Yeni istedadlar sorağında
Milli professional musiqi
ifaçılığı ənənələrini yaşadan nəsil yetişdirilməsi ölkəmizdə
dövlət qayğısı ilə əhatə olunmuşdur. Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin
zənginləşdirilməsi, sabaha
ötürülməsində yeniyetmə və gənc
istedadların himayə edilməsinə xüsusi
önəm verirdi. Ulu
öndərin yaratdığı bu ənənənin
davamı olaraq hər il
təşkil olunan müxtəlif müsabiqə və
yarışmalarda yeni-yeni istedadlar
aşkar edilib professional sənət yoluna
yönləndirilir.
Böyük rəhbərin anadan olmasının ildönümü ərəfəsində ölkəmizdə keçirilən uşaq və gənclər arasında xalq çalğı alətləri üzrə III Respublika müsabiqəsi musiqi təhsili alanlar arasında ən istedadlı ifaçıları aşkar etmişdir. Sənət yarışmasının qalibləri Milli Qurtuluş Günü ərəfəsində mükafatlandırılacaqlar.
Müsabiqənin münsiflər heyətinin sədri, xalq artisti, Dövlət mükafatı laureatı Ramiz Quliyev bildirdi:
– Ümummilli lider Heydər Əliyev milli mədəniyyərimizin qorunub inkişaf etdirilməsində istedadlı uşaqlara və gənclərə qayğı göstərilməsini önə çəkirdi. Onun vaxtilə himayə edib irəli çıxardığı nəsil bu gün Azərbaycan mədəniyyətinin ağırlığını öz çiyinlərində ləyaqətlə daşıyırlar. Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva ulu öndərin böyük sənət hamiliyini davam etdirərək, istedadlı uşaq və gənclərə hərtərəfli qayğı göstərirlər. Bu sahədə həyata keçirilən fəal və ardıcıl dövlət siyasətinə uyğun olaraq Mədəniyyət Nazirliyinin son illərdə təşkil etdiyi 3 müsabiqə xalq çalğı alətləri ifaçıları arasında ən istedadlı uşaq və gəncləri aşkar etməyə imkan vermişdir.
Müasir dövrdə xalqımızın peşəkar ifaçıları Azərbaycan musiqi mədəniyyətini, eləcə də xalq musiqi nümunələrini, təkrarolunmaz bəstəkarlarımızın əsərlərini ölkəmizdə və dünya miqyasında böyük məharətlə təbliğ edirlər. Klassik Azərbaycan muğamları dünyanın bir çox ölkələrində rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir. Respublikamızda xalq musiqisi ifaçılarının inkişafı və dünya musiqi mədəniyyətinin ayrılmaz bir parçası olması üçün yaradılan bu gözəl şəraitə görə biz, ölkə Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarıq.
2008-ci ildə uşaq və gənclər arasında xalq çalğı alətləri üzrə I Respublika müsabiqəsi keçirildi. Həmin müsabiqə yüksək təşkilatçılıq, professionalizm və iştirakçıların uğurlu çıxışları ilə fərqləndi. Nəticədə, çox istedadlı ifaçılar aşkarlandı ki, onların əksəriyyəti - tar ifaçıları olan yeniyetmələr idi. Təəssüflə onu qeyd etmək lazımdır ki, həmin müsabiqədə kamança aləti üzrə ifaçıların sayı azlıq təşkil edirdi, qanun, balaban, saz və qarmon üzrə isə iştirakçılar yox dərəcəsində idi.
2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının II Respublika müsabiqəsi keçirildi. Bu zaman görülən işlərin nəticəsi, müsabiqədə iştirak edən ifaçıların səviyyəsi və alətlər üzrə nisbətin dəyişilməsində aydın ifadə olunurdu. Lakin bununla belə kəmiyyət baxımından kamança ifaçıları azlıq təşkil edirdi, balaban, qanun, saz və qarmon üzrə iştirakçıların sayı isə az da olsa var idi. Həmişə olduğu kimi, bu müsabiqədə də tar ifaçıları çoxluq təşkil edirdi.
Müsabiqənin münsiflər heyətinin üzvü, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev budəfəki müsabiqə barədə təəssüratını belə ifadə etdi:
– III Respublika müsabiqəsi cari ilin aprel-may aylarında keçirildi və Naxçıvan MR daxil olmaqla, Azərbaycanın bütün rayonlarının musiqi təhsil ocaqlarını əhatə etdi. Həmin müsabiqənin münsiflər heyəti tanınmış və görkəmli ifaçılarla yanaşı, tədris prosesində yaxından iştirak edən mütəxəssislərdən formalaşmışdı. Münsiflər heyətinin sədri xalq artisti, Dövlət mükafatı laureatı, beynəlxalq müsabiqələrin laureatı, “Şöhrət” ordenli tarzən, professor Ramiz Quliyev, üzvləri isə Milli Konservatoriyanın dosenti Mübariz Əliyev, və baş müəllimi Məlahət Əliyeva və əməkdar artistlər Elşad Cabbarov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Vamiq Məmmədəliyev idilər. Sənətşünas kimi mən də bu heyətə daxil idim.
Azərbaycan xalqının mənəvi və mədəni həyatının inkişaf səviyyəsini özündə əks etdirən milli musiqi ifaçılığı sənəti həmişə möhkəm ənənəvi köklərə malik olmuş, özünəməxsus tarixi inkişaf yolu keçmişdir. Bu inkişafın aparıcı qüvvəsi - qədim tarixə malik olan azərbaycan xalqı olmuşdur ki, zəngin incəsənəti, yüksək musiqi mədəniyyəti ilə dünya xalqları arasında seçilir. Xalq musiqi ifaçılığı sənəti əsrlər boyu təkmilləşmiş, hər inkişaf mərhələsində görkəmli xanəndələr, musiqiçilərin fəaliyyəti nəticəsində zənginləşmişdir.
Hazırkı dövrdə azərbaycan ifaçılıq ənənələrini yaşadan məktəbimizin sabahı kimlərə həvalə olunacaqdır? Müsabiqə bu sualın cavabında istedadların yeni dəstəsini aşkara çıxartdı.
Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılığı üzrə keçirilən III Respublika müsabiqəsi yüksək işgüzarlıq şəraitində həyata keçirildi və bir sıra müsbət keyfiyyətləri ilə əvvəlkilərdən fərqləndi. Onu qeyd etmək lazımdır ki, Azərbaycanın bütün bölgələrində bu müsabiqəyə olduqca ciddi surətdə yanaşılmış və yüksək səviyyədə təşkil olunmuşdu. Belə ki, şəhər və rayon icra hakimiyyətlərinin başçılarının nəzarəti altında həyata keçirilən bu forum özünün təşkil olunma səviyyəsinə və tərkib formasına görə fərqlənirdi. Yəni ifaçıların çıxışları ilə yanaşı, tar, kamança, saz, ixtisasları üzrə çox yüksək və işgüzar səviyyədə ustad dərsləri keçirilmiş, açıq dərslər verilmiş, hər bir bölgə üzrə müəllim, şagird və valideynlərlə görüşlər keçirilmişdir.
Müsabiqənin ikinci turunda bu görüşlərin və dərslərin nəticəsi hiss olunurdu - 600 iştirakçıdan 150 nəfəri fərqləndirilmişdir. Bu müsabiqəni fərqləndirən əlamətlərdən biri də Münsiflər heyətinin iş prosesində, müzakirələr zamanı yekdil olması idi, bu xüsusiyyət özünü qarşılıqlı anlaşma, obyektiv qiymətləndirmə, iştirakçıya layiq olduğu mükafatın ayrılması zamanı aydın şəkildə büruzə verirdi.
Müsabiqənin nəticələri bir daha onu göstərdi ki, Azərbaycan musiqisi, ifaçılıq sənəti çox etibarlı əllərdədir, formalaşan gənc nəslin tədrisi və hazırlığı düzgün istiqamətdə həyata keçirilir. Bu münasibətlə, Münsiflər heyəti olaraq, çox istedadlı uşaq və gənclərin yetişməsində fədakarcasına çalışan ixtisas-not, ixtisas-muğam müəllimlərini, konsertmeysterləri səmimi qəlbdən təbrik edir, minnətdarlığımızı bildiririk.
Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”. - 2014. - 10 iyun.
- S. 8.