Masallıda III Beynəlxalq Folklor Festivalı başlanır

 

 Artıq bir neçə ildir ki, Masallı şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunmuş beynəlxalq folklor festivalları keçirilir. Artıq bu festival Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına daxil edilmişdir. Sayca 3-cü olan növbəti festivala bu gün  start verilir.

 

 Festivalda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Litva, Latviya və RF-nin Dağıstan Respublikasını təmsil edən folklor qrupları  dəvət olunublar.

 

Tədbirin təntənəli açılış mərasimi Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı meydanda keçiriləcək. Sonra həmin meydandan Nizami Gəncəvi adına parka doğru iştirakçı qrupların öz ölkələrinin bayraqları ilə parad-yürüşü təşkil ediləcək. Festival iştirakçıları parkda Azərbaycanın cənub bölgəsinin xalq sənətkarlığı və milli  kulinariya sərgisi ilə tanış olacaqlar. Axşam isə Heydər Əliyev parkında III Beynəlxalq Folklor Festivalının açılış konserti   təqdim ediləcək. 

 

Festivalın 2-ci günü folklor qrupları Masallı rayonunun Qızılağac və Tüklə kəndlərində əhali qarşısında çıxış edəcəklər. Axşam  qonaqlar üçün veriləcək ziyafətdə yerli mətbəxin ləziz təamları  təqdim olunacaq.

 

Ulu öndər Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş III Beynəlxalq Folklor Festivalının yekun konserti  iyunun 15-də Heydər Əliyev parkında təşkil olunacaq. Qaliblərə diplomlar və hədiyyələr veriləcək.

 

 

 

Əli NƏCƏFXANLI,

 

Xalq qəzeti”. - 2014. - 13 iyun. - S. 6.