Milli qurtuluşumuz – nicat günümüz
Azərbaycanın
müstəqilliyinin təşəkkülündə və
möhkəmlənməsində, beynəlxalq aləmdə
nüfuzunun yüksəlməsində, ölkələrimiz və
xalqlarımız arasında ikitərəfli münasibətlərin
inkişafında və genişlənməsində Heydər
Əliyevin tarixi rolu misilsizdir.
İslam KƏRİMOV
Özbəkistan Respublikasının Prezidenti
Müasir Azərbaycan ümummilli liderimizin şah əsəridir. Tariximizə Milli Qurtuluş
Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü
onu qiymətləndirənlər,
dərindən dərk
edənlər üçün
çox əzizdir.
Vətənini, xalqını
sevən həmin çətin, ağrılı
günlərin dəhşətlərini
yaşayan, hadisələri
gözləri ilə görən insanlar üçün 15 İyun
əsl qurtuluş tarixidir. Bu tarixi
yaradan isə yenə də Azərbaycanın inkişafında,
müstəqilliyində, gələcəyində
müstəsna rol oynayan, daim xalqına
arxalanan və xalqa arxa olan
Heydər Əliyevdir.
Heydər
Əliyevin 1993-cü ildə
yenidən Bakıya qayıdışı Azərbaycanı
başının üstünü
almış bütün
bəlalardan xilas etdi. Ölkə parçalanıb məhv olurdu. Xalqın təkidli xahişi ilə hakimiyyətə qayıtmış,
təlatümlü və
məcrasından çıxmış
hadisələri ram etmək
naminə fədakarlıq
göstərmiş ulu
öndər müasir
tariximizin yeni bir səhifəsini yaratdı.
Ümummilli lider
Heydər Əliyev demişdir: “Müstəqilliyin
əldə olunması
nə qədər çətindirsə, onun
saxlanılması, daimi,
əbədi olması
bundan da çətindir.” 1991-ci ilin
oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən
sonra ölkədə daxili
vəziyyət və hakimiyyət böhranı yarandı.
Ölkədə özbaşınalıq hökm
sürürdü, orduda
vəziyyət ağır idi. Erməni təcavüzü gündən-günə
genişləndirildi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək
üçün ayrı-ayrı şəxslər
və qruplar arasında mübarizə gedirdi. 1993-cü ilin
yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi
baş verdi,
respublikanın parçalanmaq, müstəqilliyini
itirmək təhlükəsi yaranırdı. Ölkəni
yaranmış ağır situasiyadan
çıxarmaq üçün bir qrup ziyalı
Naxçıvana gedərək Heydər Əliyevi Bakıya - böyük siyasətə qayıtmağa dəvət
etdi. Xalqımızın mütləq əksəriyyətinin
tələbi və təkidi ilə ümummilli
liderimizin 1993-cü il
iyun ayının 15-də Ali
Sovetin sədri seçilməsi ilə Azərbaycanın
həyatında Milli Qurtuluş
epopeyası başlandı.
Həmin
qayıdış ilə ölkənin ictimai-siyasi,
sosial, iqtisadi, elmi-mədəni
həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi
əsaslara, beynəlxalq norma və prinsiplərə
uyğun müstəqil dövlət quruculuğu prosesi
başlandı. Dünya şöhrətli
siyasətçinin hakimiyyətə qayıdışı ilə
ölkə daxilində sabitliyin əsası qoyuldu, atəşkəsə nail
olundu, “Əsrin müqaviləsi”
imzalandı. Bu müqavilə çərçivəsində
reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft
boru kəməri hazırda səmərəli
istifadə olunur. İnkişafa
doğru addımlayan ölkəmiz dünya dövlətləri ilə bir sırada dayanmaq
şansı qazandı. Üçrəngli
bayrağımız beynəlxalq təşkilatların
binası üzərində dalğalandı.
Heydər
Əliyevin həyata keçirdiyi təxirəsalınmaz
tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli
Ordunun formalaşdırılması, Azərbaycanın
milli mənafelərini qorumağa
qadir nizami silahlı
qüvvələrin yaradılması, torpaqlarımızın
müdafiə olunması ilə bağlı mühüm addımlar
atılmış, digər tərəfdən, atəşkəsə
nail olmaq üçün bütün
siyasi və diplomatik
vasitələr işə salınmış, bunun
da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün
həyati əhəmiyyət kəsb edən atəşkəsə
nail olunmuşdur.
Xalqı böyük faciələrdən qurtaran ulu öndər Heydər
Əliyev demişdir: “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi ən əsas
məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir.
Siyasi və iqtisadi
plüralizmə geniş yol
verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın
pozulmasına, qanun pozuntularına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin
formalaşması məhz demokratik prinsiplər
əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik,
hürriyyət, insan azadlığı, insan hüquqlarının qorunması və sərbəst
iqtisadiyyat, bazar
iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla
bizim respublika daha qətiyyətlə irəli getməlidir.
Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam”.
Azərbaycan
dövlətçiliyi bu siyasətin nəticəsində
ona qarşı yönəlmiş qəsdlərdən
uğurla çıxdı. Ümummilli liderin qətiyyəti
xalqa ruh yüksəkliyi
gətirdi, inamımızı özümüzə
qaytardı, sabitlik və əmin-amanlıq
yaratdı. Ümummilli liderimiz
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa
edilmiş, onun qətiyyəti,
apardığı uğurlu daxili və xarici siyasət
sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük
nailiyyətlər qazanmışdır. Heydər
Əliyev öz gücünə, təcrübəsinə
güvənən dahi siyasətçi kimi, dəfələrlə söylədiyi məşhur
kəlamına sadiq
qaldığını sübut etdi: “Azərbaycanın dövlət müstəqilliyi
əbədidir, sarsılmazdır, dönməzdir”.
Heydər Əliyev Azərbaycanı,
Azərbaycan xalqını canından çox
sevirdi, Vətənə şərəflə
xidmət etmək onun həyat amalı idi. Xalqın ən müxtəlif
təbəqələri ilə görüşlərində dediyi hər bir soz, hər bir kəlam onlarda sabaha ümid, inam
yaradırdı. Heydər Əliyev, sözün
həqiqi mənasında, böyük insan, xalqın ümummilli
lideri idi.
Heydər Əliyevin
yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı
onu bütün dünya azərbaycanlılarının lideri etmiş, ömür yolu doğma Vətənə xidmət nümunəsinə
çevrilmişdir. Bütün
şüurlu həyatını
canından artıq sevdiyi xalqına,
ölkəsinə həsr etmiş bu müdrik siyasətçi
və dövlət xadimi tariximizdə
müstəqilliyimizin memarı və qurucusu
kimi yer tutmuşdur. Heydər Əliyev
fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq
ona əvəzsiz ümummilli
lider mövqeyi
qazandırmışdır. Çoxşaxəli və zəngin
fəaliyyəti, misilsiz insani
keyfiyyətləri sayəsində o, zəmanəmizin
əbədiyaşar dahisinə çevrilmişdir.
Azərbaycan xalqı haqlı olaraq Heydər
Əliyev irsini müstəqilliyinin təminatçısı
kimi qəbul edir. Ulu öndərin zəhməti və siyasəti
nəticəsində hazırda Azərbaycan güclü
inkişaf dövrünü
yaşamaqdadır. Ulu öndər Heydər
Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi
gün tariximizə Milli
Qurtuluş Günü
kimi daxil oldu. Xalqın tələbi, ictimaiyyətin rəyi ilə
razılaşaraq Milli Məclis 1997-ci ilin iyununda bu
günü ümummilli
bayram elan etdi.
Milli qurtuluşumuzun bəhrələri
göz qabağındadır. Müstəqil
ölkəmiz dahi şəxsiyyət, dünya tarixində silinməz izlər qoymuş Heydər Əliyevin müəyyən
etdiyi yolla inamla irəliləyir. Hazırda
müstəqil dövlətimizin çiçəklənməsi
və möhkəmləndirilməsi real
prosesə çevrilmişdir, dövlətçilik
ənənələrinin zənginləşdirilməsi uğurla davam etdirilir, xalqımızın nailiyyətləri
bütün dünyanın gözü qarşısındadır. Dünya və Avropa
birliyində nüfuzu getdikcə artan, iqtisadi, siyasi imicini daim möhkəmləndirən respublikamız bu gün Cənubi
Qafqazın ən sabit, iqtisadiyyat
və yeni yüksək texnologiyalar
istiqamətində güclü ölkəsidir.
Azərbaycanın iqtisadiyyatı Ermənistanın
iqtisadiyyatından 5 dəfə gücludur.
Ulu öndərimizin müəllifi olduğu və həyatımızın bütün sahələrini əhatə edən
islahatlar sayəsində biz
tənəzzüldən tərəqqiyə doğru
çətin, lakin, şərəfli bir yolu uğurla
keçə bilmişik.
2003-cü
ilin payızında Heydər Əliyev ABŞ-da Klivlend xəstəxanasında
müalicə olunarkən xalqına müraciət
ünvanladı. O, bu dövləti iki dəfə inkişaf etdirib dünya səviyyəsinə
çatdırmış şəxsiyyətdir və istəyirdi
ki, nail olduğu uğurlar davam etdirilsin. Təbii ki, bu məsuliyyətin kimə etibar
edilməsi çətin bir vəzifə idi. Ancaq Heydər
Əliyev bir daha ən
böyük azərbaycanlı olduğunu sübuta yetirdi.
O, həmin məsuliyyəti
həmin dövrdə Baş nazir işləyən İlham
Əliyevə, ən çox
inandığı şəxsiyyətə etibar
etdi. “Mən ona özüm qədər inanıram”– fikri böyük etibardan və inamdan xəbər
verirdi. Prezident İlham Əliyev də ulu
öndərin bu sözlərinin həqiqət
olduğunu sübuta yetirdi və Heydər Əliyevdən qəbul etdiyi Azərbaycan dövlətçiliyini daha da inkişaf
etdirdi.
Bu gün Azərbaycan
xalqı öz liderinin
ətrafında sıx birləşib və dövlətimiz
günü-gündən güclənir, qüdrətlənir.
Azərbaycan Heydər
Əliyevin sönməz ideyalarının layiqli
davamçısı olan ölkə Prezidenti İlham
Əliyevin rəhbərliyi
altında gələcəyə
inamla addımlayır. Dövlət
başçısı ulu öndərin
müəyyən etdiyi strateji
siyasi xətti uğurla
həyata keçirir. Böyük
Türk dünyasının dahi şəxsiyyətlərindən biri Çingiz Aytmatovun dili ilə desək,
Prezident İlham
Əliyev qloballaşan dünyanın müasir lideridir.
Könül KƏRİMOVA,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı
Xalq qəzeti.- 2014.- 15 iyun.- S.5.