Dilimizin saflığını qorumaq hər kəsin borcudur
Dünyanın
qloballaşması millətlərin
və xalqların həyat tərzinə,
dünyagörüşünə, adət-ənənələrinə
də təsir edir. Lakin
çox zaman
qloballaşmanın milli dillərə ciddi təsiri arxa planda qalır.
Müasir dövrdə Azərbaycan dilinin dövlət dili kimi müxtəlif sahələrdə tətbiqinə nəzər yetirsək, görərik ki, uğurlarla yanaşı, qüsurlar da var. Bu daha çox özünü reklam və elanlarda, xidmət və iaşə sahələrində, eləcə də internet resursları, radio və televiziya aparıcılarının nitqində büruzə verir.
Mirzə Ələkbər Sabir Fondunun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” layihəsinin yekun təqdimat mərasimində məhz bu mövzular müzakirə edildi.
Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanasında baş tutan tədbiri giriş sözü ilə açan fondun prezidenti Sevda Tahirli bildirdi ki, təqdim edilən layihə geniş araşdırmanın məhsuludur. Burada reklam və elanların mətni, internet resursları, radio və televiziya aparıcılarının nitqləri təhlil edilib, dövlət dilinin tətbiqi ilə bağlı qüsurlar ortaya çıxarılıb. Dövlət dili ilə bağlı qanunvericilikdə hər bir maddə aydın şəkildə ifadə olunsa da, təəssüf ki, bəzən buna əməl edilmir və bu, milli təəssübkeşliyi olan hər kəsi ciddi düşündürməlidir. Çünki hər bir xalqın dili onun milli sərvətidir. “Dil haqqında” Qanunda göstərilən maddələrin hər birinin ayrı-ayrılıqda pozulması dilmizin rəvanlığını, təravətini itirməsinə gətirib çıxarır. Ana dilimizi sevməli, onu gənc nəslə layiqincə çatdırmalıyıq. Gəlin, dilimizə sahib çıxaq!”, – deyə S. Tahirli bildirdi.
Layihədə ekspert kimi iştirak edən Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli Azərbaycan ədəbi dilinin tətbiqi zamanı daha çox rast gəlinən qüsurlardan söhbət açdı. Bildirdi ki, bu cür yanlışlıqların qarşısını almaq üçün mütəmadi işlər görülməli, dövlət dilinin tətbiqinə nəzarət daha da gücləndirilməlidir. Natiq bildirdi ki, son illərdə dillə bağlı qəbul edilən sərəncam və qanunlar dövlətimizin bu məsələyə ciddi yanaşmasından xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na toxunan natiq sözügedən sənədin mühüm əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, dövlət dili ilə bağlı mətbuatın üzərinə düşən bir sıra məqamlar burada yer alıb.
Bakı Dövlət Universitetinin professoru Alxan Bayramoğlu bildirdi ki, bəzi hallarda dilimizə olan ögey münasibət insanların etinasızlığından irəli gəlir. Onun sözlərinə görə, dilimizin saflığının qorunması və dilə olan sevgini uşaq yaşlarından aşılamaq vacibdir. Mövzu ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd edildi ki, ana dilimiz öz zənginliyinə görə seçilir, uşaqların ana dillərinə sevgi ilə böyüməsi üçün hər kəsin üzərinə məsuliyyət düşür.
Sonda Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanasının direktoru Gülşən Abbasova ana dilinin millətin varlığı olduğunu vurğuladı və tədbir iştirakçılarına fəallıqlarına görə təşəkkür etdi.
Əfsanə
BAYRAMQIZI,
“Xalq
qəzeti”. - 2014. - 11 iyun. - S. 7.