İqlim dəyişmələri böyük fəsadlar törədir
Qlobal iqlim dəyişmələri
indi dünya alimlərini
ciddi narahat edən əsas problemlərdəndir.
Ardı-arası kəsilməyən təbii fəlakətlər
bəşəriyyəti çox ciddi sınağa çəkir. İqlim dəyişmələri nəticəsində yaranan təbii fəlakətlərin
miqyası ildən-ilə artmaqdadır.
İqlim dəyişmələri Yer səthində enerji balansının pozulmasına səbəb olur. Mütəxəssislərin fikrinə görə, Günəşdən Yerə nə qədər enerji daxil olursa, bir o qədər enerji də Yerdən qayıtmalıdır. Əgər qayıtmırsa, deməli, balans pozulur, həmin enerjinin bir hissəsi Yerdə qalır. Hökumətlərarası qrupun 2007-ci ildə çap etdiyi IV hesabatda bunun miqdarı da göstərilib. Belə ki, Yer səthinin 1 kvadratmetrində 1,6 vatt artıq Günəş enerjisi qalır. Yerin səthi hamar olmadığından həmin enerji qeyri-bərabər paylanır və həm okeanların, həm də qurunun qızmasına səbəb olur. Okeanların qızması da ona gətirib çıxarır ki, oradakı cərəyanlar, axınlar və siklonların formalaşması başqa xarakter alır- gücü daha çox olur, əmələgəlmə yeri dəyişir. Əlbəttə, bütün bunlar səbəbsiz deyil. Alimlər bu səbəbləri aşkarlamaq üçün ciddi tədqiqatlar aparır, mümkün xilas yollarını axtarırlar.
Artıq qlobal iqlim dəyişikliyi Azərbaycanda da öz təsirini göstərir. Elə son günlərdə yağan güclü yağıntılar (yağış, dolu, palçıqlı yağış və s.), bəzi yerlərdə isə kəskin istilər bunun real nümunəsidir. Coğrafiya elmləri doktoru Surxay Səfərov yazır: “Müəyyən olunmuşdur ki, Yer kürəsinin orta qlobal temperaturunun güclü artımı XIX əsrin axırlarında başlamış və öz maksimal həddinə 1940-ci illərin əvvəllərində çatmışdır. 1970-ci illərin ortalarından başlayaraq daha güclü istiləşmə baş verdiyi müşahidə olunur”.
BMT-nin iqlim dəyişikliyi ilə mübarizəyə həsr etdiyi hesabatında da göstərilirdi ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlmişdir. Bu yüksəlişin yarısı son 25 ilə təsadüf edir. Ekspertlərin ehtimallarına görə, əgər Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. Göründüyü kimi, iqlim dəyişmələri bugünkü nəsil qarşısında duran ən ciddi problemdir. İqlim dəyişmələri insanın varlığı üçün real təhlükədir.
Bütün bunlar səyləri birləşdirmək, əsaslı proqnozlar verilməsi zərurətini yaradır. Artıq ötən əsrdən başlayaraq bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilməyə başlanılıb.
1990-cı ildə Nobel mükafatı laureatı olan qırx doqquz alim bəyan etdi ki, “qlobal istiləşmə XXI yüzilliyin ən ciddi ekoloji təhlükəsidir və biz gələcək nəsillərin bu təhlükə ilə üzləşməyəcəklərınə əmin olmaq üçün indidən ölçü götürməliyik”.
1997-ci ilin dekabrında Yaponiyanın Kioto şəhərində BMT-nin İqlimin Dəyişməsi Üzrə Üçüncü Konfransı keçirildi ki, burada dünyanın 171 ölkəsinin dövlət nümayəndələri iqlimin istiləşməsinə aparıb çıxaran karbon qazı atılmalarının azaldılması üzrə saziş (Kioto protokolu) imzaladılar və 2007-ci ildə o, bütünlükdə qüvvəyə mindi. Bu sazişə görə, dünyanın sənaye cəhətdən güclü inkişaf etmiş 38 ölkəsi atmosferə karbon qazı atılmalarını əhəmiyyətli dərəcədə azaltmaq qərarı qəbul etdilər.
2000-ci ilin noyabrında Hollandiyanın Haaqa şəhərində BMT və Dünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunmuş İqlim üzrə konfransda istixana effekti probleminə baxıldı. Burada A.Karnauxovun (Rusiya Elmlər Akademiyasının Hüceyrənin Biofizikası İnstitutu) etdiyi məruzədə göstərilmişdi ki, karbon qazının atmosferdə olan miqdarı artmaqda davam edərsə, temperaturun yüksəlməsi nəticəsində 100 ildən sonra qlobal fəlakət baş verəcəkdir. Ayrı-ayrı elmi məktəblər tərəfindən və müxtəlif zamanlarda edilmiş proqnozlar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Məsələn, akademik M.İ.Butıkov və bəzi amerikalı tədqiqatçılar 1980-ci illərdə belə güman edirdilər ki, XXI əsrin birinci rübünün axırına qədər Yer atmosferinin illik orta temperaturu 1,5 °C, Arktikada havanın maksimal yay və qış temperaturları isə 10-15 °C artacaqdır. Bu, iqlimin kəskin surətdə dəyişməsinə səbəb olacaq. Bu halda əbədi donuşluq zonasının cənub sərhədləri xeyli şimala tərəf çəkiləcək, Arktikadakı buzların çox hissəsi əriyəcək, Qrenlandiyanın buz örtüyü ildə 0,5-0,7 metr azalacaq, Antarktidadakı şelf buzlaqları dağılmağa başlayacaq. Mülayim qurşaqda qlobal istiləşmənin təsiri bundan az hiss olunacaq.
Kontinental buzlaqların tam əriməsi və suyun istidən genişlənməsi nəticəsində Dünya okeanının səviyyəsi indikinə nisbətən 70-80 santimetr yuxarı qalxacaq, hazırda milyonlarla insanın məskunlaşdığı sahilyanı yaşayış yerlərini su basacaq. Çayların deltaları və aşağı axarları ətrafında yerləşmiş münbit torpaqların su altında qalması nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı kəskin surətdə aşağı düşəcək və bütün dünyada ciddi ərzaq qıtlığı başlayacaq. Siklonların və antisiklonların illik hərəkət trayektoriyaları dəyişəcək və bu, iqlimin daha da dəyişməsinə, bir çox bitki və heyvan növlərinin nəslinin kəsilməsinə səbəb olacaqdır.
İqlim Dəyişmələri üzrə Beynəlxalq Komissiyanın hesablamalarına görə, əgər istilik effekti yaradan qazların havaya atılmasını azaltmaq üçün radikal tədbirlər görülməzsə, atmosferdə karbon qazının miqdarının iki dəfə artması nəticəsində XXI əsrin sonunda qlobal istiləşmə 2,5 °C və bəlkə də 5,8 °C olacaqdır. Bu rəqəm arxasında regional, hətta qlobal xarakterli real coğrafi dəyişikliklər durur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov müsahibələrinin birində deyib: “İqlim dəyişikliyi hər zaman olub. Məsələn, deyə bilərəm ki, əvvəl böyük buzlaşma dövrü, sonra istiləşmə dövrü olub. XVII- XVIII əsrlərdə isə kiçik buzlaşma dövrü olub. 125 min il bundan əvvəl Yerdə orta illik temperatur indikindən 4 dəfə çox olub. Amma o vaxt, təbii ki, Yer səthində də vəziyyət başqa idi. Yaşıl kütlə daha çox idi ki, bu da karbon və digər istilik yaradan qazları müəyyən normada saxlayırdı və enerji balansı pozulmurdu. İstilik var idi, amma Yerə düşən və Yerdən qalxan enerji bərabər idi. İndi istiləşmə dövrünü yaşayırıq. Günəşin aktiv fazasıdır. İstiləşmə dövrü son 20-30 ildir ki, davam edir, sürət artır. Nə qədər davam edəcəyini isə müxtəlif alimlər müxtəlif cür izah edirlər. Hətta bəziləri deyirlər ki, yaxında bizi buzlaşma dövrü gözləyir. Burada alimlərin çoxu tərəfindən qəbul olunan rəsmi sənədlərə əsaslanmaq lazımdır. Hələlik bu sahədə tam aydınlıq yoxdur. 10 il sonra necə olacağını demək çətindir. Elm hələ o dərəcədə inkişaf etməyib ki, bu suala tam çavab tapsın.” Alimlərin fikrinə görə, qlobal istiləşmə kənd təsərrüfatı ilə məşğul olan və buna görə də iqlim şəraitinə həssas bir sıra rayonlara xüsusilə güclü mənfi təsir edəcəkdir. Mərkəzi Asiyada, Avstraliyada, Cənubi Avropada, Mərkəzi və Cənubi Amerikada kənd təsərrüfatı məhsulları istehsalı kəskin surətdə aşağı düşəcəkdir. XXI əsrin sonunda artan istiləşmə nəticəsində kontinental və dağ buzlaqlarının əriməsi, okeanda suyun istidən genişlənməsi nəticəsində dəniz səviyyəsinin 1,5 metr artması baş verə bilər ki, bu da adaların və çay deltalarının çoxsaylı əhalisi üçün fəlakət yaradar. Meşə yanğınlarının, şirin sudan istifadənin pozulması hallarının, suyun və hava çirklənməsinin görünməmiş dərəcədə artması insan sağlamlığına təsir göstərərək kütləvi miqrasiyalara gətirib çıxarar. Xoşbəxtlikdən tədricən məlum olur ki, bir çox həyəcanlı proqnozlar özünü tam doğrultmur. Ümumilikdə, son vaxtlar alimlər 1960-1970-ci illərdə söylənmiş maksimalist fikirlərdən getdikcə əl çəkirlər. Belə hesab olunur ki, qlobal istiləşmə və okean səviyyəsinin artması təhlükəsi, həmçinin istixana effektinin həcmi xeyli dərəcədə şişirdilmişdir. Əksinə, fotosintezin intensivləşməsi hesabına kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artması ilə əlaqədar müsbət nəticələrin də olacağı gözlənilir.
Antarktidanın və Qrenlandiyanın materik buzlarının əriyəcəyi fərziyyəsinin də yanlış olduğu güman edilir, çünki Antarktidanın buz örtüyü 35 milyon il əvvəl əmələ gəlmiş və o vaxtdan Yer kürəsində indikindən də güclü istiləşmələr zamanı salamat qalmışdır. Belə güman edilir ki, qlobal istiləşmə Antarktidanın və Qrenlandiyanın buz örtüklərinin bir qədər kiçilməsinə gətirib çıxaracaqdır. Okean səviyyəsi isə 50 santimetrə qədər arta bilər ki, bu da bəşəriyyət üçün böyük təhlükə yaratmayacaqdır. Belə bir fikir də vardır ki, qlobal istiləşmənin səbəblərini əsasən insan tərəfindən atmosferə atılan istixana qazlarının miqdarının artması ilə əlaqələndirmək düzgün deyildir.
İngiltərənin
“EDDI” Mərkəzi dünyanın
iqlim dəyişməsi üzrə
xəritəsini hazırlayıb. Orada temperatur 2 dərəcə
artarsa, harada nələrin baş verəcəyi təsvir olunub. Xəritədə əsas
təhlükəli ərazilər
kimi Qərbi Avropa, Hind-Cin yarımadası, Cənubu
Afrika və Amerika, Şimali Amerikanın sahil zonaları və ada əraziləri və Avstraliya göstərilib. Qafqaz zonası, eləcə
də Azərbaycan ərazisində heç nə göstərilməyib.
Yəni bizdə o təsirlər ən minimal səviyyədə
olacaq. Əsasən ada dövlətləri
su altında qala bilər, sahil zonalarında tufanlar daha kəskin
xarakter almağa başlayıb və təhlükə qarşısındadır.
Bir də ki, seysmik
zonaları da təhlükə gözləyir.
Bu yazını Gülmalı
Süleymanovun
müsahibəsindən bu sözlərlə bitiririk: “Əvvəllər insanlar,
canlılar o qədər
də çox deyildi, ətraf mühitə təsiri bu qədər deyildi və ona görə də təbiət özü-özünü tənzimləyə
bilirdi. İndi isə, sadəcə
olaraq, təbiət özünü tənzimləyə,
özünü normaya
sala bilmir. Bunu yenidən bərpa etmək üçün insanlar təbiətə təzyiqi azaltmalıdırlar”.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti". - 2014. - 10 iyun. - S. 6.