“Təhrif edilmiş tarix: Babək

və Hürrəmilər olduğu kimi

 

 Dünya azadlıq hərəkatları tarixinə adını həkk etdirmiş şəxsiyyətlərdən biri də, heç şübhəsiz ki, xalqımızın  qəhrəmanlıq zirvəsində dayanmış  Babəkdir. İyirmi il ərzində ərəb xilafətinə qarşı mübarizə aparmış və Abbasi xəlifələrinin altı nizami ordusunu məğlub etmiş bu xalq qəhrəmanı dünya tarixinə ərəb xilafətini lərzəyə gətirən bacarıqlı sərkərdə kimi düşmüşdür.

 

Azərbaycan tarixçiləri  həmin dövrü tədqiq edərək Babəkin mübarizəsini araşdırmış və xeyli maraqlı fakt aşkarlamışlar.  Mərhum akademik Ziya Bünyadovun bu sahədəki xidmətləri xüsusilə böyükdür. Lakin bu yaxınlarda Babək mövzusuna yenidən qayıdış və bu barədə yazılan son kitablar göstərir ki, tariximizin hələ də tam öyrənilməyən səhifələri kifayət qədərdir və bu baxımdan yeni araşdırmalara ehtiyac vardır.

Beləliklə,  mövzu barədə sonuncu nəşr olunan araşdırma belə adlanır: “Təhrif edilmiş tarix: Babək və Hürrəmilər olduğu kimi”. Tanınmış tədqiqatçı-yazar, bir sıra maraqlı kitabların müəllifi Ceyhun Bayramlı həmtəsisçisi olduğuOğuz” Müstəqil Araşdırmaçılar Qrupunun yaradılmasının  onuncu ildönümündə bir daha oxucuların görüşünə gəlib.  Bu, artıq tarixçinin Babək və Xürrəmilər hərəkatı barədə sayca ikinci əsəridir.  2011-ci ildə “Babək və Hürrəmilik (yalanlar və gerçəklər)” kitabı ilə bu mövzuda debüt edən müəllif əsaslandırılmış şəkildə Babəkin müsəlman olması və əslində, ərəb imperializminə və əsl İslam həqiqətlərindən uzaq düşən xəlifə sarayına qarşı mübarizə apardığını sübut etməyə çalışmışdı.

Qeyd edək ki, müəllif müasir tarixşünaslığımızda “xürrəmi” kimi yazılan hərəkat adının “şad-xürrəm” kimi yozulmasının əksinə olaraq, onu hürr, azad, kimi mənalandırmış və məhz bu baxımdan kitabın adında bu cür qeyd etmişdir. “Təhrif edilmiş tarix: Babək və Hürrəmilər  olduğu kimi” adlı 2-ci kitabda əsasən, Babəkin və başçılıq etdiyi Xürrəmilər hərəkatının dini-fəlsəfi dünyagörüşü araşdırılmış, islami baxış prizmasından ətraflı tədqiq edilmiş və Azərbaycan milli dövlətçilik tarixində ilk dəfə Xürrəmilər dövlətinin mövcud olması haqqında faktlar göstərilmişdir. Kitabda həmçinin həmin dönəmdə erməni-hayların fəaliyyəti və Babəkin onlara qarşı yürütdüyü siyasətlə bağlı yeni maraqlı fikirlər qeyd edilmişdir. Ümumiyyətlə, kitab Azərbaycan, rus, fars və ərəb dillərində yazılmış çoxsaylı mənbə məlumatlarına əsaslanmış  mövzuya zəngin qaynaqlar  prizmasından yanaşılmışdır.

Müəllifin fikrincə, Babək və Xürrəmilər hərəkatı mövzusunda uzunmüddətli araşdırmalar zamanı məlum olan ən mühüm məsələlərdən biri, bəlkə də ən vacibi Babək və onun  çoxsaylı tərəfdarlarına tarix elmindəki mövcud yanaşmada yanlışlıqların olmasıdır. Bu yanlış yanaşma sovet partiya-dövlət orqanlarının istəyinə uyğun olaraq, Babəkin və Xürrəmilərin, guya, sinfi mübarizə aparmaları barədə söylənilmiş fikirlərdən irəli gəlir. Bundan əlavə, bu hərəkata yanaşma çox zaman müxtəlif təmayüllü qüvvələr tərəfindən üsyan rəhbərinə və onun rəhbərlik etdiyi hərəkata münasibətdə də özünü göstərmişdir.

Həqiqətən də, bu gün hər kəs Babək və Hürrəmiləri birdonda” görmək niyyətindədir. Bu, uzun zaman tariximizin həmin parlaq dövrünü dərindən araşdırmağa əngəl olmuşdur. Ərəb tarixçilərinin birmənalı olaraq Babəkə kafir gözü ilə baxmaları, sovet tarixçilərinin onu əsasən ateizmlə, fars tarixçilərinin isə atəşpərəstliyə yuvarlamaları diqqətdən yayınmır. Bu cür yanaşma Babək şəxsiyyətinin və mübarizəsinin əsl mahiyyətini açmağa əngəl olmuşo, sadəcə, nizami ərəb ordularını məğlub etmişsonra edam olunmuş bir üsyan rəhbəri kimi (bəzi tarixçilər tərəfindən hətta bir kabus, iblis) xarakterizə olunmuşdur. Bundan əlavə, müəllif qeyd edir ki, xürrəmilərlə bağlı daha dəqiq və obyektiv nəticələr hasil edilməsinə mane olan amillərdən biri də Azərbaycanda təriqətşünaslığın inkişaf etdirilməməsidir ki, bu da onun dini-fəlsəfi dünyagörüşünün cəmiyyət üçün qaranlıq qalmasına gətirib çıxarmışdır.

Bu baxımdan, fikrimizcə, “Təhrif edilmiş tarix: Babək və Hürrəmilər olduğu kimi”kitabında toxunulan məsələlərin əksəriyyəti Azərbaycan tarix elmində yenidir. Babəkin Azərbaycanda ilk müstəqil müsəlman dövlətinin hökmdarı olması, onun əslən pers (fars)  olması barədə yürüdülən fikirlərə qarşı təkzibolunmaz faktlar, Xürrəmilərin inanclarının ənənəvi təriqətlər və məzhəblərdən oxşar və fərqli cəhətləri, onlarda qadın–kişi münasibətlərinə münasibətin islami baxış bucağında təhlili, onların  məzhəbi dünyagörüşündə hülul və təcəlla məsələləri, bu hərəkatın ələvilik və qızılbaşlıqla oxşar cəhətləri və s. mövzular ilk dəfə tədqiqata cəlb edilmişdir.

Ceyhun Bayramlı mənbələrdən xeyli maraqlı sitatlar gətirməklə mövzunun aktuallığını daha da artırmış və tədqiq etdiyi sahələri uğurlu müqayisələrlə şərh etmişdir.  Əli Bəhramianın “Babək qədim Azərbaycan dilində danışırdı” fikri, Yaqut əl Həməvinin Xürəmilərin inancı  barədə “Orada Hürrəmiyyə adı ilə məşhur olan Mühəmmirə təriqəti meydana çıxdı. Babək də o yerdən idi. Onlar imam Mehdinin zühurunu gözləyirdilər” yazması, xürrəmilərin qızılbaşlarla ideoloji ortaq baxış nöqtələrinə dair Fəzlullah ibn Ruzbehxan XunçininŞeyx Heydər və müridləri arasında ibahat etiqadını və Babəkin dini qayda-qanunlarını təbliğ edirdi” faktını qeyd etməsi, Təbəridən “ Babək Mötəsimə dedi: məndən axan bu qanı kəsməyə sənin hökmün yetməz” fikrinin müəllif tərəfindən verilməsi kitabın araşdırılma istiqamətini müəyyənləşdirir.

Kitabın elmi məsləhətçisi və ön sözün müəllifi professor Anar İsgəndərov yazır: “Gənc tədqiqatçılardan olan Ceyhun Bayramlı ilk dəfə Xürrəmilər hərəkatı ilə bağlı mövcud mənbələri heç bir marağa xidmət etmədən, ədalətli şəkildə və məntiqi təfəkkürlə dövriyyəyə cəlb etdi. Müəllifin ilk kitabı böyük maraq doğurdu. Təbii ki, çoxlu mübahisələr və maraq doğuran suallar meydana çıxdı. Bunu nəzərə alan müəllif “Təhrif edilmiş tarix: Babək və Hürrəmilər olduğu kimi  əsəri ilə yenidən çoxsaylı oxucularının görüşünə gəldi. Əsər Vətən tarixşünaslığı üçün yeni olan müxtəlif mənbələrlə zəngindir. Müəllif Azərbaycan oxucusunun illərlə arzusunda olduğu aşağıdakı suallara cavab axtarır: Babək dövlət yarada bilmişdimi? Babəkin yaratdığı dövləti müsəlman dövləti kimi qəbul etmək olarmı? Babəkin etnik mənşəyi haqqında əsl həqiqət nədir? Xürrəmilərin dini-məzhəbi dünyagörüşləri ilə bağlı həqiqətlər nədən ibarətdir? Xürrəmiliyin Ələvilik və Qızılbaşlıqla hansı əlaqələri var? və s.”.

Fikrimizcə,  Ceyhun Bayramlının mənbələrə söykənərək ərsəyə gətirdiyi və ictimaiyyətdə  maraq  doğuran bu əsəri müəyyən mübahisə və fərziyələrə son qoyaraq, Babək və Xürrəmilər hərəkatı barədə qaranlıq məqamlara aydınlıq gətirəcək, eləcə də  tariximizin daha müfəssəl öyrənilməsində oxuculara və tədqiqatçılara düzgün istiqamət verəcəkdir.

 

Anar TURAN

 

Xalq qəzeti.- 2014.- 5 iyun.- S.6.