Sənət səmasının
sönməz ulduzu
Mustafa
Mərdanov — 120
Onu ilk dəfə “O olmasın, bu olsun” filmində görmüşdüm. Bu aktyorun ifasında “İntelligent” Həsən bəy obrazı o vaxtdan qəlbimdə dərin iz buraxmışdı. Mustafa Mərdanov bu rolu o qədər ustalıqla yaratmışdı ki, onun qəhrəmanı filmə xüsusi çalar verirdi. “İntelligent” Həsən bəyin “pardon, pardon” ifadəsi dillər əzbəri olmuşdu. Sonradan öyrəndim ki, onun kino fəaliyyəti “O olmasın, bu olsun” filmindən hələ çox-çox əvvəl başlanıb. Bu barədə bir az sonra...
Onun həyat coğrafiyası təkcə Azərbaycan Respublikası ilə məhdudlaşmır.
Mustafa Həşim oğlu
Mərdanov 1894-cü ildə Cənubi Azərbaycanda - Mərənddə
anadan olub. Amma o hələ uşaqkən
ailələri Tiflisə köçmüş
və 1924-cü ilə qədər burada
yaşamışdılar. Sonra isə
həyatının Bakı dövrü
başlanmışdır.
Tiflisin mədəni mühiti
onun həyata baxışını hələ
uşaqkən formalaşdırmışdı. Buradakı kişi gimnaziyasına daxil
olan gənc Mustafa teatra böyük maraq göstərirdi. Müsəlman dram dərnəklərində 1910 -cu ildən çıxış edən Mustafa Mərdanov 1921-1922-ci illərdə Tiflis Azərbaycan
Dövlət Teatrının direktoru
vəzifəsində çalışır.
1924-cü ildə Moskva Dövlət Teatr Sənəti
İnstitutunu bitirərək Bakıya gəlir
və burada Azərbaycan Dövlət Dram Teatrında öz fəaliyyətini
davam etdirir. Yüksək
aktyorluq texnikası, obrazı
özününküləşdirmək bacarığı, yumşaq yumor onun sənəti üçün xarakterik cizgilər idi. Mustafa Mərdanovun hələ ilkin
olaraq yaratdığı rollarda
klassik ənənələr çox güclü idi. Onun ətrafında böyük sənətkarlar
çalışırdı. Azərbaycanın
formalaşmış aktyor mühiti
Mustafa Mərdanov üçün
də əsl təcrübə məktəbinə çevrildi. Abbas Mirzə Şərifzadə, Sidqi
Ruhulla, Ağasadıq Gəraybəyli,
Ələsgər Ələkbərov və onlarla
sənət korifeylərindən öyrəndikləri bu aktyorun sənət yoluna işıq saldı, onu
yeni yaradıcılıq
axtarışlarına ruhlandırdı. “Hacı Qara”da Kərəməli,
“Yağışdan çıxdıq, yağmura düşdük”də Qənbər,
“Nadir şah”da Ədhəm kimi
rolları Tiflis teatrında yaradan aktyor, Bakı teatrında daha
ciddi rollar oynamalı oldu.
O vaxtlar
Mustafa Mərdanovun Xlestakovunu (“Müfəttiş”)
qəzetlər kifayət qədər tərifləyirdilər.
İmamverdi (“Sevil”), Luka (“Həyatın dibində”), Şmaqa (“Günahsız müqəssirlər”),
Poloni (“Hamlet”) və onlarca digər səhnə qəhrəmanları
onun ifasında uğurlu
alınırdı.
Mustafa Mərdanov teatrda
işlədiyi vaxtlar tez-tez
filmlərdə də çəkilməyə dəvət olunmuşdu. Muzdur Qulu (“Bismillah) onun kinoda ilk
yaradıcılıq işi idi. Elə Abbas Mirzə Şərifzadə də rejissor kimi bu filmlə debüt etmişdi. Səssiz
kinomuzun dəyərli nümunələrindən
olan bu film
1925-ci ildə Bakı ekranlarına çıxmış və
orada Mustafa Mərdanov
da maraqlı rol ifa etmişdi. Bir il sonra
isə ekranlarımızda Aleksandr Litvinovun “Müxtəlif sahillərdə” (“Əlbəyaxa”) filmi
göstərildi. Aktyor bu
filmdə Abbas rolunda
çəkilib. Filmdə onun qəhrəmanı
yerli mütəxəssisdir. Amerikadan dəvət olunmuş
mütəxəssislərlə Abbasın tərəfdarları
arasında baş verən münaqişə
filmin əsasını təşkil edir.
Kinoda ilk böyük
rolunu isə “Hacı Qara
” filmində ifa
etmişdi. Kərəməli maraqlı
obraz idi. Aktyor bu rolu bir az komik, yumoristik üslubda təqdim etmişdi.
Sonralar onu daha
tez-tez filmlərə dəvət edirdilər.
1929-cu
ildə çəkilən
“Sevil” filmində aktyor Atakişinin rolunu ifa etdi.
Bu filmdə
məşhur aktyorlar çəkilmişdi
və onların arasında
Mustafa Mərdanovun qəhrəmanı
öz orijinal ifa tərzi ilə seçilirdi. Kinorejissor Nikolay Şengelaya “Azərfilm”də
çəkdiyi “İyirmi
altı komissar”
(1932-ci il) filmində
Mustafa Mərdanova menşevik
rolunu vermişdi. Bu rol kiçik
də olsa öz hərəkətləri,
jestləri ilə yadda qalır. Ümumiyyətlə, 20-ci illərin sonu,
30-cu illərin əvvəllərində
yaranmış əksər
filmlərdə bu aktyora rollar verilirdi və o da səssiz kinonun imkanları daxilində öz personajlarına həyat verirdi. Digər menşevik rolunu
isə o, “Bakılılar”
filmində yaratmışdı.
Amma
qardaşı, məşhur
kinorejissor Səməd
Mərdanovun “Kəndlilər”
filmi Mustafa müəllimin
yaradıcılığında yeni bir hadisə
idi. Belə ki, o, filmdə
iki rol yaradırdı.
Bir-birinə zidd olan kəndli Təhməz və menşevik rolları aktyor sənəti baxımından
olduqca təqdirəlayiqdir.
Mustafa Mərdanov, demək
olar ki, hər il
filmə çəkilirdi.
“Kəndlilər”dən sonra 1940-cı ildə “Yeni horizont” (trest müdiri), 1941-ci ildə “Səbuhi” (akademiya rəisi) filmlərində çəkilib.
Bu rolları kiçik
olsa belə, tamaşaçı
diqqətindən yayınmır.
Müharibə
Azərbaycan kino sənətinin inkişafına
öz təsirini göstərsə də, bu illərdə də filmlərimiz yaranmışdır. Çox təəssüf
ki, Mustafa müəllim
bu illər çəkilən filmlərə
dəvət olunmamışdır.
O, yenidən 1955-ci ildə
“Görüş” filmində
çəkildi. Burada
adi kolxozun hesabdarı rolunu ifa edən aktyor,
bir il
sonra “Qara daşlar”da Dəmirov kimi çox ciddi rolda görsəndi.
Onun ən uğurlu rollarından biri 1956-cı ildə
ekranlaşdırılan “O olmasın,
bu olsun” filmindəki “intellegent” Həsən bəy oldu. Bu obraz
Mustafa müəllimin yeni
aktyorluq keyfiyyətlərini
üzə çıxardı.
O, filmdəki çox
güclü aktyor ansamblı içərisində
öz məxsusi ifa tərzi ilə seçilə bilir. Xüsusilə qonaqlıq səhnəsində
Məşədi İbadla
dialoqu tamaşaçıda
xoş əhval-ruhiyyə
doğurur. Aktyor filmdə
tamamilə özgələşir,
onun istedadlı ifası tamaşaçını,
sözün əsl mənasında heyrətləndirir.
“Əhməd haradadır?”
filmində Məhəmməd
kişi rolu Mustafa müəllimin yaradıcılığında xüsusi əhəmiyyət
daşıyır. Bu, aktyorun ömrünün yetkin çağında yaratdığı son rollardan
biri idi. Yalnız bundan sonra 1968-ci ildə biz onu “Qanun naminə” filmində gördük.
Murtuzov rolu ilə aktyor
ömrünün son akkordlarını
vurdu. Müstəntiq Murtuzov əslində
yaramaz, öz peşəsinə xəyanət
edən, minbir fırıldaqdan çıxan
insandır. O, hər
vəchlə Mehmandan qisas almağa çalışır. Çünki bu rüşvətxor müstəntiqin əməllərinə
Mehmanın gəlişi
ilə son qoyulmuşdu.
Mustafa Mərdanov bu rolu çox təbii yaradır, o, mənfi tip olsa da, tamaşaçının
yadında qalır. Elə həmin il dekabrın
12-də Mustafa Mərdanov əbədi
olaraq gözlərini yumdu. Bu böyük
sənətkarın ölüm
xəbəri onun minlərlə pərəstişkarını
qəlbən sarsıtdı.
Onun
yaradıcı əməyi
yüksək qiymətləndirilmiş,
Azərbaycanın xalq
artisti kimi yüksək fəxri ada layiq görülmüş,
“Qırmızı Əmək
Bayrağı” ordeni və medallarla təltif olunmuşdur. “50 il Azərbaycan
səhnəsində” xatirələr
kitabı 1959-cu ildə
çap edilmişdir.
Ölümündən sonra - 1973-cü ildə
“Mənim müasirlərim”
xatirə kitabı nəşr edilib oxuculara çatdırılmışdır.
Mustafa Mərdanov bir neçə il
Teatr Xadimləri İttifaqına rəhbərlik
etmişdir.
Bu günlər xalqımız
onun 120 illik yubileyini qeyd edir. Onu yada salır, filmləri nümayiş etdirilir. M.Mərdanova həsr olunan konfranslar, yaradıcılıq gecələri təşkil edilir. Bir sözlə, xalqımız
onu hələ neçə-neçə yüz illər beləcə xoş ovqatla xatırlayacaq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 8 iyun.- S.6.