FÜZULİDƏN
GƏLİRƏM...
Son illər bu cəbhə
bölgəsində görülən böyük
işlərdən, dinamik inkişaf
və yüksəlişdən doğan ruh yüksəkliyi və xoş
duyğularla...
Jurnalist həmkarım yarızarafat-yarıciddi “Füzulidən yaman çox yazırsan” - dedi. Əslində, o, haqlı idi. Doğrudan da, son vaxtlar Füzuli rayonunda, xüsusilə, Horadiz şəhərində aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri, əldə edilmiş uğurlar, dinamik inkişaf barədə çox yazmışam.
Buna, necə deyərlər, sözümüz yoxdur. Ancaq məsələnin başqa tərəfi də var: deyirlər, həqiqət faktlardan doğur. Həqiqət isə ondan ibarətdir ki, Füzulidə həyatın bütün sahələrində əsaslı və irimiqyaslı tədbirlər işlənib həyata keçirilmiş, iri layihələr reallaşdırılmış, böyük hədəflər müəyyən olunmuşdur. İnkişaf və yüksəlişin dinamikası o qədər yüksəkdir ki, sözün düzü, bir çox hallarda biz jurnalistlər bu sürətlə ayaqlaşa bilmirik.
Bəli, Füzulidən indi də yazıram. Ona görə ki, cəbhə xəttində, necə deyərlər, düşmənin ikiaddımlığında yerləşən bu bölgədə yaşayan, işləyən insanların zəhmət və qəhrəmanlığı daimi diqqətə, ən isti münasibətə, ən xoş sözlərə layiqdir.
Elə buradaca son 3 ildə tikilib-istifadəyə verilmiş müxtəlif təyinatlı obyektlərin o qədər də tam olmayan siyahısını bir daha xatırladırıq: Heydər Əliyev Parkı, Heydər Əliyev Mərkəzi, Mədəniyyət Sarayı, Gənclər Mərkəzi, Şahmat Məktəbi, YAP rayon təşkilatının, polis və təhsil şöbələrinin inzibati binaları, Kərimbəyli kəndində 3 hektar sahədə ailəvi istirahət mərkəzi, 5 min ton kənd təsərrüfatı məhsulları saxlayan soyuducu anbar, ildə 3 min ton quş əti istehsal edən “Qarabağ broyler” MMC, Bala Bəhmənli kəndində 25 meqavat gücündə su elektrik stansiyası...
Rayonun əlimizdə olan, demək olar ki, bütün yaşayış məntəqələrinə təbii qaz xətti çəkilmişdir. Bu müddətdə 15 yeni məktəb binası tikilmiş, 60 yerdə artezian quyusu qazılmışdır. 100 mindən çox həmişəyaşıl ağac və gül kolu əkilmişdir ki, onun da 60 mini Horadiz şəhərindədir. 58 yeni sahibkarlıq obyekti tikilib-istifadəyə verilmişdir. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Əhmədbəyli-İkinci Mahmudlu-Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu-Alıxanlı, daha sonra Bala Bəhmənli-Araz Dilağlarda-Sənglər-Araz Zərgar kəndlərini birləşdirən yollar əsaslı şəkildə təmir olunmuşdur.
Ölkə başçısı 2012-ci ilin dekabr ayında Füzuli rayonuna səfər zamanı yuxarıda adlarını çəkdiyimiz həmin obyektlərin əksəriyyətinin açılışında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, səmimi söhbət etmiş, arzu, təklif və tövsiyələrini bildirmişdir. Onu da əlavə edək ki, həmin səfər bu gün də füzulilərin yaddaşında unudulmaz bir xatirə kimi yaşamaqdadır. Ölkə Prezidentinin məsləhət və göstərişləri rayonda işlərin gedişinə əsaslı təsir göstərmiş, insanlarda böyük ruh yüksəkliyi yaratmış, onların sabaha olan inam və ümidlərini daha da artırmışdır.
Ötən dövrdə rayonda tikinti quruculuq işlərinin miqyası daha genişlənmiş, sürəti bir az da artmışdır. Dövlət başçısının səfərindən keçən müddətdə Horadiz şəhərində Füzuli Rayon İcra Hakimiyyəti üçün yeni inzibati bina tikilmişdir. Tarix-diyarşünaslıq Muzeyi və boulinq zalında da işlər başa çatmışdır. Bu müddətdə Heydər Əliyev Parkı 2 hektar genişləndirilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə “Qəhrəmanlar” parkı salınmışdır. 10 hektar ərazidə Dövlət bayrağı meydanı yaradılmışdır. Şəhərdə Heydər Əliyev Fondunun hesabına tikilmiş 100 çarpayılıq uşaq bağçası da istifadəyə hazırdır.
Horadiz şəhərində işğal zamanı yandırılaraq dağıdılmış 227 ev və 3 çoxmənzilli kommunal bina sakinlərini qəbul etməyə hazırdır. Yeni tikilən toxuculuq fabrikinin tikintisində də işlər yekunlaşmışdır. 2013-cü ildə Mirzənağılı-Qazaxlar-Böyük Bəhmənli-Qarabağ kəndlərinə çəkilmiş yolların davamı olaraq bu il salınan Əhmədalılar-Horadiz şəhər- Mollaməhərrəmli- Arayatlı-Babı kəndlərini birləşdirən avtomobil yolu gediş-gəlişə hazırdır.
Bütün bunlar artıq tikintisi başa çatdırılmış və açılışa tam hazır olan obyektlərdir. Heç şübhəsiz, müxtəlif təyinatlı həmin obyekt və binalar Horadizə əlavə gözəllik verəcək, onun müasir və yaraşıqlı simasının bir az da zənginləşdirəcəkdir.
Şəhərin abad, yaraşıqlı küçələri ilə addımlayırıq. Ürəyimiz dağa dönür. Cəbhə bölgəsində gündən-günə böyüyən, gözəlləşən, yeni, müasir görkəm alan Horadiz düşmənin gözünə ox kimi batır. Maraq doğuran daha bir cəhət isə ondan ibarətdir ki, inkişaf və yüksəliş qısa müddət ərzində baş vermiş, müxtəlif təyinatlı binaların tikintisində, küçə və səkilərin, park və xiyabanların salınmasında milliliklə müasirlik üzvi surətdə birləşdirilmişdir. Bu isə Araz qırağındakı yeni səhərə xüsusi bir gözəllik gətirmişdir.
Füzuli rayonu ənənəvi kənd təsərrüfatı rayonu olduğundan son illərdə bu sahənin inkişafı da diqqət mərkəzində saxlanılmış, taxılçılığın, heyvandarlığın, tərəvəzçiliyin inkişaf etdirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmişdir. Taxılçılıqdakı uğurlar ürəkaçandır. Keçən il 39,7 min hektardan 111 min ton taxıl əldə edilmişdir. Rayonun tarixində bu ən yüksək nəticədir. Hər hektarın məhsuldarlığı 28 sentnerə yaxın olmuşdur. Prezident İlham Əliyevin taxılçılığın inkişafı ilə bağlı həyata keçirdiyi əsaslı tədbirlərdən sonra rayonda 300 hektarda məhsuldar toxumluq təsərrüfatı yaradılmışdır və həmin sahələrdən 60 sentnerə yaxın taxıl götürülmüşdür. Yaxın gələcəkdə taxılçılıq rayonda yetişdirilən elit növ toxum hesabına inkişaf etdiriləcək və illik istehsal 160-200 min ton səviyyəsinə yüksəldiləcək.
Rayonda heyvandarlıq məhsulları istehsalı da dinamik inkişaf etdirilir. Hazırda 31647 baş qaramal, 118300 baş qoyun-quzu, 330 min baş ev quşları vardır. Ötən il heyvandarlıq məhsulları istehsalında dinamik inkişafa nail olunmuş, 4236 ton ət, 17394 ton süd, 6,5 milyon ədəd yumurta, 151 ton yun istehsal edilmişdir. Bunlar isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Keçən il rayonda 1620 ton kartof, 10550 ton bostan-tərəvəz məhsulları, 40 min ton çuğundur, 327 ton pambıq, 1160 ton meyvə, 500 ton üzüm, 819 ton qarğıdalı, 145 ton günəbaxan və başqa məhsullar əldə edilərək nəticələr xeyli yaxşılaşdırılmışdır.
Son illərdə sahibkarlığın inkişafına da ciddi fikir verilir. Heyvandarlığın aparıcı sahə olduğunu nəzərə alaraq və ölkə başçısının tapşırıqlarına uyğun olaraq iş adamları rayonun Haramı adlanan hissəsində 5000 baş ətlik və südlük istiqamətində heyvandarlıq kompleksi və sutkada ilk növbədə 10 ton süd qəbul edəcək zavodun tikintisinə başlamışlar. Üçüncü Zobucuq qəsəbəsində gündə 40 ton çörək- un məmulatları istehsal edən zavodun yaxınlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Dövlət proqramına uyğun olaraq rayonun içməli və suvarma suyuna ehtiyac olan 10 yaşayış məntəqəsində 20 ədəd artezian quyusu istismara verilmiş, bu sahədə mövcud problemlər həll olunmuşdur. Bu il və gələn il ərazidə əlavə 36 artezian quyusu qazılacaq və su ilə bağlı problemlər əsasən aradan qaldırılacaqdır. Əhalinin rifahı da durmadan yaxşılaşır, problemlər ardıcıl həllini tapır. Bu il avqust və sentyabr aylarında rayonun 39 yaşayış məntəqəsinin hamısında əhali təbii qazdan istifadə edəcəkdir. Prezidentin 2011-ci il 13 iyun tarixli sərəncamı ilə rayonun 11 yaşayış məntəqəsinin 33 kilometrlik tam yararsız vəziyyətdə olan yolları əsaslı bərpa olunmuşdur. Hazırda həmin yollardan 25 min nəfər əhali istifadə edir.
Dövlət proqramında nəzərdə tutulmuş rayondakı XIII əsr Şeyx Babı türbəsində bərpa və tədqiqat işləri aparılır. Müəyyən olunmuşdur ki, həmin ərazidə vaxtilə yeraltı şəhər olmuşdur. Arxeoloji işlər davam etdiriləcək və rayonun gələcəkdə turizm məskəni kimi məşhurlaşmaq imkanı da olacaqdır.
Rayonda təhsil və səhiyyənin inkişafı da diqqət mərkəzindədir. Son 5 ildə Horadiz şəhərində və 6 kənddə orta məktəb binaları tikilərək istifadəyə verilmişdir. Hazırda Qazaxlar kəndində tam orta məktəb, Əhmədbəyli kəndində musiqi təmayüllü gimnaziya binaları tikilir. Dövlət Proqramına uyğun olaraq tikilib istifadəyə verilmiş Müalicə Diaqnostika Mərkəzi, İdman Kompleksi, Muğam Mərkəzi Füzuli və ətraf rayonların sakinlərinin istifadəsindədir.
Son 10 ildə rayon üzrə 4 mindən artıq, son 5 ildə 3 mindən çox, 2013-cü ildə isə 548 daimi iş yeri, ümumilikdə 10 mindən çox müvəqqəti iş yerləri açılmışdır. Bu sahədə müntəzəm tədbirlər həyata keçirilir.
Füzuli rayonunun məcburi köçkünləri müntəzəm olaraq dövlət təminatı ilə əhatə olunmuşlar. Onlara çörək pulu, işıq, qaz, su və torpaqla bağlı imtiyazların hesabına hər il 40 milyon manatdan çox təmənnasız kömək göstərilir. Bura tikinti-abadlıq işlərini, güzəştli kreditləri, əkinlə bağlı subsidiyaları, müxtəlif yardımları əlavə etsək, ölkə başçısının füzulililərə olan qayğısının miqyası özünü daha aydın göstərər.
Respublikamızın paytaxtında, başqa şəhər və rayonlarda məskunlaşmış füzulili məcburi köçkünlər də diqqət və qayğı ilə əhatə olunmuşlar. 2013-cü ildə Bakıda məskunlaşmış 256 ailə Müşfiqabad qəsəbəsində, 215 ailə isə Mehdiabad qəsəbəsində hər cür şəraiti olan mənzillər almışlar.
Rayonda təhsil, mədəniyyət və səhiyyə sahələrinin qayğıları daimi nəzarətdədir və əsaslı tədbirlər həyata keçirilir. Ərazidəki 45 ümumtəhsil müəssisəsinin hamısı, tibb və mədəniyyət müəssisələrinin əksəriyyəti yenidən tikilmiş və ya əsaslı bərpa olunmuş binalarda yerləşir.
Təhsilin ən müasir texniki vasitələrlə həyata keçirilməsini, təhsil sistemində müəyyən kadr dəyişikliyini, bu sahəyə nəzarətin artırılmasını nəzərə alsaq ötən il 442 nəfərin ali və orta ixtisas məktəblərinə sənəd verməsini və onlardan 364 nəfərinin müxtəlif ali və orta ixtisas müəssisələrinə qəbul olunmasını uğur saymaq olar. Sənəd verən şagirdlərin 82 faizi ali və orta ixtisas məktəblərinə qəbul olunmuşdur.
Dövlət proqramına uyğun olaraq Horadiz şəhərində Qarabağ əlillərinə çoxmərtəbəli ev tikilməsi nəzərdə tutulmuşdur. Rayonun 50 min nəfərə yaxın əhalisi respublikanın 50 şəhər və rayonunda məskunlaşmışdı. Onların ehtiyacları, rayonla bağlı qayğıları da daimi nəzarətdədir.
İlin əvvəlindən götürülmüş sürət, 5 ayda əldə edilmiş nəticələr cari ilin də yüksək nailiyyətlər ilinə çevriləcəyini söyləməyə imkan verir. Bu gün rayonun bütün yaşayış məntəqələrində gecəli-gündüzlü quruculuq işləri gedir. Əkinlərdə ilin bol məhsulu yetişdirilir. Mal-qaranın sayı daim artır, heyvandarlıq məhsulları çoxalır. Rayonda hər şey düşmənin rayona vurduğu yaraların sağaldılmasına yönəldilib və bu sahədə əsaslı işlər görülüb.
Rayonda həyatın gur axarı, əldə edilmiş uğurlar daha böyük nailiyyətlər qazanılması üçün əsaslar yaradır, adamların sabahla bağlı arzu-ümidlərini qüvvətləndirir. Füzuli əhalisi möhkəm inanır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnəcək və rayondan kanarda yaşamağa məcbur olan ailələr də doğma ocaqlarına dönəcəklər.
Ziyəddin
SULTANOV,
“Xalq qəzeti”.
- 2014. - 12 iyun. - S. 6.