Altay HƏSƏNOV: Gimnastika
Azərbaycanda ən populyar idman növlərindən biri
olacaq
İyunun 13-15-də Bakıda bədii gimnastika üzrə yüksək səviyyəli
növbəti beynəlxalq yarış - Avropa
çempionatı keçiriləcək. Turnir
ərəfəsində Trend Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti
Altay Həsənovdan müsahibə götürmüşdür.
- Bədii gimnastika tədricən Azərbaycan idmanının vizit kartına çevrilir. Gimnastlarımız nüfuzlu beynəlxalq turnirlərdə yüksək yerləri fəth etməyə başlayıblar. Azərbaycan gimnastikasının uğurunun sirri nədədir?
- Son illər ərzində Azərbaycanda gimnastika gerçəkdən də, fantastik templə inkişaf edir. Bu baxımdan heyətində yerli idmançıların durmadan artdığı yığma komandamıza baxmaq yetər. Bununla yanaşı, biz tədricən nüfuzlu yarışlarda dünyanın aparıcı komandalarının rəqibinə çevrilirik. Azərbaycan beynəlxalq gimnastika ailəsinə nisbətən yaxınlarda daxil olub, lakin artıq yüksək nəticələr əldə etməyə başlayır.
Az öncə qeyd edilənlərin hamısı Azərbaycanda gimnastikanın misilsiz inkişafına dəlalət edir. Gimnastikada qazandığımız uğurlar təsdiq edir ki, işə düzgün yanaşanda və lazımi şəkildə təşkil ediləndə istənilən sahədə uğur qazanmaq olar. Lakin əlbəttə ki, bütün bunları Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın şəxsi iştirakı olmadan həyata keçirmək mümkün olmazdı. Onun təşəbbüskarlığı və iradəsi, böyük şəxsi zəhməti, komandaya qayğıkeş münasibəti və ölkədə bu idman növünün inkişafı prosesinə səmərəli rəhbərliyi uğurun təminatı oldu. Şübhəsiz ki, onun beynəlxalq gimnastika hərəkatına və ümumiyyətlə, ölkəmizdə idmanın inkişafına verdiyi töhfəni qiymətləndirmək çətindir.
Qeyd etmək lazımdır ki, turnirlərdə nəticələr, əlbəttə, önəmlidir. Bununla yanaşı, əsas məqsəd Azərbaycanda bu gözəl idman növünün kütləviliyidir. Federasiyamızın prezidenti Mehriban Əliyevanın dediyi kimi, ölkənin şəhər və rayonlarında gimnastikaya diqqət uzunmüddətli strategiyanın bir hissəsidir. Gimnastika seksiyaları təkcə Bakıda deyil, həm də artıq regionlarda formalaşıb. Bu idman növünün kütləviliyində artıq mühüm tərəqqiyə nail olunub.
- Yığmamızın Avropa çempionatına hazırlığının gedişi haqqında nə deyə bilərsiniz?
- Bədii gimnastika üzrə
hazırkı Avropa çempionatı
Bakıda keçirilən artıq üçüncü
birincilik olacaq. Turnir gimnastika
sahəsində son vaxtların ən iri idman hadisəsi olacaq. Orada
iştirak etmək üçün 33 ölkə ərizə
verib. Rəqabət sərt olacaq və 258
gimnast 9 dəst medal uğrunda mübarizə aparacaq. Bu, çox maraqlı mənzərə olacaq və
biz paytaxt sakinlərini və qonaqlarını yeni Milli
Gimnastika Arenasında bütün bunları izləməyə
dəvət edirik.
- Əlbəttə ki, biz hamımız komandamıza
azarkeşlik edirik və qarşıdakı çempionatda ona ən
böyük uğurlar arzulayırıq. Siz azərbaycanlı
idmançıların bu çempionata hazırlıq səviyyəsini
necə qiymətləndirirsiniz?
- Komandamız
turnirə tam hazırdır. Bədii gimnastika
üzrə yığmanın baş məşqçisi
Mariana Vasileva döyüşkən, bitkin və ən əsası,
istedadlı kollektiv formalaşdırıb. Bununla belə, biz tədricən “xoş problemlər”lə
üzləşməyə başlayırıq. Belə ki, yığmaya düşmək
üçün rəqabət artır və həqiqətən
də, böyük potensialı olan bəzi idmançılar
komandaya keçə bilmirlər. Lakin biz gələcək
inkişaf məqsədi ilə hamı üçün zəruri
şərait yaradırıq. Mən əminəm
ki, yığmada yer uğrunda rəqabətli mübarizə
komandamızı daha da gücləndirir.
- Siz qeyd
etdiniz ki, Azərbaycan beynəlxalq gimnastika ailəsinə nisbətən
yaxınlarda daxil olub, lakin artıq yüksək nəticələr
göstərir. Bəs siz komandadakı vəziyyətə
mənfi təsir göstərə biləcək kənardan
süni problemlərin yaradılması cəhdləri ilə
üzləşmisinizmi?
-
Aydındır ki, bizim son uğurlarımız bəzən bir
sıra rəqiblərimiz tərəfindən
qısqanclıqla qarşılanır. Bəzilərini,
ehtimal ki, inkişaf dinamikamız qorxudur. Biz
bunu anlayışla qarşılayırıq, çünki
sonda bu idmandır və hamı qalib gəlmək istəyir.
Bununla yanaşı, hərdən xoşagəlməz
haldır ki, bəzən bizə qarşı çirkin və
qeyri-idman metodlarından istifadə olunur.
Digər tərəfdən, bütün bunların
hamısı çətin ki, bizim irəliləyişimizə
təsir etsin və biz bununla bağlı elə də narahat
olmuruq. Rəqiblərimizə yeganə arzumuz bizim gözəl
Bakımıza gəlmək və onun sakinlərinə idman
bayramı hədiyyə etməkdir.
- Bəs
gimnastika ictimaiyyəti daxilində hansısa mənfi məqamlar
mövcuddurmu?
- Mahiyyət etibarilə, xeyr. Federasiyanın əməkdaşları, məşqçilər, idmançılar,
texniki heyət və bədii gimnastika ilə aidiyyəti olanların hamısı vahid ailə kimi çalışırlar. Axı hamının bir hədəfi var - Azərbaycanda bədii gimnastikanın inkişafı.
Amma hər yerdə olduğu kimi, bizim də kiçik
problemlərimiz var. Məsələn,
“incimiş” məşqçilər
deyilən qrup var və bu
qrup hesab edir ki, dünyada
bu idman növünü onlardan yaxşı bilən yoxdur. Bu kateqoriyalı
məşqçilərin səviyyəsi
həvəskar seksiyalar
mərhələsində qalıb,
lakin iddiaları xeyli yüksəkdir.
Azərbaycanda gimnastikanın təşəkkülünün
erkən mərhələlərində
bu məşqçilərdən
bəzilərinə tələbat
var idi. Lakin bu gün
ölkəmizdə bədii
gimnastika yüksək
beynəlxalq standartlara
yaxınlaşır ki,
bu da müvafiq
olaraq məşqçilərdən
yüksək iş standartları tələb
edir. Öz üzərində işləmək və ixtisası artırmaq əvəzinə - halbuki Federasiya bütün məşqçilərə qeyd
olunan şəraiti yaradır - onlar cılız intriqalarla məşğul olurlar.
Bütün bunlar xırda
məsələlərdir və
öz ixtisasının
aşağı səviyyəsini
ört-basdır etmək
məqsədi daşıyan
belə cəhdlər
Azərbaycanda mütləq
şəkildə ən
populyar idman növlərindən biri olacaq gimnastikanın inkişaf prosesinə və komandalarımızın
müxtəlif səviyyəli
beynəlxalq turnirlərdə
uğurlu çıxışına
təsir edə bilməz.
Xalq qəzeti.-2014.- 12 iyun.- S.5.