Milli musiqimizin cəfakeşi
Dünyaya
göz açandan Naxçıvan şəhərinin qədim
abidələrini, XII əsrin görkəmli memar Əbubəkr
Əcəminin yaratdığı
möhtəşəm “Mömünə xatın” və
“Yusif Küseyir” türbələrini, yaraşıqlı binaları, evləri,
bağ-bağatlı, gül-çiçəkli yeri
görüb.
Uşaqlıq
çağlarından sənətkarlar
yurdunun bu gözəl
ab-havasında zəhmətkeş
insanların, istedadlı, tanınmış elm, mədəniyyət
xadimlərinin, sənət, peşə sahiblərinin əhatəsində boy atıb, böyüyüb. Məhz bu
mühit ona
möcüzəli bir dünya
bəxş edib. Hər səhər A. S. Puşkin adına Naxçıvan şəhər
3 nömrəli orta məktəbə və dərsdən sonra əlinə tar
alıb şəhər uşaq musiqi məktəbinə
gedib. Rafail Kərimova
musiqi, tar
çalmağı öyrədən, təhsil verən təcrübəli
müəllimləri Rəşid Məmmədov, Vahid Axundov, Xəlil Cəfərov,
Sahib Axundov kimi tanınmış sənətkarlar olub.
Orta və uşaq musiqi məktəblərini bitirən Rafail 1969-cu ildə Bakıda Asəf Zeynallı adına Orta
İxtisas Musiqi Texnikumunun tar sinfinə qəbul
olunub. Elə birinci kursdan fərqlənməyə başlayıb,
bilik və bacarığı, qabiliyyəti, işgüzarlığı,
davranışı, hamıya hörmətlə
yanaşmağı ilə nümunə göstərib. İkinci kursda istedad və bacarığnı nəzərə
alıb onu xor dirijorluğu fakültəsinə keçiriblər.
Məktəbdə görkəmli sənətkarlardan əməkdar
incəsənət xadimləri Əhəd İsrafilzadə, Eduard Novruzov, Nicat Məlikov və başqalarından dərs
alıb. Festivallarda, müsabiqələrdə,
konsertlərdə bir-birindən uğurlu
çıxışları olub. “Sevinc bəxş edən görüşlər”
adlı məqalədən sətirlər: “Rafail Kərimovun Azərbaycan xalq
çalğı aləti olan tarda “Şur” muğam-təsnifini ifa edərək gənc müğənnini
müşayiət etməsi bizə xalqın mərdlik, mübarizliyini aşıladı, bu musiqi qəlbimizdə
şən əhval-ruhiyyə yaratdı, dərin hisslər
oyatdı. Dahi şair
Nizaminin qəzəlləri üstündə xanəndənin əlində qaval “bülbül kimi” oxuması bütün
tamaşaçıların qəlbini ehtizaza
gətirdi...”.
Tələbəlik
illərində ixtisas müəllimlərinin Rafailin musiqiçi kimi yetişməsində böyük
rolu olub. Azərbaycanın
tanınmış musiqi kollektivi-Azərbaycan
Dövlət Xor Kapellasında stajyor kimi
çalışaraq təcrübə qazanıb. Kapellanın tərkibində keçmiş
Sovetlər Birliyinin respublika və
şəhərlərində qastrol səfərlərinə
gedib. Üzeyir
Hacıbəyli, Qara Qarayev,
Fikrət Əmirov, Cahangir Cahangirov,
Niyazi, Tofiq Quliyev, Nəriman Məmmədov, Ramiz Mirişli və digər
qüdrətli bəstəkarların əsərlərini dərindən
öyrənməsi Rafailin kamil musiqiçi və xor dirijoru kimi
formalaşmasına gətirib
çıxarmışdır.
Təhsilini başa vurub
Naxçıvana qayıdan R.Kərimov Şahbuz
rayon uşaq musiqi məktəbinə müəllim göndərilir. Bu
məktəbdə tar, solfecio,
xor ixtisasları üzrə dərsləri
tədris edir.
Bu illərdə Rafail
ali təhsil almaq üçün Azərbaycan Pedoqoji
Rus dili və Ədəbiyyatı
İnstitutunun qiyabi
şöbəsinə daxil olur və həmin institutu
da bitirir. Eyni zamanda, Şahbuz rayon mədəniyyət evinin xor kollektivini yaradır, ona bədii rəhbərlik və dirijorluq edir. Ucqar dağ rayonunda xor yaratmaq o
dövr üçün
böyük mədəni hadisə idi. 1975-ci ildə bədii özfəaliyyət
yaradıcılığı üzrə keçirilən Birinci Ümumittifaq festivalının ikinci
turunda Fikrət Əmirovun “Odlar ölkəsi” əsəri ən yüksək
bala, Rafail Kərimovun
rəhbərliyi ilə xor-vokal qrupunun çıxışı birinci dərəcəli
diploma layiq görülmüşdü. Qeyd
edək ki, həmin tədbirdə xorun solistini uşaq vokal qrupu ilə əvəz edən Rafail
müəllim xorla vokal
qrupunun gözəl ifaçılıq vəhdətinə
nail olmuşdur. O, dirijor-xormeyster kimi xorun klassik üslubda
çıxışını saxlayaraq onun müşayiət edilməsində fortepianoya üstünlük
vermişdir. Bu isə
xor sənətinə gətirilən yenilik kimi qiymətləndirilmişdir.
R.Kərimov muxtar respublikada uzun illər musiqi təhsili
və xor sənəti sahəsində səmərəli
fəaliyyət göstərmişdir. Müxtəlif təhsil
ocaqlarının, ümumtəhsil məktəblərinin, xor kollektivlərinə rəhbərlik etmişdir.
Bu illər
ərzində Naxçıvan
şəhərində və muxtar respublikada kütləvi el
şənliklərinin (mahnı və məhsul
bayramlarının) fəal təşkilatçısı
və iştirakçısı olmuşdur.
İstedadların üzə çıxarılması, xor kollektivlərinin yaradılması və musiqi mədəniyyətinin
inkişafında onun xidmətləri çoxdur.
Naxçıvan Şəhər Uşaq
İncəsənət Məktəbində müəllim, direktor müavini və
Naxçıvan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin
direktoru, Naxçıvan MR Xor Cəmiyyətinin
sədri, Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyində aparıcı məsləhətçi
və aparat rəhbəri vəzifələrində
çalışmışdır. “Dövlət
qulluğu
haqqında” Azərbaycan Respublikası Qanununun
17-ci maddəsinə əsasən,
ona dövlət qulluğunun
kiçik müşaviri
ixtisas dərəcəsi verilmişdir.
2000-ci ildə Naxçvan MR-da
incəsənətin və mədəniyyətin
inkişafındakı xidmətlərinə görə “Əməkdar incəsənət
xadimi” fəxri adı ilə təltif edilmişdir. Rafail müəllim sevimli sənətindən
bu gün də
ayrılmadan yaşayıb-yaradır. Gənc nəsilə musiqi təhsili verməklə yanaşı, musiqi mədəniyyəti tarixinə aid araşdırmalarını davam
etdirir. Bu sahədə
o, iki kitabın müəllifidir.
“Naxçıvan musiqi mədəniyyəti
tarixindən. Vokal ifaçılıq sənəti”
adlı kitabı (“Azərnəşr”-2006) onun uzun illər musiqi təhsili,
xor sənəti
sahəsində təcrübə, müşahidə və
axtarışlarının bəhrəsidir. Kitaba rəy verən Azərbaycan
Respublikasının xalq artisti, professor,
görkəmli müğənni Xuraman
Qasımova tədqiqatçının əməyini yüksək qiymətləndirərək
bildirmişdir ki, Rafail Kərimov Naxçıvan vokal məktəbini Azərbaycan vokal məktəbi ilə sıx
uzlaşdırmışdır. Gələcək nəsil
üçün bu əsər
Naxçıvan vokal məktəbi
haqqında ilk dəyərli bir sənət əsəri kimi
də mühüm əhəmiyyət kəsb
edir.
R. Kərimovun
“Naxçıvan musiqi mədəniyyəti
tarxindən. Musiqi təhsili” adlı ikinci kitabı da “Azərnəşr”də (2012) işıq üzü
görmüşdür. Naxçıvanda
uşaq musiqi məktəbinin
yaradılmasının 75 illiyinə
həsr olunmuş kitabın redaktoru və rəyçisi Azərbaycan Milli
Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, əməkdar
incəsənət xadimi, professor
Nazim Kazımov
qeyd etmişdir ki, R. Kərimovun bu
monoqrafiyası istər həcminə, istər məzmununa,
istərsə də əhatə etdiyi
dövrə görə (1937-2002) digər tədqiqatlardan daha dəyərli, dolğun
və yaddaqalandır.
Rafail Kərimovun
həm də musiqi mədəniyyətinə
dair məqalələri “Xalq
qəzeti”, “Respublika”, “İki sahil”, “Səs”, “Şərq qapısı”, “Nuh yurdu” və digər nəşrlərdə
dərc olunmuşdur.
1996-cı
ildən Yeni Azərbaycan
Partiyasının üzvü olan Rafail Kərimov Muxtar Respublikanın ictimai-siyasi həyatında fəal iştirak
edir. 1998-ci il Prezident seçkilərində o,
Heydər Əlirza oğlu Əliyevin namizədliyini irəli sürmüş
Naxçıvan şəhər seçicilərinin təşəbbüs
qrupunun səlahiyyətli nümayəndəsi olmuşdur.
Bacarıqlı müəllim,
mahir dirijor, fəal təşkilatçı
Rafail Kərimov ömrünün
45 ilini ecazkar Azərbaycan
musiqisinin təbliğinə,
musiqi mədəniyyətinin
inkişafına və tədqiqinə həsr etmişdir.
O, Bakıda və Naxçıvanda özünəməxsus
yaradıcılığı, mədəni və intellektual səviyyəsi ilə
tanınmışdır. Musiqi mədəniyyətimizin
tədqiqi, musiqi təhsilinin
inkişafı sahəsində Rafail müəllimdən
hələ yeni-yeni uğurlar
gözləyirik.
Afət SADIQOĞLU
Xalq qəzeti.- 2014.- 8 iyun.- S.6.