Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin

qorunması və təbliğində çox əhəmiyyətli rol oynamaqdadır

 

 On ildir ki, ulu öndər Heydər Əliyevin adını daşıyan fond müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möhtəşəm beynəlxalq konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

 

Heydər Əliyev Fondu yarandığı vaxtdan bu günə kimi milli- mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm vermişdir. Ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması, yaradıcı gənclərin dünyanın aparıcı ali məktəblərində təhsil almasının dəstəklənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Klassik və müasir Azərbaycan ədəbiyyatı nümunələrinin xarici dillərə, dünya ədəbiyyatı incilərinin Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmasına, ölkəmizin tarixi həqiqətlərini, milli mədəniyyət və incəsənətimizi əks etdirən çoxsaylı çap məhsullarının hazırlanmasına fond tərəfindən xüsusi dəstək verilib. Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2004-cü ilin sentyabrında UNESCO-nun xoşməramlı səfiri kimi ilk çıxışında Azərbaycanı Üzeyir Hacıbəyov, Qara Qarayev, Səttar Bəhlulzadə, Mstislav Rostropoviç kimi dünya şöhrətli mədəniyyət xadimlərinin vətəni kimi tərənnüm etmiş, bu cür şəxsiyyətlərin yetişməsi üçün şərait yarada bilmiş Azərbaycan xalqının həqiqətən də, böyük xalq olduğunu dünya ictimaiyyətinə çatdırmışdır: Heydər Əliyev Fondunun həyata keçirdiyi bütün layihələr ictimaiyyət tərəfindən böyük hörmət və məhəbbətlə qarşılanmışdır. “Qarabağ xanəndələri ” albomu bu layihələrdən biridir. Əslində bütün Azərbaycana məxsus muğamlarımızın toplandığı alboma məhz “Qarabağ xanəndələri ” adının seçilməsinin mühüm siyasi əhəmiyyəti var. UNESCO xətti ilə hazırlanmış albomun “Qarabağ xanəndələri ” adlandırılması ilə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğu, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığı nümayiş etdirildi. Bakıda Beynəlxalq Muğam Mərkəzinin inşa edilməsi Fondun fəaliyyətində milli mədəniyyət incilərinin təbliği məsələsinin önəmli yer tutduğunu göstərir. Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi layihələr, əsasən, Azərbaycan musiqisini, onun incisi olan muğamı qorumağa, inkişaf etdirməyə, onun gözəlliyini və dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmağa yönəlmişdir. Azərbaycan muğamı 2003-cu ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi İrs siyahısına daxil edilmişdir. Məhz fondun layihəsi əsasında Bakı “Muğam aləmi” Beynəlxalq Festivalına ev sahibliyi etmişdir. Milli mədəniyyətimizin və xalq sənətimizin qorunması və inkişafına yüksək diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın 40-dan cox ölkəsinin muğam ifaçısı Beynəlxalq Muğam Festivalında bir araya gəlmişdir. Onlar arasında ABŞ, Fransa, İtaliya, Almaniya, Suriya, İraq, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistan və digər ölkələr təmsil olunmuşlar. 2005-ci ildə görkəmli Azərbərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyinə həsr edilmiş birinci muğam müsabiqəsi keçirildi. Muğam sənətinin ən mahir bilicilərindən ibarət münsiflər heyəti Azərbaycanın bütün bölgələrindən 500-ə yaxın gənc ifaçını dinləmiş və onlardan 20 iştirakçı seçmişdir. Finala çıxmış gənc istedadlara diplomlar və mükafatlar təqdim edilmişdir.Fond öz ənənələrinə sadiq qalaraq, 2007-ci ildə növbəti muğam müsabiqəsini keçirmişdir.  Həmin il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda Mstislav Rostropoviç adına I Beynəlxalq musiqi festivalı da keçirilmişdir. Festival çərçivəsində ADF-də Aleksandra Korsantiya (ABŞ), Mixail Lidski (Rusiya) kimi tanınmış pianoçular, məşhur rusiyalı skripkaçı, dirijor Maksim Vengerov, skripkaçı Sergey Krılov, violonçelçi Natalya Qutman, habelə dünyanın ən məşhur musiqiçilərindən biri sayılan Yuri Başmetin idarəçiliyi ilə “Solistı Moskvı” kamera orkestri çıxış etmişlər.

Azərbaycan musiqisinin və muğam sənətinin inkişafına xüsusi önəm verən Heydər Əliyev Fondu 2006-cı ildə Səfiyəddin Urməvinin “Kitabül-Ədvar” və “Şərəfiyyə risaləsi” və Fətullah Şirvanın “Musiqi məcəlləsi” kitablarını və disklərini hazırlamışdır. Heydər Əliyev Fondunun milli mədəniyyətimizin beynəlxalq aləmdə təbliğinə yönəlmiş layihələri xüsusilə diqqətəlayiqdir. Fond xarici ölkələrdə Azərbaycanın təqdimatını mədəniyyət günləri, sərgilər, habelə əlamətdar tarixi hadisələrə, tanınmış elm və mədəniyyət xadimlərinə həsr olunmuş mərasimlər təşkil etməklə yerinə yetirir: Buna misal olaraq “Azərbaycan xalçaları ilə nağıllar aləminə” adlı sərgini, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş mərasimləri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı London, Paris, Berlin, Moskva, Strasburq və Romada keçirilən tədbirləri göstərmək olar. Azərbaycan rəssamlarının əsərlərindən ibarət Fransa, Avstriya, İtaliya və başqa ölkələrdə keçirilən sərgilər xarici ölkələrin tamaşaçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Azərbaycanda keçirilən Ümümdünya Mədəniyyətlərarası Dialoq forumlarının təşkilində də fondun mühüm xidmətləri olmuşdur. Bu tədbirlər Azərbaycan mədəniyyətinin təbliğində, milli- mənəvi dəyərlərimizin tanıdılmasında böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın UNESCO ilə əlaqələrinin möhkəmlənməsi Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətlərinin nəticəsidir. Bu fəaliyyətin nəticəsində indi milli- mənəvi dəyərlərimizin mühüm nümunələri UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınmışdır.

Heydər Əliyev Fondu on il ərzində mədəniyyətimizə mühüm töhfələr bəxş etmiş, bu gün də milli-mənəvi dəyərlərimizin təbliğində və qorunmasında öz xidmətlərini davam etdirməkdədir.

 

Cahid HƏSƏNOV,

Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü,

Türkdilli Ölkələrin Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru

 

Xalq qəzeti.- 2014.- 6 iyun.- S.6.