Azərbaycanın
qurtuluşunun
və yüksəlişinin
dönüş nöqtəsi
Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!
Heydər ƏLİYEV
Ümummilli lider
Azərbaycanın tarixinə qızıl hərflərlə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü ildən bizi 21 illik zaman ayırır. İllər biri-birini əvəzlədikcə hadisələrin mahiyyətini, onun bu günümüz və gələcəyimiz üçün əhəmiyyətini daha dərindən dərk edirik. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir, ona hörmətlə, ehtiramla yanaşmalıyıq. Bu mənada, 23 ilə yaxın müstəqillik tarixi olan Azərbaycanın həmin günlərini bir daha nəzərdən keçirək.
1993-cü
il – real müstəqilliyimizin ilk ili
Məlum olduğu kimi, 1991-ci il 18 oktyabrda Azərbaycan
dövlət müstəqilliyini yenidən bərpa etdi. Bununla
Azərbaycan xalqı çoxəsrlik dövlətçilik
tarixinə söykənərək milli azadlığına,
dövlət müstəqilliyinə tam mənada nail oldu. Amma
müstəqilliyin qorunmasının əldə edilməsinin
nə qədər çətin olduğunu isə sonrakı
hadisələr bir daha təsdiqlədi. Çünki cəmi
2 il ərzində bir neçə dəfə hakimiyyət dəyişikliyi
yaşamış Azərbaycan xalqı daxili çəkişmələrdən,
vətəndaş müharibəsi təhlükəsindən,
total xaosdan, Ermənistanın işğalçılıq
siyasətindən, ən nəhayət, səriştəsiz,
dövlət idarəçiliyindən xəbərsiz
iqtidarın özbaşınalığından cana
doymuşdu. Müstəqilliyin elan olunmasından iki il
keçməsinə baxmayaraq, hələ də ölkəmizdə
o zamankı iqtidarlar tərəfindən siyasi-hüquqi və
institusional islahatlar həyata keçirilmir, planlı iqtisadiyyatdan,
totalitar və avtoritar siyasi sistemdən bazar münasibətlərinə,
demokratik idarəçiliyə keçid üçün
heç bir cəhdlər göstərilmirdi. Əksinə, vətəndaşlarla
siyasi-ictimai institutlar arasında əlaqələr itir,
dövlətlə xalq arasında uçurum dərinləşirdi.
Belə bir hal ölkədə separatizmin baş
qaldırmasına, Azərbaycanın parçalanmasına və
müstəqilliyin itirilmə təhlükəsinin
yaranmasına gətirib çıxarırdı. Bu səbəbdən
də, insanlar ölkənin düşdüyü ağır
vəziyyətdən xilas edilməsini istəyirdi.
Əlbəttə ki, istər zor tətbiqi ilə
hakimiyyəti zəbt etmiş AXC-Müsavat iqtidarı, istərsə
də geniş xalq kütləsi çox yaxşı bilirdi
ki, hadisələr bu cür davam edə bilməz. Ona görə
də insanlar ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı tələbi ilə ayağa qalxdı və
Azərbaycanın o zamankı rəhbərləri də dahi
şəxsiyyəti Bakıya dəvət etməyə məcbur
oldular.
Ümummilli lider Heydər Əliyev həm Azərbaycanın
daxili destabilliyinin gücləndiyi, həm də region ətrafında
geosiyasi vəziyyətin mürəkkəbləşdiyi bir
zamanda xalqın təkidli tələbi ilə iyunun 9-da
Naxçıvandan Bakıya gəldi. Həmin vaxt isə Azərbaycanda
məlum Gəncə hadisələri baş vermişdi və
ayrı-ayrı siyasi qruplaşmaların mənafeyi naminə
qardaş qanı axıdılırdı. Məhz ulu öndər
Heydər Əliyev xalqının xilası naminə həyatını
təhlükəyə ataraq Gəncəyə getdi, vəziyyətlə
yerində ətraflı tanış oldu, şəhər
sakinləri ilə və hərbi qulluqçularla
görüşdü. Beləliklə, çoxsaylı təhlükələrə
baxmayaraq, ümummilli lider Heydər Əliyevin Gəncə səfəri
Azərbaycanın qurtuluşu yolunda həlledici addım oldu.
Ulu öndər iyunun 15-də respublika Ali Sovetinin növbəti
iclasında Gəncə hadisələri barədə qəti
sözünü dedi və bununla da, meydanlarda Vətən və
xalq adından danışan, lakin buna mənəvi haqqı
olmayan AXC-Müsavat cütlüyü hakimiyyətdən getməyə
məcbur oldu. Bu, xalqın tələbi idi.
2014-cü il mayın 27-də 28 May Respublika Günü
münasibətilə keçirilən rəsmi qəbulda
dövlət başçısı İlham Əliyev bir daha
diqqəti ölkəmizin həmin dövrdə
yaşadığı ağır duruma yönəldərək
dedi: Azərbaycan xalqının böyük xoşbəxtliyi
ondan ibarət idi ki, xalqımız həlledici anlarda
düzgün seçim etdi, müdriklik göstərdi və
ulu öndərə üz tutub onu hakimiyyətə dəvət
etdi. Əgər Heydər Əliyev o illərdə Azərbaycan
rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə
dağıla bilərdi. Ona görə 1993-cü il, əslində
müstəqilliyimizin ilk ili oldu. Məhz Heydər Əliyevin qətiyyəti,
cəsarəti, təcrübəsi,
dünyagörüşü və
düşünülmüş siyasəti nəticəsində
Azərbaycan o ağır vəziyyətdən çıxa
bildi, sabitlik yarandı və inkişaf dövrü
başlandı.
Sabitlik –
inkişafın təməl daşı
Aydındır ki, hər bir dövlətin
inkişafı və tərəqqisi onun siyasi sabitliyindən,
bu faktorun üzərində qurulmuş güclü
iqtisadiyyatdan asılıdır. Elə bu səbəbdən də
ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycan
xalqının yekdil səsi ilə prezident seçildikdən
sonra müstəqilliyimizin qorunub saxlanılması və
möhkəmləndirilməsi üçün çox əhəmiyyətli
addımlar atdı. Ulu öndər Heydər Əliyev,
bütövlükdə, Ermənistanın
işğalçılıq siyasətinin
qarşısını almaq məqsədilə bütün
resursları səfərbər etdi və 1994-cü il mayın
12-də erməniləri və havadarlarını atəşkəs
haqqında sazişi imzalamağa məcbur etdi.
Azərbaycanın inkişafı naminə Heydər
Əliyevin ətrafında sıx birləşmiş xalq isə
dahi şəxsiyyəti müdafiə edən sipərə
çevrilirdi. Məhz xalq-Heydər birliyi xarici antiazərbaycan
dairələrinin dəstəyi ilə 1994 və 1995-ci illərdəki
dövlət çevrilişlərinə cəhdlərin, eləcə
də fiziki məhvetməni qarşısına məqsəd
qoymuş terrorların qarşısını aldı. Nəhayət,
ümummilli lider Heydər Əliyevin sədrliyi ilə
yaradılmış komissiya tərəfindən
hazırlanmış və ümumxalq səsverməsi yolu ilə
1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bununla
da, Azərbaycan demokratik dövlət olaraq dünyaya
açıldı və Heydər Əliyev
xalqımızın milli kimliyini beynəlxalq ictimaiyyətin
diqqətinə təqdim etdi.
YAP cəmiyyətin
ictimai-siyasi səfərbərliyini reallaşdırdı
Təkzibolunmaz faktdır ki, ölkəmizin ictimai-siyasi
sabitliyinin təmin edilməsində, müasir siyasi sistemin
formalaşdırılmasında və dövlət idarəçiliyinin
sivil metodologiyasının ortaya qoyulmasında dahi şəxsiyyət
Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan
Partiyasının rolu müstəsna idi. Bu mənada, 1992-ci il
noyabr ayının 21-də xalqın istəyi və zamanın
tələbi ilə yaranan YAP-ın keçdiyi 22 illik dövr
müstəqil Azərbaycanın müasir tarixi kimi də dəyərləndirilir.
O zaman Yeni Azərbaycan Partiyasının
qarşısında ölkəni düşdüyü
ağır durumdan, dövlət müstəqilliyini itirmək
kimi təhlükədən xilas etmək, ictimai-siyasi gərginliyi,
iqtisadi böhranı aradan qaldırmaq, ən əsası
xalqın sabaha olan ümidini bərpa etmək missiyası
dururdu. Partiyanın yaradılması ilə bağlı
xalqın istəyini özündə ifadə edən 91
ziyalının ulu öndər Heydər Əliyevə
ünvanladığı müraciətdə “indiki vəziyyətdə
bu çətin, məsuliyyətli işi respublikada öz
öhdəsinə götürməyə qadir yeganə şəxs
Sizsiniz!.. Əgər bu partiyanın bünövrəsini Sizin
kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər
xalqımızın bir neçə nəsli üçün
də siyasi yetkinlik məktəbi olar” kimi fikirlərin əks
olunması cəmiyyətin ictimai-siyasi baxımdan təşkilatlanmaya
nə qədər ehtiyac duyduğunu ortaya qoyurdu. Ulu öndər
Heydər Əliyevin ziyalıların müraciətinə
cavabında isə “əgər belə partiya yaradılarsa,
onun fəaliyyətində fəal iştirak etməyə
hazıram”, — deyə bəyan etməsi xalqda sabaha inam
yaratdı, Azərbaycanın bugünkü reallıqları
üçün bünövrə rolunu oynadı. Məhz ulu
öndər Heydər Əliyevin adı ilə bağlı
Yeni Azərbaycan Partiyası yarandığı gündən
dövlətə, xalqa xidməti fəaliyyətinin əsas
istiqaməti kimi qəbul etdi. Ona görə də YAP
müxalifət partiyası kimi yaransa da, daim dövlətçiliyə,
xalqa sadiq oldu. Eyni zamanda, ulu öndər Heydər Əliyevin
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra iqtidar partiyasına çevrilən
YAP proqram və nizamnaməsinə uyğun olaraq,
qarşısına qoyduğu missiyanı uğurla yerinə
yetirdi. Bu səbəbdəndir ki, Azərbaycanın
uğurlarına ilbəil bələdçilik edən Yeni Azərbaycan
Partiyası milyonların sevgisini qazandı,
sıralarını isə kəmiyyət və keyfiyyət
baxımından günbəgün daha da möhkəmləndirdi.
Dövlət başçısı İlham Əliyevin qeyd
etdiyi kimi, YAP bu gün nəinki ölkənin, hətta
bölgənin aparıcı siyasi təşkilatıdır.
Hazırda Yeni Azərbaycan Partiyası sıralarında
630 mindən çox üzv birləşir. Məhz 1992-ci ildə
təsis konfransını 550 nümayəndənin
iştirakı ilə keçirən partiyanın ötən
dövr ərzində sıralarında müşahidə
olunan dinamik artım insanların Heydər Əliyev
ideyalarına sədaqətinin və ölkədə həyata
keçirilən siyasətin gələcəyinə
inamının təsdiqidir.
Bu günün reallıqları bir daha bizləri
müstəqilliyimizin ilk illərinə, Yeni Azərbaycan
Partiyasının yarandığı dövrə nəzər
salıb, bu faktı təsdiqləməyə sövq edir ki, əgər
o vaxt Yeni Azərbaycan Partiyası yaranmasaydı,
xalqımızın təkidli tələbi ilə ulu öndər
Heydər Əliyev hakimiyyətə qayıtmasaydı Azərbaycan
adlı dövlətin varlığından danışmaq
qeyri-mümkün olardı. Elə buna görə də bu gün
əminliklə deyə bilərik ki, Azərbaycanı
inkişaf və tərəqqi yoluna çıxaran əsas
amil ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi
siyasətdir.
Möhtərəm Prezident İlham Əliyevin Yeni Azərbaycan
Partiyasının V qurultayında bəyan etdiyi kimi: “Bu gün
biz – ulu öndər Heydər Əliyevin siyasi varisləri,
davamçıları onun ölməz xatirəsi
qarşısında bir daha söz verir və and içirik ki,
bu yolla gedəcəyik, bu yoldan dönməyəcəyik, Azərbaycan
xalqının xoşbəxt gələcəyini təmin edəcəyik!”.
İctimai-siyasi
sabitlik
xarici sərmayələrə
yol açdı
Azərbaycan yerləşdiyi coğrafi məkana, malik
olduğu təbii resurslara görə daim dünyanın diqqət
mərkəzində olub. Müstəqilliyimizin ilk illərində
ölkədə müşahidə olunan ictimai-siyasi vəziyyətin
gərginliyi bu diqqət və marağa təsirsiz
ötüşməyib. Azərbaycanla iqtisadi əlaqələrin
qurulmasında maraqlı olan dövlətlər, müasir beynəlxalq
münasibətlər sisteminin aktoruna çevrilmiş
transmilli şirkətlər ölkə iqtisadiyyatına
qoyacaqları vəsaitlərin təhlükəsizliyinə əmin
olmadıqları üçün müəyyən tərəddüdlər
içərisində idilər. Ulu öndər Heydər
Əliyevin hakimiyyətə qayıdışı ilə
ölkədə siyasi sabitliyin yaranması, müharibənin
qarşısının alınması bu tərəddüdlərin
aradan qaldırılmasına səbəb oldu. Ümummilli lider
Heydər Əliyev “Azərbaycanın qapıları bura
xoş niyyətlə ayaq basan bütün iş
adamlarının üzünə açıqdır”,—
söyləməklə bir daha xarici investorları
qoyacaqları sərmayələrin təhlükəsizliyinə
tam əmin olmağa çağırdı. Məhz bu
çağırış, eyni zamanda ölkədə
mövcud olan sabitlik xarici investorların Azərbaycana olan
marağına, əlaqələrin inkişafında göstərdikləri
səylərə müsbət təsir etdi.
Bu il 20 illiyini qeyd edəcəyimiz “Əsrin müqaviləsi”nin
1994-cü il sentyabrın 20-də imzalanması Azərbaycana
olan inamı bir daha ortaya qoydu. Ölkəmizin beynəlxalq aləmdə
sabitlik diyarı kimi nüfuz qazanması qısa müddətdə
böyük investisiya axınına yol açdı, Azərbaycan
böyük sərmayələr məkanına çevrildi. Təbii
ki, bu uğur ölkə iqtisadiyyatının sürətli
inkişafına və digər sahələrə öz
müsbət təsirini göstərdi.
Azərbaycan
dünyaya Günəş kimi doğdu
Neft sənayesini iqtisadiyyatın onurğa sütunu
adlandıran ulu öndər Heydər Əliyevin neft amilinə
verdiyi dəyər bu günümüz üçün
hesablanmış addımlar sırasındadır. Heç bir
ölkənin qarşılıqlı səylər, təcrübə
mübadiləsi olmadan iqtisadiyyatını təkbaşına
inkişaf etdirmək imkanında olmadığını bildirən
ulu öndər Heydər Əliyevin rəhbərliyi altında
“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın
iqtisadi imkanlarının genişlənməsinə, dünya
iqtisadi sisteminə inteqrasiyasına yol açdı, ölkəmizin
gələcəyinə olan inam daha da artdı. 2014-cü il
iyunun 3-də keçirilmiş XXI Beynəlxalq xəzər
neft, qaz, neftayırma və neft kimyası sərgi-konfransının
açılışında möhtərəm Prezidentimiz
İlham Əliyev bu reallığı diqqətə
çatdırdı ki, son 20 il ərzində Azərbaycan
neft-qaz sənayesinin inkişafı üçün və
dünya enerji təhlükəsizliyinə verdiyi töhfələrə
görə diqqət mərkəzindədir: “1994-cü ildə
ilk sərgi keçirilmişdir və ondan bir neçə ay
sonra bizim bugünkü uğurlu inkişafımızı
böyük dərəcədə müəyyən edən
”Əsrin kontraktı” imzalanmışdır. Bu, tarixi hadisə
idi. Çünki bu gün təsəvvür etmək çətindir
ki, əgər “Əsrin kontraktı” imzalanmasaydı — Azərbaycanın
pulu yox idi, iqtisadiyyat dağılmış vəziyyətdə
idi, sənaye inkişafından söhbət gedə bilməzdi
— bizim müstəqil dövlət kimi inkişaf yolumuz
yalnız xarici sərmayələrin cəlb edilməsindən
asılı olaraq qalacaqdı”.
Beləliklə, Azərbaycanın neft-qaz sənayesinə
qoyulan sərmayə, yaradılmış əlverişli
investisiya iqlimi, xarici investorların sərmayələrinin
qorunması, güclü siyasi iradə və qurulan möhkəm
beynəlxalq əməkdaşlıq bugünkü
reallıqları mümkün etdi.
Neft təkcə
indiki nəslə deyil,
həm də
gələcək nəsillərə mənsubdur
Ulu öndər Heydər Əliyevin böyük
uzaqgörənliklə yaratdığı Dövlət Neft
Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata
keçirilməsi ilə bağlı Azərbaycanın əldə
etdiyi gəlirlərin toplanmasını, səmərəli
idarə edilməsini və gələcək nəsillər
üçün saxlanılmasını təmin edir. Bu mənada,
fond ümummilli lider Heydər Əliyev tərəfindən əsası
qoyulmuş uğurlu neft strategiyasının ayrılmaz hissəsidir.
Qurumun yaradılması fəlsəfəsinin əsas qayəsini
neft sərvətlərinin nəsillər arasında ədalətli
bölünməsinin təmin edilməsi təşkil edir. Məhz
bu prinsipin yüksək səviyyədə qorunmasının nəticəsidir
ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində bir-birindən əhəmiyyətli
addımlar atılır.
Əlbəttə, dünyada neftlə zəngin çox
ölkələr var. Amma bu resurslar onlara bəzən heç
də uğur gətirmir. Həmin ölkələrdə bir
qrup həddindən artıq varlanır, digər sosial təbəqələrdə
isə rifah halı yüksəlmir. Beləliklə də,
uçurum və bərabərsizlik sosial partlayışlara gətirib
çıxarır. Elə ümummilli lider Heydər
Əliyevin Azərbaycanın neft strategiyasını və
iqtisadi inkişaf konsepsiyasını müəyyənləşdirərkən
dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən
istifadə etməsi Azərbaycanın bu kimi problemlərdən
yan keçməsinə səbəb oldu. Əhalinin sosial
müdafiəsinin gücləndirilməsi ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu
düşünülmüş və məqsədyönlü
siyasətin əsas xəttini təşkil etdi. Daim xalqına
güvənən, xalqına arxalanan ümummilli lider iqtisadi islahatların əsasında
vətəndaş amilini saxlamaqla, sosial problemləri aradan
qaldırdı. Bu siyasət hazırda möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməkdədir.
Demokratiya
Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanda demokratik təsisatlar da məhz ulu öndər
Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə yaradıldı, möhkəmləndirildi. Dahi şəxsiyyət
Heydər Əliyev bildirirdi ki, demokratiya bizim strateji kursumuzun əsas
mahiyyətini təşkil edir: “Azərbaycan demokratiya yolu ilə
gedir və gedəcək. Heç bir qüvvə bizi bu yoldan
döndərə bilməz”.
Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən
amillərin ölkəmizdə bərqərar olması istiqamətində
atılan bir-birindən əhəmiyyətli addımlar
dövlətimizin bu məqsədin gerçəkləşməsində
maraqlı olduğunu təsdiqlədi.
Ölkədə söz, ifadə, mətbuat
azadlığının təmin olunması, insan
hüquqlarının qorunması, çoxpartiyalı sistemin
yaradılması, plüralizmin təmin edilməsi, seçkilərin
demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi bir
daha təsdiqləndi ki, demokratiya prinsiplərinə sadiqlik
sözdə deyil, əməldədir.
Konstitusiyamızın
qəbulundan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin
möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar
olması, demokratik, hüquqi, dünyəvi dövlət
quruculuğu prosesinin uğurla həyata keçirilməsi
prosesi geniş vüsət aldı. Konstitusiyamızın
bütün maddələrində insan amilinə diqqət,
dövlətçiliyin möhkəmləndirilməsi
üçün vətəndaşların üzərinə
düşən öhdəliklər tam
aydınlığı ilə müəyyənləşdirildi.
(ardı var)
Vüqar RƏHİMZADƏ,
YAP Siyasi Şurasının üzvü,
“İki
sahil” qəzetinin baş redaktoru,
əməkdar
jurnalist
Xalq
qəzeti.- 2014.- 15 iyun.- S.6.