Azərbaycanın xarici iqtisadi-ticarət
əlaqələri
getdikcə genişlənir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin
prioritet istiqamətləri olan iqtisadiyyatın şaxələndirilməsi,
regionların tarazlı inkişafı, əlverişli biznes və
investisiya mühitinin formalaşdırılması ölkənin
xarici iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə
də müsbət təsir göstərmişdir. Belə ki,
son illər Azərbaycanın xarici bazarlara ixrac imkanları
daha da genişləndirilmiş, bununla bağlı müvafiq
qanunvericilik bazası təkmilləşdirilmiş, ixrac
mallarının istehsalı stimullaşdırılmış,
ixracın infrastruktur təminatı
yaxşılaşdırılmış, o cümlədən
sənaye şəhərciklərinin, potensial ixrac bazarı
ölkələrində Azərbaycan ticarət evlərinin
yaradılması və digər vacib istiqamətlərdə zəruri
işlər aparılmışdır.
Azərbaycan iqtisadiyyatının güclənməsi,
maliyyə imkanlarının genişlənməsi nəticəsində
artıq azərbaycanlı iş adamları xarici ölkələrə
investisiyalar yatırırlar və bu rəqəm indi milyard
dollarlarla ölçülür. Eyni zamanda, milli
sahibkarların xarici ölkələrdə fəaliyyətinin
genişləndirilməsi və bu əlaqələrin daha da
inkişaf etdirilməsi üçün iş
adamlarının birliklərinin yaradılması üzrə
müvafiq tədbirlər görülür. Artıq Türkiyə
və Gürcüstanda Azərbaycanlı İş Adamları
Birliyi təsis edilmişdir.
Onu da xatırladaq ki, ölkədə istehsal
olunan rəqabətqabiliyyətli məhsulların xarici
bazarlara ixracının təşviq edilməsi
üçün yerli və xarici iş adamlarının, eləcə
də beynəlxalq tərəfdaşların iştirakı ilə
mütəmadi olaraq biznes forumları, “dəyirmi masa”lar və
ikitərəfli görüşlər təşkil olunur. Həmin
tədbirlərdə kənd təsərrüfatı və ərzaq
sənayesi, tikinti, İKT, maliyyə, konsaltinq, nəqliyyat,
logistika, sənaye, alternativ enerji və səhiyyə
sektorlarından yerli və xarici iş adamları və
nümayəndələr iştirak edirlər.
Yeri gəlmişkən, xarici iqtisadi əlaqələrin
inkişafı ayrı-ayrı ölkələrin milli
iqtisadiyyatının beynəlxalq təsərrüfat
miqyasında inteqrasiyasının sürətləndirilməsinin
əsas şərtidir. Ölkələr iqtisadi inteqrasiya
axınlarına qoşularaq bu yolla öz istehsal güclərini,
istehsalın səmərəliliyini və bütün
bunların nəticəsində isə əhalinin ümumi
rifah səviyyəsini artırmağa
çalışırlar.
Beynəlxalq əmək
bölgüsünün üstünlüklərindən
maksimum istifadə edilmədən, xarici iqtisadi əlaqələrin
bütün formaları intensiv şəkildə genişləndirilmədən
ölkə iqtisadiyyatının inkişafında əsaslı
dönüş yaratmaq mümkün deyildir. Dünya ölkələrindən
heç biri öz inkişafını xarici ölkələrdən
təcrid olunmuş şəkildə təmin edə bilmədiyinə
görə, öz aralarında beynəlxalq və regional səviyyədə
iqtisadi əlaqələr yaratmağa
çalışırlar.
Azərbaycan genişmiqyaslı iqtisadi
islahatlara 1995-ci ildən başlamışdır. Bu müddət
ərzində inflyasiya prosesi dayandırılmış, pul tədavülü
sabitləşdirilmiş, xarici iqtisadi fəaliyyətdə və
valyuta bazarında kifayət səviyyədə
liberallığa nail olunmuş, iqtisadiyyatın artan tempi təmin
edilmiş, valyuta bazarında canlanma yaranmışdır.
Bütün bunlar nəticə etibarı ilə əhalinin həyat
səviyyəsində ötən illərlə müqayisədə
böyük irəliləyişə səbəb olmuşdur.
Nailiyyətlər sırasında xarici fəaliyyətin əldə
olunmuş dinamik inkişaf səviyyəsi, xarici iqtisadi-ticarət
əlaqələrinin genişləndirilməsi də
vurğulanmalıdır. Bu gün Azərbaycanın dünya
ticarət sisteminə inteqrasiyası göstərilən vəzifənin
həllində mühüm amil hesab olunur.
Xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları
ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin
inkişafında mühüm amillərdəndir. Məhz buna
görədir ki, dövlət başçıları, eləcə
də nümayəndə heyətləri arasında
keçirilən görüşlərin,
danışıqların əsas mövzularından birini də
məhz xarici ticarət dövriyyəsinin
artırılması təşkil edir.
Hazırda Avropa İttifaqı ölkələri
Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşıdır.
Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa
İttifaqı ölkələrinin xüsusi çəkisi 50
faizə yaxındır.
Azərbaycan iqtisadiyyatına investisiya
yatıran xarici ölkələr arasında Avropa
İttifaqı ölkələri üstünlük təşkil
edir. Son 10 ildə Azərbaycanda əsas kapitala yönəlmiş
xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş
xarici investisiyaların isə 36 faizi Avropa İttifaqı
ölkələrinin payına düşür. Sənaye, ticarət,
kənd təsərrüfatı, nəqliyyat, bank işi və
digər sahələrdə 1000-dən çox Avropa şirkəti
Azərbaycanda qeydiyyatdan keçmişdir. Avropa
İttifaqının bir çox ölkələri ilə
ikiqat vergitutmanın aradan qaldırılması, sərmayələrin
təşviqi və qarşılıqlı qorunması
haqqında sazişlər imzalanmış, 10-dan çox
ölkə ilə hökumətlərarası komissiya
yaradılmışdır.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində mühüm rol oynayır. 2006-cı
ildə Enerji üzrə Strateji Əməkdaşlığa
dair Anlaşma Memorandumunun və 2011-ci ildə Cənub Qaz Dəhlizinin
təsis edilməsinə dair birgə bəyannamənin
imzalanması, həmçinin Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri,
Cənubi Qafqaz boru kəməri kimi mühüm transmilli layihələrin
həyata keçirilməsi, Trans-Anadolu və Trans-Adriatik təbii
qaz boru kəmərlərinin inşası ilə bağlı
qərarların qəbul olunması bu istiqamətdə əməkdaşlığımızı
strateji tərəfdaşlıq səviyyəsinə
qaldırmışdır.
Azərbaycan əldə etdiyi nailiyyətlərlə
kifayətlənmir. Ölkədə inkişafın
davamlılığının təmin edilməsi məqsədilə
iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun
və özəl sektorun inkişafı, sosial siyasət əsas
prioritetlərimizdir. Azərbaycan bundan sonra da Avropa ölkələri
ilə əməkdaşlığı daha da genişləndirmək,
qabaqcıl Avropa təcrübəsini tətbiq etmək, birgə
ikitərəfli və regional layihələr həyata
keçirmək niyyətindədir.
Azərbaycanda makroiqtisadi sabitlik mövcuddur,
ölkə qanunvericiliyi Avropa İttifaqı qanunvericiliyinə
uyğunlaşdırılır, inzibati prosedurlar sadələşdirilir,
şəffaf mexanizmlər tətbiq olunur, “elektron hökumət”in
tətbiqi üçün zəruri tədbirlər
görülür. Ölkəmiz, eyni zamanda, əlverişli
coğrafi-iqtisadi mövqeyə, tranzit imkanlarına malikdir və
genişmiqyaslı infrastruktur layihələri
reallaşdırılır.
2020-ci ilə qədər Azərbaycan qeyri-neft
sektorunun ÜDM-dəki payını 80 faizədək
artırmaq niyyətindədir. Ölkəmizdə investisiya
qoyuluşu üçün prioritet sahələr qeyri-neft sənayesi,
kənd təsərrüfatı, İKT və turizmdir. Bu məqsədlə
şübhəsiz ki, xarici investiyalardan da istifadə olunacaq.
Azərbaycanın qeyri-neft sektoruna xarici sərmayə
qoyan ölkələr arasında Avropa Birliyi dövlətlərinin
payı 40 faizə yaxınlaşmışdır. Bunlar əsasən,
Böyük Britaniya, Niderland, Almaniya, Fransa və
İtaliyadır. Avropa İttifaqının 20 ölkəsi ilə
ikiqat vergitutmanın aradan qaldırılması, 17 ölkə
ilə isə sərmayələrin təşviqi və
qarşılıqlı qorunması haqqında sazişlər
imzalanmış və bu istiqamətdə tədbirlər davam
etdirilir. Bütün bunlar isə gələcəkdə də
Avropa İttifaqı ölkələri tərəfindən Azərbaycan
iqtisadiyyatına sərmayə qoyuluşuna və qeyri-neft
sektoru sahəsində əlaqələrimizin genişlənməsinə
imkan verəcəkdir.
Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələrində
diqqətçəkən mühüm məqamlardan biri də
ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən
ərzaq mallarının çəkisinin artması ilə
bağlıdır. Məlumat üçün bildirək ki,
son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı
inkişafı ilə bağlı həyata keçirilən tədbirlər
nəticəsində bu səhədə rəqabət qabiliyyətli
məhsulların istehsalı xeyli artmışdır. Artıq
həmin məhsullara dünya bazarlarında maraq getdikcə
güclənir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına
əsasən, 2014-cü ilin birinci rübündə xarici
ölkələrlə 7,1 milyard ABŞ dolları məbləğində
əmtəə mübadiləsi aparılmış, onun 6,5
milyard dolları və ya 91 faizi uzaq xarici dövlətlərin,
642,4 milyon dolları MDB üzvü ölkələrinin
payına düşmüşdür.
Bu dövrdə ixrac olunmuş məhsulların
5,2 milyard dollarlığı (96,7 faizi) MDB üzvü dövlətləri
istisna olmaqla digər ölkələrə, 179,4 milyon
dollarlığı isə MDB üzvü dövlətlərinə
göndərilmiş və müqayisəli qiymətlərlə
müvafiq olaraq 11 faiz və 46,4 faiz azalmışdır.
Rüb ərzində ölkəmizə 1,7
milyard dollar məbləğində, o cümlədən MDB
üzvü dövlətləri istisna olmaqla digər ölkələrdən
1,3 milyard dollar, MDB üzvü ölkələrindən 463
milyon dollar həcmində mal idxal olunmuşdur.
İxracın idxalı üstələməsi
nəticəsində 3,7 milyard dollar məbləğində, o
cümlədən MDB üzvü dövlətləri istisna
olmaqla digər ölkələrlə əlaqələrdə
3,9 milyard dollarlıq müsbət saldo yaranmışdır.
Xarici ticarət əlaqələrinin 45,9 faizi
Avropa İttifaqı ölkələri, 9 faizi MDB üzvü
dövlətləri, 45,1 faizi digər ölkələrlə
aparılmışdır.
Xam neftin və təbii qazın ixracı barədə
Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil
olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət
dövriyyəsi 9,7 milyard dollar (o cümlədən, ixrac 8
milyard dollar) təşkil etmiş və 6,7 faiz
azalmışdır.
Birinci rübdə ölkəmizə 9 milyon
dollar həcmində humanitar və texniki yardım daxil
olmuşdur.
İxrac məhsulları arasında xam neft,
neft məhsulları, təbii qaz, meyvə-tərəvəz,
bitki və heyvan mənşəli piylər və yağlar,
idxal məhsulları arasında qida məhsulları, qara
metallar və onlardan hazırlanan məmulatlar, maşın,
mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat
vasitələri və onların hissələri
üstünlük təşkil etmişdir.
Son illər ölkəmizdə dövlət səviyyəsində
həyata keçirilən bir sıra zəruri tədbirlər,
strateji məhsulların idxalında və ixracında
bütün fiziki və hüquqi şəxslərin bərabər
hüquqlarının təmin olunması və
inhisarçılığın qarşısının
alınması istiqamətində görülən işlər,
daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi,
gömrük əlaqələrinin sadələşdirilməsi,
xarici ticarətin liberallaşdırılması, eləcə
də əlverişli investisiya mühitinin yaradılması və
s. xarici ticarət əlaqələrinin həcminin və
coğrafiyasının daha da genişlənməsinə səbəb
olacaqdır.
Vaqif
BAYRAMOV
Xalq
qəzeti.- 2014.- 8 iyun.- S.1.