“Əl-Cəzirə”
kanalı Azərbaycanın regionda oynadığı
rolu və apardığı siyasəti çox
yüksək qiymətləndirir
Ərəbcədə “ada” mənasını versə də, onun təqdim etdiyi xəbərlərin əhəmiyyəti, yayım miqyasının genişliyi materikləri belə aşıb keçir. Söhbət mərkəzi Qatar dövlətində yerləşən “Əl-Cəzirə” kanalından gedir. Bu kanal ilk olaraq yalnız ərəb dünyasına bağlı aktual xəbərlərlə yayıma başlamış olsa da, o zamandan günümüzə gələnə qədər başqa tematik kanalları da tərkibinə qatan bir şəbəkə halına gəlmişdir. Kanal etdiyi yayımlarla və xüsusilə 2001-ci ildə ABŞ-ın Dünya Ticarət Mərkəzinə edilən 11 sentyabr terror hadisələrindən sonra İraq və Əfqanıstanda aparılan antiterror əməliyyatları zamanı dünya səviyyəsində özünə diqqət çəkmişdir. Hazırda “Əl-Cəzirə” ingilis dilində yayımları və yayım keyfiyyəti ilə dünyanın ən mühüm televiziya kanalları sırasına daxil olub. Böyük nüfuza malik olan “Əl-Cəzirə” Media Şəbəkəsi hər il ənənəvi olaraq Qətərın paytaxtı Doha şəhərində beynəlxalq forum təşkil edir. “Ərəb dünyasında dəyişikliklər: istiqamət haradır?” mövzusunda olan beynəlxalq forumda Azərbaycanı Umud Rəhimoğlunun sədri olduğu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndələri təmsil etmişlər. Forumda bir neçə müzakirə panelində çıxış edən fondun sədri Umud Rəhimoğlu tədbirin əhəmiyyəti və “Əl-Cəzirə” kanalı ilə əməkdaşlığın perspektivləri ilə bağlı suallarımızı cavablandırmışdır.
– Umud müəllim, dünyanın hər yerindən QHT rəhbərlərinin və təmsilçilərin, o cümlədən beynəlxalq media qurumlarının rəhbərlərinin iştirak etdiyi bu forumun sizcə, beynəlxalq əhəmiyyəti nədən ibarətdir?
– Bu, tarixi bir forum idi. “Ərəb
dünyasında dəyişikliklər: istiqamət
haradır?” mövzusunda, müxtəlif başlıqlar
altında panellər baş tutdu. May ayının 25-28-də
dünyanın media nəhəngi “Əl-Cəzirə” Media
Şəbəkəsi tərəfindən təşkil olunan
bu tədbir, Şərq dünyasında baş verən
münaqişələrin yaranma səbəbləri, sülh
quruculuğu prosesində medianın və vətəndaş cəmiyyəti
təşkilatlarının rolunun artırılması,
dövlət və vətəndaş cəmiyyəti təşkilatlarının
birgə fəaliyyətinin gücləndirilməsi istiqamətində
müzakirələrlə yadda qaldı. Regionda böyük
nüfuza sahib olan “Əl-Cəzirə” son illər belə beynəlxalq
tədbirlər təşkil edir. Bu tədbirlər
dövrün aktual mövzularına həsr olunur. 500 nəfərdən
çox nümayəndənin iştirak etdiyi foruma
dünyanın aparıcı beynəlxalq qurumlarının rəhbərləri
qatılmışdı. Türkiyənin də tədbirin təşkilində
fəallığı müşahidə olunurdu . Baş
nazirin köməkçisi Bülənt Arınç da 2
gün tədbirdə fəal iştirak etdi, iclas apardı və
nitq söylədi. O, çıxışında Suriya və
Ukraynada baş verənlərin bütün region ölkələrini
ciddi narahat etdiyini dilə gətirdi.
–
“Əl-Cəzirə” kanalının bu forumları təşkil
etməsində məqsədi nədir? Ümumiyyətlə,
bu kanalın nüfuzu və regionda baş verən hadisələrə
baxışı haqqında nə deyə bilərsiniz?
– “Əl-Cəzir”ənin fenomen olması inkarolunmaz bir
faktdır. Regionda böyük bir dominantlığı olan
media strukturuna çevrilib. Avropadan və dünyanın digər
ölkələrindən gələnlərin əksəriyyəti
bunu vurğulamışdır. Kanal heç də nüfuzuna
görə CNN və BBC -dən geri qalmır. Regionda
böyük bir söz sahibidir və şərqdə, necə
deyərlər, əlinin çatmadığı yer yoxdur.
Keçən il “Ərəb dünyasında dəyişikliklər:
imkanlar və çətinliklər” mövzusunda, bu il isə
“Ərəb dünyasında dəyişikliklər: istiqamət
haradır?” mövzusunda təşkil olunan 8-ci forumda ərəb
ölkələrində dəyişikliklər zamanı gənclərin
rolu, media təlimləri və sosial dəyişikliklər,
böhran dövründə insan haqlarının və
medianın rolu , Türkiyənin regiondakı siyasətində
baş verən dəyişikliklər və onun tətbiqi
adı altında panel müzakirələr keçirildi. Panel
müzakirələrdə gənclərin, dini icmanın,
medianın cəmiyyətdə rolu, beynəlxalq təşkilatların
cəmiyyətdə və humanitar prosesdə iştirakı,
böhran situasiyalarında jurnalistlərə edilən
basqılar, azad media geniş nəzərdən keçirildi.
Bütün bu mövzulara 2 günlük tədbir çərçivəsində
dünyanın ciddi ekspertləri, konfliktoloqları rəylərini
bildirdilər, hadisələrin gələcək inkişaf
tempi haqqında ehtimallarını açıqladılar. Tədbirdə
Tunisin keçmiş baş naziri, Suriya Milli
Şurasının keçmiş rəhbəri, Mərakeşin
Təhsil naziri, Yəmənin hökumət rəsmiləri ,
Beynəlxalq Qızıl Xaç Federasiyasının Baş
Katibi, BMT baş katibinin xüsusi məsləhətçisi
Camal Benomar, Baş katibin xüsusi nümayəndəsi Tarek
Mitri kimi nüfuzlu şəxslər çıxış etdilər.
Bu da “Əl-Cəzirə”nin nüfuzundan, regiondakı proseslərə
təsir etmək qabiliyyətində olan media qurumu
olmasından xəbər verirdi. Tədbir çərçivəsində
mən “Əl-Cəzirə”nin icraçı direktoru Mustafa
Soujla görüşdüm. Təkbətək
görüşümüz zamanı “Əl-Cəzirə”nin
bizim regionla bağlı xəbərlərin, reportajların
verilməsində istifadə olunan informasiya mənbələri,
hesabatlarla bağlı dostcasına iradımı bildirdim. Bəzi
yanlış informasiyaların Əl-Cəzirənin obyektivliyi
haqqında haqlı narazılıq yaratdığını da
ifadə etdim. Mustafa Souj da iradlara konstruktiv
yanaşdığını bildirdi və bu regiondan
hazırlanan verilişlər üçün informasiya mənbəyi
kimi təşkilatımızla əməkdaşlıq etmək
niyyətində olduğunu xatırlatdı.
– Forumda təkcə
media deyil, regional, beynəlxalq siyasət də müzakirə
olunur. Azərbaycan təmsilçisinin belə bir forumda
iştirakı ölkəmizə hansı formada fayda verir?
– Öncə deyim ki, iştirakçısı
olduğum tədbirdə mən rəhbəri olduğum təşkilatın
adından çıxış edirəm. Bu, bizim beynəlxalq
aləmdə olan fəaliyyətimizin nəticəsidir. Amma tədbirin
mövzularından, iştirakçıların mənə
olan münasibətindən asılı olmayaraq, hər
şeydən əvvəl, mən azərbaycanlıyam,
bütün fəaliyyətim boyu da bunu nəzərə
alıram. Belə forumlarda iştirak edərkən hər zaman
ölkənin uğur, itki və problemlərinə öz
mövqeyimdən baxıram. Hesab edirəm ki, bu forum ölkə,
təşkilat, fərd üçün faydalıdır.
Zaman-zaman bu forum əhəmiyyətini göstərəcək.
Mən tədbir çərçivəsində “Böhran
dövründə insan haqlarının və medianın rolu”
mövzusunda çıxış etdim. Mənimlə bərabər
paneldə Beynəlxalq Amnistiya təşkilatının
baş katibi Stiv Krauşou, Beynəlxalq Qızıl Xaç
Komitəsinin baş katibinin müavini Baltasar Stahelin, Beynəlxalq
Qızıl Xaç Federasiyasının baş katibi Bekele
Geleta, BMT baş katibinin insan haqları üzrə
müşaviri, BMİ-nin direktoru Alisson Makkenzi, UNESCO-nun
regional təmsilçisi ilə birgə media və insan
hüquqları sahəsində səylərin birləşdirilməsi,
müvafiq normativ sənədlərin icrasına nəzarət
və ümumi fəaliyyətin hüquqi formatının
müəyyən edilməsi haqqında geniş müzakirələrə
qatıldılar. Humanitar böhran və münaqişələr
dövründə medianın rolu, azad sözün və ifadə
sərbəstliyinin qorunması, media işçilərinin təhlükəli
tapşırıqlarda qorunması, zorakılıqların
qarşısının alınması və s. məsələlərə
də biz öz münasibətimizi açıqladıq.
Dağlıq
Qarabağın Ermənistan tərəfindən
işğalı faktına da toxunuldu.
Çıxışımda Azərbaycan ərazilərinin
işğal faktorunun aradan qaldırılması, bir milyondan
çox qaçqın və məcburi
köçkünün hüquqlarının bərpa edilməsi
istiqamətində səylərin
birləşdirilməsinin vacibliyini bildirdim. Qeyd etdim ki, bəzən
beynəlxalq təşkilatlar Azərbaycanın bir milyondan
çox məcburi köçkününün
hüquqlarından , müharibə zamanı öldürülən
dinc insanların taleyindən, media işçilərinin
yaşamaq hüquqlarından deyil, daha çox maraq dairələrində
olan məsələlərdən danışmağa
üstünlük verirlər.
– Umud
müəllim, bildirdiniz ki, forumda müxtəlif mövzular səsləndirildi.
Bəs forumda gələcək üçün görülməsi
vacib olan hansı məsələlər gündəmə gətirildi?
– Forumun ana xətti regionda münaqişənin
olması, baş verməsi və aradan qaldırılması
yolları, münaqişə vaxtı yaranan kataklizmlər,
humanitar fəlakət oldu. Bütün
çıxışların hədəfi yalnız bu idi.
“Ərəb baharı haraya gedir” sualına cavab
axtarıldı. Burada münaqişələrin ortaya
çıxardığı problemlər, media azadlığına,
vətəndaş cəmiyyətinə göstərdiyi təsirlər,
fövqəl güclərin maraqları barədə öz fərdi
mövqeyimi nitqimdə bildirdim. Beynəlxalq güclərin
münaqişənin təkcə mövcudluğundan deyil, həm
də bu münaqişədən öz maraqları
üçün faydalanması səbəbləri də ortaya
qoyuldu. Beynəlxalq təşkilatların Azərbaycana
“sülhsevər” istiqamətdən təsir etmək istiqamətindəki
fəaliyyətini də dilə gətirdim, çünki orada
beynəlxalq təşkilatlardan hesabat yazan nümayəndələr
də var idi. Mənim dediklərimin əleyhinə heç bir
arqument gətirilmədi, əksinə auditoriya
çıxışıma müsbət reaksiya verdi. Bildirdim
ki, münaqişələr qeyri-obyektiv informasiya səbəbindən
yaranır. Nitqimdə çağırış etdim ki, bu
forumun şəbəkəsi genişlənsin, belə tədbirlərin
davamlı olaraq keçirilməsi əsas hədəf
seçilsin. Media və beynəlxalq təşkilatlardan ibarət
şəbəkə formalaşdırılmasına tədbir
iştirakçılarını dəvət etdim. Paneldə
çıxış edən Beynəlxalq Mətbuat
İnstitutunun direktoru Xanım Alisson Makkenzi, Etik Jurnalistika
Şəbəkəsi Təşkilatının rəhbəri
Aydan Vayt, Keçid Dövrü Hüquqları üzrə
Beynəlxalq Mərkəzin direktoru Deyvid Tolbert və digərləri
də mənim bu fikrimi dəstəklədilər .
– Forumda
sizin iştirakınız zamanı yaddaqalan epizodlar, məqamlar
oldumu?
– Əslində maraqlı məqamlar
çox idi. Amma bir epizod barəsində danışacam.
Türkiyənin baş nazirinin müavini Bülənt
Arınç iclasların birində fikirlərini bildirdi.
Doğrudan da, yüksək səviyyədə
çıxış etdi, hər kəs onun
çıxışını izləyirdi. Amma bu
çıxışa yaxşı reaksiya verməyənlər
də oldu. Sərhədboyu Müdafiəçilər Təşkilatının
icraçı direktoru Meri Lavlor Bülənt
Arınçın çıxışına eyham vuraraq,
“Əl-Cəzirə”nin icraçı direktoru Mustafa Souja sual
verdi : - Media azadlıqlarından söhbət edirsiniz, amma necə
olur ki, açılış nitqində jurnalistlərin həbsxanalara
salındığı bir ölkənin baş nazirinin
müavini çıxış edir? Bu, ziddiyyət deyilmi? Mənim
həmin bu şəxsə cavab vermək imkanım yarandı
. Beynəlxalq təşkilatların rəhbərlərinin də
iştirak etdiyi paneldə, söz aldım və sərt şəkildə
bildirdim ki, Türkiyə ilə bağlı fikirlər
doğru deyil. Siz, hörmətli baş nazirin müavinini
yaxşı tanımırsınız və onun barəsində
yanlış fikirlər səsləndirməyin! Qeyd etdim ki,
Turkiyəyə böyük bir basqılar var və bu, siyasi səbəblərdəndir.
Bu gün Bülənt Arınçla burada birbaşa
ünsiyyətdə olmaq, problemlərlə bağlı fikir
mübadiləsi aparmaq bizim üçün bir fürsətdir.
Hər kəs bunun üçün təşəbbüs irəli
sürə bilər. Amma onun barəsində belə bir fikir səsləndirmək
doğru deyildir...
– Ümumiyyətlə, belə bir
forumun Azərbaycanda keçirilməsi ehtimalını necə
qiymətləndirirsiniz?
– Orada bizə qarşı böyük bir
hörmət və ehtiram gördüm. Əməkdaşlığımızla
bağlı nə etmək lazım gəldiyini
danışdıq və qərar belə oldu ki, “Əl-Cəzirə”
kanalının rəhbər şəxslərini Bakıya dəvət
edim, onlarla birlikdə strategiya hazırlayaq. Bu məsələni
Bakıya döndükdən sonra BAMF-ın program departamentində
də müzakirə etdik və sənədlərin ilkin tezislərini
hazırlamağa başlamışıq. Paralel olaraq
qarşı tərəf də sənədlər
hazırlayır. Onların bunun üçün vaxtı var.
“Əl-Cəzirə” ilə normal əməkdaşlıq qura
bilsək, əminliklə deyə bilərəm ki, bu kanal Azərbaycanın
yanında olacaq. Mən bütün danışıqlarda, bizə
münasibətlərdə bunu hiss etdim. Onlara Azərbaycanın
iqtisadiyyatı, torpaqlarımızın işğalı,
regiondakı mövqeyimiz və mədəniyyətimiz ilə
bağlı reportajların hazırlanmasında yaxından
kömək edəcəyimizi bildirdim. Bu təklifim çox
müsbət qarşılandı. Yaxın gələcəkdə
BAMF və “Əl-Cəzirə” Nyu-York və Cenevrədə
birgə tədbirlərin keçirilməsi, media və
jurnalistlərlə bağlı BMT-də müvafiq sənədlərin
qəbul edilməsi ilə əlaqədar birgə əməkdaşlıq
edəcək. Düşünürəm ki, “Əl-Cəzirə”
yaxın vaxtlarda Azərbaycana gələcək, çəkilişlər
həyata keçirəcək. Belə bir faydalı əməkdaşlıq
üçün münbit zəmin və
qarşılıqlı istək var.
Xalq qəzeti.- 2014.- 6 iyun.- S.5.