Xalq artistinin xatirəsi
yad edildi
Bu il görkəmli
teatr və kino aktyoru, pedaqoq, xalq artisti Məlik Dadaşovun 90 illik yubileyi qeyd edilir.
Yubiley münasibətilə Azərbaycan
Dövlət Film Fondunda
xatirə gecəsi keçirilib. Mədəniyyət
və Turizm Nazirliyi və
Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının birgə təşkil etdiyi
tədbirin iştirakçıları əvvəlcə sənətkarın
həyat və yaradıcılığını əks etdirən
fotosərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev aktyorun sənət yolu haqqında fikirlərini bölüşüb, Məlik Dadaşovun teatr və kino tariximizdə böyük iz qoyduğunu vurğulayıb. Qeyd olunub ki, epizodik rolları da, irihəcmli obrazları da eyni həvəs və məharətlə yaradıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə, kinooperator, əməkdar incəsənət xadimi Kənan Məmmədov, xalq artisti Hacı İsmayılov, əməkdar artist Elxan Qasımov və digər çıxış edənlər aktyorun ömür yolundan, sənət fəaliyyətindən danışıblar. Tədbirdə aktyorun unudulmaz obrazlar yaratdığı filmlərdən parçalar nümayiş etdirilib. Sonda Məlik Dadaşovun ailə üzvləri adından xalq artisti Brilliant Dadaşova çıxış edərək yubiley gecəsinin təşkilatçılarına minnətdarlığını bildirib.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi II Fəxri xiyabanda xalq artisti Məlik Dadaşovun məzarını ziyarət edib. Görkəmli aktyorun xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə əklil qoyulub. “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov sənətkarın milli kino sənətimizə, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb. Bildirilib ki, Məlik Dadaşovun böyük aktyor kimi teatr və kinoda, pedaqoq kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrin yetişməsində əvəzsiz rolu olub. Belə korifey sənətkarların xatirəsini yad etmək mənəvi borcumuzdur, – deyən kinostudiyanın direktoru aktyorun fitri istedad və peşəkarlığından söz açıb. Əməkdar artist Ənvər Həsənov və digər çıxış edənlər Məlik Dadaşovla bağlı xatirələrini bölüşüblər, onun kinoda yaratdığı rolların bu sənətdə ilk addımlarını atan gənclər üçün məktəb olduğunu vurğulayıblar.
Məlik Dadaşov 1924-cü ildə Bakıda dünyaya gəlib. Asəf Zeynallı adına Musiqi Texnikumunda, Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Zaqatala və Şəmkir dram teatrlarında, Gənc Tamaşaçılar Teatrında, Akademik Dram Teatrında aktyor kimi çalışıb, Dövlət Rus Dram Teatrına rəhbərlik edib.
Kinoda 1947-ci ildə
“Fətəli xan” filmində debüt edib. “Dəli Kür”,
“Axırıncı aşırım”
“Birisi gün, gecəyarısı”, “O dünyadan
salam”, “Fəryad”
və s. filmlərdə
yaddaqalan obrazlara ekran həyatı verib. Görkəmli sənətkar 1996-cı ildə
dünyasını dəyişib
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”. – 2014. – 11 iyun. – S. 5.