Görkəmli alim, pedaqoq, unudulmaz insan
Akademik
Bəhram Əsgərov bərk cisimlər fizikasına töhfələr
vermiş Azərbaycan alimi, ölkəmizdə ali təhsilin
bacarıqlı təşkilatçılarından biri idi
Keçən il respublikanın elmi
ictimaiyyəti görkəmli alim, ölkəmizdə bərk
cisimlər fizikası sahəsində elmi məktəbin
yaradıcısı, Azərbaycan Respublikasının Dövlət
mükafatı laureatı, əməkdar elm xadimi, “Şöhrət”
ordenli soydaşımız, fizika-riyaziyyat elmləri doktoru,
professor Bəhram Əsgərovun anadan olmasının 80 illiyini təntənə ilə
qeyd etdi. Bu münasibətlə Bakıda dünyanın
ünlü alimlərinin qatıldığı elmi konfrans
keçirildi.
Bəhram müəllim
özü də fizika
sahəsində dünyanın sayılıb-seçilən
alimlərindən biri idi.
O bütün həyatını elmdə axtarışlara həsr etmiş və çox sayda kadrlar yetişdirmişdi.
Alim-pedaqoq ictimai fəaliyyətlə də
məşğul olurdu, Tovuz
Xeyriyyə Cəmiyyətinin işinə əlindən gələn
köməyi əsirgəmirdi. 1988-ci ildən başlayaraq
azğınlaşmış ermənilər Tovuzun
sərhəd kəndlərini də aramsız atəşə
tutanda, rayon işğal təhlükəsi ilə
üz-üzə qalanda Bakıda yaşayan yerli ziyalılar
sərhəd kəndlərinin müdafiəsi məqsədi ilə
1990-cı ildə “Oğuz”, sonra “Tovuz” Xeyriyyə Cəmiyyətini
yaratdılar. Doğma torpağı ürəkdən
sevən Bəhram müəllim cəmiyyətin ilk üzvü oldu.
Akademik B.Əsgərov 1933-cü il oktyabrın 5-də Tovuz
rayonunun Əhmədabad kəndində anadan olmuşdu.1957-ci ildə BDU-nun
fizika-riyaziyyat fakültəsinin fizika şöbəsini fərqlənmə diplomu ilə bitirmişdi.
Həmin il Azərbaycan Elmlər
Akademiyasının Fizika İnstitutunun
aspiranturasına daxil olmuş,
elmi işini davam etdirmək üçün
SSRİ EA-nın Yarımkeçiricilər İnstitutuna
(Leninqrad, indiki Sankt-Peterburq) ezam edilmişdi. Həmyerlimiz 1962-ci ildə professor A.İ.Anselmin rəhbərliyi
altında namizədlik dissertasiyasını müdafiə edərək
Bakıya qayıtmışdı. O, 1971-ci ildə fizika-riyaziyyat elmləri doktoru,
1972-ci ildə isə professor olmuşdu.
Bəhram Əsgərov
1971-ci ildə Bakı Dövlət Universitetində bərk
cisimlər fizikası kafedrasını yaradaraq
ömrünün sonuna
qədər onun müdiri
olmuşdu. O,1994 – 2004-cü
illərdə Bakı Dövlət Universitetinin
elmi işlər üzrə prorektoru vəzifəsində
çalışmışdı. Alim Azərbaycan
Respublikası Prezidenti yanında
AAK-nın Rəyasət Heyətinin, BDU-nun
və fakültənin elmi şuralarının üzvü,
“Bakı Universitetinin xəbərləri”
jurnalının fiziki-riyaziyyat
seriyasının redaktoru, AMEA-nın
və bir sıra respublika
universitetlərinin elmi jurnallarının redaksiya heyətinin üzvü
olmaqla, fəal elm – təhsil
təşkilatçısı və nüfuzlu
pedaqoq kimi şöhrətlənmişdi.
O, 4 elmlər doktorunun elmi
məsləhətçisi və 12 elmlər namizədinin elmi rəhbəri olmuşdu.
İstedadlı fizik Bəhram Əsgərov 2001-ci ildə AMEA-nın müxbir
üzvü, 2007-ci ildə isə həqiqi
üzvü seçilmişdi.
Onun elmi-təşkilati, pedaqoji
və ictimai fəaliyyəti dövlətimiz
tərəfindən yüksək qiymətləndirilmişdi:
2000-ci ildə əməkdar elm xadimi fəxri adına layiq
görülmüş və 2004-cü ildə
isə “Şöhrət” ordeni ilə təltif
edilmişdi.
Görkəmli
Azərbaycan fiziki B.Əsgərovun adı
“Bərk cisimlərdə köçürmə hadisələrinin
kvant nəzəriyyəsi”nə görə
İngiltərənin Kembric şəhərindəki
Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən
“XX əsrin məşhur alimi”
siyahısına daxil edilmişdi,
“Elmdə görkəmli nailiyyətlərinə görə” diplomu
və medalı ilə təltif olunmuşdu.
Xarici jurnallarda dərc
olunmuş elmi işlərinə
görə Soros fondunun
qrantını almışdı.
Akademik B.Əsgərov bərk cisimlərdə termomaqnit hadisələrin kvant
nəzəriyyəsini ilk dəfə yaradan alimlərdən biridir. Kvantlayıcı maqnit
sahəsində dissipativ termomaqnit
cərəyanın hesablanması metodunu ilk dəfə o təklif etmişdi. Həmin işin “Fizika tverdoqo tela” (Leninqrad, 1961) jurnalında çapından sonra metallarda və
yarımkeçiricilərdə termomaqnit
effektlərin kvant nəzəriyyəsi sahəsində
yeni bir mərhələ
başlanmışdı. Soydaşımız mürəkkəb
energetik zonalı yarımkeçiricilərdə
qalvanomaqnit və termomaqnit
effektlərinin kvant nəzəriyyəsini vermiş və ilk dəfə belə yarımkeçiricilərdə
maqnetofonon rezonansına
baxmışdı. Bundan başqa,
o, yarımkeçiricilərdə
elektronların qeyri-taraz fononlar
tərəfindən sövqetmə hadisəsinin də nəzəriyyəsi
ilə məşğul olmuş və elmə
“statistik sövqetmə qüvvəsi”
anlayışını daxil etmişdi.
Son illərdə dünya
şöhrətli fizik ölçüyə
görə kvantlanmış və
aşağıölçülü elektron
sistemlərində köçürmə hadisələrinin nəzəriyyəsi
sahəsində mühüm nəticələr
əldə etmişdi. Həmin nəticələr
bu sahədə yazılmış doktorluq dissertasiyalarının əsasını
təşkil edir. B.Əsgərov
bərk cisimlərdə elektron
köçürmə hadisələrinin nəzəriyyəsi
sahəsində bir çoxu
Rusiya, Avropa, Amerika və Yaponiyanın nüfuzlu
elmi jurnallarında çap
olunmuş 170-dən çox
elmi əsərin, 5 monoqrafiyanın, 2 dərslik
və 1 dərs vəsaitinin müəllifi idi.
Monoqrafiyalarına və məqalələrinə dünya elmi ədəbiyyatında
çox sayda istinadlar bu böyük alimin əsərlərinin bəşəriyyət
üçün dəyərli
olmasını göstərir.
Akademik Bəhram Əsgərov Azərbaycan
xalqının dünya elminə bəxş
etdiyi istedadlı və işıqlı insanlardan biri idi. Onun həyat yoluna nəzər salanda qürur hissi keçiririk. Fəxr
edirik ki, biz bu böyük
insanı tanımışıq, bir zamanda yaşamışıq, onunla
bir millətin oğluyuq.
Bəhram müəllim indi aramızda olmasa da, onun
elmi irsi,
yaratdığı məktəb və işıqlı xatirəsi
həmişə bizimlə olacaq.
Musa SÜLEYMANOV,
“Tovuz” Xeyriyyə Cəmiyyətinin sədri
Xalq
qəzeti.- 2014.- 8
iyun.- S.7.