Yardımlı: Qədim
tarixi, yeni
növrağı olan diyar
Bu yerlər açıq təbiət
muzeyidir. Dağlar, dərələr, ormanlar göz oxşayır. Rənglərin işıltısı könül sevindirir. Daş abidələr tarixin
qocalığına şahidlik edir. Hava, su
can məlhəmidir. Doğma,
mehriban çöhrələrin
qalereyası yadda qalır.
“Yardımlı” toponimini müxtəlif cür izah edirlər. Bir ehtimala görə, “yardam” sözündən yaranıb. Xalqın, ulusun bir hissəsi kimi izah olunur. “Ərdəbil” adının kökünün də “yardam” olduğu söylənilir. İkinci fərziyyə “ertim” adını önə çəkir. Tarixçilər bu toponimi peçeneq tayfalarından birinin adı ilə bağlayırlar. Əski türkcədə ərdəmli, cəngavər mənalarında yozulur. Hər yönündən türklük boy göstərir. Şuşanın işğalından sonra xarı bülbül Yardımlıya köçüb, deyirlər. Təsəllisini bu dağlarda axtarır. Dağlar güllərin də həyanı, pənahıdır. İnsanlarınsa ömründə-günündə iz qoyub keçir.Talış dağlarının Peştəsər və Burovar silsilələri arasında, Viləş çayı sahillərində qərar tutan Yardımlının turizm potensialı genişdir. Bu yerlərin ən uca zirvələri olan Şinunkələk (2419 metr) və Tarakən (2350 metr) tərəflərdə yayda da qar görmək mümkündür.
Tarixən Yardımlı igidlərin məskəni olub. Qaçaq hərəkatı üzündən sovet hakimiyyəti belə, Yardımlıya bir il gec gəlib. Bolşevik hökuməti Bakıda 1920-ci, Yardımlıda 1921-ci ildə qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin pul əskinasları burada bir-iki il artıq işlədilib. Kommunistlərin qaçaqlarla mübarizəsi isə 1928-30-cu illərədək davam edib. Yerli camaat ruslara var gücü ilə müqavimət göstərib. Yalnız uzun mübarizədən sonra rus ordusunun 245-ci alayı xeyli itki verməklə ərazini ələ keçirə bilib. İşğalçı alayın komandiri qəddarlığı ilə tanınan zabit Dalqov olub. Əhali rus dilini bilmədiyindən ona qarşı olduqca qəddar və düşməncəsinə davranılıb.
Xalq şairi Sabir Rüstəmxanlı ata-baba yurdu haqqında deyir ki, 20-ci yüzildə bir kəndin çox mərdanə, diri, sağlam adamları arasında, o dağlardan kənardakı dünyanı heç bilməyən, ona ehtiyacı da olmayan bir toplumda formalaşmışam. O adamlara hörmət əlaməti olaraq hesab edirəm ki, mən elə ordayam. Hara getsəm, dünyanın harasında yaşasam da, mənim bir hissəm orada yaşayır, oradan ayrılmamışam. Başqa bir şəkildə öz həyatımı təsəvvür edə bilmirəm. Yurd yerləri bu gün təbii cizgilərini saxlasa da, səliqə-sahmanı, abadlığı ilə xeyli qabağa gedib. Dağ adamlarının da dünyagörüşü dəyişib, amma xaraktercə elə həmin adamlardır - mərd, saf ürəkli, yurdcanlı...
On beş-iyirmi il öncə eşitdiyimə görə, Yardımlının Ünəç kəndində gözləri görməyən bir kişi varmış. O halı ilə hər gün meşəyə çırpı yığmağa gedir, axşama qədər yükünü tutub qayıdırmış. Məni heyrətləndirən o adamın görmədiyi yerləri fəhminin gücü ilə tanıyıb-sevməsi, bir dəfə də yolunu azmamasıdır. Adam hər yeri addım-addım əzbərləyibmiş.
Məşhur Təkdam şəlaləsi Masallı-Yardımlı yolunun 25-ci kilometrində yerləşir. Yardımlının vizit kartı sayılan, 40 metrədək hündürlükdən atılışı ilə əsrarəngiz mənzərə yaradan şəlalə iki mərtəbəlidir. Bura xeyli abadlaşdırılıb. Dəniz səviyyəsindən təxminən 1500 metr yüksəklikdəki bu nöqtədən ətrafa gözəl panoram açılır. Ötən əsrin ortalarınadək bu dağlıq-meşəlik ərazidəki tək gözətçi daxması şəlalənin yanında salındığı üçün buranı “Təkdam” deyə çağırıblar.
Yardımlıda beşmərtəbə şəlalə də var. Təkdam şəlaləsindən də yuxarıda, bir neçə kilometr məsafədə çox çətin coğrafi ərazidədir. Meşənin dərinliyində beş ayrı dağ “atılım”ındən töküldüyü üçün bu adla tanınır. Oranı gəzməkdən ötrü yolun əziyyətinə qatlaşmağa dəyər.
İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov qısa vaxtda rayonda qayğıkeş rəhbər kimi tanınıb. Yerlərdə müntəzəm keçirdiyi görüşlər zamanı qaldırılan problemlərin çözülməsi üçün əllərindən gələni əsirgəmir. Əlaqədar dövlət orqanlarına müraciət edir, məsələlərin həllinə nail olur. Bundan başqa, daxili resursların işə salınmasına diqqət yetirir. Rəhbərliyə üz tutan kimsənin naümid qalmasını istəmir. O deyir ki, bu dağların övladları əksərən qürurlu, ciddi adamlardır. Yəni, hər xırda məsələyə görə qapılara düşməzlər. Yox, əgər bu, baş verirsə, deməli, doğrudan da, köməyə, dəstəyə ciddi ehtiyac yaranıb. Odur ki, biz də hər vasitəylə yardımçı olmağa çalışırıq.
Onilliklər boyu Yardımlının əsas müşküllərindən biri yol olub. Elə rayonun indiyədək turizm məkanı kimi tanınmamasının bir səbəbi də budur. Amma yeni əsrin əvvəllərindən Yardımlının yol məsələsi də düzəlməyə başlayıb. 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə 54 kilometrlik Masallı-Yardımlı avtomobil yolu yüksək səviyyədə əsaslı təmir olunub. Sonra rayon mərkəzinin yolları, bəzi kəndlərarası yollar qaydaya salınıb.
Ötən ilin sentyabrda Prezident İlham Əliyevin rayona səfəri zamanı YAP rayon təşkilatının yeni inzibati binası, ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəz və park, Yardımlı-Deman-Arvana avtomobil yolu xeyir-dua ilə istifadəyə verildi. Bu yol Avaş, Arvana, Kürəkçi, Perimbel, Şəfəqli, Peştəsər, Şiləvəngə və Urağaran ərazi nümayəndəliklərinə daxil olan yaşayış məntəqələrini birləşdirir.
Gənclər parkında rayon ictimayyəti ilə görüş zamanı dövlət başçısı Yardımlıda görülmüş işləri yüksək qiymətləndirdi və yaxın gələcəkdə rayonda daha uca zirvələrin fəth olunacağını bildirdi. Azərbaycan rəhbəri ötən ilin sentyabrında on min əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi üçün 2 milyon manat, Yardımlı rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə isə Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsaitin ayrılması barədə sərəncamlar verdi. Bütün bunlar rayona diqqətin daha bir təzahürüdür. Artıq yolun tikintisi işlərinə başlanıb.
Nəqliyyat Nazirliyinin köməyi, habelə daxili imkanlar hesabına ümumi uzunluğu 12 kilometr olan Ostayir, Əfçədulan, Dəlləkli, Horavar, Alçabulaq, Şəfəqli-Cerimbel və başqa kənd yollarına, şəhərin M.Mirzəyev küçəsinə çınqıl səpilib, Çayüzü kəndində mərkəzi yolun bir hissəsi asfalt örtüklə təmir edilib. Rayonun Allar və Lerik rayonunun Bülüdül kəndləri arasındakı məsafədə və Şovut-Telavar-Gölyeri-Bərcan-Şıxlar kəndlərini birləşdirən yollar genişləndirilib. Şəfəqli-Gilar kəndlərini birləşdirən avtomobil yolları ağır texnika ilə genişləndirilərək təmir olunub. Çayların üstündən neçə-neçə körpü salınıb.
Şəhərin Heydər Əliyev küçəsi tamamilə yenidən qurulub. Girişdə “Qala” inşa olunub, işıqlandırma sistemi yaradılıb. Uzunluğu 8 kilometr olan küçədə 233 ədəd küçə işığı quraşdırılıb, 5 kilometr hissədə küçə boyunca istinad divarları hörülüb, suaxarlar salınıb, səkilər tikilib.
Ötən ay isə Prezident İlham Əliyev Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla 13 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisinin davam etdirilməsi məqsədilə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,3 milyon manatı Yardımlı Rayon İcra Hakimiyyətinə ayrılıb. İşlər davam edir. Beş yaşayış məntəqəsini birləşdirən 15 kilometrlik yerli əhəmiyyətli Bozayran-Vərgədüz-Sırıq yolunun tikintisi üçün də müvafiq sənədləşdirmə aparılıb.
İndi Demana, Arvanaya aparan yol könül
rahatlığı ilə
keçilir. Yerli əhali və
qonaqlar buna çox sevinirlər. S.Hətəmovun dediyinə görə,
yol infrastrukturunun genişləndirilməsi üzrə
layihələrin həyata
keçirilməsi dövlətimizin
iqtisadi siyasətinin üstün sosial yönümlü olmasının
fərəh doğuran
göstəricisidir.
Yardımlıya növbəti səfərimdən
sonra Deman adının mənasını
öyrənmək üçün
mənbələrə baxdım. Bir mənbəyə
görə, Deman hun xaqanı, sərkərdə Mətənin
babası Teomanın adıyla əlaqələndirilir.
Xalq etimologoyasına görə
isə Deman dəmyə, yəni suvarılmayan yer anlamına gəlir. Bəlkə də kənd
bu dağların əbədi “sakin”i sayılan dumandan ad qazanıb...
Yazda
gur sel suları Perimbel yolunun 2-ci kilometrində hərəkət
hissəsinin bir qismini uçurmuşdu. Rayon icra hakimiyyətinin daxili imkanları hesabına yolun təmirinə başlanıb
və qısa müddətdə sona çatdırılıb. Moskvada yaşayan Fətiyev qardaşlarının
təşəbbüsü ilə də burada iş görülür. Yola asfalt
döşənməsi üçün
hazırlıq aparılır.
Ötən səfərimdə dostlarla
mən də ilk dəfə Perimbelə getdim. Yol işləri
aparıldığına görə mənzil başına çətinliklə
çatdıq. Orada gördüklərim
isə məni doğrudan-doğruya duyğulandırdı.
Sən demə, Perimbeldə Avropa səviyyəli özəl hotel tikilibmiş.
Gecəni elə orada
qaldıq. Səhər açılanda
kəndin təbii gözəllikləri gözlərimiz
önündə canlandı.
Hotelin “amfiteatr”ından ətrafı
xeyli seyr elədik. Perimbeldəki meyvə bağlarının
doxsan faizi qoz ağaclarından ibarətdir. El arasında buna cınqır və ya girdəkan da deyilir. Hər qoz ağacının azı 300 yaşı var. Kənd sarı palçığı ilə
də məşhurdur.
Bu palçığın yapışqanlığı
çoxdur. Camaat ondan tikintidə
istifadə olunduğunu
deyir. Məşhur “Göznarı” bulağı
həzin-həzin axaraq
ətrafa sərinlik yayır. Bu kənddə
hər həyətdə
bulaq var. Qoç heykəlləri, nəhəng
daşlar da diqqət çəkir.
Burada gözəl bir Heydər Əliyev parkı da salınıb,
səliqə-sahmanı ilə
seçilir. Ulu öndərin doğum günündə bu parkda respublikanın incəsənət
ustaları konsert veriblər. Böyük atəşfəşanlıq olub.
Rayonda abadlıq-quruculuq
işləri sürətlənib. Çayüzüdə 2-ci
Cahan savaşında həlak olmuş qəhrəmanların xatirəsinə
ucaldılmış abidə
kompleksi sökülərək
müasir üslubda yenidən inşa edilib. Şəhərə su və kanalizasiya xətlərinin
çəkilişi sona
yaxınlaşır. Ötən ilin
sonlarından Olimpiya İdman Kompleksi tikilir. Yeri gəlmişkən, bir sevindirici xəbər: Yardımlı yetirməsi
Valeh Sahratlı bu ilin mayında
İstanbulda kontakt-karate
döyüş növü
üzrə yarışda
Avropa çempionu adını qazanıb. Möhtəşəm kompleks
və güləş
zalları tikilib istifadəyə veriləndən
sonra rayon idmançılarının
qələbələrinin sayı
daha da artacaq. “Soyqırımı”
abidəsi bərpa
olunub. Meyvə emalı sexi
tikilib. “Sineyir” adlanan ərazidən 14 min
əhalisi olan 18 kəndin içməli suya tələbatının
ödənilməsi məqsədilə
dağlardan xətt
çəkilir. Qazlaşdırma davam edir. Kəndlərdə məktəb tikintisinə
xüsusilə böyük
diqqət yetirilir.
Hazırda 6 kənddə yeni
təhsil ocağı
inşa olunur.
Bu günlərdə isə
Zövün kəndində
yeni məktəb binasının və Əsədabad körpüsünün
inşası başa çatıb və hər iki obyekt
istifadəyə verilib. Açılış
mərasimlərində qeyd
edilib ki, son illərdə
rayonda ümumilikdə
100 kilometrlikdən artıq
kənd yolu çınqıllanıb. Üç
kənddə avtomobillərin və piyadaların hərəkəti
üçün yeni körpülər tikilib.
O cümlədən rayon mərkəzinin
Əsədabad məhəlləsində uzunluğu
22 metr olan dəmir-beton konstruksiyalı
körpü inşa edilib. Zövün məktəbində 18 sinif otağı, kimya və fizika
laboratoriyaları, kompyuter
otağı, kitabxana,
idman zalı və s. var. Məktəbin
qızdırılması üçün
kombi sistemi quraşdırılıb.
Rayon icra hakimiyyətinin
başçısı Sevindik
Hətəmov, təhsil
şöbəsinin müdiri
Manaf Balışov, yeni məktəbin direktoru İntiqam Balaşov, şair Zöhrab Zövünlü,
şagird Günay Balaşlı ürək sözlərini söylədilər.
Yolocaq kənd
uşaq bağçası
da yenicə istifadəyə verilib. Hazırda Biləzəmi
ərazisində 55 yerlik
uşaq bağçası
tikilir. Yeni RİH binasının da inşasına başlanıb.
Daha bir müjdə: Yardımlı rayonunda da nəhayət
rəsm və incəsənət qalereyası
açıldı! Bu ideya
icra hakimiyyəti başçısının bir
neçə ay öncə
Mədəniyyət və
Turizm naziri Ə.Qarayevə
müraciəti əsasında
reallaşmışdır. Gənc nəslin estetik
zövqünün formalaşmasında,
bu sahədə istedadların üzə çıxarılmasında qalereyanın
rolu böyük olacaq.
Respublıka Rəsm Qalereyasının
direktoru Elnur Hüseynovun başçılığı
ilə rayona gələn qonaqlar - tanınmış
rəssamlar Namiq İsmayılzadə, Ələsgər
Kazımov, Natalya Verxova,
Anar Hüseynzadə, Aysel Əmirova və Arzu Əsgərova
öz fərdi yaradıcılıq
nümunələrindən 20 gözəl əsəri yeni yaradılmış rayon rəsm
qalereyasına sovqat gətiriblər. Qalereyanın
rəsmi açılışından
sonra qonaqlar istedadlı uşaqlara ustad dərsləri keçiblər.
Məncə, gələcək rəssamlar
üçün mövzu
axtarmaq, fantaziya işlətmək o qədər
də lazım olmayacaq. Yardımlı elə başdan-başa
əlvan gözəllik
tablolarından ibarətdir.
Sadəcə kətana köçürülməsini
istəyir.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”. – 2014. – 11 iyun. – S. 6.