Dövlət müstəqilliyimizin
xilas edildiyi,
gerçək
suverenliyin başlandığı gün
Ən böyük şəxslər özündən çox, mənsub olduğu xalqı düşünən, onun xoşbəxtliyi yolunda həyatını verən insanlardır.
Mustafa Kamal ATATÜRK
15 iyun
1993-cü il. Yenicə müstəqillik
qazanmış xalqımızın üzləşdiyi
böhranlı, təlatümlü günlərin xilas məqamına
çatdığı o tarixi gündən 21 il
keçir. Öldü-qaldı məsələsində
xalqın doğru-düzgün seçiminin gerçəkləşdiyi,
yenilməz iradəsinin qalib gəldiyi o nicat günü,
haqlı olaraq, suverenlik tariximizə Milli Qurtuluş
Günü kimi daxil olmuşdur. Həmin
gün xalqın bağrından qopub dünya siyasətinin zirvəsinə
yüksəlmiş qüdrətli soydaşımızın –
ümümmilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışı tarixi taleyimizə, insanlıq
haqlarımıza sahib çıxmağımızın
başlanğıcı oldu.
Tarixə qızıl hərflərlə yazılan 15
iyun günü, həqiqətən, xalqımızı
qurtuluş yoluna çıxaran dönüş nöqtəsi
olmaqla yanaşı, həm də milli təqvimimizə
barış günü, dövlət müstəqilliyimizin
dönməzliyinə hökm verildiyi zaman kimi daxil oldu. O
gün yenicə yaranmış müstəqil Azərbaycan
dövləti gerçək suverenliyini itirməkdən,
parçalanmadan, sonu görünməyən fəlakətlər
girdabına yuvarlanmaqdan xilas edildi.
Bir sıra ölkələr kimi, Azərbaycan
da etnik cəhətdən yekrəng deyil. İki əsrlik imperiya əsarəti altında
ölkəmizdə dövlətçilik şüuru kifayət
qədər inkişaf etmədiyindən etnik-milli hisslərin
qızışması o dövrdə təhlükəli
separatçı hərəkatlara rəvac vermişdi.
Başabəla və naşı AXC-Müsavat cütlüyü
hakimiyyəti bu meylləri cilovlamaq əvəzinə, bir az da qızışdırdığı
günlərdə, heç olmasa, elm adamları, ziyalılar
doğru yol göstərdilərmi, nəsə eləməyə
çalışdılarmı? – Xeyr. Təkcə
ona görə yox ki, istəmədilər, həm də ona
görə ki, elm özü hələ bu prosesləri dərk
etməmişdi.
Lakin 1993-cü il iyunun 15-dən yenicə
hakimiyyətə gəlmiş ulu öndər Heydər
Əliyevin zəkası müstəsna bir dahiliklə
böhran həddinə çatmış
dağıdıcı, pozucu prosesləri məcrasına
qaytarandan sonra ölkədə milli barış və vətəndaş
həmrəyliyi sürətlə bərqərar olmağa
başladı. Prezident Heydər Əliyevin
müstəsna əhəmiyyət verdiyi milli siyasət
insanlarda etnik-milli duyğularla yanaşı, həm də
ictimai-siyasi özünüdərkin, vətəndaşlıq
hisslərinin formalaşmasına yönəldildi. Ulu öndərin “Xalqın, Vətənin taleyi hər
bir insanın taleyinə çevrilməlidir” ideyası bu sahədəki
fəaliyyətin istiqamətini müəyyən etdi.
Heydər Əliyev üçün həyatı
boyu vətəndaşlıq duyğusu hər şeydən
üstün olmuşdur. Ulu öndərin humanist
fikirləri və bəşəri
çağırışları 1993-cü ilin böhranlı
günlərində dünyanın hər yerində
eşidildi. Dünya gördü və
anladı ki, müstəqil Azərbaycanın idarəçiliyi
sükanı arxasına bəşəri düşüncəli,
beynəlxalq düzəndə oz ölkəsinin layiqli yerini təmin
etməyə qadir nəhəng bir siyasətçi gəlmişdir.
Bu həqiqətin dünyada dərk olunması Azərbaycana
qarşı yönəlmiş məkrli qəsdləri səngitdi,
müstəqil dövlətə rahat nəfəs almağa
imkan verdi.
Bunu da qeyd etmək lazımdır ki, Heydər Əliyev
Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ probleminin həlli
məsələsində ilk gündən təkcə Azərbaycanın
suveren maraqlarını yox, həm də bəşəri ədaləti,
beynəlxalq hüququ, Ermənistanın özünün də
xilasını tam obyektivliklə nəzərə
almışdı. Ulu öndər iki qonşu
xalq arasında qanlı müharibəni körükləyənləri
ittiham etmiş, onun perspektivsizliyini vaxtında başa
düşüb atəşkəsə nail olmuşdu.
Tarixin böyük dühaları kimi, Heydər
Əliyevi də həmişə düşündürən əsas
məsələ qurub-yaratmaq, insanların güzəranını
yaxşılaşdırmaq, təhlükəsiz və firavan həyat
olmuşdur. Ulu öndər xalqlar
üçün ən qiymətli neməti sülh və əmin-amanlıq
hesab edirdi. Ona görə də o, əsl bəşəri
xadim kimi hər iki xalqa sonsuz bəlalar gətirmiş erməni
təcavüzünü dünyanın yüksək
tribunalarından ittiham edir, ədalətli sülhün zəruriliyinü
və yollarını inandırıcı şəkildə
göstərirdi.
Heydər Əliyevin fikrincə, ictimai ədalətsizliyi
yox etmək üçün xalqın maraqlarını qoruyan
rəhbər olmaq əsas şərtdir. Onun fəlsəfəsinə müraciət etdikdə
görürük ki, maddi, ictimai və hüquq bərabərliyi
əsasında qurulmuş cəmiyyətdə zəhmət həlledici
amildir. Bu baxımdan Heydər Əliyevin həyat
yolu zəngin və ibrətamizdir. O, işıqlı
ideyaları və zəhməti əsas tutaraq daim yüksəlişə
doğru getmiş, həyatının bütün mərhələlərində
xalqına gərəkli olmuşdur.
Heydər Əliyev şəxsiyyət və
dahi siyasətçi olaraq həmişə xalqına güvənmiş,
özü isə xalqına arxa olmuşdur. Bütün bunlara görə Heydər Əliyev Azərbaycan
xalqının idealına çevrilmişdir. Böyük yaradan onu xalqı üçün qəhrəmanlıq,
mənəvi paklıq, alicənablıq, insanpərvərlik,
böyük amallar timsalı xəlq etmişdir. Heydər Əliyev dedikdə biz Azərbaycan
xalqının yaradıcılıq zəkasının, onun bəşəri
yüksəkliyə çata bilmək qüdrətini və
ilahi dühasını nəzərdə tuturuq. Bitib-tükənməz bu qüdrətin mənbəyi
Heydər Əliyevin öz xalqına sonsuz sevgisi və
xalqın öz milli liderinə inamı, güvəncidir.
Heydər Əliyevin 20 Yanvar faciəsindən
sonra ağır maneələri məharətlə dəf edərək
Moskvadakı mətbuat konfransına gəlməsi və bu
qırğına fitva verən M.Qorbaçovun
qulağının dibində onu kəskin ittiham etməsi o
zaman Qərbi Avropa radiostansiyaları vasitəsilə
bütün dünyaya çatdırıldı. Ümummilli lider jurnalistlər qarşısında
Qorbaçovu və onun güruhunu ifşa etməklə
sübut etdi ki, o, Azərbaycan xalqını sevən, onun
köklü maraqları ilə yaşayan yenilməz lider, mərd
oğuldur.
Bundan sonra imperiya mərkəzinin sərt
məngənəsindən qurtulub Vətənə dönən,
namərd yerli rəhbərlərin
dönüklüyünü görüb doğulduğu
torpağın sadə və sadiq insanlarına üz tutan
ümummilli lider o ağır günlərin mərhumiyyətlərini
xalqla bir yerdə yaşamışdı. O zaman hər
kəsə məlum idi ki, Naxçıvan MR-in erməni təcavüzü
qarşısında duruş gətirə bilməsinin əsl
səbəbi dünya miqyaslı siyasətçinin diplomatik səriştəsi
və dövlətçilik təcrübəsi ilə
bağldır. O günlərdə bu zəkaya, bu qüdrətə
təkcə Naxçıvanın yox, bütün Azərbaycanın
ehtiyacı var idi. 91 yurdsevər ziyalının böyük
xilaskarlıq missiyasına başlamış Heydər
Əliyevə o zamankı müraciəti də bu ehtiyacdan
doğmuşdu
Əslində, o müraciət təkcə
onu imzalayanların ürəyindən yox, 8 milyonluq xalqın,
heysiyyatı tapdanmış yurd yerlərinin, qeyrəti
sınağa çəkilmiş Vətənin, namusu
tapdanmış ana torpağın içindən qopan haray idi. Bu çağırış qocaman Azərbaycanın
səsi idi, müqəddəs ananın böyüdüb
boya-başa çatdırdığı qadir oğlundan
umacağı idi. O böyük insan, xilaskar qəhrəman
o günlərdə bizim harayımızı cavabsız
qoymadı. Son məqamda isə Azərbaycanımızı
məhv olmaqdan xilas etdi. Heydər
Əliyevin böyük siyasətə qayıdışı,
hər şeydən öncə, Azərbaycan xalqının gələcək
taleyini həll etdi. Ən yüksək vəzifə
pillələrini görmüş bu şəxsiyyətin
heç bir vəzifədə gözü olmamış,
bununla belə xalqının ağır günündə
onunla bir yerdə olmağı özünə borc bilmişdi.
Sonrakı dövrdə müstəqilliyimiz
təhlükə qarşısında qalanda ulu öndər
xalqa müraciət edərək onu dövlətçiliyimizin
müdafiəsinə çağırmışdı. Az sonra yüz minlərlə insan prezident iqamətgahının
qarşısına axışaraq dövlət
başçısının səsinə səs vermişdi. Zamanın yaratmış olduğu “Heydər-Xalq,
Xalq-Heydər” birliyini pozmaq mümkünsüz bir məsələ
idi. İstər 4-5 oktyabr 1994-cü il,
istərsə də 13-17 mart 1995-ci il hadisələri bir daha
sübuta yetirdi ki, Heydər Əliyevin yaratdığı əsasları
yıxıb hakimiyyəti antikonstitusiyon yolla mənimsəmək,
xalqın iradəsini zorlamaq mümkün deyil. Heydər
Əliyev XX əsr Azərbaycanın zirvəsidir. Onun
müstəqil dövlətin prezidenti kimi həyata
keçirdiyi daxili və xarici siyasət, əsasən,
dörd səciyyəvi cəhəti ilə diqqəti çəkir:
Azərbaycan xalqının mənafeyinə uyğun olaraq fəal
xarici siyasət yürütməklə dünya və region
dövlətləri ilə əlaqələrin gücləndirilməsi;
ərazi bütövlüyümüzün bərpası məqsədilə
ATƏT çərçivəsində münaqişənin
dinc yolla aradan qaldırılması; Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması; daxili siyasətdə
qanunçuluğun və demokratiyanın inkişaf etdirilməsi,
iqtisadi islahatların sürətlə aparılması, milli-mənəvi
dəyərlərə üstünlük verilməsi prosesinin
möhkəmləndirilməsi.
Hüquqi, dünyəvi dövlət qurmaq istiqamətində
götürülmüş bu kursun həyata keçirilməsinə
xidmət edən praktik fəaliyyət əsas verdi
ki, Azərbaycan Heydər Əliyevin simasında XXI əsrə
dünyanın nüfuzlu dövləti kimi qədəm qoydu. Öncə, Azərbaycanın beynəlxalq aləmdə
malik olduğu mənfi stereotipi dağıtmaq lazım idi.
Vəziyyət elə gətirmişdi ki,
dünya dövlətləri respublikamızla iqtisadi əlaqələr
yaratmaqdan, buraya investisiya qoymaqdan belə ehtiyat edirdilər.
Məhz Heydər Əliyevin hakimiyyəti
dövründə bu stereotip aradan götürüldü.
Dünyanın siyasi xəritəsində Azərbaycan
öz dəyərli yerini tutdu. Heydər
Əliyevin gərgin səyi nəticəsində iqtisadi və
siyasi blokadadan çıxarılan Azərbaycana
dünyanın həssaslığı get-gedə artdı.
“Əsrin müqaviləsi”ni bu sahədə
ən böyük uğurlardan biri hesab etmək olar. Bu iqtisadi sazişin bəhrələrini artıq
xalqımız hər sahədə görməkdədir.
Azərbaycanın bir neçə ölkə ilə
starteji əməkdaşlıq barədə
bağladığı müqavilələr, Qərblə əlaqələrin
yeni formalarının işə salınması da Heydər
Əliyevin xarici siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilir.
Müstəqil Azərbaycan Respublikasının
Prezidenti, xalqımızın böyük oğlu, peşəkar
siyasətçi və istedadlı təşkilatçı
Heydər Əliyev 1 oktyabr 2003-cü ildə Azərbaycan
xalqına müraciətində demişdi: “Əziz Azərbaycan
vətəndaşları, əziz xalqım! Mən
öz mənalı həyatımın düz 60 ilini
xalqımın bu günü və sabahı ilə
yaşamışam. Bunun 10 ili
müstəqil Azərbaycan dövlətinə xidmətdə
keçib. Bu sahədə görülən
işlər sizə məlumdur. Lakin hələ
mənim tamamlanmamış çox perspektivli planlarım var.
Son vaxtlar səhhətimdə yaranan problemlər mənə
imkan vermir ki, bütün başladığım, nəticələrini
aydın gördüyüm işləri tamamlayım.
Buna baxmayaraq, 2003-cü ilin oktyabrında keçiriləcək
seçkilərdə iştirak etmək üçün mənim
də namizədliyim irəli sürülüb və qeydiyyata
alınıb...
Üzümü sizə – həmvətənlərimə
tutaraq qarşıdan gələn prezident seçkilərində
prezidentliyə namizəd, mənim siyasi varisim, YAP sədrinin I
müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, proqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də YAP bundan sonra da
xalqımızın ən layiqli övladlarını öz ətrafında
sıx birləşdirəcək, Azərbaycan dövlətinin
inkişafı və xalqımızın firavanlığı
yolunda çox iş görəcəklər.
İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”.
Ulu öndərin o
tarixi müraciətində əksini tapmış həqiqətlərin
doğruluğu sonrakı 11 ildə tamamilə sübuta
yetitilmişdir. Müraciətdə Azərbaycanın gələcəyi
ilə bağlı çox dərin və mənalı vəsiyyətlərin
həyata keçməsi Azərbaycanı yeni yüksəliş
yoluna çıxarmışdır. Biz Azərbaycan
vətəndaşları, dövlətimizin mövcud və gələcək
taleyi ilə bağlı bütün məsələlərdə
ulu öndərin ideyalarını və vəsiyyətlərini
əsas götürməliyik. Əldə olunmuş nailiyyətlərin,
milli və mədəni sərvətlərin, dəyərlərin
qorunub saxlanmasına və daha da inkişafına
çalışmalıyıq.
Tarix göstərir
ki, cəmiyyətin idarə olunmasında liderin rolu əvəzsizdir.
Buna görə də Azərbaycan dövlətinə
etibarlı, bilikli, hərtərəfli idarəçilik təcrübəsinə
malik, ən əsası öz xidmətləri ilə
xalqın inam və etibarını qazanmış şəxsin
– Prezident İlham Əliyevin rəhbərlik etməsi ədalətli
və qanunauyğundur. Bu bir həqiqətdir ki,
ümummilli lideri Heydər Əliyevin memarı olduğu
müstəqil Azərbaycan dövləti bu gün Prezidenti
İlham Əliyev tərəfindən layiqincə davam etdirilən
siyasət nəticəsində dünyanın inkişaf
etmiş ölkələri səviyyəsinə yüksəlmişdir.
Ölkəmizin
daha da qüdrətlənməsi, möhkəmlənməsi, tərəqqisi,
iqtisadiyyatın dinamik inkişafının artması, sosial
rifahın durmadan yaxşılaşdırılması yolunda
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbər
tutduğu ideya və prinsiplər bir daha göstərir ki, o,
Azərbaycanı işıqlı gələcəyə aparan yeganə liderdir.
Xanhüseyn
KAZIMLI,
Milli Məclisin
deputatı,
iqtisad
elmləri doktoru, professor
Xalq qəzeti.- 2014.- 15 iyun.- S.8.