Nadir şah
Əfşar haqqında dəyərli tədqiqat
Hüquq elmləri üzrə fəlsəfə
doktoru Cahangir Hüseyn
Əfşarın bu yaxınlarda çapdan çıxmış “Azərbaycan
Nadir Əfşar dövləti” kitabı
Şərqin sonuncu fatehi
Nadir şah
Əfşarın həyatından, apardığı
müharibələrdən, şahlıq taxtına
oturmasından və digər tarixi faktlardan bəhs olunur.
Müəllif Azərbaycan Əfşar dövlətinin əsasını qoymuş Nadir şah Əfşarın şəxsi həyatını, bir dövlət başçısı olaraq xarici və daxili siyasətini, sərkərdəlik məharətini, hərbi yürüşlərini, ordu quruculuğunu, hərbi-dəniz donanması yaratmaq təşəbbüsünü ərsəyə gətirmişdir. Geniş oxucu kütləsinə təqdim olunan kitabda, həmçinin müsəlman-türk dünyasını parçalayan və zəiflədən sünni-şiə məzhəblərinin aradan qaldırılması yolunda göstərdiyi şücaətləri tarixi mənbələr əsasında qələmə alaraq Şərqin sonuncu fatehinin tarixdəki yerini və rolunu olduğu kimi çatdırmağa çalışmışdır.
Azərbaycan Mətbuat Evində keçirilən kitabın təqdimat mərasimində giriş sözü ilə çıxış edən Milli Məclisin komitə sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov əsəri yüksək qiymətləndirərək dedi ki, Cahangir Hüseyn Əfşarın bu əsəri uzun illərin tədqiqatının nəticəsidir. Bu dəyərli kitabı ərsəyə gətirənə qədər o bir sıra xarici ölkələrin kitabxanalarında və muzeylərində olmuş, Nadir şah Əfşar haqqında hələ bu vaxta qədər mətbuatda dərc edilməmiş materiallar toplamışdır. Müəllif çoxsaylı tədqiqat əsərlərini və tarixi mənbələri araşdıraraq belə bir nəticəyə gəlmişdir ki, Nadir şah sadəcə onun ulu əcdadı kimi deyil, eyni zamanda Azərbaycan dövlətçiliyinin parlaq simalarından biri kimi öyrənilməyə və təbliğ edilməyə layiqdir.
Kitabda diqqət çəkan məqamlardan biri də Nadir şahın dini islahat cəhdlərinə münasibətilə bağlıdır. Dövlətin dayağı kimi dini birlik o dövrdə etnik-milli birlikdən öndə gəlirdi. Ona görə də türk xalqlarını bir-birinə qarşı qoymamaqla onlarda siyasi pərakəndəliyin və hərbi qarşıdurmanın qarşısını almaq üçün Nadir Şah Cəfəri məzhəbinin hamılıqla qəbul edilməsini məsləhət görürdü. Müəllif Nadirin bu məzmunda Osmanlı sultanına göndərdiyi məktubu xatırladır: “Siz Cəfəri məzhəbini qəbul etsəniz, mən hakimiyyətdə olan bütün ərazilərimi Osmanlıya qataram”.
Müəllif tarixi faktlara istinad edərək belə qənaətə gəlir ki, Nadir şah İslam dünyasını birləşdirmək, Turan imperiyasını yaratmaq arzusunda olan bir mübariz fateh olmuşdur. Onun bu yöndə apardığı saysız-hesabsız müharibələr orta əsrlər İslam və Turan dünyasında ən böyük fatehlik zirvəsi idi. Əsərdə qeyd olunur ki, Nadir şahın yürüşlərinin hamısının motivində ədaləti bərpa etmək, xüsusilə də, öz dövlətinin torpaqlarını işğalçılardan azad etmək niyyəti dayanmışdır.
Tədbirdə çıxış edənlər – akademik Teymur Bünyadov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının professoru, respublikanın əməkdar müəllimi Xəlil Köçərili, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi qrupunun rəhbəri, tarix elmləri doktoru, professor Şahin Fərzəliyev, professorlardan İzzət Rüstəmov, Şahlar Əsgərov, Milli Məclisin komitə sədri Eldar İbrahimov və digərləri təqdim olunan kitabın Nadir şahın səcərəsinin araşdırılması və tanıdılması baxımından yüksək qiymətləndirdilər. Qeyd olundu ki, müəllif milli qürura əsaslanaraq zəngin tarixi faktlar əsasında sanballı bir əsər ərsəyə gətirmişdir.
Şərqin sonuncu fatehi kimi yaddaşlara həkk olunmuş Nadir şahın şərəfli həyat yolu kifayət qədər maraqlı bir mövzudur. Bu da təsadüfi deyil. Çünki Nadir şah nəinki Azərbaycan tarixinin, bütövlükdə bəşər tarixinin unudulmaz simalarından biridir. Bütün bunlar onun son dərəcə parlaq hərbi istedadından, qibtəediləcək fatehliyindən, son dərəcə müdrik şəxsiyyət olmasından irəli gəlir.
Tədbirdə Nadir şah Əfşarın İran İslam Respublikasının Məşhəd şəhərində yerləşən Tarixi Mədəniyyət Movzeley Kompleksinin videoçarxı nümayiş olundu.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”. - 2014. - 10
iyun. - S. 5.