Milli musiqimizin
sabahı etibarlı əllərdədir
Uşaq və gənclər arasında xalq
çalğı alətləri ifaçılarının
III respublika müsabiqəsi qaliblərinin
Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan yekun konserti
milli musiqimizin
sabahının etibarlı əllərdə olduğunu
bir daha nümayiş etdirdi.
Təntənəli mərasimdə qalibləri təbrik edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva milli musiqi mədəniyyətimizin inkişafı sahəsində ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərini yada salaraq bildirdi ki, 30 ildən artıq bir müddətdə ulu öndərin həyata keçirdiyi sistemli siyasət nəticəsində qədim musiqi incəsənətimiz professional məcrada intibaha çatmış, bəşəri xəzinəyə dəyərli töhfələr bəxş etmişdir. Millət atasının layiqli davamçısı, Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun rəhbəri, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli mədəniyyətin tərəqqisi və təbliği ilə bağlı gerçəkləşdirdikləri irimiqyaslı, çoxcəhətli proqram və layihələr Azərbaycanı dünyaya sivil, yüksəlişdə olan müstəqil dövlət kimi tanıdır.
Nazir müavini daha sonra qeyd etdi ki, respublikada musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə 2014-cü ilin aprel - may aylarında ölkədə keçirilən uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi uğurla başa çatmışdır. Nüfuzlu münsiflər heyəti musiqi təhsili alan uşaq və gənclərin arasında ən istedadlıları aşkar edərək bu gün bu salona toplamışdır.
Sevda Məmmədəliyeva nazirliyin rəhbərliyi adından qalibləri, onların müəllimlərini və valideynlərini təbrik etdi, musiqi ifaçılığımızın davamçılarına böyük sənətə aparan yolda yeni uğurlar arzuladı, münsiflər heyətinə təşəkkürünü bildirdi.
Müsabiqənin münsiflər heyətinin sədri, xalq artisti, Dövlət mükafatı laureatı, professor Ramiz Quliyev başa çatan sənət yarışmasını istedadlı uşaq və gənclərə ulu öndər Heydər Əliyevin göstərmiş olduğu diqqət və qayğının yüksək səviyyədə davamı kimi dəyərləndirdi. Görkəmli tarzən milli musiqi mədəniyyətimizin inkişafını yüksək səviyyədə himayə etdiyinə görə Prezident İlham Əliyevə, Azərbaycan tarını UNESCO-nun mədəni irs siyahısına daxil etdirdiyinə görə ölkənin birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə etdi.
Müsabiqə barədə ətraflı məlumat verən münsiflər heyətinin sədri bildirdi ki, yarışma 2 tur, 3 yaş qrupunu əhatə etməklə, aprelin 14-dən mayın 6-dək zonalar üzrə Mingəçevir, Goranboy, Şəki, Xaçmaz, Ağcabədi, Şirvan, Ceyranbatan və Bakıda keçirilmişdir. Uşaq musiqi və incəsənət məktəblərinin, kolleclərin, Azərbaycan Milli Konservatoriyasının, onun tərkibində Respublika İncəsənət Gimnaziyası və Musiqi Kollecinin, Bülbül adına orta ixtisas musiqi məktəbinin, Qafqaz Universitetinin tar, kamança, qanun, balaban, saz, qarmon ixtisasları üzrə təhsil alan 600-dən çox şagird və tələbəsi müsabiqədə fəal iştirak etmişdir. Müsabiqə çərçivəsində ustad dərsləri də keçirilmişdir.
I turda fərqlənmiş 150 şagird və tələbə II tura buraxılmışdır. II turda isə yüksək səviyyədə çıxış etmiş ifaçılar Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi müxtəlif dərəcəli diplom, fəxri fərman, tərifnamə və pul mükafatları ilə təltif olunmuşlar.Yekunda qaliblərin paytaxt musiqisevərləri qarşısında ilk mötəbər çıxışı nəzərdə tutulub və bu gün onlar məharətlərini göstərəcəklər.
Sonda ölkəmizdə milli müsiqi mədəniyyətinə, istedadlı sənətçilərə göstərilən diqqət və qayğını minnətdarlıqla vurğulayan professor Ramiz Quliyev tar ifaçılığında qazandığı uğurlara görə bu yaxınlarda respublika Dövlət mükafatına layiq görülməsini Azərbaycan tarına dövlətimizin verdiyi ən yüksək qiymət kimi dəyərləndirdi, yeniyetmə və gənc istedadları sənətləri ilə Vətənə layiqli xidmətə çağırdı.
Mərasim iştirakçıları onlara təqdim edilən istedadlı sənətçilərin yeni dəstəsinin nümunəvi çıxışlarını alqışlarla qarşıladılar.
Konsertdən sonra müsabiqənin qalibi, qanun ifaçılığında müsabiqənin I dərəcəli diplomuna layiq görülmüş Milli Konservatoriya tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdi Fəridə Rüstəmova ilə müsahib olduq:
– Həyatımda unudulmaz bir gündür. Ən qədim musiqi alətlərimizdən olan və dövlətimizin yeritdiyi siyasətə uyğun olaraq son illərdə yeni həyatını yaşayan qanunda ifama görə respublika birincisi olmağımı ulu öndər Heydər Əliyevin uşaqların hərtərəfli inkişafı, mədəniyyətimizin çiçəklənməsi üçün yaratdığı əsasların nəticəsi hesab edirəm.
Mən sadə əməkçi ailəsində doğulsam da, müstəqil dövlətimizin hesabına ümumi və sənət təhsili alır, həvəs və qabiliyyətimi hərtərəfli inkişaf etdirirəm. Ötən il ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə keçirilən respublika müsabiqəsində həmyaşıdlarım arasında qalib olmuşam. Bu yaxınlarda isə Sankt-Peterburqda keçirilən yeniyetmə ifaçıların beynəlxalq müsabiqəsinin qran-prisinə layiq görülmüşəm.
Bütün bunlara görə dövlətimizə, onun rəhbəri İlham Əliyevə, müəllimlərimə yeniyetmə qəlbimin razılığını çatdırıram. Mən sənət uğurlarımı artırmaqla, doğma vətənimizə layiqli vətəndaş olmağa çalışacaq, həyatımı milli musiqimizin inkişafına həsr edəcəyəm.
Tahir AYDINOĞLU,
“Xalq
qəzeti”. - 2014. - 12 iyun. - S. 6.