Azərbaycanlı
pianoçunun adına beynəlxalq
müsabiqə keçirilmişdir
Fransada yaşayan həmyerlimiz
Adilə Əliyevanın adına pianoçuların 9-cu Beynəlxalq
müsabiqəsi keçirilmişdir. Hər
iki ildən bir
Fransanın Qayar şəhərində
keçirilən müsabiqə Fransa
hökuməti və müxtəlif sponsorların dəstəyi
ilə baş tutmuşdur.
Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda deyilir ki, müsabiqədə ABŞ, Avropa ölkələri, Braziliya, Yaponiya, Cənubi Koreya, Çin və digər ölkələrin musiqiçiləri təmsil olunmuşlar. Adilə Əliyevanın rəhbərliyi ilə tanınmış musiqiçilərdən ibarət münsiflər heyəti 255 səs yazısı arasından 36 nəfəri seçərək yarımfinal və finalda iştirak etmək üçün Qayara dəvət etmişdir. Adilə Əliyeva adına pianoçuların 9-cu Beynəlxalq müsabiqəsinin qalibləri bir çox tanınmış müsabiqələrin laureatlarıdır. Müsabiqənin laureat və diplomantları Fransa, Almaniya, Rusiya, İngiltərə, həmçinin Azərbaycanın istedadlı pianoçuları olmuşlar. Yekun konsertdə şəhərin meri, Fransa parlamentinin deputatları, Azərbaycan səfirliyinin və diasporunun nümayəndələri iştirak etmişlər. Müsabiqə Fransa, İsveçrə, Rusiya mətbuatında geniş işıqlandırılmışdır.
Qeyd edək ki,
Azərbaycanın əməkdar artisti,
istedadlı pianoçu Adilə Əliyeva
Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur.
Hazırda Fransada yaşayan
musiqiçi Bakı şəhərində
dünyaya gəlmişdir, sonradan
Moskvaya köçərək orada Çaykovski adına
Moskva Konservatoriyasını bitirmişdir.
Samirə
ƏLİYEVA,
“Xalq qəzeti”.
- 2014. - 10 iyun. - S. 5.