbəmiz idi, istedadı və çalışqanlığı ilə seçilirdi. O, Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tural müxtəlif sərgi və müsabiqələrdə dəfələrlə iştirak etmişbir sıra uğurlara nail olmuşdur. Onun bu sərgidə nümayiş etdirilən  2 əsəri istər sənətkarlıq, istərsə də mövzu baxımından gənc rəssamın sənət yolundakı irəliləyişini təsdiq edir. Mən yetirməmizin parlaq gələcəyinə inanır, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Öyrənirik ki, Tural Həsənli Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan Rəssamlar Birliyinin üzvüdür. 2009 və 2012 ci illərdə Naxçıvan MR Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən gənc rəssamı” seçilmişdir. 2012-ci ildən Prezident təqaüdçüsüdür. Həmsöhbətimizin özü haqqında söylədikləri isə daha maraqlıdır.

İlk dəfə 2004-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyiNarkomaniya əsrimizin bəlasıdır” mövzusunda respublika müsabiqəsinin III, 2006-cı ildə eyni adlı müsabiqənin həvəsləndirici mükafatına layiq görüldüm. 2005-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Bakı şəhərində “Naxçıvan naxışları” adlı sərgidə əsərlərim sərgilənmişdir. 2011-ci ildə V.Səmədova adına sərgi salonunda təşkil olunmuş “Naxçıvan rəssamları” adlı qarışıq sərgidə də iştirak etmişəm.

– Məlumatımıza görə, xarici ölkələrdə bir sıra sərgilərdə də Azərbaycanı layiqincə təmsil etmisən.

– 2006-cı ildə Türkiyə Respublikasının Van şəhərinin “100-cü yıl Universiteti”ndə fərdi sərgim olub. 2009-cu ildə qonşu İran İslam Respublikasında hər il keçirilən müsəlman ölkələrinin ənənəvi 16-cı Beynəlxalq Vizual İncəsənət Festivalında ölkəmizi  təmsil etmişəm. 2009-cu ildə Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş Azərbaycan mədəniyyəti günlərində Azərbaycan rəssamlarının əsərlərindən ibarət qarışıq sərgidə də iştirak etmişəm. Eyni zamanda, Naxçıvan Dövlət Universitetinin 40-cı ildönümü ilə əlaqədar Rusiya Federasiyasının MoskvaNovosibirsk şəhərlərində keçirilmiş yubiley sərgilərinin də iştirakçısı olmuşam.

Gənc rəssam Tural Həsənli 2011-ci ildə isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Respublikası Rəssamlar İttifaqı ilə birgə keçirdiyi “Xocalı soyqırımı” respublika sərgi - müsabiqəsində “Tarixin qanlı illəri” adlı əsərilə həvəsləndirici yeri tutmuşdur. Rəssam karikatura sahəsində çıxışları ilə də bir sıra beynəlxalq uğurlara nail olmuşdur. Portuqaliya, İran, Türkiyə, Almaniya, Serbiya, İtaliya, Hindistan, Çin kimi ölkələrdə keçirilən ənənəvi karikatura müsabiqələrinin, həmçinin Azərbaycanda hər il keçirilən “Molla Nəsrəddin” beynəlxalq karikatura müsabiqəsinin iştirakçısı olmuşdur. Əsərləri adıçəkilən müsabiqənin kitab-kataloqunda nəşr olunmuşdur.

Eyni zamanda, onun karikaturaları ölkəmizdən xaricdə keçirilmiş müsabiqələrin (40-cı Ostin Dünya Karikaturalar Qalereyası adlı sərgi müsabiqənin kitab kataloqu - Makedoniya, 2012-ci il, “Yılmaz Güneykarikatura müsabiqəsinin kitab kataloqu - Türkiyə, 2012-ci il, 32-ci “Hoca Nasreddin” beynəlxalq karikatura müsabiqəsinin kitab kataloqu - Türkiyə, 2012-ci il) ən yaxşı əsərlərdən ibarət kitab kataloqlarında da çap olunmuşdur. Bununla yanaşı, Turalın  karikaturaları Türkiyənin “Fenamizah” adlı aylıq karikatura jurnalında dərc olunmuşdur.

O, 2011-ci ildə keçirilmiş IV “Molla Nəsrəddin” beynəlxalq müsabiqəsində 63 ölkəni təmsil edən 307 karikaturaçı içərisində xüsusi mükafata layiq görülmüşdür.

 

N.QƏDİMOĞLU,

T.AYDINOĞLU,

 

Xalq qəzeti.- 2014.- 3 iyun.- S.10.