Demokratik, hüquqi dövlətin qurucusu

 

1991-1993-cü illərin böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində Vətən, millət sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. Bu illərin təbəddülatları bir daha təsdiqlədi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz.

 

 SSRİ dağılandan və Azərbaycan Respublikası 1991-ci il  oktyabrın 18-də öz dövlət müstəqilliyinin bərpa olunduğunu bəyan etdikdən sonra gözləmək olardı ki, sosial-iqtisadi vəziyyətin sabitləşməsi istiqamətində hökümət radikal addımlar atacaq və qabaqlayıcı tədbirlər görəcək. Lakin hər şey düşünülənlərin tam əksinə cərəyan etməyə başladı.

Ölkədəki mövcud reallıqlar - hakimiyyət böhranı, genişlənməkdə olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın strateji mövqelərinin əldən getməsi, bunların yaratdığı xaosanarxiya gənc müstəqil respublikanın taleyini sual altında qoyurdu. Müharibəyə cəlb edilmiş ölkənin iqtisadi durumu böhran həddinə çatmış, xarici iqtisadi əlaqələr pozulmuş və nəhəng sənaye müəssisələri çökmüşdü. Təsadüfi adamların xalq hərəkatı dalğasında hakimiyyətə gəlməsi dövlət idarəçiliyindəki tabeçilik prinsipini heçə endirmişdi.

Məhz belə bir vaxtda - 1992-ci ilin oktyabr ayında 91 nəfər nüfuzlu Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Bu, zərurətdən, xalqın istək və arzusundan doğan bir müraciət idi. Çünki ölkənin günbəgün uçuruma yuvarlandığı, insanların çörəklə imtahana çəkildiyi bir vaxtdataleyin ümidinə buraxılmış ada”nı xatırladan Naxçıvan Muxtar Respublikasında Heydər Əliyevin həyata keçirdiyi islahatlar, qonşu dövlətlərlə qurulan iqtisadi-siyasi münasibətlər, iqtisadiyyatda əldə edilən müsbət dəyişikliklər, xalqın böyük əksəriyyətinin qəlbində bu dahi azərbaycanlını yenidən ölkə rəhbərliyində görmək arzusunu günbəgün gücləndirirdi. Ziyalılar, sadə adamlar Naxçıvana üz tutaraq Heydər Əliyevlə görüşlər keçirir, xalqı düşdüyü acınacaqlı vəziyyətdən çıxarmaq üçün ondan kömək istəyir, Azərbaycanın müxtəlif bölgələrində mitinqlər keçirməklə müdrik siyasətçinin respublika rəhbərliyinə qayıtmasını tələb edirdilər.

Alman filosofu Hegel şəxsiyyət və zaman kontekstində yazdığı əsərlərin birində deyir: “Sürətlə siyasi iflasa yaxınlaşan xalqın taleyi yalnız dahi tərəfindən xilas oluna bilər.” Tarix çox az bir zamandan sonra sübut etdi ki, bu dahi Heydər Əliyevdir. O, hələ Moskvada ikən  son bir neçə ildə Azərbaycanın hansı itkilərə məruz qaldığını, hansı strateji mövqelərini əldən verdiyini ürək ağrısı ilə müşahidə edirdi. Bakıya, Naxçıvana dönəndən sonra hadisələri daha yaxından izləyən müdrik dövlət xadimi ölkənin uçuruma yuvarlandığını görür və təzyiqlərə, təqiblərə məhəl qoymadan bunun qarşısını almaq üçün respublika parlamentinin tribunasından öz təkliflərini bildirdi. Lakin hakimiyyət hərisləri bundan nəinki yararlanmadılar,  əksinə onu eşitmək belə istəmədilər...

1992-ci ilin mayında AXC-Müsavat cütlüyünün silahlı çevrilişlə hakimiyyətə gəlməsi respublikada hökm sürən xaos, anarxiya və hakimiyyətsizliyin məntiqi nəticəsi kimi hakimiyyət böhranını daha da dərinləşdirdi. 1992-ci ilin sonlarına doğru isə AXC-Müsavat hakimiyyətinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə qarşı hücumları daha da gücləndi. Bunun əsas səbəblərindən biriulu öndərin o zamankı hakimiyyətin səbatsız kadr siyasətini kəskin tənqid etməsi idi. Heydər Əliyev təsadüfi adamlara yüksək məsuliyyət, bilik, bacarıq tələb edən vəzifələrin verilməsini nəinki səhv, eyni zamanda, xalqı böyük təhlükəyə aparan yol kimi dəyərləndirir, ölkənin siyasi həyatında, dövlət idarəçiliyində AXC-nin inhisarçılığının ağır nəticələr verəcəyini bəyan edirdi.

1993-cü ilin əvvəllərində ölkədə vəziyyət daha da pisləşmişdi. Azərbaycanın iqtisadiyyatı dağıdılmışdı, respublikada xaosanarxiya hökm sürürdü. Dağlıq Qarabağda torpaqlarımızın müdafiəsi taleyin ümidinə buraxılmışdı. Həmin dövrdə xalqın ulu öndərə olan böyük sevgi və inamını dolayısı ilə etiraf etmək məcburiyyətində qalan AXC-Müsavat cütlüyünün Heydər Əliyevi acizanə şəkildə Bakıya dəvət etməsi də məhz bu reallıqla şərtlənirdi.

1993-cü il iyunun 9-da xalqın təkidli istəyinə səs verərək Bakıya qayıdan Heydər Əliyev Gəncəyə yola düşdü, baş vermiş silahlı qarşıdurmanın əsl səbəblərini araşdırdı, alovlanmaqda olan qardaş qırğınının genişlənməsinin qarşısını aldı.

Nəhayət, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi isə onun, sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın qurtuluş, qəhrəmanlıq tarixidir.

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışından  sonra ölkədə siyasi sabitlik təmin olundu, zorakı dövlət çevrilişlərinin qarşısı alındı, qanunçuluqhüquq qaydaları möhkəmləndirildi, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının qorunması dövlətin başlıca vəzifəsinə çevrilməyə başladı. Bütün Azərbaycan vətəndaşlarının - dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin azadlığını və müstəqilliyini dəstəkləyən insanların vahid Azərbaycan dövlətçiliyi ətrafında birləşdirilməsi üçün ciddi aparılmağa başlandı. Heydər Əliyev azərbaycançılıq ideyasına tamam yeni bir məzmun verərək onu Azərbaycanın milli etnik xüsusiyyətlərinə, müasir dövrün tələblərinə və dünyanın hazırkı dönəminə uyğunlaşdırdı. Azərbaycançılıq ideologiyası məhz Heydər Əliyevin həyata keçirdiyi ardıcıl siyasi xətt  olaraq mükəmməl ideoloji bir təlim kimi ölkənin dövlət siyasətinə çevrildi.

Demokratik dəyərlərə söykənən dövlət quruculuğu ləngimədən ölkədə hüquqi islahatların həyata keçirilməsini tələb edirdi. Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlara start verildi.

Təbii ki, ilk növbədə ölkənin yeni Konstitusiyasının hazırlanması və qəbul edilməsi zərurəti ortaya çıxırdı. 1995-ci il iyunun 5-də Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı. Ölkənin təcrübəli, səriştəli və yüksək təhsilli hüquqşünaslarının, alimlərinin toplaşdığı komissiyanın ilk iclasında ulu öndər Əsas Qanunumuzu son dərəcə mükəmməl, gələcəyə hesablanmış, sanballı bir sənəd kimi hazırlamağı tövsiyə edərək demişdir: Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun”.

Demokratik cəmiyyətin əsas atributlarından olan, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən, hüquqi dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadisosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni  konstitusiyanın qəbulu ciddi vəzifə idi. Bu, ilk növbədə, totalitar bir rejimdən demokratik bir cəmiyyətə keçid etmək istəyən Azərbaycanda keyfiyyətcə yeni dövrün tələblərinə cavab verən demokratik hüquqi səstemi formalaşdırmaq, dövlətin inkişaf prespektivlərini xalqın iradəsinin təcəssümü olan Konstitusiya ilə müəyyənləşdirmək idi.

1995-ci il noyabrın 12-də referendum, yəni ümumxalq səsverməsi yolu ilə Azərbaycanın ilk milli Konstitusiyası qəbul edildi. Bu xalqımızın dövlət müstəqilliyi tarixində  konstitusionalizm məfkurəsinin qəti qələbəsini əks etdirən hadisə idi. Çoxəsrlik dövlətçilik ənənəsi olan bir xalq üçün bu qələbə istiqlaliyyətin və ərazi bütövlüyünün, vətəndaş cəmiyyəti quruculuğunun, hüquqi dünyəvi dövlətçiliyin, sosial rifahın, beynəlxalq sistemdə suveren hüquqi subyekt kimi tanınmağın əsasını qoydu. Əsas Qanun öz müqəddəratını sərbəst və müstəqil həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi tanıdı.

Etiraf etmək lazımdır ki, məhz bu tarixi hadisədən sonra Azərbaycanda hüquqi islahatlara geniş meydan verildi. Cəmiyyətin, ictimai-siyasi proseslərin özündə  bir canlanma başlandı. Bu səbəbsiz deyildi. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Yeni konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik  vətəndaş cəmiyyətinin yaranması üçün əsaslar yaratmış, bütün təminatlar vermişdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.

Ölkəni daim inkişafda görən ulu öndərimiz demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu daha da sürətləndirmək məqsədilə 21 fevral 1996-cı ildə hüquqi islahatlar komissiyası yaradılması barədə qərar qəbul edir. Həmin Komissiyanın beynəlxalq ekspertlərin iştirakı ilə hazırladığı Avropa standartlarına uyğun Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəllənin, Mülki-Prosessual Məcəllənin layihələri, “Prokurorluq haqqında”, “Vəkillik haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, eləcə də “Notariat haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin seçkiləri haqqında” və digər Qanun layihələrinin Milli Məclis tərəfindən qəbul edilməsi ilə milli qanunvericilik sistemimizin köklü şəkildə yeniləşdi və müasirləşdi.

Göründüyü kimi, ulu öndər ölkədə insan və vətəndaşların hüquq və azadlıqlarının müdafiə sistemini milliqlobal səviyyədə yaratmağı, təkmilləşdirməyi və inkişaf etdirməyi əsas dövlət quruculuğu istiqamətlərindən biri hesab etmişdir.

Heydər Əliyev insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq sahəsində də ciddi islahatlar aparmışdır. Ölkədə hakim korpusunun formalaşmasında tamam yeni üsulmetodlardan istifadə edilmişdir. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə-hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan vermişdir.

Ədalət mühakiməsini həyata keçirən müstəqil və qərəzsiz hakimlər korpusunun formalaşdırılması üçün ulu öndər Heydər Əliyevin 1 dekabr 1998-ci il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradılmış və onun əsasnaməsi təsdiq edilmişdir. Bu səlahiyyətli orqanın yaradılması ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarını sürətləndirmiş və onların səmərəliliyini artırmışdır. Hüquq sistemi islahatı nəticəsində ölkədə birinci instansiya, apellyasiyakassasiya instansiyalarından ibarət yeni üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır.

Məhkəmə-hüquq islahatları geniş məzmuna malik olmaqla bütövlükdə hüquq, qanunvericilik və məhkəmə sisteminin yaranması, mövcudluğu, inkişafı və təkmilləşdirilməsi üzrə həyata keçirilən və keçirilməli olan məsələləri əhatə etmiş olduğundan uzunmüddətli, davamlı bir prosesdir. Bu proses ümummilli lider Heydər Əliyevdən sonra Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyətdə, daha yüksək tələblərə müvafiq davam etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhkəmə sisteminin müasirləşdirilməsi barədə 19 yanvar 2006-cı il tarixdə imzaladığı fərmanla məhkəmə islahatı keyfiyyətcə yeni mərhələyə keçmişdir. Son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və ölkə regionlarının inkişafı məqsədi ilə 20-dək yeni məhkəmələr, o cümlədən regionlarda yeni apellyasiya məhkəmələri, ağır cinayətlər məhkəmələri, inzibati-iqtisad məhkəmələri yaradılmış, hərbi məhkəmə sistemi təkmilləşdirilmiş, hakimlərin sayı 2 dəfə, məhkəmə işçilərinin sayı isə 75 faiz artırılmış, beynəlxalq təcrübəyə uyğun olaraq hər bir hakimə köməkçi ştatı ayrılmışdır.

Ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işlərinə, iqtisadiyyatımızla yanaşı, demokratik institutların da sürətli inkişafına mühüm diqqət yetirən beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərirlər. Bu sırada Dünya Bankı ilə əməkdaşlığı ayrıca qeyd etmək yerinə düşərdi. Belə ki, bu mötəbər qurumun təşəbbüsünə əsasən onun maliyyə və texniki dəstəyi ilə Azərbaycanda “Ədliyyə sisteminin müasirləşdirilməsi” üzrə birgə layihə həyata keçirilir. Layihə çərçivəsində 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış son illlərdə ən müasir standartlara cavab verən Oğuz, Bakı şəhəri Yasamal rayon, Gəncə şəhəri Nizami, Gədəbəy rayon məhkəmələri üçün yeni binalar tikilərək istifadəyə verilmiş, habelə tərkibində bir neçə məhkəmənin fəaliyyət göstərəcəyi Sabunçu və Şəki məhkəmə komplekslərinin, Bakı şəhəri Binəqədi, Quba, Zaqatalabir sıra digər rayon, məhkəmələri üçün yeni binaların inşasına başlanılmışdır.

Ölkəmizdə hakimliyə namizədlərin seçilməsi qaydasının Avropada ən qabaqcıl təcrübələr əsasında müəyyən edilməsi, çoxmərhələli imtahanlardan uğurla keçən namizədlərin hakim vəzifəsinə hazırlanmaları üçün Ədliyyə Akademiyasında 1 illik nəzəri və təcrübi, habelə xaricdə kurslar keçməsi hakim korpusunun yüksək hazırlıqlı hüquqşünaslar hesabına formalaşmasında mühüm rol oynamışdır.

Bu mütərəqqi qaydalar əsasında 4 dəfə keçirilmiş seçim prosesləri onlarca yerli və beynəlxalq təşkilatların, diplomatik korpusların nümayəndələri tərəfindən müşahidə edilmiş, ölkəmizin kadr seçimi tarixində ilk dəfə olaraq imtahanlar onlayn rejimində canlı yayımlanmışdır. Bütün müşahidəçilər imtahanların şəffaf və obyektivliyi ilə bağlı müsbət rəylər vermiş, nüfuzlu beynəlxalq təsisatlar, o cümlədən Avropa Şurası ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) və Avropa İttifaqı bu sahədə Azərbaycan təcrübəsinin öyrənilməsini tövsiyə etmişlər.

Həmin prosedurlar əsasında 2600 namizəd sırasından 307 nəfər hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunmuş, cəmiyyətdə hakimlərin seçilməsi prosesi ilə bağlı müsbət rəy formalaşmışdır. Hazırda bütün hakim korpusunun 60 faizini məhz bu, yeni nəsil hakimlər təşkil edirlər.

Hakimlərin maddi təminatının yaxşılaşdırılması da diqqətdən kənarda qalmamış, 2000-ci illə müqayisədə onların əmək haqqı 33 dəfə, o cümlədən ötən il xeyli artırılmış, gənc hakimlər üçün əlavə təminatlar nəzərdə tutulmuşdur.

Son illərdə məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən köklü islahatlar çərçivəsində atılan ən mühüm addımlardan biri də “Elektron məhkəmə” informasiya sisteminin yaradılmasına başlanılmasıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edəcəkdir.

Bu baxımdan 2013-cü ildə – İKT ili çərçivəsində məhkəmələrdə müasir texnoloji yeniliklərin, o cümlədən elektron sənəd dövriyəsi və idarəetmə, “SMS bildiriş” proqramlarının tətbiqi, vətəndaşlar üçün xüsusi faydalı olan məhkəmə sisteminin vahid internet portalının yaradılması, digər mütərəqqi yeniliklərin tətbiqi qeyd olunmalıdır.

Bu gün tam inamla demək olar ki, dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı Azərbaycan dövlətçiliyinin özü kimi ölkəmizin ədliyyə və məhkəmə sistemi yeni inkişaf dövrünü yaşayır. Bu inkişaf, şübhəsiz ki, ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun davamçısı, Prezident İlham Əliyevin ədliyyə orqanlarına diqqət və qayğısının real nəticəsidir.

Hörmətli Prezidentimiz jənab İlham Əliyevin rəhbərliyi ilə ulu öndərin yadigarı olan müstəqil Azərbaycan gündən-günə çiçəklənir, dövlətimiz qüdrətlənir. Ölkə başçısının davamlı olaraq regionlara olan səfərləri nəticəsində ardıcıl olaraq müxtəlif yerli proqramlar icra edilmiş, regionlar da inkişaf etmiş, işsizliyin sayı kəskin azalmışdır, yeni-yeni nəhəng, enerji, tikinti, infrastruktur layihələri uğurla həyata keçirilmiş, fabriklər, zavodlar açılmış, şəhər və kəndlərimiz abadlaşmış, əhalinin güzəranı kökündən yaxşılaşmışdır. Müstəqil xarici siyasət, qətiyyətli qərarlar ölkəmizi dünya siyasət meydanında söz sahibi etmişdir. Bütün bunlar ulu öndərimiz Heydər Əliyev siyasətinin real bəhrəsidir.

Dahi şəxsiyyət Heydər Əliyevin ölməz ideyaları müstəqil Azərbaycanımızı, qədirbilən xalqımız isə ulu öndərimizin əziz xatirəsini daim yaşadacaqdır.

 

Xəqani TAĞIYEV,

 

Salyan Rayon Məhkəməsinin sədri

 

 Xalq qəzeti.- 2014.- 15 iyun.- S.7.