Böyük Qurtuluşun həyatımızdakı
təcəssümləri
Sosial ədalət prinsipi ölkəmizin sürətlə
inkişafına təkan verir
Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur. 1998-ci ilin iyul ayında Birləşmiş Krallığa səfəri zamanı onunla olan görüşümüzü çox yaxşı xatırlayıram.
Kraliça II ELİZABET
Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir.
Toni BLEER,
Böyük Britaniyanın Baş naziri (1997-2007-ci illərdə)
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında çox mühüm vəzifələr dayanırdı. Ən başlıca vəzifələrdən biri müstəqil dövlətin iqtisadi modelini müəyyən etmək, dövlət quruculuğu prosesini uğurla həyata keçirmək idi. Dövlət quruculuğunda iqtisadi islahatlar, xüsusilə, ictimai mülkiyyətə (əslində, dövlət mülkiyyəti) əsaslanan sistemdən liberal iqtisadiyyata (bazar iqtisadiyyatına) keçid vacib amillərdən biri kimi öz həllini tapmalıydı. Əlbəttə, bu məsələ o qədər də asan deyildi.
Uzun müddət sovet iqtisadi
sistemində yaşamış əhalinin birdən-birə bazar münasibətlərinə keçməsi
müəyyən sosial, iqtisadi
və psixoloji çətinliklər
yaradırdı. Eyni zamanda,
müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş
Azərbaycanın Ermənistan tərəfindən təcavüzə
məruz qalması vəziyyəti
bir qədər də mürəkkəbləşdirirdi.
Müstəqilliyin ilk illərində,
daha konkret desək,
1991-ci ildən 1993-cü ilin iyun ayınadək ölkəyə rəhbərlik
etmiş siyasi dairələrin
idarəçilikdə yol verdikləri nöqsanlar, səriştəsizlik və sair bu kimi
hallar dövlət quruculuğu
prosesini ləngitmiş, qarşıda duran ümdə vəzifələrin həllinə
mane olmuşdu.
Ümummilli lider Heydər
Əliyevin Azərbaycanda siyasi hakimiyyətə
qayıdışı, bütün sahələrdə
olduğu kimi, iqtisadi islahatlar və
dövlət quruculuğu istiqamətində
yeni mərhələnin
başlanğıcını qoydu. Heydər
Əliyevin müəyyən etdiyi iqtisadi model və prinsiplər
bir tərəfdən liberal
iqtisadiyyata keçidi
təmin edirdisə, digər tərəfdən həmin mərhələdə
vətəndaşların sosial müdafiəsini
təmin etmiş olurdu.
Ümummilli liderimiz Azərbaycanın
milli ideologiyasından, milli
baxışlarından danışarkən qeyd
etmişdir ki, Yeni Azərbaycan Partiyasının
proqramında əks etdirilən prinsiplər, əslində, Azərbaycan
xalqının, dövlətimizin söykəndiyi ana prinsiplərdir. Heydər Əliyev bu prinsipləri müəyyən edərkən
Azərbaycan xalqının keçdiyi tarixi yolu, milli-mənəvi
dəyərləri, eyni zamanda,
perspektivdə qarşımızda duran vəzifələri
nəzərə almışdır.
Ümummilli liderimiz Azərbaycanın
söykəndiyi dəyərlərdən danışarkən deyirdi: “Yeni Azərbaycan
Partiyasının demokratik, hüquqi dövlət qurmaq
istiqamətində irəli sürdüyü
müddəalar Azərbaycan xalqının söykəndiyi əsas
prinsiplər hesab olunmalıdır”. Bu prinsiplər 1992-ci ildə YAP-ın təsis
konfransında qəbul edilən proqramda öz əksini tapmışdı. Proqramda Heydər Əliyev Azərbaycan dövlətçiliyinin
söykəndiyi başlıca prinsipləri qeyd
edib.
Onun müəyyən etdiyi
dövlətçilik prinsipləri sırasında sosial ədalət prinsipi
önəmli yer tuturdu.
Partiyanın məqsədlərindən birini təşkil edən sosial
dövlət yaratmaq ideyası, sosial ədalət partiyanın hal-hazırda ən
əsas prinsipinə çevrilib. İnsanlar eyni
ağıla, zəkaya, fiziki və mənəvi
keyfiyyətlərə malik
olmadığı kimi, cəmiyyətdə
və həyatda da eyni
mövqeyə və imkana malik
deyildir.
Sosial müdafiə sistemi düzgün qurulmayan
dövlətdə hər bir insan özünün fərdi
keyfiyyətlərindən asılı olaraq,
hamı üçün yaradılan bərabər
şəraitdən, qanun və imkanlardan məharətlə istifadə edib maddi və mənəvi
tələbatlarını eyni dərəcədə
ödəyə bilmir. Lakin, sosialyönümlü iqtisadiyyata malik olan ölkələrdə dövlət vergi və məqsədli
sosial yardım mexanizmlərindən istifadə
edərək, cəmiyyətin ən imkanlı təbəqələrinin
imkansızlara yardımını və onların
yaşayışı üçün minimum həyat şəraitinin təmin
olunmasını təşkil edir.
Belə cəmiyyətlərdə sosial
sabitliyə nail olmaq, humanizm və ədalət prinsiplərini qorumaq dövlətin siyasətinin əsas
istiqamətlərindəndir.
Bazar münasibətləri əsasında formalaşan sosialyönümlü
milli iqtisadiyyatın qurulmasını əsas
strategiya kimi müəyyən
edən ümummilli liderin
həyata keçirdiyi sosial
siyasətin iki əsas xarakterik
cəhəti xüsusi olaraq
diqqəti cəlb edirdi. Bunlardan birincisi,
sosial siyasətin dayanıqlı xarakter daşıması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi isə, onun mükəmməl
və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsi idi.
Əslində, Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi bütün dövrlərdə
insanların rifah halının daim yüksəlməsinə, onların
etibarlı sosial təminatına xüsusi önəm vermişdir.
Müstəqil Azərbaycana
rəhbərlik etdiyi dönəmdə də
Heydər Əliyevin bu istiqamətdə verdiyi fərmanlar ayrıca diqqət çəkir.
Onlardan biri də
“Əhalinin sosial müdafiəsinin
gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin
sabitləşdirilməsi tədbirləri haqqında” Azərbaycan
Respublikası Prezidentinin 1994-cü il 15 iyun tarixli
fərmanıdır. Həmin fərmanın əsas
məqsədlərindən biri Azərbaycanda
mövcud olan
inflyasiyanın qarşısının alınmasına yönəlmişdi
və bu, həmin dövr
üçün olduqca
vacib əhəmiyyət kəsb edirdi. Çünki,
ölkədə iqtisadiyyatın tənəzzülü ötən
əsrin 80-ci illərinin sonlarından başlayaraq 90-cı illərin əvvəllərinə
qədər davam etmişdi.
1992-ci ildən 1994-cü ilə qədər olan
dövrdə milli
gəlir 50 faiz azalmışdı və bunun əsas səbəbi də müstəqilliyin
ilk illərində hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi,
həyata keçirdikləri yanlış siyasət idi. Bu fonda
inflyasiya həddi xeyli
dərəcədə yüksəlmişdi və belə vəziyyət
insanların maddi durumuna
təsirsiz ötüşmürdü.
Hakimiyyətə
gəldikdən sonra Heydər Əliyevin sosial sahədə dönüş
yaratmaq məqsədilə “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi
və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi
tədbirləri haqqında” fərmanı mühüm
rol oynadı. Verilmiş
həmin fərmandan irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsinə
nail olunması və yol
verilən bəzi qüsurların aradan
qaldırılması üçün ulu öndər “Əhalinin sosial
müdafiəsi sahəsində əlavə tədbirlər haqqında”
növbəti fərman imzaladı. Bu sənəd
bilavasitə əhalinin sosial müdafiəsinin
daha etibarlı şəkildə
qorunmasına xidmət edirdi.
Əhalinin
sosial müdafiəsi sahəsində qanunvericilik bazasının güclənməsi
istiqamətində ən mühüm
addımlardan biri də ulu
öndər Heydər Əliyevin rəhbərliyi altında
hazırlanan, Avropa dəyərlərinə,
demokratiya və insan
azadlığına söykənən, 1995-ci ilin
12 noyabrında ümumxalq
səsverməsi ilə qəbul olunan müstəqil
Azərbaycanın ilk konstitusiyasında bu məsələnin təsbit olunması idi. Ölkəmizin inkişafının
prinsipcə yeni mərhələyə qədəm
qoymasının göstəricisi olan konstitusiya Azərbaycan dövlətinin hər bir vətəndaşının rifahının
yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli
həyat səviyyəsinin qayğısına
qaldığını ən yüksək səviyyədə
bəyan edirdi. Konstitusiyanın 16-cı
maddəsində deyilir: “Azərbaycan
dövləti xalqın və hər bir vətəndaşın
rifahının yüksəldilməsi, onun
sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin
qayğısına qalır”. Bununla da faktiki olaraq
müəyyən edilirdi ki,
bütün inkişaf
etmiş sivil dövlətlərdə
olduğu kimi, iqtisadiyyat fərdin, şəxsin maddi, sosial, mənəvi tələbatlarının
ödənilməsinə istiqamətləndirilməlidir.
Sosial sferada ulu öndərin rəhbərliyi altında həyata
keçirilən siyasətin tərkibində yer
alan ən önəmli məqamlardan biri müasir dünya təcrübəsinə cavab verən sosial infrastrukturun yaradılması idi.
Qeyd edilən
istiqamətdə də mühüm nailiyyətlərə
imza atıldı, bir çox köhnə sosial
infrastruktur yeniləndi, həmçinin çoxlu sayda yenisi yaradıldı. Bu isə
ulu öndərin həyata keçirdiyi sosial siyasətin
prioritet istiqamətlərinin düzgün müəyyən olunduğunu,
elmi əsaslara söykəndiyini və
mütərəqqi dünya təcrübəsinə
cavab verdiyini
qabarıq formada nümayiş
etdirirdi. Bunun nəticəsi idi ki, Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən
sonra əhalinin həyat səviyyəsinin
yüksəlməsi prosesi başlandı.
Sosial müavinətlər, xüsusən
də vətəndaşların pensiya təminatının
yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.
Eyni zamanda, pensiya və müavinətlərin ödənilməsi
və digər sosial ödənişlər
üzrə xərclərin artımı davamlı xarakter aldı. Araşdırmalar göstərir
ki, 1996-2003-cü illər ərzində
aztəminatlı əhalinin sosial
müdafiəsinin gücləndirilməsi məqsədilə
Azərbaycan Respublikası Prezidentinin 8
fərman və sərəncamı, Nazirlər Kabinetinin
2 qərarı olub. Bunların tətbiqi nəticəsində,
eləcə də ölkədə əməkhaqlarının
artımı hesabına pensiya və
müavinətlərin orta aylıq məbləği
1995-2003-cü illər ərzində 8 dəfə artıb. Bu, bir daha
ulu öndərin həyata keçirdiyi
sosial siyasətin nə dərəcədə
effektiv xarakter
daşıdığının yüksək göstəricisidir.
Ulu öndər yaxşı bilirdi
ki, cəmiyyətdə sosial
ədalətə nail olmadan
ölkəni inkişaf yoluna
çıxarmaq mümkün deyil. Sosial ədalət Azərbaycan
cəmiyyətinin, Azərbaycan xalqının təbiətinə,
ruhuna uyğundur. Ta qədimdən Azərbaycan xalqı ədalətə
tərəfdar olub, ədaləti
müdafiə edib. Sosial ədalətlilik prinsipi bu gün
də Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasi xətdə özünü
göstərir. Ədalətlilik ölkənin sosial-iqtisadi
inkişafından ədalətli şəkildə xalqa pay düşməsi,
Azərbaycan dövlətinin milli sərvətlərdən
əldə olunan gəlirlərin
insanlarımıza ədalətli şəkildə
çatdırılmasıdır. Ədalətlilik, eyni zamanda, cəmiyyətdə
bazar iqtisadiyyatının
yaratdığı ziddiyyətlərin hansısa bir zümrəyə ziyan
vurmasının qarşısının alınması deməkdir.
Bu, Azərbaycan cəmiyyəti üçün olduqca əhəmiyyətli
bir prinsipdir. Cəmiyyətdə
ədalət olmasa, qarşıdurma
qaçılmazdır. Bütün cəmiyyətlərin
tarixi göstərir ki,
ədalət prinsipi pozulduqda
qarşıdurma meyilləri güclənir. Bu
isə xaosa və anarxiyaya
gətirib çıxara bilər. Ölkədə sosial ədalət prinsipinin
təmin olunması islahatlardan keçir. Daimi islahatlar, inkişaf yolu ilə, həmçinin cəmiyyətdə
insanların təbəqələşməsi fonunda
müxtəlif siyasi və iqtisadi
vasitələrlə sosial ədalətin
təmin olunması bu gün
ölkəmizdə uğurla gerçəkləşir.
Göründüyü kimi, Azərbaycanın
müstəqil olduğu 23 il
ərzində qazandığı nailiyyətlər bundan əvvəl bütün
tarix boyu əldə
edilən nəticələrdən daha üstündür. Bu isə
“Ən əsas vəzifə Azərbaycanı müstəqil
dövlət kimi yaşatmaqdır!” deyən
ümummilli lider Heydər
Əliyevin ideyalarının uğurla
reallığa çevrilməsinin təsdiqidir. Azərbaycan xalqı əmindir ki,
Prezident İlham
Əliyevin ulu öndər Heydər
Əliyev strategiyasından qaynaqlanan
uzaqgörən, sistemli və qətiyyətli
sosial-iqtisadi inkişaf
siyasəti bundan sonra da davam etməklə
qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, ölkəmizin
inkişafının daha da
sürətlənməsini və nəticədə
xalqımızın sosial rifahının
davamlı olaraq
yaxşılaşmasını təmin edəcəkdir.
Mübariz QURBANLI,
Milli Məclisin deputatı, YAP icra katibinin müavini
Xalq qəzeti.- 2014.- 15 iyun.- S.5.