“Azərbaycanın
regionları. Yeni inkişaf
dövrü” üçcildliyi çapdan
çıxmışdır
“Azərbaycanın regionları. Yeni inkişaf dövrü” adlı üçcildlik nəşr bu günlərdə işıq üzü görmüşdür. Nəfis şəkildə çap olunmuş, yüksək zövqlü bədii tərtibata və poliqrafik keyfiyyətə malik bu nəşr Azərbaycan Respublikası Prezidentinin katibliyi tərəfindən buraxılmışdır. Nəşrin hazırlanmasında Prezidentin mətbuat katibi xidmətinin və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunmuşdur.
Prezidentin katibliyindən AzərTAc-a bildirmişlər
ki, nəşr Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı sahəsində Prezident İlham Əliyevin təşəbbüsü
və bilavasitə rəhbərliyi ilə həyata
keçirilən proqramların - Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın, eləcə də
regionların sosial-iqtisadi inkişafına
dair əlavə tədbirlərlə
bağlı dövlətimizin başçısı tərəfindən
qəbul edilmiş bir
sıra digər sərəncamların icrası sahəsində
görülən işləri əks etdirir.
Azərbaycanın
regionlarında görülən işlərin, həyata
keçirilən proqramların ətraflı, əhatəli və
sistemli şəkildə
işıqlandırılmasına xidmət edən mükəmməl
struktura malik bu nəşr Prezident İlham Əliyevin aşağıdakı
sözləri ilə başlayır:
“Bizim
gözəl iqlimimiz, təbiətimiz,
torpağımız var, əlverişli coğrafi vəziyyətimiz, zəngin təbii
ehtiyatlarımız, gözəl, istedadlı
insanlarımız var. Bunlar
olan halda, biz mütləq və mütləq Azərbaycanı
müasir, zəngin, qüdrətli
dövlətə çevirməliyik və çevirəcəyik.
Azərbaycanın hərtərəfli
inkişafı bölgələrin inkişafından
asılıdır. Məhz buna görə
də biz bölgələrə yeni infrastruktur gətirməyə
çalışırıq. Yaradılan müəssisələr,
fabriklər, zavodlar bölgələrin
inkişafına xidmət edir. Mənim məqsədim ondan ibarətdir
ki, Azərbaycanın hər bir bölgəsi inkişaf
etsin və dünyadakı ən yüksək
səviyyə, ən yüksək standartlar
Azərbaycanın hər bir yerində tətbiq
olunsun, bölgələrdə, rayonlarda dünya
standartlarına cavab verən infrastruktur obyektləri, idman
qurğuları, tibb ocaqları, məktəblər,
zavodlar, fabriklər istifadəyə verilsin.
Əminəm ki, Azərbaycan bundan sonra da uğurla
inkişaf edəcəkdir. Bizim
qarşımızda üfüqlər açıqdır, Azərbaycanın gələcəyi
açıqdır, aydındır və biz
bu gələcəyə doğru
gedirik. Biz düz yolla gedirik - bu yol
inkişaf yoludur".
Nəşrin 1-ci cildinin əvvəlində Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət proqramlarının icrası ilə əlaqədar
keçirilmiş konfranslarda Prezident İlham Əliyevin nitqləri
verilmişdir.
Birinci cildə daxil edilmiş “Naxçıvan
iqtisadi rayonu”, “Abşeron iqtisadi rayonu” və “Aran iqtisadi rayonu”
bölmələrində adıçəkilən regionlarda
iqtisadi inkişaf proqramları çərçivəsində
həyata keçirilmiş layihələr barədə rəngarəng
illüstrativ və məlumat xarakterli materiallar dərc
edilmişdir.
İkinci cildə “Dağlıq Şirvan iqtisadi
rayonu”, “Gəncə-Qazax iqtisadi rayonu”, “Quba-Xaçmaz iqtisadi
rayonu” və “Lənkəran iqtisadi rayonu”,
üçüncü cildə isə “Şəki-Zaqatala
iqtisadi rayonu”, “Yuxarı Qarabağ iqtisadi rayonu” bölmələri
daxil edilmişdir. Üçüncü cildin sonunda verilmiş “Əlavələr”
bölməsində Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və
Azərbaycan Respublikası Prezidentinin 2009-cu
il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”, eləcə də regionların sosial-iqtisadi
inkişafına dair əlavə tədbirlər
barədə dövlətimizin başçısının sərəncamları
daxil edilmişdir.
Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev tərəfindən
müəyyən edilmiş sosial-iqtisadi inkişaf
strategiyasının həyata keçirilməsi nəticəsində
ölkəmizin möhkəm iqtisadi təməli
yaradılmış, hərtərəfli inkişaf
yolu dönməz xarakter
almışdır.
Prezident İlham Əliyevin “Azərbaycan
Respublikasında sosial-iqtisadi
inkişafın sürətləndirilməsi tədbirləri
haqqında” 2003-cü il 24 noyabr
tarixli fərmanının davamı olaraq 2004-cü il 11 fevral tarixli fərmanı
ilə təsdiq olunmuş “2004-2008-ci illər
üçün Azərbaycan
Respublikasında regionların sosial-iqtisadi
inkişafı üzrə Dövlət Proqramı” Azərbaycanın hərtərəfli,
dayanıqlı və davamlı inkişafına yol açmışdır.
Regionlardakı
mövcud əmək ehtiyatlarından, təbii
və iqtisadi potensialdan
səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun
inkişafını və aqrar sektorda islahatları sürətləndirmək,
əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq,
infrastrukturu yeniləşdirmək, əlverişli
investisiya şəraiti, müasir
müəssisələr, yeni iş
yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi
vəzifəsini irəli sürən Dövlət Proqramı ümummilli lider Heydər
Əliyevin neft strategiyasının hədəflərini
- neft gəlirlərindən səmərəli
şəkildə istifadə olunmaqla
ölkənin uzunmüddətli və hərtərəfli
inkişaf konsepsiyasını
reallaşdırmışdır.
Dövlət
Proqramı ölkənin inkişafında yeni
mərhələnin başlanğıcını qoymuş, regionların inkişafını
dövlət siyasətinin prioritet istiqamətlərindən
biri səviyyəsinə
qaldırmışdır. Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş
bu strategiyanın düzgünlüyü
ötən müddətdə öz bariz təsdiqini tapmış, regionların
siması köklü şəkildə dəyişmiş,
əhalinin paytaxta və digər iri şəhərlərə axını səngiyərək
əks proses başlanmış, regionlarda işləməyə və yaşamağa üstünlük
verənlərin sayı artmışdır. Bu
gün hər bir ailə,
hər bir vətəndaş Dövlət
Proqramının real nəticələrini
öz gündəlik həyatında hiss etməkdədir.
Proqramın
uğurlu icrasını və beş ildə bütün
sahələrdə əldə olunmuş
nailiyyətləri real qiymətləndirən
Prezident İlham
Əliyevin 2009-cu il 14 aprel
tarixli fərmanı ilə “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” təsdiq edilmişdir. Qlobal iqtisadi böhran
vəziyyətinə baxmayaraq, ölkə
iqtisadiyyatının şaxələndirilməsi, bölgələrin
infrastruktur və kommunal
xidmətlərlə təminat səviyyəsinin və
xalqın rifahının daha da yüksəldilməsi yeni
proqramın əsas hədəfləri kimi müəyyən
edilmişdir.
Bu
hədəflərə çatmaq üçün makroiqtisadi
sabitliyin qorunması, dinamik
inkişafın davam etdirilməsi, investisiya mühitinin daha da
yaxşılaşdırılması, qeyri-neft
sektorunun inkişafının sürətləndirilməsi,
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi,
ixrac yönümlü
məhsul istehsalının artırılması başlıca vəzifə kimi irəli sürülmüşdür.
Dövlət
proqramlarının icrası nəticəsində ölkədə
makroiqtisadi sabitliyin davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi,
tarazlı regional və davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi,
əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində
mühüm uğurlar
əldə edilmişdir.
İki proqramın icrası nəticəsində ümumi daxili məhsul 3,4
dəfə, qeyri-neft sektoru
2,6 dəfə, kənd təsərrüfatı istehsalı
3,3 dəfə artmışdır. İnvestisiyalar
6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə
artmış, ölkədə 1 milyon 240 min yeni iş
yeri yaradılmışdır ki, bunun da 71 faizi, yəni 882 mini regionların payına düşür.
Bütövlükdə
2004-2013-cü illərdə ölkənin bütün
regionları üzrə - 55.615 yeni müəssisə
açılmışdır. Yeni iş yerlərinin və yeni
müəssisələrin yaradılması hesabına yoxsulluğun səviyyəsi 2003-cü ildəki
49 faizdən 2008-ci ildə 13,2 faizə, 2013-cü ildə isə 5,3 faizə
enmişdir.
Ötən
10 ildə Sahibkarlığa Kömək Milli
Fondunun vəsaitləri hesabına 19 mindən
çox sahibkarın ümumi
dəyəri 2 milyard manat
olan layihələrinin maliyyələşməsinə
1,2 milyard manat güzəştli
kredit verilmiş və
bu layihələr hesabına 110 minədək
yeni iş yeri yaradılmışdır.
Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi
regionların payına düşür.
Böyük potensiala malik olan və
regionların iqtisadiyyatının əsasını təşkil
edən aqrar sektorun
inkişafının dəstəklənməsi siyasəti, o cümlədən bu sahənin
vergilərdən azad olunması, fermerlərə
subsidiyaların verilməsi, “Aqrolizinq” xətti
ilə onların güzəştli şərtlərlə kənd təsərrüfatı
texnikası, avadanlıq, toxum, gübrə
və cins mal-qara ilə
təmin edilməsi, dövlətin dəstəyi ilə regionlarda aqroservislərin və logistik mərkəzlərin yaradılması
ölkə iqtisadiyyatının inkişafının mühüm istiqamətlərindəndir.
Həyata
keçirilən aqrar siyasəti və ərzaq
təhlükəsizliyi proqramı nəticəsində bu gün regionlarda
iri quşçuluq,
heyvandarlıq, taxılçılıq, üzümçülük
təsərrüfatları, kənd təsərrüfatı məhsullarının
istehsalı, tədarükü, saxlanması, emalı və satışı
kompleksləri yaradılmış,
bir sıra ərzaq məhsulları
üzrə daxili istehsal
artmışdır.
Son 10 ildə inşa edilmiş
və ya əsaslı təmir olunmuş yüzlərlə su anbarı, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, subartezian quyuları aqrar sektorun, sahibkarlığın
inkişafını sürətləndirmiş, yeni torpaqların dövriyyəyə cəlb
edilməsinə, içməli su və enerji təchizatının daha
da
yaxşılaşdırılmasına imkan
yaratmışdır.
Qeyri-neft sektorunun davamlı
inkişafını təmin etmək, ölkədə innovativ və yüksək texnologiyalar
əsasında rəqabət qabiliyyətli sənaye
istehsalının inkişafı üçün
münbit şərait yaratmaq,
müasir texnologiyalara
əsaslanan sənaye müəssisələrini təşkil
etmək, bu sahədə
sahibkarlığı dəstəkləmək və əhalinin istehsal sahəsində məşğulluğunu
artırmaq məqsədilə dövlətimizin
başçısının müvafiq qərarları ilə Sumqayıt Texnologiyalar
Parkı, Sumqayıt Kimya Sənaye
Parkı yaradılmışdır və hazırda digər iri sənaye mərkəzlərinin təşkili
işi həyata keçirilir.
Son 10 il ərzində regionlarda
500-dən çox iri
sənaye müəssisəsi, o cümlədən
Naxçıvanda sement, mərmər və
avtomobil, Qazaxda sement, Gəncədə alüminium,
Goranboyda gips məhsulları,
Mingəçevirdə polietilen borular, elektron
avadanlığı, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri,
Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və
Daşkəsəndə qızıl emalı, Oğuzda
qarğıdalı emalı və qlükoza,
İmişlidə şəkər, bitki
yağları və qarışıq yem
zavodları, Masallıda mebel fabriki, habelə yüzlərlə digər istehsal və emal müəssisələri
fəaliyyətə
başlamışdır.
I və
II Dövlət proqramlarında infrastruktur
layihələrinin icrası prioritet məsələ
olmuşdur. 10 il ərzində
Azərbaycanın elektrik enerjisi
sistemində 17 yeni elektrik
stansiyası, o cümlədən regionlarda 10 elektrik
stansiyası - “Şahdağ”
, “Sumqayıt”, “Cənub” , “Füzuli” ,
“Qusar-1", ”İsmayıllı-1", “Göyçay-1",
”Biləv", Arpaçay və Taxtakörpü su elektrik
stansiyaları tikilib istifadəyə verilmiş, 10 min kilometrdən
çox elektrik xətti
və 1500-dən çox yarımstansiya inşa edilmiş və
yenidən qurulmuşdur. İndi
ölkənin ümumi generasiya
gücü artıq 6300 meqavata
çatdırılmışdır ki,?bunun
da 2300 meqavatı son on il ərzində
yaradılmışdır. Bu gün ölkənin enerji təhlükəsizliyi artıqlaması
ilə təmin edilmiş, təxminən
600-700 meqavat həcmində ixrac potensialı yaradılmışdır.
Ölkədə alternativ enerjinin
əldə edilməsi istiqamətində görülən
işlər çərçivəsində Qobustan
rayonunun ərazisində 5 meqavat
gücündə hibrid tipli
eksperimental poliqon
və tədris mərkəzi istifadəyə verilmişdir.
2004-cü
ildə ölkə üzrə qazlaşdırma səviyyəsi
cəmi 39,8 faiz təşkil edirdisə,
2013-cü ildə bu rəqəm 89,8 faizə,
o cümlədən Bakı şəhəri
üzrə 99 faizə, regionlar üzrə
83,4 faizə çatdırılmışdır. Ölkə əhalisi
üzrə qaz abunəçilərinin
sayı 2004-cü ildə 700 mindən aşağı olduğu halda, bu gün
1 milyon 600 mindən artıqdır. Bunun üçün ümumi uzunluğu 4 min 800 kilometrdən artıq magistral
qaz kəmərləri, 25 min
kilometrdən çox müxtəlif diametrli daşıyıcı xətt çəkilmiş,
8 min kilometrə yaxın boru
xətti əsaslı təmir olunmuşdur.
Qazlaşdırma layihələri çərçivəsində
18 yeni qazpaylayıcı stansiya
inşa olunmuş, 41
qazpaylayıcı stansiya yenidən qurulmuş və ən müasir
qurğularla təchiz olunmuşdur.
13 illik fasilədən sonra
Naxçıvan Muxtar Respublikasına təbii
qaz verilməsi bərpa edilmiş,
Lerik, Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri ilk
dəfə olaraq təbii qazla
təmin edilmişdir.
Sosial infrastrukturun
yaradılması ilə bağlı son on il ərzində böyük işlər görülmüşdür.
Dövlət proqramlarına uyğun
olaraq artıq 22 şəhərdə su təchizatı və kanalizasiya
sistemlərinin yaradılması yekunlaşmış, 12 şəhərə
yeni mənbələrdən suyun verilməsi təmin edilmişdir.
Əhalinin ekoloji cəhətdən təmiz
su ilə təminatının
yaxşılaşdırılması üçün
400 mindən çox əhalisi olan 222 yaşayış məntəqəsində
modul tipli sutəmizləyici
qurğular
quraşdırılmışdır.
I və II proqramlar çərçivəsində regionlarda 3430 kilometr
içməli su xətti, 1225 kilometr kanalizasiya xətti,
96 su anbarı, 39 su və
kanalizasiya nasos
stansiyası tikilmişdir. Dövlət
proqramlarının icrasından əvvəl ölkə
üzrə xidmət göstərilən əhalinin cəmi 26
faizi fasiləsiz içməli su alırdısa, hazırda bu
rəqəm 55 faizə çatdırılmışdır.
Bakıda 10 il bundan əvvəl
cəmi 29 faiz əhali 24 saat
ərzində su ilə təmin edilirdisə,
indi bütün gün ərzində tam su təminatı əhalinin 78 faizini
əhatə edir.
Ölkənin
hərtərəfli inkişafı üçün
böyük əhəmiyyət
daşıyan yol infrastrukturunun
inkişaf etdirilməsi məsələləri
daim diqqət mərkəzində olmuş, magistral
yolların,?şəhərlərarası və kəndlərarası
yolların, şəhərdaxili və kənddaxili yolların
tikintisi, təmiri və yenidən qurulması işləri geniş
vüsət almışdır.
Ümumilikdə
2004-2013-cü illəri əhatə edən iki
Dövlət Proqramı və əlavə tədbirlər
daxilində 8332 kilometr, o
cümlədən 2622 kilometr respublika əhəmiyyətli, 5710 kilometr yerli əhəmiyyətli
avtomobil yolları çəkilmiş və
təmir olunmuş, ümumi
uzunluğu 10087 metr təşkil
edən 222 körpü və yolötürücü tikilmiş, 85 körpü
əsaslı təmir olunmuşdur. Bu dövr ərzində 16
avtovağzal tikilmiş,
9 avtovağzal yenidən qurulmuş,
iri və orta tutumlu 2760 yeni avtobus, 1800 taksi vətəndaşların
istifadəsinə verilmişdir. Bundan əlavə, 400 kilometrdən çox dəmir yolu əsaslı
təmir olunmuş, regionlarda
yeni 4 hava limanı tikilmiş, 2 liman tam yenidən qurularaq istismara verilmiş, yeni hava gəmiləri
alınmışdır. Yol-nəqliyyat kompleksi
üzrə bu tədbirlərin yerinə
yetirilməsinə müxtəlif mənbələrdən 8,2 milyard manat vəsait sərf
olunmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev deyir: “Azərbaycan
düzgün yoldadır. Bizim
apardığımız siyasət real
işlərdə - insanların həyat səviyyəsinin yaxşılaşmasında,
şəhərlərimizin gözəlləşməsində,
ölkəmizin güclənməsində və Azərbaycanın
iqtisadi inkişafında özünü
göstərir.
Bu gün bölgələrdə
vəziyyət tamamilə dəyişmişdir. Yeni müəssisələr, fabriklər
yaradılır, abadlıq işləri sürətlə gedir, iri infrastruktur
layihələri həyata keçirilir. Biz bunu dünyada
mövcud olan ən
yüksək səviyyədə edirik.
Bölgələrin inkişafı nəticəsində Azərbaycanın
hərtərəfli inkişafı təmin olunur.
Biz dünyanın ən qabaqcıl təcrübəsini
Azərbaycanda, bizim şəraitimizə uyğun şəkildə tətbiq edirik, ən yeni
texnologiyaları Azərbaycana gətiririk. Bizim
niyyətimiz ölkəmizi müasirləşdirməkdir. Bizim yolumuz inkişaf
yoludur. Biz bu yolla uğurla
gedirik və gedəcəyik".
Bu
dövrdə əhəmiyyətli ekoloji tədbirlər
həyata keçirilmiş, mühafizə
olunan təbiət ərazilərinin sahəsi
iki dəfə artırılaraq 900 min hektara
çatdırılmış, 9 milli park yaradılmış, 20 milyon
ağac və bəzək kolu
əkilmişdir.
Rabitə xidmətlərinin
keyfiyyətinin daha da
yüksəldilməsi məqsədilə regionlarda
telefon stansiyaları və poçt
binaları istifadəyə verilmiş, bütün rayon mərkəzlərinə
fiber-optik kabel çəkilmişdir.
Bu gün regionlarda hər 100 nəfərdən 60-ı internet istifadəçisidir.
Proqramlar çərçivəsində regionlarda 2708 məktəb, 38-i mərkəzi xəstəxana
olmaqla, 500-dən çox
səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən
çox idman və gənclər
obyekti tikilmiş və ya əsaslı
təmir olunmuş, 41 Olimpiya
İdman Kompleksi
yaradılmışdır.
Heydər
Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım
Əliyevanın bilavasitə təşəbbüsü və
dəstəyi ilə regionlarda uşaq bağçası-körpələr
evlərinin, məktəblərin, səhiyyə müəssisələrinin,
mədəniyyət obyektlərinin tikintisi,
yenidən qurulması, təmiri,
eləcə də tarixi-mədəni abidələrin bərpası
və qorunub saxlanması sahəsində
irimiqyaslı layihələr həyata keçirilmişdir.
Ümumilikdə
2001-2013-cü illərdə qaçqın və məcburi
köçkünlər üçün
yeni salınan 82 qəsəbədə və
ya məhəllədə 40 min mənzil istifadəyə verilmişdir.
Son 10 ildə
məcburi köçkünlərin mənzil şəraitinin
yaxşılaşdırılması məqsədilə 12
çadır şəhərciyi ləğv olunaraq
77 qəsəbə və məhəllə
salınmış, burada 37 min ailə yerləşdirilmiş, 170 minə
yaxın köçkün yeni evlərə köçürülmüşdür.
Qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbə
və məhəllələrdə 120 orta
məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb
müəssisəsi tikilmişdir. Bu təbəqədən olan
insanların sosial müdafiəsi üçün ümumilikdə indiyədək
4,4 milyard manat vəsait
sərf olunmuşdur. Bu
vəsaitin 84 faizi son
10 ildə ayrılmışdır. Eyni zamanda, əlil və şəhid ailələrinin
sosial müdafiəsinin gücləndirilməsi
işləri davam etdirilmiş,
2788 mənzilli, o cümlədən regionlarda 2041 mənzilli yaşayış
binaları və 450-dən çox fərdi
ev tikilmişdir.
Turizmin inkişafı ilə bağlı atılan böyük addımlar, xüsusilə bölgələrdə
hər cür şəraiti olan otellərin
istifadəyə verilməsi,?yeni turizm
mərkəzlərinin açılması Azərbaycanın zəngin
turizm potensialını ölkənin
inkişafına, xalqın rifahının
yaxşılaşmasına
yönəltmək məqsədlərinə xidmət edir. Son beş
ildə Qusarda “Şahdağ”
Qış-Yay Turizm Kompleksinin,
Qəbələdə “Tufan” Dağ-Xizək
Mərkəzinin yaradılması Azərbaycanda turizmin inkişafı üçün
mövcud imkanlardan səmərəli
və yaradıcı istifadənin bariz
ifadəsidir. Bu gün
artıq keçmiş şöhrətini
bərpa etməkdə olan Naftalanda
inşa edilmiş
möhtəşəm “Çinar” və
“Qaşaltı” otel kompleksləri
buranı turizm və sağlamlıq mərkəzi
kimi daha cazibədar etmişdir. Bütövlükdə ötən
müddətdə 14-ü beşulduzlu otel olmaqla, regionlarda
turizm komplekslərinin, istirahət mərkəzlərinin
istifadəyə verilməsi turizmin
inkişafında yeni mərhələ
açmışdır.
2012-ci ilin
sonundan ölkə paytaxtında fəaliyyətə
başlamış “ASAN xidmət”in artıq Gəncə və Sumqayıt şəhərlərində
mərkəzləri vardır. Sırf Azərbaycan məhsulu,
ixtirası və brendi olan,
gündən-günə regionlarda da öz xidmət dairəsini genişləndirən
“ASAN xidmət” əhaliyə qayğı, onun
rahatlığının təmin edilməsi sahəsində
dövlət siyasətini gerçəkləşdirir.
İstehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət,
idman, turizm və digər
sahələri əhatə edən müəssisələrin,
komplekslərin yaradılması sahəsində Prezident İlham Əliyev
tərəfindən həyata keçirilən hərtərəfli, çoxşaxəli və sistemli sosial-iqtisadi siyasət,
genişmiqyaslı quruculuq işləri bu gün Azərbaycanı
müasir, dinamik inkişaf edən, iqtisadi
cəhətdən qüdrətli ölkəyə,
çiçəklənən bir diyara çevirməklə,
xalqımızın rifahını gündən-günə
yaxşılaşdırmaqla yanaşı, müstəqilliyimizin
möhkəmlənməsinə, əbədiliyinə və
dönməzliyinə birbaşa xidmət
edir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev deyir: “Biz regionların sosial-iqtisadi
inkişafının bütün istiqamətlərində
istədiyimizə nail ola
bilmişik. Bu gün regionların siması dəyişir,
şəhərlərimiz öz qədim
simasını saxlamaqla müasirləşir,
gözəlləşir, abadlaşır. Bölgələrdə
iri infrastruktur layihələri
icra edilir, sosial obyektlərin tikintisi
həyata keçirilir.
Bizim ildən-ilə artan
iqtisadi imkanlarımız bizə şərait
yaradır ki, quraq, yaradaq, tikək, ölkəmizi
abadlaşdıraq, güclü infrastruktur yaradaq. Bununla da Azərbaycanın
gücü artır.
Azərbaycan yüksək
sürətlə inkişaf edir. Biz bunu
həyatda görürük, bölgələrin
inkişafında, bölgələrdə yaradılan müasir iqtisadi, sənaye,
nəqliyyat, səhiyyə, təhsil infrastrukturunda
görürük. Biz
bütün bu işlərlə
Azərbaycanın hərtərəfli inkişafına nail ola bilmişik".
Regionlarımızda
aparılan irimiqyaslı tikinti, abadlıq
və quruculuq işləri,
insanlarımızın yüksək səviyyəli həyat tərzinin
təmin edilməsi məqsədilə inşa
olunan ən müasir sosial obyektlər, gerçəkləşdirilən
nəhəng infrastruktur layihələri,
yaradılan güclü iqtisadi potensial, kənd, qəsəbə
və şəhərlərimizin başdan-başa
dəyişən siması 3 cildliyin müvafiq bölmələrində özünün dolğun,
müfəssəl illüstrativ və informativ əksini tapmışdır. Nəşr
son on ildə Azərbaycanın
sürətli, dinamik, hərtərəfli
və irimiqyaslı sosial-iqtisadi
inkişafı barədə indiki və gələcək
nəsillərdə aydın təsəvvür yaratmaq üçün
istifadə oluna bilən sanballı əyani
vəsaitdir.
Xalq qəzeti.- 2014.- 4 iyun.- S.5.