Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyində
UNİCEF-lə birgə Fəaliyyət Planı
imzalanmışdır
UNİCEF ilə
ƏƏSMN arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq
istiqamətlərini əhatə edən birgə Fəaliyyət
Planı imzalanmışdır. Bu münasibətlə keçirilən tədbirdə
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin sosial sahəyə diqqət və
qayğısının uşaqlarla
bağlı dövlət siyasətinin, o
cümlədən ölkədə uşaqların sosial müdafiə hüquqlarının təminatı
sisteminin güclənməsinə səbəb
olduğu vurğulanmışdır.
Bildirilmişdir ki, bu istiqamətdə aparılan işlərdə UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə ƏƏSMN-nin əməkdaşlığı getdikcə genişlənir. “Sosial xidmət haqqında” qanunun hazırlanmasında, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının ratifikasiyasında, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası sisteminin institusional və texniki baxımdan dəstəklənməsində bu əməkdaşlığın mühüm rolu vardır.
Toplantıda qeyd edilmişdir ki, imzalanan Fəaliyyət Planında “Uşaq qayğı sistemində islahatlar” üzrə birgə Tədbirlər Planının icrası, uşaqlarla bağlı sosial xidmətlər sisteminin inkişafının texniki dəstəklənməsi, bu sahədə peşəkar kadr resurslarının artırılması əksini tapmışdır. Əmək və əhalinin sosial müdafiəsi naziri S. Müslümov demişdir: “Plan üzrə fəaliyyət istiqamətlərindən biri də nazirliyin tabeliyindəki bərpa mərkəzlərinin sosial reabilitasiya imkanlarının artırılması olacaq. Bu, reabilitasiya sferasında tibbi modellə yanaşı, sosial modelin tətbiqinin də genişlənməsinə yardım edəcək”. O, həmçinin sosial sifarişlər üzrə prioritetlərin müəyyənləşdirilməsi və müvafiq texniki tapşırıqların hazırlanması, çətin həyat şəraitində olan uşaqların və onların ailələrinin sosial xidmətlərə çıxışının texniki dəstəklənməsi, sosial sifarişlər əsasında icra olunan layihələrin icra mexanizminin təkmillləşdirilməsi və digər vacib sahələrdə Fəaliyyət Planı üzrə birgə işlərin aparılacağını qeyd etmişdir.
UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard ötən müddətdə Azərbaycanla əməkdaşlığını uşaq hüquqlarının müdafiəsində birgə və səmərəli səylər göstərilməsinin yaxşı bir nümunəsi kimi dəyərləndirmişdir. M. Herevard imzalanan Planın zəruri iş sahələrini kifayət qədər dəqiq və dolğun şəkildə əhatə etdiyini demiş, aparılacaq işlərin Azərbaycanda uşaqlara qayğı sisteminin daha da təkmilləşməsinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir.
Qeyd edək ki, Fəaliyyət Planında 2014-2015-ci illərdə görüləcək işlər sırasında respublikanın regionları üzrə sosial xidmətlərə ehtiyacları əks etdirən “Sosial xəritələşmə” layihəsi əsasında 2015-ci və sonrakı illər üçün prioritet istiqamətlərin müəyyən olunması da yer almışdır.
Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”. – 2014. - 10 iyun.
- S. 5.