Azərbaycan Prezidenti əhalinin sosial müdafiəsinin gücləndirilməsinə
böyük qayğı göstərir
Bu, ölkə başçısının
imzaladığı fərman və sərəncamlarda da özünü
büruzə verir
Qarabağ müharibəsi
veteranlarının və əlillərin problemləri həll
edilir... Bu kateqoriyadan olan 80 min insanın sosial təminatı
yaxşılaşdırılmışdır. Bilirsiniz ki, evlər tikilib, mənzillər
paylanır, əlillər üçün
minik maşınları nəzərdə
tutulubdur. Ümid edirəm
ki, bu il
növbədə dayanan müharibə əlilləri
və şəhid ailələri minik
maşınları ilə tam şəkildə
təmin ediləcəklər. Növbəti üç-dörd il ərzində
növbədə dayanan şəhid ailələrinin
və müharibə əlillərinin hamısı yeni mənzillərlə və fərdi evlərlə
təmin ediləcəkdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən məqsədyönlü və köklü islahatların aparılması nəticəsində əldə edilən nailiyyətlər sosial məsələlərin həllində də özünü göstərir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən bu siyasət artıq sınaqlardan çıxmış və düzgünlüyü sübut olunmuş bir inkişaf metodu olaraq, əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanmışdır.
Dövlət başçısı Azərbaycanda iqtisadi və sosial islahatların düzgün istiqamətdə aparıldığını, eyni zamanda, iqtisadi islahatların çox ciddi sosial proqramların reallaşdırılmasına yönəldildiyini dəfələrlə bəyan etmişdir. O, həmçinin bildirmişdir ki, sosial proqramların icrası davamlı proses kimi dövlət büdcəsində nəzərdə tutulub və insanların sosial təminatına kömək məqsədinə, xüsusilə, aztəminatlı ailələr üçün sosial dəstək rolunun icrasına yönəlmişdir. Dövlət başçısı tərəfindən əlilliyi olan şəxslərin və sosial cəhətdən həssas olan digər əhali kateqoriyalarının sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə ötən ilin dekabr ayı da daxil olmaqla son 6 ayda ümumilikdə 9 fərman və sərəncam imzalanmışdır. Bu sənədlər şamil olunduqları əhali qruplarına dair dövlət təminatı mexanizminin daha səmərəli və çevik xarakter almasına, onlara dövlət qayğısının əhəmiyyətli şəkildə artırılmasına səbəb olmuşdur. Qeyd edilən fərman və sərəncamlar əhalinin həssas qrupunun istər mənzil-məişət şəraitinin, maddi problemlərinin, onların övladlarının təhsil hüquqlarının həllinin, istərsə də onlara hökumət tərəfindən vəd edilən bir sıra məsələlərin təminatının mühüm qarantıdır. “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi olan əlillərin avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 2012-ci il 2 iyul tarixli sərəncamda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2013-cü il tarixli sərəncamı 2014-cü ilədək tibbi göstəriş əsasında növbədə dayanmış Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin xüsusi avtonəqliyyatla tam təminatını nəzərdə tutur. Sərəncama əsasən, bu məqsədin həyata keçirilməsi üçün Azərbaycan Prezidentinin Ehtiyat Fondundan əlavə olaraq 5 milyon manat ayrılmış və cari ilin aprel-may aylarında sərəncamın icrası uğurla başa çatdırılmışdır.
“1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 30 aprel 2014-cü il tarixli Prezident sərəncamı isə növbədə olan digər kateqoriyadan olan əlillərin də avtomobillə tam təmin olunmasına imkan yaratmışdır. Həmçinin, 2014-cü ilin 1 yanvar tarixinə növbədə olan bu qəbildən olan şəxslərin yaxın aylarda avtonəqliyyatla tam təminatı başa çatdırılacaqdır.
“1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi barədə" 23 dekabr 2013-cü il tarixli sərəncam qeyd olunan şəxslərə diqqət və qayğının daim artdığını göstərir. Həmin sərəncama əsasən, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə də 2014-cü ilin əvvəlindən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsinə başlanmışdır.
Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü mütəmadi olaraq artırılır. Qeyd etmək lazımdır ki, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında" dövlət başçısının 2008-ci il 9 sentyabr tarixli fərmanında dəyişiklik edilməsi barədə" 17 mart 2014-cü il tarixli fərmanı həmin təqaüdlərin məbləğində növbəti dəfə və əhəmiyyətli şəkildə artımlar edilməsinə səbəb olmuşdur. Belə ki, həmin fərmanın şamil olunduğu şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli daha bir fərmanı isə əksəriyyəti əmək pensiyası almaq hüququ olmayan Qarabağ müharibəsi veteranları olan şəxslərin aylıq sosial müavinətinin məbləğinin cari ilin aprelindən 21,6 faiz artırılmasını təmin etmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 18 mart 2014-cü il tarixli sərəncamı ölkədə yeni təminat növünün formalaşmasını şərtləndirir. Sərəncama əsasən, bu təbəqədən olan və respublikanın ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqların təhsil müddəti ərzində təhsil haqqı 2014-2015-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəkdir. Bu münasibət dövlət başçısının ölkə vətəndaşına diqqət və qayğısının bariz göstəricisidir.
Eyni zamanda, Azərbaycan Prezidentinin 30 aprel 2014-cü il tarixli “1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” sərəncamı ilə BVM iştirakçılarına, “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Prezident təqaüdünün aylıq məbləği də 2014-cü il may ayının 1-dən 81,8 faiz artırılaraq 100 manata qaldırılmışdır. Göründüyü kimi, son 6 ayda imzalanan fərman və sərəncamlar ümumən əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində ciddi irəliləyişləri təmin etməklə sosial cəhətdən həssas əhali qruplarına Prezident qayğısının daim artmaqda olduğunu bir daha sübut edir.
Ölkə rəhbəri tərəfindən 27 dekabr 2013-cü il tarixdə imzalanan “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” fərman isə respublikada demoqrafik inkişafın stimullaşdırılması və çoxuşaqlı ailələrin dəstəklənməsi yönündə daha bir addımdır. Fərmana uyğun olaraq, beşdən çox uşağı olan qadınların ümumilikdə 5300 nəfərdən çox uşağın hər birinə görə ayda 30 manat müavinət ödənilir.
Ölkəmizdə Çernobıl əlillərinin də sosial müdafiəsi gücləndirilir. Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın 28-ci ildönümü ilə əlaqədar ölkə Prezidentinin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlil olmuş şəxslərin hər birinə 2014-cü ilin aprel ayında 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilmişdir.
Xatırladaq ki, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək əlil olmuş Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi işlərinə ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmışdır. Ulu öndərin təşəbbüsü ilə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” 6 dekabr 1993-cü il tarixli, 762 nömrəli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun ilə Çernobıl əlillərinin statusu müəyyənləşdirilərək, onlara bir sıra güzəşt və imtiyazlar verilmişdir. Çernobıl əlilləri əlillik səbəbindən asılı olaraq “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar” və “Çernobıl AES-də qəzanın ləğvi zamanı əlil olanlar” kimi iki qrupa ayrılırlar.
Bu siyasətin davamı kimi əlilliyi olan şəxslərə Azərbaycan Prezidenti cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı Çernobıl əlillərini də əhatə edir. Belə ki, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar müharibə əlilləri üçün müəyyən edilən hüquq və imtiyazlardan istifadə edirlər. Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli fərmanına əsasən, hazırda belə şəxslərə təyin olunan Prezident təqaüdünün məbləği 2014-cü il aprel ayının 1-dən etibarən I qrup əlillər üçün 110 manatdan 150 manata, II qrup əlillər üçün 85 manatdan 130 manata, III qrup əlillər üçün isə 60 manatdan 100 manata çatdırılmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli fərmanına əsasən, əlillik Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara 60 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Çernobıl əlillərinə müalicə üçün, ildə bir dəfə olmaqla, birdəfəlik müavinət, onların 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə isə ayda sosial müavinət ödənilir.
“Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli fərmanı qeyd olunan şəxslərin maddi təminatının yaxşılaşdırılmasında mühüm addım olmuşdur. Fərmana əsasən, həmin şəxslərə 67 manat aylıq sosial müavinətdən əlavə, 1 aprel 2014-cü il tarixdən 60 manat məbləğində Prezident təqaüdünün təyin olunmasına da başlanmışdır. Bununla həmin şəxslərə dövlət tərəfindən ödənilən məbləğ 127 manata çatdırılmaqla yaşayış minimumunu üstələmişdir.
Çernobıl əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması da xüsusi diqqətdə saxlanılır və indiyədək Çernobıl əlillərindən 190 nəfəri müharibə əlilləri və şəhid ailələri üçün inşa olunmuş binalardan mənzillər almışlar. Eyni zamanda, müharibə əlilləri ilə bərabər 64 nəfər Çernobıl əlilinə dövlət hesabına minik avtomobili verilmişdir. Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, digər əlillərlə yanaşı, Çernobıl əlilləri də hər il sanator-kurort göndərişləri ilə təmin olunurlar. Həmin əlillərin tibbi-sosial reabilitasiyası, bərpa-müalicə xidməti ilə təmin edilməsi sahəsində də davamlı olaraq məqsədyönlü işlər görülür.
Dövlət başçısının göstərişi ilə Qarabağ müharibəsi veteranlarının, əlillərin problemləri sosial proqramlar əsasında həll olunur. Bu proqramlarda onların mənzil-məişət məsələləri də ön plandadır. Yeni mənzillər inşa edilmiş və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların istifadəsinə verilmişdir. İndiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunmuşdur. Bir neçə rayonda belə binalar əlil insanlarımızın ixtiyarına verilmişdir. Bu il Bərdə, Goranboy, Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evləri növbəlilik əsasında əlil və şəhid ailələrinin istifadəsinə veriləcəkdir. Respublika hökumətinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm Prezidentimiz bəyan etmişdir ki, müharibə veteranları, müharibə əlilləri, şəhid ailələri üçün daha da yaxşı şərait yaradılacaqdır. Bu sahədə ölkə rəhbəri tərəfindən müəyyən edilən vəzifələr yüksək səviyyədə yerinə yetirilir.
Buna görə də Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlət hesabına mənzillə, minik avtomobillərilə təmin olunmalarını, təqaüdlərinin artırılmasını, həyatlarının ən əlamətdar hadisələrindən biri kimi dəyərləndirərək, onlara belə böyük sevinc bəxş etdiyinə və daim hərtərəfli diqqət və qayğı göstərdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıq edirlər.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”. – 201. – 11 iyun.
– S. 4.