Azərbaycan Tibb Universiteti İstanbul
Bilim Universiteti ilə memorandum imzalamışdır
Azərbaycan Tibb Universitetinin
yeni istifadəyə verilmiş Cərrahiyyə Klinikasında
Endoskopik və Robotik Cərrahiyyəyə həsr olunmuş
konfrans keçirilmişdir. Tədbirdə
ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov, Türkiyənin
tanınmış cərrahları, beynəlxalq mütəxəssislər
iştirak etmişlər.
Universitetin rektoru, millət vəkili Ə. Əmiraslanov
konfransın açılışında
çıxış edərək müasir tibb elmində
endoskopik və robotik cərrahiyyənin xüsusi önəm
daşıdığını bildirmişdir. Akademik
hazırda Azərbaycanda müasir cərrahiyyənin yüksək
texnologiyalı istiqamətlərindən biri olan endocərrahi əməliyyatlar
aparıldığını xüsusi
vurğulamışdır. Rektor
bildirmişdir ki, ATU-nun Cərrahiyyə Klinikasında belə əməliyyatların
keçirilməsi üçün şərait və hər
cür avadanlıq vardır.
Sonra İstanbul Bilim Universitetinin rektoru Çavlan
Çiftçi Türkiyədə endoskopik və robotik cərrahiyyə
sahəsində qazanılan uğurlardan danışmış
və çıxışını video-təqdimatla
yekunlaşdırmışdır.
“Florance Nightingale” xəstəxanalar qrupunun baş həkimi
Sinan Aran bu sahədə praktikada üzləşdikləri
hallar haqqında məlumat vermişdir.
Açılış nitqlərindən
sonra Azərbaycan Tibb Universiteti və İstanbul Bilim
Universitetləri arasında qarşılıqlı əməkdaşlıq
protokolu imzalanmışdır.
Konfransda Baku City Hospitalın rəhbəri
professor Surxay Hadıyev “Qaraciyər sirrozu fonunda laparoskopik
xolesistektomiya”, türkiyəli professor İlkkan Dünder
“Ginekologiya və ginekoloji onkologiyada robotik cərrahiyyənin
yeri” mövzularında məruzələrlə
çıxış etmişlər. Konfransın
gedişində həmçinin “Laparoskopik kolorektal cərrahiyyə”,
“Ağciyər xərçənglərində minimal invazif cərrahiyyə”,
“Neyroonkoloji xəstəliklərdə yeni texnologiya və
metodlar” və bir sıra digər mövzular üzrə
çıxışlar dinlənilmişdir. Sonra
konfrans iştirakçıları həmin mövzular ətrafında
müzakirələr aparmışlar.
Qeyd etmək
lazımdır ki, endoskopik və robotik cərrahiyyəyə həsr
olunmuş konfrans Tibb Universiteti, İstanbul Bilim Universiteti,
“Florance Nightingale” xəstəxanalar qrupu və Baku City
Hospitalın təşkilatçılığı ilə
keçirilmişdir.
Z.
BƏŞİRQIZI,
“Xalq
qəzeti”. - 2014. - 11 iyun. - S. 5.