Azərbaycan Xalq
Cümhuriyyəti:
İstiqlaliyyət zirvəsində Azərbaycan
imzası
Suverenliyinə
Gülüstan müqaviləsi ilə son qoyulmuş Azərbaycan
dövlət müstəqilliyini bərpa etmək
üçün məqam gözləyirdi. Xalqın müstəqillik
istəyini əngəlləyə bilməyən imperiya buxovları
yavaş-yavaş sarsılmaqda idi. Tarix təsdiqləyir ki,
imperiya bu və ya digər xalqın təkcə maddi
varidatını — yeraltı və yerüstü sərvətlərini
mənimsəməklə kifayətlənmir, həm də onun
mənəvi-ideoloji zindanına çevrilir.
Bu şəraitlə
barışmaq istəməyən öz
varlığını qorumağa, itirilmiş dövlətçiliyini
bərpa etməyə cəhd göstərən xalqın əzmi,
iradəsi, istəyi həmişə imperiyanın ciddi siyasi-hərbi
müqaviməti ilə qarşılaşır,
azadlıq-müstəqillik mübarizəsi onun nüfuz məngənəsində
sıxılır.
XX əsrin əvvəllərindən
etibarən Azərbaycanda ictimai-siyasi vəziyyət olduqca gərgin
idi. Xalqın iradəsini qırmaq, illərlə
aparılan azadlıq, müstəqillik mübarizəsini
sarsıtmaq məqsədilə mənfur erməni millətçi
ekstremislərinin silahlandırılaraq ölkənin müxtəlif
şəhər və qəsəbələrində dinc, əliyalın
əhaliyə qarşı qətliamlar törədilməsi ilə
imperiya hələ də öz çirkin niyyətlərindən
əl çəkmədiyini göstərməyə
çalışırdı. Lakin mətin, mübariz
xalqımız bu çirkin, məkrli siyasətin iç
üzünü tezliklə anlamağa başlamış və
bütün xalq bu müqəddəs mübarizəyə səfərbər
edilmişdi. Çarizm öz çirkin məqsədlərini
və qəddar siyasətini həyata keçirmək
üçün Azərbaycan ərazisində XX əsrin əvvəllərində
bir tərəfdən köçürülmə siyasəti
tətbiq edir, ruslaşdırma və xristianlaşdırma
siyasəti yeridir, digər tərəfdən qanlı erməni-müsəlman
qırğınları təşkil edirdi. Bir sözlə,
çar Rusiyasının milli-müstəmləkəçilik
siyasətinin ən dəhşətli sınaq meydanına
çevrilən Azərbaycan dözülməz ağrılara
və dəhşətli qırğınlara sinə gərir
və müstəqillik uğrunda mübarizəni davam etdirirdi.
Xüsusilə, XX əsrin əvvəllərində
türkləşmək, islamlaşmaq və
çağdaşlaşmaq ideyalarının genişlənməsi
və beləliklə, milli azadlıq hərəkatının
güclənməsi Azərbaycan xalqının milli
oyanış və milli özünüdərk şüurunu
xeyli artırdı.
I Dünya müharibəsi
beynəlxalq münasibətlər sistemində bir sıra dəyişikliklərin
meydana gəlməsinə səbəb oldu. Başqa regionlarla
yanaşı, Qafqazda yeni dövlətlərin yaranması
üçün münbit şərait yetişmişdi. Belə
ki, 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclası
keçirilirdi. Gürcü nümayəndələri Seymdən
çıxıb Gürcüstanın müstəqilliyini elan
etdilər. Mayın 27-də isə
Seymin müsəlman fraksiyası yaranmış vəziyyətin
ciddiliyini nəzərə alaraq, yekdilliklə Azərbaycanın
idarə olunması vəzifəsini öz öhdəsinə
götürməyi qərara aldı və özünü Azərbaycan
Müvəqqəti Milli Şurası elan etdi.
Azərbaycan Milli
Şurasının 1918-ci il mayın 28-dəki iclasında Azərbaycanın
“İstiqlal bəyannaməsi” qəbul olundu. Milli
Şuranın 24 səslə qəbul etdiyi qərar və 6 bənddən
ibarət “İstiqlal bəyannaməsi”, yaxud “Misaği-milli” Azərbaycan
dövlətinin varlığını bütün dünyaya
bəyan etdi. “İstiqlal bəyannaməsi” ilə həyata vəsiqə
alan Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman dünyasında ilk demokratik respublika kimi
tarixə düşməklə yanaşı, Azərbaycan
xalqının qədim dövlətçilik ənənələrini
bərpa etdi, insan hüquq və azadlıqlarının təmin
edilməsinə, irqi, milli, dini, sinfi və digər sosial bərabərsizliklərin
ləğvinə, əsaslı şərait yaratdı.
Milli Şura Müvəqqəti
hökuməti təşkil etməyi Fətəli xan Xoyskiyə
tapşırdı. Mayın 30-da Azərbaycanın öz
müstəqilliyini elan etməsi haqqında dünyanın əsas
siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi.
Cənubi Qafqazın özünü müstəqil elan
etmiş üç dövlətinin — Azərbaycan,
Gürcüstan və Ermənistanın nümayəndələri
Batumda Osmanlı dövləti ilə danışıqlar
apararaq, iyunun 4-də ayrı-ayrılıqda müqavilə
imzaladılar. Müqavilənin şərtləri Ermənistan
və Gürcüstan üçün ağır idi. Azərbaycanla
Osmanlı dövləti arasında isə “daimi sülh və
dostluq münasibətləri”ni bərqərar edirdi. Yeni
yaranmış Azərbaycan hökumətinin xahişinə
cavab olaraq, Osmanlı dövləti ilk yardım kimi Azərbaycana
2 milyon türk lirəsi həcmində kredit
ayırmışdı. Azərbaycanda olan türk ordusunun
ehtiyaclarına hər ay 50 min lirə xərclənirdi.
Cümhuriyyətin
Tiflisdə elan edilməsinə baxmayaraq, ölkəmiz hələ
də daşnakların tapdağı altında inləyirdi.
Hökumətin Gəncə şəhərinə
köçməsinə isə hələ yarım ay
qalırdı. Tiflisdə qızğın təşkilati
işlər gedirdi. Milli Şura, demək olar,
günaşırı, Nazırlər Şurası isə hər
gün yığışır, vəziyyəti dönə-dönə
ölçüb-biçir, yer-yurd qayğılarının,
yol-nəqliyyat, müdafiə-mühafizə məsələlərinin,
yaxın-uzaq dövlətlərlə əlaqə-münasibət
problemlərinin həllinə çalışırdılar.
Azərbaycan Milli
Şurasının və hökumətin Gəncəyə
köçməsi ilə əlaqədar milli qüvvələr
arasında mübarizə kəskinləşdi. Milli Şuradan
kənarda qalan bəzi qüvvələr Türkiyənin Azərbaycanda
olan ordusunun başçısı Nuru paşanın vasitəsilə
Milli Şuranı hakimiyyətdən uzaqlaşdırmağa cəhd
etdi. Azərbaycandakı türk qoşunların rəhbərliyi
ilə Azərbaycan Milli Şurası arasında güzəştli
bir qərar qəbul olundu. Milli Şura
buraxılır, Ali qanunverici və icraedici hakimiyyət Fətəli
xan Xoyski kabinetinin əlində cəmləşir. İyunun
17-də isə axşam Gəncədə F.Xoyskinin rəhbərlik
etdiyi ikinci hökumət təşkil edildi. İyunun 23-də
Azərbaycanda yaranmış gərgin vəziyyəti nəzərə
alaraq hökumət bütün Azərbaycan ərazisində
hərbi vəziyyət elan etdi. Bakı Xalq Komissarları
Sovetinin liderləri Azərbaycan Xalq Cümhuriyyətini
sıradan çıxarmaq üçün yollar
arayırdılar. Hələ Gəncə üzərinə
yürüşə başlamazdan əvvəl Leninin
tapşırığı ilə Şaumyan türk
qoşunlarının Azərbaycana yolunu bağlamaq
üçün Gürcüstan hökumətinin
başçısı N. Jordaniyaya müraciət etdi.
Azərbaycanın
Şərqində kommunist diktaturası yaradan Şaumiyan
Bakı Sovetinin ixtiyarında olan 18 min
döyüşçü ilə Cənubi Qafqazdakı milli hərəkatı
boğmaq üçün qəti hücuma başladı.
Tamamilə erməni daşnak qüvvələrindən təşkil
olunmuş ordu müsəlman əhalisinə qarşı hər
cür amansızlığa
yol verirdi.
İyunun 10-da Bakı
Sovetinin Gəncə istiqamətində yürüşləri
başladı. İyunun 12-də Kürdəmiri işğal
edən qoşunlar iyunun 27-də Göyçaya
yaxınlaşdılar. Dörd günlük gərgin
vuruşma cəbhənin taleyini həll etdi. Qafqaz
İslam Ordusu bolşevik-daşnak birləşmələrini
darmadağın edərək Bakı istiqamətində
azadlıq yürüşünə başladı. İyunun
20-də bu istiqamətdə mühüm strateji məntəqə
olan Şamaxı azad edildi. İyulun sonunda S. Şaumyanın rəhbərlik
etdiyi Bakı Soveti istefa verməyə məcbur oldu.
Qafqaz İslam Ordusunun hərbi hissələri sentyabrın 15-də
Bakı üzərinə həlledici hücuma
başladılar. Şəhər böyük müqavimət
hesabına alındı və Azərbaycan hökuməti
sentyabrın 15-də Bakı şəhərinə
köçdü.
Bakının azad
edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəratında
və xalqımızın şərəfli tarixində
çox böyük strateji əhəmiyyətə malik olan
bir hadisə oldu. AXC-nin yaranması şərəfli tariximizdə
necə böyük əhəmiyyətə malikdirsə,
Bakının azad edilməsi də bir o qədər önəmlidir.
AXC hökumətinin Bakıya köçməsindən
sonra hakimiyyət Azərbaycanın hər yerində (114 min
kvadratkilometr ərazidə) bərqərar oldu və milli
dövlət quruculuğu istiqamətində fəaliyyətini
daha da genişləndirdi. 1918-ci il noyabrın 9-da AXC-nin
dövlət bayrağı üzərində aypara və səkkizgüşəli
ulduz təsviri olan üçrəngli bayraqla əvəz
edildi. M. Ə. Rəsulzadə deyirdi ki, Azərbaycan
bayrağındakı mavi rəng - türklüyü,
yaşıl rəng - müsəlmanlığı, al rəng
- təcəddüd və çağdaşlaşmanı
bildirir ki, bu da Ziya Göyalpın “türk millətindənəm,
islam ümmətindənəm, Qərb mədəniyyətindənəm”
düsturunu ifadə edirdi.
Azərbaycanda
siyasi hadisələrin inkişafı daxili proseslərdən
daha çox dünyanı lərzəyə gətirən I
Dünya müharibəsinin gedişindən və nəticələrindən
asılı idi. İki hərbi qruplaşma arasında gedən
imperialist müharibəsində Azərbaycan öz mənafeyi
baxımından
Osmanlı dövlətinin qalib gəlməsini
arzulayırdı. Lakin hadisələr başqa cür cərəyan
edirdi. Türkiyə və Antanta dövlətləri
arasında 1918-ci il 30 oktyabr tarixli Mudros müqaviləsinə
görə məğlub sayılan Osmanlı qüvvələri
Azərbaycanı tərk etməli, Antanta qüvvələri tərəfindən
Bakının tutulmasına mane olmamalı, Zaqafqaziya dəmir
yolu üzərindəki nəzarət
hüququnu Antantaya güzəştə getməli idi. Ənzəliyə
danışıqlar üçün gələn Azərbaycan
nümayəndə heyəti ingilis hərbi hissələrinin
komandanı, generel Tomsona Azərbaycan ərazisinə daxil
olmazdan əvvəl Azərbaycan Xalq Cümhuriyyətini
tanımaq haqqında bəyanat verilməsini təklif etdi.
Lakin general Tomson bu təklifi rədd etdi.
Bütövlükdə,
Azərbaycan nümayəndə heyətinin Ənzəli
danışıqları əhəmiyyətsiz olmadı.
Ən əsası ona görə ki, Azərbaycanın Paris
Sülh Konfransında iştirak edəcəyi, Bakıya erməni
hissələrinin daxil olmayacağı barədə general
Tomson öz üzərinə öhdəliklər
götürdü.
Noyabrın 17-də Tomsonun hərbi dəstələrinin
Bakıya gəlişini şəhər əhalisi eyni cür
qarşılamadı. Rus və erməni milli
şuralarının tərəfdarları sevinc içərisində
idilər. Noyabrın 16-da Milli Şura yenidən
fəaliyyətə başladı. Azərbaycan höküməti
təhrikçi hücumlara baxmayaraq, dövlət
quruculuğu işini davam etdirir, parlamentin
açılışına hazırlaşırdı.
Parlament açılanadək onun funksiyasını Milli Şura yerinə yetirirdi.
Parlament adını qəbul edən bu orqan yeni üzvlərin
və azlıqda qalanların nümayəndələrinin
hesabına genişləndirildi. Təkpalatalı parlament 120 nəfərdən
ibarət olmalı idi. Milli Şuranın 44 nəfər
üzvündən əlavə əhalinin milli say nisbətinə
görə daha 36 azərbaycanlı seçilməklə 80 nəfərə
çatdrılmalı idi. Bundan əlavə, 21 yer ermənilərə,
10 yer ruslara, azlıqda qalan digər xalqların hərəsinə
bir yer vermək nəzərdə tutulurdu. Nümayəndələr
birbaşa qapalı seçkilərdə seçilməli idi.
Şəhərlərdən olan millət vəkilləri bələdiyyə
üzvləri tərəfindən, mahalların nümayəndələri
isə mahal milli komitələri tərəfindən
seçilirdi. Gərgin şəraitdə 1918-ci il
dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin Qız məktəbinin
binasında təntənəli şəkildə parlamentin ilk
iclası keçirildi. Millət vəkillərindən əlavə,
hökümət üzvləri, Bakıda olan diplomatik korpusun
nümayəndələri də iştirak edirdi. İclası
parlaq təbrik nitqi ilə açan M.Ə.Rəsulzadə
çıxışında əsas diqqəti
ilhaqçılara qarşı yönəltdi. Şəfi bəy
Rüstəmbəylinin təklifi ilə
Ə.Topçubaşov yekdilliklə parlamentə sədr, Həsən
bəy Ağayev sədrin birinci müavini, Rəhim bəy Vəkilov
isə katib seçildilər.
Parlamentin
qarşısında duran mühüm vəzifələrdən
biri yeni höküməti təşkil etmək idi.
Hökümətin təşkili Xoyskiyə
tapşırıldı. Dekabrın 26-da koalisyon hökümətin
tərkibində 3 nəfər rus nümayəndəsi var idi,
ermənilər isə onlara təklif olunan 2 nazir
kürsüsündən imtina etdilər. Yeni hökümətin
təşkilindən 2 gün sonra, dekabrın 28-də müttəfiqlərin
Bakıdakı nümayəndəsi general V.Tomson elan etdi ki,
Xoyskinin başçılığı ilə
yaradılmış Azərbaycan hökümətini yeganə
qanuni hakimiyyət orqanı sayır.
1919-cu
ilin aprelində ingilis general-qubernatorluğunun ləğvi ilə
əlaqədar Gəncədə təşkil olunmuş ilk Azərbaycan
alayı paytaxta daxil oldu və xalq onu təntənə ilə
qarşıladı. Nəticədə 1919-cu ilin aprelindən
başlayaraq ingilislər Paris Sülh Konfransının şərtlərinə
uyğun olaraq, Qafqazı tərk etməyə başladılar.
Qalib dövlətlər
müharibədən sonrakı dünyanın vacib məsələlərini
həll etmək üçün Parisdə beynəlxalq
sülh konfransının çağırılmasına qərar
verdilər. Azərbaycan parlamenti Paris Sülh Konfransında
iştirak etmək üçün tamsəlahiyyətli və
geniş hüquqlara malik nümayəndə heyəti göndərmək
haqqında qərar qəbul etdi. Nümayəndə heyətinə
parlamentin sədri Ə.Topçubaşov rəhbər təsdiq
edildi. Azərbaycan nümayəndə heyətinin Paris Sülh
Konfransında iştirak etməyinin məqsədi dünya
dövlətləri tərəfindən AXC-nin
tanınmasına nail olmaq idi. Nəhayət,
1920-ci il yanvarın 11-də Müttəfiq Dövlətlərin
Ali Şurası Azərbaycanın istiqlaliyyətinin de-fakto
tanınması haqqında yekdilliklə qərar qəbul etdi.
Yanvarın 14-də bu xəbər
Azərbaycana çatdı və parlament onu təntənəli
şəkildə qeyd etdi. Millət vəkilləri
və parlamentin iclasında iştirak edən xarici ölkələrin
diplomatik nümayəndələri istiqlal yolunda qurban
getmiş Vətən oğullarının və Osmanlı əsgərlərinin
xatirəsini yad etdilər, bu hadisə münasibətilə
ümumi amnistiya elan edildi.
Azərbaycan
Xalq Cümhuriyyətinin de-fakto tanınmasına qədər
dövlət quruculuğu sahəsində heç bir təcrübəsi
olmayan xalq qısa müddət ərzində normal fəaliyyət
göstərən dövlət aparatı yaratmağa, 20-dən
çox dövlətlə, o cümlədən Türkiyə, Gürcüstan, Ermənistan,
İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka. İtalya,
Fransa, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna,
Litva, Polşa, Finlandiya və b. ilə baş konsulluq, konsul
agentlikləri səviyyəsində əlaqələr
qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyətinin
dövlət quruluşu parlamentli respublika idi. Yeni
yaranmış dövlət fəaliyyəti dövründə
“türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyası uğrunda mübarizə
aparırdı.
Göründüyü
kimi, çox çətin, gərgin mübarizə şəraitində
fəaliyyət göstərən AXC rəhbərliyi dövlət
quruculuğu işində mühüm qərarlar qəbul etməklə
bu boşluğu nisbətən aradan qaldırmağa
çalışırdı. Hələ hökumət Gəncədəki fəaliyyəti
dövründə — iyunun 27-də Azərbaycan dilinin dövlət
dili elan edilməsi haqqında fərman imzaladı. Azərbaycandilli
savadlı kadrların çatışmazlığı nəzərə
alınaraq dövlət idarələrində müvəqqəti
olaraq rus dilindən də istifadə olunmasına icazə
verildi. İyunun 24-də üzərində ağ rəngli
aypara və səkkizguşəli ulduz təsviri olan
qırmızı bayraq dövlət bayrağı kimi qəbul
edildi. Noyabrın 9-da isə həmin bayraq üçrəngli
— yaşıl, qırmızı və mavi zolaqlardan ibarət
olan bayraqla əvəz olundu. Azərbaycan
Xalq Cümhuriyyəti özünü xarici müdaxilələrdən
müdafiə etmək, hələ tamamilə zərərsizləşdirilməmiş
daxili düşmənlərdən mühafizə olunmaq
üçün nizami orduya malik olmalı idi. Beləliklə,
1918-ci ilin noyabr ayının 6-da Azərbaycan hökumətinin
qərarı ilə Hərbi Nazirlik yarandı, doktor Xosrov bəy
Sultanov hərbi nazir təyin olundu. Bəzi tədqiqatçılar
bunu, həmin dövr üçün düzgün seçim
olmadığını qeyd edir, heç bir hərbi bazaya,
ordu strukturuna malik olmayan gənc bir dövlətin ordu
quruculuğunun, daha doğrusu, silahlı qüvvələrin
yaradılmasının mülki şəxsə
tapşırılması dövlətçiliyimizin
“yaxasından” hələ tamamilə üzülməmiş
qara əllərin fəaliyyətini, təxribat meyillərini
genişləndirə bilərdi. Hələ
1918-ci il iyul ayının 6-da Azərbaycan Respublikası Nazirlər
Sovetinin sərəncamı ilə hərbi mükəlləfiyyət
keçmiş şəxslər üçün avqustun 11-də
ümumi hərbi səfərbərlik elan olundu və
1894-1899-cu il təvəllüdlü, 24-29 yaşlı
bütün Azərbaycan vətəndaşları hərbi
xidmətə çağrıldılar. Doğrudur,
bu çağırışda nəzərdə tutulan nəticə
əldə olunmadı. Belə ki, əhalisinin səkkiz mindən
çoxu müsəlman olan Bakıdan 500 əvəzinə 800
adam, yüz iyirmi min əhalisi olan Qarabağ general
qubernatorluğundan 7200 əvəzinə 1902 adam əsgərliyə
verilmişdi. Əhali nəinki uşaqları əsgərliyə
vermək istəmir, hətta kəndləri gəzib əsgərliyə
uşaq yığan serjantları fiziki təhqirlərə məruz
qoyurdular. Buna baxmayaraq, son dərəcə vacib olan bir qanuni ənənənin
başlanğıcı qoyulurdu. Ordunun yaradılması prosesi
1920-ci ilin yanvarında əsasən başa
çatdırıldı. 40 min nəfərlik nizami ordunun 30
mini piyada, 10 mini süvari qoşun hissələrindən ibarət
idi.
Ordunun təşkili
ilə yanaşı, ölkə rəhbərliyi vətəndaşlıq
məsələsinə də xüsusi önəm və əhəmiyyət
verməklə bu işi diqqətdə saxlamağa
çalışırdı. 1919-cu il iyulun 21-də parlament
“Azərbaycan Xalq Cümhuriyyətinin Müəssislər Məclisinə
seçkilər haqqında” Əsasnaməni təsdiq etdi. Həmin
il avqustun 11-də parlament tərəfindən qəbul
edilmiş “Azərbaycan vətəndaşlığı
haqqında” qanuna görə özü və valideynləri Azərbaycan
ərazisində anadan olmuş keçmiş Rusiya
imperiyasının bütün təbəələri milli və
dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan
vətəndaşı hesab olunurdular.
Digər mühüm
məsələ xalq maarifi sahəsinin milliləşdirilməsi
işinin sürətləndirilməsi idi. Qısa müddət
ərzində bu sahədə ciddi nailiyyətlər
qazanıldı. Orta məktəblərin təxminən
yarısı milliləşdirildi. AXC-nin mühüm tədbirlərindən
biri ilk ali təhsil ocağının — 1919-cu il sentyabrın
1-də Bakı Universitetinin əsasının qoyulması idi.
Universitetin fəaliyyətə başlaması respublikada
böyük mədəni hadisəyə çevrildi. Universitetin yaradılması Azərbaycanda milli
kadrların hazırlanması sahəsində yaranmış dərin
boşluğu aradan qaldırmağa xidmət edirdi. İfrat
maliyyə çətinliyinə baxmayaraq hökumət milli
kadrların hazırlanmasına qayğını gücləndirdi.
İstedadlı gənclərdən 100 nəfərini təhsil
almaq üçün xarici ölkələrə (İngiltərə, Fransa, İtaliya, Türkiyə, Rusiya
və s.) göndərmək haqqında qərar qəbul
edildi. Təhsillərini başa vurana qədər
onların yol xərcini və aylıq təqaüdlərini
ödəməyi dövlət öz üzərinə
götürdü. Bəhs olunan dövrdə Kənd Təsərrüfatı
İnstitunun yaradılması haqqında qərar da qəbul
olundu. Ticarəti və daxili bazarı dirçəltmək
məqsədilə 1918-ci il avqustun 27-də azad ticarət
haqqında fərman verildi. Oktyabrın 30-da ticarət
donanmasının fəaliyyəti bərpa olundu.
Cümhuriyyətin
mübahisəsiz ərazisi 97,3 min kvadratkilometr idi.
Gürcüstanla 8,7 min, Ermənistanla isə 7,9 min
kvadratkilometr həmsərhəd ərazi Azərbaycan hökuməti
tərəfindən mübahisəli ərazi
sayılırdı.
Azərbaycanın
qısa müddət ərzində qazandığı
uğurlarına və beynəlxalq aləmdə suveren ölkə
kimi tanınmasına baxmayaraq hələ də şimal sərhədindən
soyuq küləklər əsməkdə idi. Bolşeviklər
Azərbaycanın daxilində də təxribatçılıq
fəaliyyətlərini gücləndirdilər. 1920-ci ilin
fevralında yaradılmış Azərbaycan Kommunist (bolşeviklər)
Partiyasının əsas məqsədi ölkə daxilindəki
vəziyyəti gərginləşdirmək, təxribat yolu ilə
bolşevikləri hakimiyyətə gətirmək idi. Bu
işdə qatı millətçi A. Mikoyan xüsusilə
canfəşanlıq göstərirdi. Azərbaycandakı
mövcud demokratik rejimi dəyişmək sevdasına
düşən bolşeviklər Ermənistanın Azərbaycana
qarşı düşmənçiliyindən istifadə etdilər.
1920-ci ilin əvvəllərində erməni nümayəndələri
Moskvada ərazi güzəştləri müqabilində Azərbaycan
hökumətini devirməkdə öz hökumətinin
planını Sovet Rusiyasına təklif etdilər.
Qarabağda və Gəncəbasarda erməni əhalisinin
qiyamı və Azərbaycana qarşı müharibə bu
planın tərkib hissəsi idi.
Sovet Rusiyasına
münasibət məsələsində Azərbaycan hökumətində
birlik yox idi; xarici işlər naziri F.Xoyski
Rusiyaya münasibətdə sərt xəttin, daxili işlər
naziri M.Hacinski isə Azərbaycan bolşevikləri ilə
danışığa girib onlara güzəştə getməyin
tərəfdarı idi. 1920-ci ilin aprelində Denikinin
qoşunlarını məğlub edən XI rus ordusu Azərbaycan
sərhədlərinə yaxınlaşdı. Bu haqda
professor Anar İsgəndərov yazır: “Həmin günlərdə
A.Mikoyan başda olmaqla, Bakı bolşevikləri Azərbaycan
xalqı adından XI rus ordusunu Azərbaycana dəvət etdilər.
Qabaqcadan razılaşdırılmış plana görə,
rus ordusu Bakıda bolşevik qiyamının
başlanmasından bir-iki gün sonra Azərbaycana soxulmalı
idi. Bununla da dünya ictimaiyyətində belə bir rəy
yaradılacaqdı ki, Azərbaycan hökuməti xarici hərbi
müdaxilənin deyil, daxili qiyamın qurbanı olmuşdur.
Lakin Bakıda qiyam başlanmamış — aprelin 26-dan 27-nə
keçən gecə XI ordu hissələri Azərbaycan ərazisinə
daxil olub Bakıya doğru irəliləməyə
başladılar. Sovet hökumətinin rəhbərlərinə
və XI ordunun komandanlığına məlum idi ki, ADC-nin 40
minlik ordusunun 37-38 min nəfəri Qarabağda ermənilərlə
müharibədə idi. Sərhəddəki Samur çayı
ilə Bakı arasında cəmi 2-3 minlik qoşun hissəsi
vardı.
Mart
ayında bolşeviklərin Bakıda keçirmək istədikləri
tətil baş tutmadı. Aprelin 22-də XI ordunun Bakıya gəlmiş
nümayəndələrinin iştirakı ilə keçirilən
təcili müşavirədə qərara alındı ki,
aprelin 27-də gündüz saat 12-də AXC-yə hakimiyyəti
kommunistlərə təhvil
vermək haqqında ultimatum verilsin və dərhal silahlı
üsyana başlanılsın. Aprelin 24-də RK/b/P Qafqaz
Ölkə Komitəsi, AK/b/P MK və Bakı Komitəsi qiyama
hazırlıq vəziyyətinə gətirildi. Aprelin 26-da Leninin şəxsi
tapşırığı ilə yalnız azərbaycanlı
kommunistlərdən ibarət (N. Nərimanov sədr,
Ə. H. Qarayev, M. D. Hüseynov, H. Sultanov, Q. Musabəyov, A.
Əlimov və D. Bünyadzadə) Azərbaycan
Müvəqqəti İnqilab Komitəsi yaradıldı. Bunlar
diqqəti qiyamın mahiyyətindən uzaqlaşdırmaq
üçün idi. Əsas çevrilişi XI ordunun əsgərləri
həyata keçirməli idilər.
Nəticədə, XI
ordunun Azərbaycana hücumu ilə eyni vaxtda — aprelin 27-də
gündüz saat 12-də AK/b/ P MK və RK/b/ P Qafqaz Diyar Komitəsinin
Bakı Bürosu adından hakimiyyəti təhvil vermək
haqqında Azərbaycan parlamentinə ultimatum verildi. Azərbaycan
parlamenti həmin gün saat 20.45-də təcili fövqəladə
axşam iclasına başladı. Aprelin 29-da Azərbaycan
İnqilab Komitəsi hərbi yardım göstərmək
xahişi ilə Sovet Rusiyasına müraciət etdi. Halbuki,
rus ordusu aprelin 27-də Azərbaycanın hüdudları
daxilində idi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti
23 aylıq fəaliyyətdən sonra süqut etdi. 1920-ci il
aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan
olundu. Aprel işğalı nəticəsində
Azərbaycanda qurulan bolşevik rejiminin ömrü 70 ildən
də çox çəkdi. Bu rejim
özünün bütün varlığı ərzində
Şərqdə ilk demokratik respublikanın
bayrağını ucaldan qeyrətli soydaşlarımızla,
haqq işinin davamçıları ilə mübarizə
apardı. Lakin xalqın qəlbində
yaşayan Azərbaycanın istiqlaliyyəti atəşini
söndürməyə müvəffəq olmadı. Xalq özünün istiqlal arzularını nəsildən-nəsilə
ötürdü. Nəhayət, 1991-ci ildə Azərbaycan
yenidən öz dövlət müstəqilliyini bərpa etdi,
indiki Azərbaycan Respublikasının 1918-ci il
mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan
Xalq Cümhuriyyətinin varisi olduğunu ümumxalq iradəsi
ilə təsdiqlədi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası
Ali Sovetinin sessiyasında qəbul edilmiş “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktında bu tarixi amansızlığa
verilən siyasi qiymət belə oldu: “1920-ci il aprelin 27-28-də
RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini
zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan
Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil
Azərbaycanı işğal etməsi hesab edilsin”.
Azərbaycanın yenidən öz müstəqilliyinə
qovuşmasında və onun inkişafında müstəsna
xidmətləri olan ümummilli liderimiz Heydər Əliyev
öz çıxışlarında AXC-nin 23 aylıq parlaq
tarixini şərh edərkən qeyd edirdi ki, “müsəlman
Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan
torpağında yaranması xalqımızın o dövrdə
və o illər ərəfəsində — XIX əsrin sonunda və
XX əsrin əvvəllərində milli müstəqillik,
azadlıq duyğuları ilə yaşaması ilə
bağlıdır. O illərdə xalqımızın
qabaqcıl şəxsiyyətləri, mütəfəkkir
adamları, ziyalıları xalqımızda milli azadlıq,
milli müstəqillik duyğularını gücləndirmiş,
milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini
yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan
Xalq Cümhuriyyətinin yaranmasına gətirib
çıxarmışdır”.
Artıq AXC-nin yaranmasından 96 il
ötür. Bu illər ərzində dövlətçilik
tariximiz cümhuriyyətin ənənələrinə
uyğun formada, bünövrəsi əsasında inkişaf
etməkdədir. Təqdirəlayiq haldır ki, bu il Prezident İlham Əliyev AXC-nin
yaranmasında və formalaşmasında misilsiz xidmətləri
olmuş Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinin
130 illik yubileyi münasibəti ilə tədbirlər
planının işlənib hazırlanması və həyata
keçirilməsi haqqında sərəncam imzaladı. Azərbaycan Prezidenti bir daha sübut etməyə
çalışdı ki, bugünkü respublikamız AXC-nin
siyasi varisidir və cümhuriyyət qurucularının fəaliyyəti
daima dövlətin diqqət mərkəzindədir.
Taleh
CƏFƏROV,
ADPU-nun
Türk xalqları tarixi və tarixin
tədrisi metodikası kafedrasının baş müəllimi
Xalq qəzeti.- 2014.- 8 iyun.- S.3.