Ben KARDİN: Azərbaycan
ABŞ-ın strateji müttəfiqidir
Amerikalı senator bu fikri
ABŞ Helsinki Komissiyasının Amerika – Azərbaycan münasibətlərinin təhlükəsizlik,
iqtisadiyyat və insan
hüquqları aspektləri üzrə keçirdiyi
dinləmələr zamanı səsləndirmişdir
Azərbaycanın dünya birliyində reytinqinin getdikcə yüksəlməsi artıq beynəlxalq aləmdə də öz təsdiqini tapıb. Bunu çoxlu faktla əsaslandırmaq mümkündür. Ancaq təkcə bir faktı qeyd etməklə də kifayətlənmək olar: 2011-ci ilin oktyabr ayında BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasına Şərqi Avropadan qeyri-daimi üzv seçkisi zamanı Azərbaycanı dünyanın 155 ölkəsi dəstəkləmiş və ölkəmiz bu nüfuzlu quruma qeyri-daimi üzv seçilmişdir.
2012-2013-cü illərdə Azərbaycan iki dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Xatırladaq ki, ölkəmiz sədrlik estafetini ABŞ-dan almışdır. Azərbaycanın sədrliyi dövründə BMT Təhlükəsizlik Şurasında 13 açıq, 16 qapalı iclas keçirilmişdir. Bu müddət ərzində BMT Təhlükəsizlik Şurasının ikisi Sudandakı vəziyyətə, biri isə Qvineya-Bisaudakı hərbi çevrilişə dair olmaqla 3 qətnaməsi, habelə mətbuat üçün 7 bəyanatı qəbul edilmişdir. Bu fakt SSRİ-nin süqutundan sonra postsovet respublikaları arasında Azərbaycanın 20 illik müstəqilliyi tarixində necə sürətli inkişaf yolu keçdiyini, dünya birliyində böyük nüfuz qazandığını, yüksək tribunalarda söz sahibi olduğunu bir daha təsdiqləyir. Ölkəmizin qısa bir zamanda yüksək reytinq qazanması və dünya birliyinə sürətlə inteqrasiyası, təbii ki, düşmənlərimizi, Azərbaycanın inkişafını gözü götürməyən dairələri, ermənipərəst beynəlxalq təşkilatları və hakimiyyət hərisi olan radikal müxalifət nümayəndələrini təşvişə salmaya bilməzdi. Ona görə də “Amnesty International”, “Human Rights Watch”, “Freedom House”, “Sərhədsiz Reportoyrlar” kimi qərəzli qurumlar tez-tez yalan və böhtanla dolu “hesabatlar” hazırlayaraq ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Ancaq onların canfəşanlıqlarına baxmayaraq, Azərbaycanın beynəlxalq aləmdəki reytinqi getdikcə yüksəlir. Belə “hesabatlar”dakı şər-böhtanla dolu “faktlara” istinad edən bəzi “siyasətçilər” də sonradan özlərini rüsvay edirlər. Biz dəfələrlə bunun şahidi olmuşuq.
Təəssüf edirik ki, Azərbaycanın suyu, havası və çörəyi ilə boya-başa çatan bəzi bədxahlar donosbazlıq edərək, ermənipərəst beynəlxalq təşkilatlara yalan faktlar ötürərək ölkəmiz haqqında mənfi rəy formalaşdıranlarla həmrəy olurlar. Hər dəfə belə qərəzli hesabatlar işıq üzü görəndə Azərbaycanın radikal müxalifət nümayəndələri ermənilərdən də artıq sevinirlər. Sanki, azərbaycanlı olduqlarını da unudurlar. Məsələn, ABŞ-ın müstəqil kütləvi informasiya vasitələrindən biri olan “Forein Policy” jurnalında ölkəmiz haqqında böhtan xarakterli məqalə tapan “Azadlıq” qəzetinin rəhbərliyi necə sevincək olubsa, hətta, qəzetin 12 iyun 2014-cü il tarixli sayının 9-cu səhifəsində bu jurnalın adını belə təhrif edib– (“Foren Policy”).
Bu il iyunun 11-də ABŞ Helsinki Komissiyası Azərbaycan üzrə dinləmələr keçirilən zaman da həmin qərəzli təşkilatların saxta hesabatlarına əsaslanan bəzi diplomatlar iç üzlərini bəyan etdilər. Qeyd edək ki, həmin dinləmələr zamanı ABŞ-Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadiyyat və insan haqları aspektləri müzakirə olunub. “Azadlıq” qəzeti yenə də bəzi məqamlarla əlaqədar sevincini gizlədə bilməyib. Çünki yenə də qəzetin həmin sayında ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) Azərbaycana həsr etdiyi dinləmələr zamanı ölkəmiz haqqında səsləndirilmiş obyektiv fikirlərin üstündən sükutla keçib, bir-iki qərəzli çıxışlardan bəzi məqamları seçərək dərc edib.
ABŞ-Azərbaycan münasibətlərində təhlükəsizlik, iqtisadiyyat və insan haqları aspektləri üzrə dinləmələrə senator Ben Kardin rəhbərlik edib. Dinləmələrdə ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri Tom Melia, Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Erik Rubin, Demokratiyaya Dəstək Fondunun (NED) Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy və Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Mərkəzinin elmi tədqiqatçısı Brenda Şaffer çıxış ediblər.
Dinləmələr zamanı amerikalı
diplomatların əksəriyyəti ölkəmizdəki
inkişafı obyektiv qiymətləndirmiş,
ABŞ-Azərbaycan əməkdaşlığının,
ikitərəfli münasibətlərin müsbət olduğunu bildirmişdir. Senator Ben Kardin
çıxışında bildirib ki, Azərbaycan
ABŞ-ın strateji müttəfiqidir. O, təhlükəsizlik sahəsində
ABŞ hərbi qüvvələri ilə birgə Azərbaycan
hərbiçilərinin Əfqanıstanda xidmətini
xüsusi vurğulayıb. Senator diqqətə
çatdırıb ki, Azərbaycan BMT Baş
Assambleyasının sessiyasında Ukraynanın ərazi
bütövlüyünün dəstəklənməsinə
dair səsvermədə ABŞ-ın mövqeyinə tərəfdar
çıxan bir ölkədir. İqtisadi
baxımdan zəngin olan Azərbaycan neft sektorunda önəmli
ölkədir. Həmçinin, mineral
ehtiyatların hasilatı (EITI) üzrə sənaye sahələrindən
əldə olunan gəlirlərin şəffaf idarə edilməsində
Azərbaycan ilk ölkələrdən birinə çevrilib.
Ben Kardin deyib ki, Ukrayna hadisələri ilə
yanaşı, Azərbaycana səfərimiz zamanı
dondurulmuş münaqişələr, xüsusilə,
Dağlıq Qarabağ münaqişəsi barədə
müzakirələr aparmaq gündəmimizdədir.
Senator qeyd edib ki, enerji sektorunda Azərbaycan
EITI-yə (Extractive İndustries Transparency İnitiative)
qoşulan ilk ölkələrdən olub. Azərbaycan
ABŞ-ın regionda mühüm müttəfiqlərindən
olan İsrail ilə çox konstruktiv münasibətlərə
malikdir.
ABŞ Dövlət katibinin Avropa və Avrasiya işləri
üzrə köməkçisinin müavini Erik Rubin də
iki ölkə arasındakı əməkdaşlığı
yüksək qiymətləndirərək bildirmişdir ki, Azərbaycan
ilə əməkdaşlıq ABŞ üçün
çox önəmlidir. E.Rubin demişdir: “İyirmi ildən çoxdur demokratik,
firavan və təhlükəsiz cəmiyyətin qurulması
üçün ABŞ Azərbaycanla birgə səylər
göstərir. Azərbaycan NATO və
ABŞ-ın Kabuldan Kosovoyadək əsas müttəfiqlərindən
biri olub. Hazırda Azərbaycanın 94 nəfərdən
ibarət hərbi birləşməsi Əfqanıstanda xidmət
göstərir və 2014-cü ildən sonra da orada xidmətlərini
davam etdirmək niyyətindədirlər. Azərbaycan
Şimal Təchizat Şəbəkəsində (NDN) əsas
bağlayıcıdır. Qeyri-hərbi
yüklər ABŞ-dan Əfqanıstan ərazisinə və
oradan da geriyə Azərbaycanın hava məkanı vasitəsilə
daşınılır. Xəzər dənizinin
təhlükəsizliyinin gücləndirilməsi,
terrorçuluğa qarşı mübarizə, kütləvi
qırğın silahlarının yayılmasının
qarşısının alınması və dəniz domen məlumatlandırma
sistemi ABŞ-ın Azərbaycana göstərdiyi əsas
yardımlar siyahısında prioritet olmağa davam edir”.
O, həmçinin
qeyd edib ki, ABŞ Azərbaycan ilə iqtisadi sahədə artan
əlaqələrinə, xüsusilə, enerji sahəsində
əməkdaşlığının inkişaf etməsi ilə
bağlı məmnunluq hissi keçirir. Azərbaycanın
Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyindəki
rolu çox önəmlidir.
Dövlət katibinin
Avropa və Avrasiya məsələləri üzrə
müşaviri Erik Rubin Azərbaycanla əməkdaşlığın
gələcəyinə inamla baxdığını söyləyib
və mühüm strateji tərəfdaş münasibətlərinin
inkişafına ümidvar olduğunu bildirib.
Hayfa Universitetinin professoru Brenda Şeyfer də Azərbaycanı
strateji baxımdan əhəmiyyətli ölkə hesab edib. Onun fikrincə,
Azərbaycan müstəqillik dövründə, demək olar
ki, hər bir əhəmiyyətli məsələdə
ABŞ-ın müttəfiqi olub. Amerikalı
professor bildirib ki, Azərbaycan əhalisinin əksəriyyəti
müsəlman olmasına baxmayaraq, dünyəvi bir dövlət
qurmuş, eyni zamanda dini və etnik mənsubiyyətindən
asılı olmayaraq, hər bir vətəndaşın
hüquqlarını qoruyur. Ölkədə dini
azadlıqların təmin olunması ilə yanaşı, dində
azadlıq vardır və heç kimə dini təzyiq yoxdur:
“Azərbaycanın strateji seçimi ABŞ və Avropa
yönümlü siyasətdir”.
Senator Roger Wicker isə Əfqanıstanla bağlı
yardımına görə azərbaycanlılar
qarşısında baş əydiklərini vurğulayıb. R.Wicker Azərbaycanın
ABŞ üçün strateji əhəmiyyətini qeyd
etmiş və Azərbaycan hökumətinə ABŞ-a
Əfqanıstan məsələsində və başqa təhlükəsizlik
sahələrində göstərdiyi yardıma görə təşəkkürünü
bildirmişdir.
Göründüyü kimi, dinləmələr
zamanı ölkəmiz haqqında yüksək fikirlər səsləndirilmiş,
ABŞ-Azərbaycan əməkdaşlığının
inkişaf etdiyi, ölkəmizin strateji müttəfiq
olması diqqətə çatdırılmışdır. Təbii ki, Azərbaycanın
inkişafını gözü götürməyən bəzi
diplomatlar da qərəzli beynəlxalq təşkilatların və
radikal müxalifətin donosbazlığına istinad edərək
“köhnə bayatıları” yenidən gündəmə gətirməyə
cəhd etmişlər. “Azadlıq” qəzeti
də bu “ciddi tənqid”dən məmnunluğunu gizlədə
bilməyərək, həmin qərəzli
çıxışları sevinclə dərc etmiş, hətta,
guya Azərbaycanın ABŞ-dan “sarsıdıcı zərbə”
aldığını şad xəbər kimi
çatdırmağa çalışmışdır.
Nə imiş görəsən
“Azadlığ”ı sevindirən bu “sarsıdıcı zərbə”?
ABŞ Dövlət
katibinin demokratiya, insan haqları və əmək məsələləri
üzrə müşaviri Tomas Melia ölkədə guya insan
haqlarının qorunmasının pisləşdiyini, “siyasi məhbuslar”ın
artdığını, insanların siyasi fəaliyyətinə
görə həbs olunduğunu deyib. Həm amerikalı
diplomatın, həm də “Azadlıq qəzeti”nin
diqqətinə çatdırmaq istərdik ki, Azərbaycanda
insan haqlarının müdafiəsi daim dövlətin diqqət
mərkəzində saxladığı prioritet məsələlərdəndir.
Fakt üçün deyək ki, Prezident
İlham Əliyev son 10 ildə 35 160 nəfərdən
çox məhkumu azadlığa buraxıb. 1995-2003-cü illərdə Azərbaycanda 7 amnistiya və
32 əfv sərəncamı ilə 21325 məhkum
azadlığa qovuşub.
Ölkə rəhbəri İlham
Əliyev 2003-cü ildən 2013-cü ilədək, yəni fəaliyyətinin
10 ili ərzində 23 əfv sərəncamı
imzalayıb. Dövlət
başçısının fərman və sərəncamlarına
əsasən, indiyədək 5683 nəfərdən çox məhkum
azadlığa buraxılıb. 1995-ci ildən
2013-cü ilədək 55 əfv sərəncamı
imzalanıb. 2003-2013-cü illərdə
üç dəfə, 2007-ci ildə 9877, 2009-cu ildə 9564,
2013-cü ildə isə 10 040 məhkum barəsində
amnistiya tətbiq edilib.
Amerikalı
diplomatın Emin Milli və Adnan Hacızadənin 2009-cu ildəki
həbsini 5 ildən sonra gündəmə gətirməsi isə
“köhnə palan içi eşələmək”dən
başqa bir şey deyil. Dinləmələrdə REAL hərəkatının
sədri İlqar Məmmədov, Müsavat Partiyasının
başqan müavini Tofiq Yaqublu və bir sıra başqa “siyasi
fəal”ların həbsini dinləmə
iştirakçılarının diqqətinə
çatdırmaqla ölkədə insan haqlarının “pisləşdiyi”
barədə rəy formalaşdırmaq istəyən Tomas
Melia nədənsə unudub ki, hüquqlarını “müdafiə
etdiyi” şəxslər konkret olaraq törətdikləri cinayət
əməllərinə görə həbs ediliblər. Bunu həmin şəxslərin özləri də
etiraf ediblər. Hazırda həbsdə
olan NİDA Vətəndaş Hərəkatının fəal
üzvlərindən biri olan Bəxtiyar Quliyev Prezident İlham
Əliyevə açıq məktubla müraciətində də
bunu etiraf edib.
2013-cü
ilin martında Azərbaycanda kütləvi
iğtişaşlara cəhdə görə 7 il
müddətinə azadlıqdan məhrum edilən B.Quliyev
Prezidentə müraciətində səhv etdiyini
anladığını bəyan edərək
bağışlanmasını istəyib. O, müraciətini
belə bitirib: “Mən bir daha nəzərinizə
çatdırmaq istəyirəm ki, yanlış insanların
təxribatlarına uyaraq etdiyim cinayət əməlinə
görə səmimi peşmançılıq hissi
keçirirəm”. Bu müraciətdən sonra həm Tomas
Melia, həm də “Azadlıq” qəzeti yalan və qərəzli
mövqelərinə görə, yəqin ki, Bəxtiyar Quliyevdən
də çox peşmançılıq hissi çəkəcəklər.
Demokratiyaya Dəstək Fondunun (NED) Rusiya və Avrasiya
üzrə direktoru Miriam Lanskoy isə öz
çıxışında ABŞ-Azərbaycan əməkdaşlığının
inkişafından sanki qısqandığını
açıq şəkildə büruzə vermiş və
iki ölkə arasındakı münasibətlərin
korlanması üçün əsası olmayan məsələlərdən
söhbət açmışdır. O demişdir ki, guya son dövrlərdə
Azərbaycanda açıq-aşkar ABŞ əleyhinə
kampaniya aparılır. Onun deməsinə
görə, guya vəziyyət o həddə çatıb ki,
Prezident Administrasiyasının rəhbəri məqalə ilə
çıxış edərək, ABŞ-ın
ünvanına sərt ittihamlar səsləndirib. Bu fikirlərin
müəllifi xanım Lanskoy, görünür ABŞ-ın
digər ölkələrə demokratiya, söz, fikir
azadlıqları, insanların öz fikirlərini sərbəst
ifadə etmələrinə şərait yaratmaq barədə
“dərs verməsini” unudub. Necə ola bilər ki, bəzi
amerikalı diplomatlar bizim ölkəmiz haqqında yalan və
böhtan xarakterli fikirlər səsləndirə bilərlər
və ya Azərbaycan ərazisinin 20 faizinin işğal
altında saxlanılmasına, bir milyondan artıq
soydaşımızın 20 ildən artıqdır ki,
qaçqın və məcburi köçkün şəraitində
yaşamasına göz yuma bilərlər, biz isə əsl həqiqəti
deyə bilmərik? Ona görə də
xanım Lanskoyun dinləmələr zamanı səsləndirdiyi
fikrin heç bir əsası yoxdur və bu, yalnız iki
ölkə arasındakı əməkdaşlığın
yüksələn xətt üzrə inkişafından
doğan qısqanclıq hissindən başqa bir şey deyil.
Dinləmələr zamanı QHT-lərə münasibətə
və bu sahədə qəbul olunan qərarlara edilən dəyişikliklərə
mənfi münasibət bildirilməsi də qərəzdən
irəli gəlir.
Dinləmələrdə
çıxış edən diplomatların çoxu
ABŞ-Azərbaycan əməkdaşlığının və
münasibətlərin getdikcə
yaxşılaşdırılması üçün əlverişli
şərait yaradılmasının tərəfdarı
olduqlarını bildirmişlər.
Əliqismət
BƏDƏLOV,
“Xalq
qəzeti”. - 2014. - 13 iyun. - S. 4.