Azərbaycan
intibahının
əsasını qoymuş lider
Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram.
Nikolay BAYBAKOV,
keçmiş
SSRİ Nazirlər Soveti Sədrinin müavini,
Dövlət Plan Komitəsinin sədri (1965 - 1985)
Hər bir xalqın tarixində nadir
şəxsiyyətlər olur. Adları cəmiyyətin
yaddaşına həkk olunmuş böyük dövlət xadimləri öz xalqlarının, bəzən də digər
xalqların və dövlətlərin inkişaf
xəttini müəyyənləşdirir, bəşəri
problemlərin həllində mühüm rol oynayırlar. Belə parlaq şəxsiyyətlərdən olan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyi
üçün təhlükəli bir dövrdə xilaskar lider missiyasını öz üzərinə götürərək
xalqımızın və dövlətimizin tarixində dönüş yaratmış və keyfiyyətcə
yeni bir inkişaf mərhələsinin əsasını
qoymuşdur.
Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi birinci dövr öz əzəmətli inkişaf göstəricilərilə
dahi şəxsiyyətlərin tarixin gedişində həlledici
rolunu göstərən gözəl nümunədir. Azərbaycan SSR-ə rəhbərlik etdiyi 13 il ərzində ulu öndər iqtisadiyyatın
inkişafında və xalqın həyat səviyyəsinin
yüksəldilməsində böyük uğurlara nail oldu. Güclü iradə sahibi olan
müdrik dövlət xadimi
bütün sağlam
qüvvələri ətrafına toplayaraq,
əvvəllər az tanınan, durğunluq dövrünü
yaşayan Azərbaycanı dinamik inkişaf edən, cəmiyyətin
bütün problemlərini müvəffəqiyyətlə
həll edən, böyük
addımlarla irəliləyən qabaqcıl respublikaya
çevirdi.
Daha sonra müstəqillik dövrünün ilk illərində
Azərbaycanda bütün sahələrin
dərin böhran içində olduğu, dövlət kimi
mövcudluğu sual
altında qaldığı 1993-cü ildə Heydər
Əliyev şəxsiyyətin tarixdə böyük
rolunu bir daha təsdiq edərək xilaskar
və qurucu lider
missiyasını üzərinə götürüb
xalqının taleyində dönüş
yaratdı. Azərbaycana rəhbərliyinin ikinci
dövründə ulu öndərin
qarşısında mahiyyəti və xarakteri
etibarilə daha böyük
və mürəkkəb vəzifələr durmuşdu:
başlanmaqda olan qardaş qırğınının, vətəndaş
müharibəsinin qarşısını almaq,
ölkədə siyasi sabitliyə, cəbhədə
atəşkəsə nail olmaq
və s. Bu vəzifələr qan
tökülmədən, siyasətçi müdrikliyi
və diplomat məharətilə həll edildi. Ölkədə demokratik
dəyərlərə məxsus bazar
münasibətlərinə əsaslanan genişmiqyaslı iqtisadi islahatların keçirildiyi
vətəndaş cəmiyyəti quruculuğu
başlandı və qısa müddətdə böyük nailiyyətlər əldə edildi.
Heydər
Əliyev ikinci dəfə əldə etdiyimiz dövlət müstəqilliyimizə əbədilik
qazandırdığına, milli dövlətçiliyimizi
məhv olmaq təhlükəsindən xilas etdiyinə, ölkədə başlanmaqda olan vətəndaş
müharibəsinin qarşısını aldığına,
şəxsən özünün işləyib
hazırladığı yeni neft strategiyasının icrası nəticəsində
ölkə iqtisadiyyatında möhtəşəm inkişafa nail olduğuna, eləcə də gənc müstəqil
dövlətimizin beynəlxalq aləmə inteqrasiyasını
reallığa çevirdiyinə görə adı milli tariximizə əbədilik
yazılmış şəxsiyyətdir. Müstəqilliyimizin
bərpasından sonra
yaşadığımız ilk illərdə
ulu öndər Azərbaycanı parçalanmaqdan, xalqımızı milli fəlakətdən, təbii sərvətlərimizi
talandan xilas etdi. Bununla yanaşı, onun müasir tariximizdə
xidməti çağdaş Azərbaycanın
intibahının əsasını
qoymasıdır.
Ümummilli liderimizin böyük tarixi şəxsiyyət
olduğunu bir sıra
tanınmış insanlar təsdiqləmişlər.
Görkəmli dövlət xadimi,
Türkiyənin sabiq Prezidenti
Süleyman Dəmirəl demişdir:
“Heydər Əliyev kimi insanlar
bu dünyanın naxışı, əşrəfidir.
Zatən, bu cür
insanların varlığıdır dünyanı
çökməyə qoymayan”.
15 İyun - Milli Qurtuluş Günü
münasibətilə qələmə alınan bütün məqalələrdə olduğu kimi, bu yazıda da müstəqilliyimizin
1993-cü ilin yayına qədərki
dövründə üzləşdiyimiz çoxsaylı məhrumiyyət
və məşəqqətlərin bir
neçəsini yada salmaq
istəyirik. Mixail Qorbaçovun başladığı “yenidənqurma”nın
fəsadlar verməyə başladığı illərdə
Azərbaycana rəhbərlik edən şəxslərin zəifliyi
ölkəmiz üçün
çoxsaylı problemlər yaratmışdı. Ermənilərin
Azərbaycana qarşı irəli sürdükləri ərazi
iddialarına ciddi cavablar
verilməmiş, xalqın azadlıq hərəkatının
“beşikdəcə boğulmasını” təşkil etməkdən
ötrü Bakıya qoşun
çağırılmış, Xocalı
soyqırımı kimi faciə həm
ölkə əhalisindən, həm də dünya
ictimaiyyətindən gizlədilmiş, ölkədə
yaranmış xaos və anarxiyadan
istifadə edən qüvvələrin respublikamızı bir neçə yerə parçalamaq
planları ortaya atılmış, vətəndaş
müharibəsinə “start” verilmişdi. Bütün
bunların nəticəsində xalqın həyat şəraiti
kəskin şəkildə pisləşmiş, ən
başlıcası, milli dövlətçiliyimiz
ikinci dəfə itirilmək təhlükəsi
ilə üz-üzə qalmışdıq. Bu,
bir faktdır ki, ümummilli liderimiz Heydər
Əliyev ölkədə siyasi hakimiyyətə
qayıtmasaydı, Azərbaycanın dövlət müstəqilliyinin
əldən getməsinə çalışanlar mütləq
öz məqsədlərinə
çatacaqdılar. Heydər Əliyevin
qayıdışı ilk növbədə
həmin bədxahlarımızın arzularını gözlərində
qoydu.
Heydər
Əliyevin 1993-cü ildə möhtəşəm
qayıdışından başlanan quruculuq illəri
qüdrətli, müstəqilliyi əbədi, dönməz
və sarsılmaz olan Azərbaycan dövlətinin
qurulması ilə nəticələndi. Ümummilli
liderin həyata keçirdiyi xilaskarlıq və quruculuq
missiyası öz gözəl bəhrəsini verdi: 2003-cü ildə Azərbaycan özünü
tam doğrultmuş siyasi strategiyaya malik, inamla irəli gedən, iqtisadiyyatını, sosial həyatının bütün
sahələrini inkişaf etdirən, beynəlxalq
aləmdə tanınan və nüfuz
qazanmış gənc müstəqil
dövlət idi. Heydər Əliyev şərəfli
ömrünün son
anlarına qədər öz həyatını
doğma xalqına həsr etdi.
Xalqın taleyini, ölkənin gələcəyini
ən çox inandığı, etibar etdiyi, o vaxtlar respublikanın Baş naziri vəzifəsində
işləyən İlham Əliyevə
tövsiyə etməsi onun Azərbaycan xalqına
verdiyi ən böyük
töhfələrdən biri oldu. Möhtərəm Prezidentimiz
İlham Əliyev müasir
Azərbaycanın lideri olaraq
ümummilli liderin
siyasətini sadəcə davam etdirməklə
kifayətlənmədi, onu keyfiyyətcə
yeni mərhələyə
qaldırdı, müasirləşdirdi və inkişaf
etdirdi. Bu gün ölkəmizin
qazandığı hər uğurun, hər
qələbənin əsasında Heydər Əliyevin siyasi müdrikliyi,
uzaqgörənliyi və onun
davamçısı Prezident İlham Əliyevin iradəsi, zəkası, cəsarəti
və xalqına dərin məhəbbəti dayanır.
Yaşadığımız
dövrdə ölkəmizin sürətli inkişafı qürur doğurur. Lakin bu uğurları dəyərincə qiymətləndirmək
üçün yenə də 21 il əvvələ - başlanğıc
nöqtəsinə qayıtmalıyıq.
Bir təhsil sistemi təmsilçisi kimi qeyd etməliyəm ki, o dövrdə cəmiyyət
həyatının bütün sahələrində
ağır problemlər olsa da, bəlkə ən sarsıdıcı zərbələr
təhsil sektoruna dəymişdi. Bu sahəyə rəhbərlik
edən diletantların “islahatları” nəticəsində təhsil
və elm müəssisələri bərbad
vəziyyətə gətirilmişdi. Təhsilə maraq sönmüş, təhsil
müəssisələri tənəzzül
bataqlığına qərq olmuşdu. Milli Elmlər Akademiyasının fəaliyyətinin
dayandırılacağı barədə fikirlər səsləndirilirdi.
Guya, hansısa xarici
ölkədə belə akademiyaların olmadığına
görə Elmlər Akademiyasının
bağlanmasının zəruri olduğunu
söyləyən dövlət rəsmiləri də var idi. Xalqın tələbi
və təkidi ilə Heydər Əliyevin siyasi
hakimiyyətə qayıdışı ilə cəmiyyətin
bütün sahələri kimi təhsil sektoru da nicat tapdı.
Ümumiyyətlə,
Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə
təhsil sektoru onun ən
çox diqqət ayırdığı
sahələrdən biri olub.
Fikrimizcə, Milli Qurtuluş Günü
münasibəti ilə qələmə
aldığımız yazıda ulu
öndərin milli təhsilimizin inkişaf etdirilməsi üçün
həyata keçirdiyi tədbirlərin
tarixçəsinə daha çox
yer ayrılması təhsil işçisi kimi nümayiş etdirdiyimiz qədirbilənlik
kimi qiymətləndiriləcək.
Öncə qeyd edək ki, ümummilli liderimizin respublikaya ilk dəfə rəhbərlik
etdiyi 1969-1982-ci illərdə ölkəmizdə
414 məktəbəqədər tərbiyə müəssisəsi,
792 ümumtəhsil məktəbi, 132 texniki
peşə məktəbi tikilib istifadəyə
verilmişdi. Nəzərə alaq ki, həmin illər bütün bu işlərin
görülməsi üçün
Moskvanın razılığı və SSRİ büdcəsindən
vəsait ayrılması lazım idi. Heydər
Əliyev bütün bunları özünün şəxsi nüfuzu
hesabına reallaşdıra bilirdi. Bundan başqa, ulu öndər
ölkə iqtisadiyyatında və cəmiyyət həyatında
daha böyük ehtiyac olan ali
təhsilli kadrların yetişdirilməsi məsələsini
daim diqqət mərkəzində
saxlayır və həmin sahədə çox
böyük nailiyyətlərə imza atırdı. 1970-80-ci illərdə respublikanın ali məktəblərində
100-dən artıq yeni kafedra,
40-dan çox yeni
fakültə açılmışdı. O dövrdə
ölkənin ali məktəblərində
100-ə qədər yeni ixtisas
üzrə ali təhsilli mütəxəssislərin
hazırlanmasına başlanmışdı. Həmin illərdə
respublikada 6 yeni ali məktəb
yaradılmışdı. Bunlar Azərbaycan
İnşaat Mühəndisləri İnstitutu (1975-ci il), Azərbaycan
Dövlət Pedaqoji Rus
Dili və Ədəbiyyatı İnstitutu (1973-cü il),
Azərbaycan Pedaqoji Xarici
Dillər İnstitutu (1973-cü il) və başqaları idi.
Bundan başqa, həmin
illərdə ölkəmizdə 12 yeni texnikum yaradılmışdı ki, bu da
orta ixtisas məktəblərində
təhsil almaq istəyənlərin arzusunun gerçəkləşməsinə bir yardım idi.
Müstəqillik
dövründə ölkəyə rəhbərlik etdiyi 10 il ərzində də
təhsil sahəsi ulu öndərin diqqət
mərkəzində olmuşdur. Ölkənin
ağır vəziyyətdə olduğuna, siyasi sabitlik yaratmaq,
iqtisadiyyatı canlandırmaq, ölkəni dünyaya
tanıtmaq kimi nəhəng vəzifələrlə
məşğul olduğuna baxmayaraq,
Heydər Əliyev təhsili millətin gələcəyi kimi qiymətləndirərək, bu sahənin inkişafı üçün
ardıcıl siyasət aparmışdır. 1995-2001-ci illərdə
müəllimlərin maaşı 9 dəfə
artırılmış, 1998-ci ildə müəllimlərin
qurultayı keçirilmiş,
bir sıra ali məktəblərə maliyyə müstəqilliyi verilmiş, 2 yeni ali məktəb yaradılmış, 7 ali məktəb universitet statusu almış, 700 nəfərdən
artıq təhsil işçisi fəxri adlara və başqa
dövlət təltiflərinə layiq görülmüşdür.
Ali məktəblərə yüksək balla
qəbul edilmiş tələbələrə
Prezident təqaüdünün verilməsi,
ümumtəhsil məktəblərinin maddi-texniki
bazasının möhkəmləndirilməsi ilə əlaqədar
xüsusi Prezident sərəncamının
imzalanması və başqa bu kimi tədbirlər dövlət
başçısının təhsilə, təhsil alanlara və təhsil işçilərinə
böyük qayğı və diqqətinin
parlaq təzahürüdür.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik
etdiyi 2003-2014-cü illərdə həmin
tendensiya bilavasitə Heydər Əliyevin arzu etdiyi səviyyədə
davam etdirilmişdir. Cəmi
on ildə Azərbaycanda 7 yeni
ali məktəb
yaradılmışdır. Azərbaycan Diplomatik
Akademiyası, Azərbaycan Turizm İnstitutu, M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin Bakı filialı və
başqaları bunlardandır.
Təhsil sahəsində
dövlətimizin siyasəti Prezident İlham Əliyevin
diqqətindədir və bu gün də uğurla davam etdirilir. Məhz
dövlət başçısının təhsilə diqqət
və qayğısının nəticəsidir ki, təhsil tariximizdə ilk
dəfə olaraq 16 inkişafyönümlü
dövlət proqramı təsdiq olunmuş
və uğurla həyata keçirilməkdədir.
Təhsilin ayrı-ayrı sahələrinin
inkişafı üzrə real vəziyyətin
təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların
reallaşdırılması nəticəsində təhsil infrastrukturunun müasir tələblərə
uyğun qurulması, təhsilin məzmununun
yeniləşdirilməsi, yeni dərslik
siyasətinin reallaşdırılması,
təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi
üzrə yeni model və
mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına
uyğun kadr hazırlığı
və təminatının
yaxşılaşdırılması, təhsil müəssisələrinin
informasiya-kommunikasiya texnologiyaları ilə
təmin edilməsi və təhsil sisteminin
informasiyalaşdırılması, məktəbəqədər,
texniki-peşə, ali təhsil, xaricdə
təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili,
de-institutlaşdırma və digər bu kimi sahələrdə əhəmiyyətli
nailiyyətlər əldə olunmuşdur.
Azərbaycan
Boloniya prosesinə qoşulmuş,
Avropa təhsil məkanına inteqrasiya istiqamətində əhəmiyyətli
addımlar atılmışdır. “2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali təhsil
sistemində islahatlar üzrə Dövlət
Proqramı”nın icrası istiqamətində tədbirlər
həyata keçirilmişdir.
Ali təhsilin normativ-hüquqi
bazası yeniləşdirilmiş, bakalavriat
və magistratura səviyyələri
üzrə beynəlxalq tələblərə cavab verən ixtisas təsnifatları
hazırlanmışdır. Bakalavriat səviyyəsi
üzrə təsnifata müvafıq kredit
sisteminə uyğunlaşdırılmış yeni nəsil təhsil proqramları
hazırlanır. Hazırda bütün ali məktəblərdə tədris Avropa Kredit Transfer
Sisteminin tələbləri əsasında
təşkil olunmuşdur.
Müasir maliyyələşdirmə mexanizmi tətbiq edilmişdir.
Universitetlərdə yeni idarəetmə
strukturları, keyfiyyəti təmin edən akkreditasiya
mexanizmi yaradılmış,
özünüidarəetmə orqanlarının təşkilinə
başlanmışdır. Təhsil müəssisələrin
beynəlxalq əlaqələri və beynəlxalq proqramlarda iştirakı genişlənmişdir.
Ali məktəblərdə İKT-nin tətbiqi genişləndirilmiş, semestr və buraxılış
imtahanlarının İKT-dən istifadə etməklə
keçirilməsi ictimaiyyət tərəfindən rəğbətlə
qarşılanmışdır.
Heydər Əliyevin
ideyalarını müasir müstəvidə
həyata keçirən ölkəmiz bu gün təhsil sahəsində daha ciddi hədəflər
qarşısındadır. “Azərbaycan-2020: gələcəyə
baxış” İnkişaf
konsepsiyasının, “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul
olunması və həyata keçirilməsi ümummilli
lider Heydər Əliyevin
yaratdığı baza əsasında
ölkəmizdə təhsil sahəsinin keyfiyyətcə yeniləşməsini
və müasir, savadlı, yüksək
potensiala malik gənc
nəslin formalaşmasını təmin edəcək. Bu isə Azərbaycanın intibah
dövrünün davam
edəcəyinə əmin olmağa əsas verir.
Gülçöhrə MƏMMƏDOVA,
Azərbaycan Memarlıq və
İnşaat Universitetinin rektoru,
memarlıq doktoru, professor
Xalq qəzeti.- 2014.- 15 iyun.- S.9.