Azərbaycan regional enerji layihələrinin
fəal investoruna çevrilir
Təməli
xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən
qoyulmuş sosial-iqtisadi siyasətin uğurla həyata
keçirilməsi nəticəsində ölkəmizdə
makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi
inkişaf təmin olunmuş, əlverişli biznes və
investisiya mühiti yaradılmışdır.
Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan
Respublikası sosial-iqtisadi inkişaf tempinə görə
dünyada öncül yerlərdədir. Ötən
dövrdə ölkə həyatının bütün sahələrində
misilsiz yüksəliş baş vermişdir. Bu nailiyyətlərin
təməli isə, heç şübhəsiz, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”
nin imzalanması ilə qoyulmuşdur. Belə ki, düz iyirmi
il əvvəl ulu öndər Heydər Əliyev daxili və
xarici təzyiqlərə baxmayaraq, dünyanın 11 transmilli
neft şirkəti ilə “Xəzər dənizinin Azərbaycan
sektorunda yerləşən “Azəri”, “Çıraq”
yataqlarının və “Günəşli”
yatağının dərinsulu hissəsinin birgə işlənilməsi
və hasilatın pay bölgüsü haqqında” sazişin
imzalanmasına nail olmuşdur. Beləliklə,
dünya bazarına yeni mənbədən yüksək keyfiyyətli
əlavə neftin çıxarılması ilə Xəzər
dənizində beynəlxalq əməkdaşlığın
bünövrəsi qoyulmuşdur. Yeni neft
strategiyası çərçivəsində görülən
işlər, qazanılan nailiyyətlər ölkə
iqtisadiyyatının etibarlı təməlini daha da möhkəmləndirmiş,
Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafının
lokomotivinə çevrilmişdir.
Ötən müddətdə xarici tərəfdaşlarla
enerji sahəsində əməkdaşlıq əlaqələri
xeyli genişlənmiş, ölkəmizin neft-qaz sənayesinə
50 milyard dollardan artıq sərmayə
yatırılmışdır. Azərbaycan
uzunmüddətli perspektiv üçün öz enerji təhlükəsizliyini
tam təmin etmiş, region ölkələri olan
Gürcüstan və Türkiyənin enerji təhlükəsizliyində
etibarlı təchizatçı kimi mühüm rol
almışdır. Yaxın illərdə
isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin
təminatında etibarlı tərəfdaş kimi mövqeyi
bir qədər də artacaqdır. Ölkəmizin
əsas qaz tədarükçüsü kimi regionda əhəmiyyətinin
artması isə Xəzər dənizinin Azərbaycan sektorunda
yerləşən “Şahdəniz” qaz-kondensat
yatağının istismara verilməsi ilə
bağlıdır. Təsadüfi deyil ki, Bakıda
keçirilmiş XXI beynəlxalq “Xəzər neft-qaz sərgi
və konfransın açılış mərasimində
çıxış edən Azərbaycan Prezidenti İlham
Əliyev demişdir: “1996-cı ildə – “Əsrin
kontraktı”nın imzalanmasından cəmi iki il sonra “Şahdəniz”
qaz yatağının işlənilməsi ilə
bağlı imzalanmış müqavilə bu gün, əlbəttə
ki, xüsusi məna daşıyır. O illərdə də
biz bilirik ki, Azərbaycanın zəngin qaz yataqları var idi və
məhz “Şahdəniz” qaz yatağının işlənilməsi
bunu təsdiq etdi. “Şahdəniz” qaz
yatağı dünyanın ən böyük yataqlarından
biridir və bizim qaz potensialımızın ən azı 50
faizini təşkil edir”.
“Şahdəniz” yatağının
kəşfiyyatı, işlənməsi və hasilatın pay
bölgüsünə dair saziş 1996-cı ilin iyun
ayında Bakıda 3-cü beynəlxalq “Xəzər neft-qaz sərgi
və konfransı”nın keçirildiyi
günlərdə imzalanmışdır. Xatırladaq ki,
dünyanın dəniz akvatoriyaları üzrə ən iri
qaz-kondensat yataqlarından sayılan “Şahdəniz”
yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240
milyon tondan artıq kondensat həcmindədir. İstismarda
olan “Şahdəniz-1” mərhələsinin hasilat gücü
ildə 9 milyard kubmetr təbii qaz təşkil edir.
Məlum olduğu kimi, 2006-cı ilin sonlarında
“Şahdəniz” yatağının birinci mərhələsinin
istismara verilməsi ilə Azərbaycan dünyanın potensial
qaz ixrac edən ölkəsinə çevrildi. Heç
şübhəsiz, Azərbaycanın təbii qaz ölkəsi
kimi dünyanın diqqət mərkəzinə gəlməsi
müstəqilliyimizin ən mühüm nailiyyətlərindən
biridir. Avropa İttifaqı ölkələrinin
enerji təminatında “Şahdəniz” layihəsinin ikinci mərhələsi
xüsusi aktuallıq kəsb edir. Yatağın
işlənilməsinin ikinci mərhələsi çərçivəsində
isə ildə 16 milyard kubmetr təbii qazın hasilatı nəzərdə
tutulur. Bununla da, “Şahdəniz”
yatağından illik qaz hasilatının həcmi 25 milyard
kubmetrə çatdırılacaq. Yeri gəlmişkən,
“Şahdəniz-2” layihəsi ölkəmizin uzunmüddətli
dayanıqlı inkişafımızı təmin edəcəkdir.
Belə ki, bu layihənin
reallaşdırılmasına milyardlarla dollar investisiya
qoyulacaqdır. Digər tərəfdən, layihə
çərçivəsində nəzərdə tutulmuş
işlərin həyata keçirilməsində Azərbaycanın
çoxsaylı şirkətləri podratçı kimi
iştirak edəcəklər ki, bu da öz növbəsində
on minlərlə yeni iş yerinin açılmasına gətirib
çıxaracaqdır.
Artıq dünyanın potensial qaz
ixracatçısına çevrilmiş Azərbaycan
Respublikası regionun və Avropanın enerji xəritəsini zənginləşdirir,
XXI əsrin əsas qaz təchizatçısı kimi diqqəti
özünə daha çox cəlb edir. Belə ki, müstəqilliyinin
ötən illərində həyata keçirdiyi uğurlu
neft strategiyası, bir sıra qlobal enerji layihələrinin təşəbbüskarı
və fəal iştirakçısı kimi beynəlxalq aləmdə
böyük nüfuz
qazanmış Azərbaycan
artıq özünü zəngin qaz ölkəsi kimi də
təqdim edə bilmişdir. Təsadüfi deyil
ki, son illər “mavi yanacağa” getdikcə artmaqda olan tələbatının
ödənilməsinə çalışan Avropa və bir
sıra dünya ölkələri əsas qaz təchizatçısı
kimi məhz Azərbaycana ümid bəsləyirlər. Bu isə ölkəmizə qaz ehtiyatlarını
dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş
ixrac marşrutlarının yaradılmasına yol
açır.
Son illər beynəlxalq əməkdaşlıq məkanına
çevrilmiş Xəzər hövzəsi malik olduğu zəngin
karbohidrogen ehtiyatları hesabına bir sıra qlobal enerji layihələrinin
reallaşdırıldığı mərkəz kimi diqqət
çəkir.
Bu baxımdan Xəzər dənizinin Azərbaycan
sektorunda yerləşən “Şahdəniz” yatağı
xüsusi əhəmiyyət kəsb edir. Artıq yeddi
ildən artıqdır ki, “Şahdəniz” yatağının birinci
işlənmə mərhələsi çərçivəsində
hasil edilən qaz Gürcüstan və Türkiyəyə, oradan isə Yunanıstana ixrac
olunur. Sözügedən yatağın qaz
ehtiyatları ilə zəngin olması səbəbindən isə
layihənin ikinci, tammiqyaslı işlənmə mərhələsinə
zərurət yaranmışdır. Məlum olduğu
kimi, ötən il dekabr ayının 17-də Bakıda layihə
üzrə yekun investisiya qərarının imzalanması ilə
“Şahdəniz” yatağının tammiqyaslı işlənməsi
həlledici mərhələyə qədəm qoydu. Layihə
üzrə yekun investisiya qərarının imzalanması mərasimində
çıxış edən Prezident İlham Əliyev
demişdir: “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən
iri enerji layihələrindəndir. Layihəyə 45 milyard
dollar məbləğində sərmayə cəlb ediləcək,
marşrut boyu yerləşən ölkələrdə 30 mindən
çox yeni iş yeri yaradılacaqdır. Təbii
ki, bu layihə əlavə səylər tələb edəcəkdir.
Biz birgə səylərlə həyata
keçirəcəyimiz nəhəng layihənin yalnız
başlanğıcındayıq”. Eyni
zamanda, dövlətimizin başçısı “Şahdəniz”
layihəsinin Avropanın enerji xəritəsini dəyişəcəyinə
əmin olduğunu bəyan etmişdir.
Hazırda Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti xarici tərəfdaşları ilə birlikdə
yaxın və orta perspektivdə neftlə yanaşı, qaz
hasilatının sabit saxlanılması və
artırılması məqsədilə digər yataq və
sahələrdə də məqsədyönlü işlər
aparır. Bu isə onu deməyə əsas verir ki, mövcud
layihələr üzrə həyata keçirilən tədbirlər,
eləcə də perspektiv strukturların potensialı nəticəsində
ölkəmiz özünün zəngin karbohidrogen
ehtiyatları ilə hələ uzun illər enerji sahəsində
etibarlı tərəfdaş kimi əhəmiyyətini qoruyub
saxlayacaqdır. Təkcə onu qeyd etmək kifayətdir ki,
2015-ci ildə ölkə üzrə qaz hasilatının
laylara vurulan qaz istisna olunmaqla 20 milyard kubmetrə, 2025-ci ilədək
isə 40 milyard kubmetrə çatdırmaq üçün
böyük imkanlar vardır.
“Şahdəniz” yatağı ilə yanaşı, Azərbaycanın
digər böyük qaz yataqları da vardır. Son illərdə
aparılan uğurlu kəşfiyyat işləri nəticəsində
“Ümid” və “Abşeron” qaz yataqlarının
aşkarlanması bunu deməyə əsas verir.
Hazırda “Şahdəniz”, “Ümid”, “Abşeron” və digər
yataqlarda olan qaz ehtiyatlarımız 2,5
trilyon kubmetrə bərabərdir. Bu da həm Azərbaycanın,
həm də Avropanın uzun müddət enerji təhlükəsizliyinin
təmin edilməsi üçün mühüm rol oynayacaq.
Ötən illərdə Azərbaycan özünün enerji resurslarını dünya bazarlarına çıxarmaq kimi mühüm və vacib vəzifənin öhdəsindən də uğurla gəlməyi bacarmışdır. Özü də ixrac marşrutlarının seçilməsində ölkəmizin siyasi iradə nümayiş etdirməsi diqqəti xüsusilə cəlb edir. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu sahədə müstəqil siyasət yürüdərək özünün karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün şaxələndirilmiş neft-qaz kəmərləri sistemini yaratmağa müvəffəq olmuşdur. Bu mühüm məsələyə toxunan Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Bizim neft, qaz kəmərlərimizin çoxşaxəli vəziyyətdə fəaliyyət göstərməsi bu sahədə şaxələndirməni tam şəkildə təmin edir. Çünki bizim 7 neft-qaz kəmərimiz var ki, bu da enerji resurslarımızı bütün istiqamətlər üzrə nəql edir”.
Məlum olduğu kimi, 1998-ci ilin əvvəllərində Bakı-Novorossiysk kəməri ilə Şimal istiqamətinə neft ixrac etməyə başlayan Azərbaycan təxminən bir il sonra daha bir ixrac marşrutuna sahib çıxdı. Bakı-Supsa kəmərinin istismara verilməsi ilə Azərbaycan nefti Qərb istiqamətinə axdı. Nəhayət, 2006-cı ilin yayında ümummilli liderimiz Heydər Əliyevin ideya müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri işə salındı. Bununla da, Azərbaycan xam neftini dünya bazarlarına çıxarmaq üçün çoxvariantlı ixrac marşrutuna sahib çıxdı. 2007-ci ildə isə “Şahdəniz” yatağından hasil edilən qazı Gürcüstan və Türkiyə bazarlarına çıxarmaq məqsədilə Bakı-Tbilisi-Ərzurum kəməri istifadəyə verildi. Beləliklə, artıq 7 ildir ki, Azərbaycan öz qazını regional bazarlara çıxarır.
Buna baxmayaraq, ölkəmizin zəngin qaz
ehtiyatları yeni bazarlara çıxış
imkanlarını xeyli artırır. Digər tərəfdən,
dünya bazarlarında Azərbaycan qazına tələbatın
getdikcə artması ilə əlaqədar olaraq ölkəmizin
bilavasitə iştirakı və dəstəyi nəticəsində
daha geniş imkanlara malik ixrac infrastrukturunun yaradılmasına
başlanmışdır. Hazırda bu məqsədlə
xüsusi aktuallıq kəsb edən “Cənub” qaz dəhlizinin
reallaşması “Şahdəniz” yatağının ikinci mərhələsinin
işlənilməsindən çox asılıdır. Bunun
üçün isə tələb olunan bütün
hüquqi və maliyyə bazası yaradılmışdır.
Məlum olduğu kimi, ötən ilin sonlarında “Şahdəniz”
yatağının ikinci mərhələsinin işlənməsi
layihəsinə start verilmişdir. Buna qədər isə “Cənub”
qaz dəhlizinin əsas qolları olan Trans-Anadolu (TANAP) və
Trans-Adriatik (TAP) boru kəmərlərinin çəkilişi
ilə bağlı sazişlərə imza
atılmışdır. Regionda
reallaşdırılan bütün əsas enerji layihələrinin
təşəbbüskarı və fəal
iştirakçısı olan Azərbaycan Respublikası bu dəfə
də böyük siyasi iradə nümayiş etdirərək
“Cənub” qaz dəhlizi ideyasının gerçəkləşdirilməsi
üçün mümkün olan hər şeyi etdi. Təsadüfi
deyil ki, dövlətimizin başçısı İlham
Əliyev bu barədə demişdir: “Uzun illər ərzində
Azərbaycan qazını Avropaya nəql etmək
üçün danışıqlar gedirdi, söhbətlər
aparılırdı, müxtəlif konfranslar, simpoziumlar təşkil
edilirdi. Ancaq əfsuslar olsun ki, onların real nəticələri
olmamışdır və sadəcə olaraq ildən-ilə
müşahidə edilən müzakirələr, bəyanatlar,
amma ortada bir şey yox idi. Biz isə istəyirdik ki, bu layihə
reallaşsın. Çünki bizim həyata keçirdiyimiz
bütün layihələr vaxtında, hətta vaxtından əvvəl
reallaşır. Ona görə biz heç vaxt imkan verə
bilməzdik ki, “Cənub” qaz layihəsi gözəl bir layihə,
ideya kimi qalsın. Ona görə, həlledici anlarda biz
bütün məsuliyyəti öz üzərimizə
götürmüşdük və yeni layihənin icrası ilə
bağlı təkliflərimizi vermişdik. Bu layihənin adını da
biz vermişik - TANAP, Trans- Anadolu qaz kəməri. Bu layihənin
reallaşması üçün biz çox böyük səylər
göstərmişik və nəticə etibarilə 2012-ci ildə
Azərbaycan və Türkiyə arasında müqavilə
bağlandı. Bu gün TANAP layihəsi
artıq reallıqdır. TANAP layihəsinin həyata
keçirilməsi üçün artıq praktiki işlər
başlamışdır və bu layihəyə diqqət
artmaqdadır... Ancaq biz
çalışırıq ki, beynəlxalq əməkdaşlığı
maksimum dərəcədə genişləndirək və
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi
üçün öz dəstəyimizi verək. Bu məqsədlə
keçən il Trans-Adriatik qaz kəmərinin
reallaşması üçün bütün məsələlər
öz həllini tapdı və beləliklə, Bakıdan
Avropaya, İtaliyaya qədər yeni böyük qaz kəməri
tikiləcəkdir”.
“Şahdəniz” yatağının ikinci işləmə
mərhələsi çərçivəsində hasil
olunacaq təbii qazın ixracını təmin etmək məqsədilə
hazırda istismarda olan Cənubi Qafqaz boru kəmərinin
genişləndirilməsi də qarşıda duran
mühüm vəzifələrdəndir. Artıq
Şahdəniz konsorsiumu podraçı şirkətlərlə
kəmərin genişləndirilməsi üçün tələb
olunan tikinti müqavilələrini imzalamışdır.
Məlum
oluğu kimi, hazırda reallaşmaqda olan “Şahdəniz-2”,
TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında mühüm rol oynayacaqdır. İlkin hesablamalara görə, sözügedən
layihələrin həyata keçirilməsinə 45 milyard
dollar vəsait nəzərdə tutulmuşdur. Bir məsələni də qeyd edək ki, artıq
Azərbaycan təkcə regionda reallaşdırılan enerji
layihələrinin təşəbbüskarı olmaqla kifayətlənmir.
İndi ölkəmiz həm də bu layihələrin
əsas investorlarından biri kimi çıxış edir.
Elə TANAP layihəsində səhmlərin
böyük hissəsinin Azərbaycana məxsus olması da
bunu təsdiq edir. Bununla yanaşı,
ölkəmiz TAP və “Şahdəniz-2” layihələrinə
də maliyyə vəsaiti sərf edir. Bu
da Azərbaycanın getdikcə artmaqda olan iqtisadi
gücünün məntiqi nəticəsidir.
Mirbağır
YAQUBZADƏ,
“Xalq qəzeti”. - 2014 . - 11 iyun. - S. 1.