Bakıda Azərbaycan yazıçılarının

XII qurultayı keçirilmişdir

 

İyunun 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan yazıçılarının XII qurultayı keçirilmişdir. Qurultay iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

Qurultay iştirakçıları Fəxri Xiyabanda uyuyan görkəmli şair və yazıçılarımızın da məzarları üzərinə gül-çiçək düzmüş, xatirələrini ehtiramla anmışlar.

Sonra qurultay iştirakçıları Şəhidlər Xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə gül-çiçək düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qurultayın xarici ölkələrdən olan qonaqlarına Şəhidlər Xiyabanının tarixi, şəhərdə aparılan abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

Dövlət və hökumət qurumları nümayəndələrinin, Milli Məclisin deputatlarının iştirak etdikləri Azərbaycan yazıçılarının XII qurultayına 25 ölkədən 60-dək qonaq, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri arasından isə 400-dək nümayəndə qatılmışdır.

Azərbaycan Yazıçılar Birliyinin bölmələr üzrə hesabat məruzələri tədbirdən əvvəl kitab halında qurultay iştirakçılarına təqdim edilmişdir.

Qurultayı AYB-nin sədri, xalq yazıçısı Anar açmışdır.

Ötən dövr ərzində dünyasını dəyişmiş quruma üzv şair və yazıçıların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Tədbirdə Azərbaycan yazıçılarının XII qurultayı və AYB-nin yaradılmasının 80 illik yubileyi münasibətilə TÜRKSOY tərəfindən təltif edilmiş bir sıra tanınmış qələm adamlarına mükafatlar təqdim olunmuşdur.

Sonra qurultayın katibliyiseçki komissiyası seçilmiş, reqlament müəyyənləşdirilmişdir.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyətə və incəsənətə, elm adamlarına göstərilən diqqət və qayğıdan söz açmışdır.

Bildirmişdir ki, ötən on ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə xalqımızın həyatını köklü şəkildə yaxşılaşdıran uğurlu layihələrə imza atılmış, dövlətimiz dünya birliyində öz mövqeyini möhkəmləndirmişdir.

Azərbaycan torpağının ilk insan məskənlərindən olduğunu deyən nazir xalqımızın dünyanı heyran edən muğam, saz, xalça sənətlərinin yaradıcısı olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Əfzələddin Xaqani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi söz ustadlarımızın əsərləri bəşəriyyətin sərvəti kimi dünya ədəbiyyatını zənginləşdirmişdir.

Nazir Əbülfəs Qarayev Azərbaycan ədəbiyyatının inkişafı naminə çoxsaylı yaradıcı insanlara, o cümlədən şairlərə, yazıçılara, dramaturqlara, tənqidçilərə, tərcüməçilərə xüsusi ehtiram və qayğı bəsləyən Prezident İlham Əliyevə ölkənin mədəniyyət və ədəbiyyat ictimaiyyəti adından dərin minnətdarlığını bildirmişdir.

Qeyd edilmişdir ki, AYB-nin mövcud olduğu 80 illik dövr müasir ədəbiyyatımızın inkişafında çox mühüm mərhələdir. Müasir düşüncə tərzinin formalaşması və estetik kamilliyə çatmaq üçün istedadlı qələm sahibləri gərgin axtarışlar aparmış, uğurlu nəticələrə nail olmuşlar. Ötən qurultaydan bu günədək ədəbi mühitdə yeniləşmə, o cümlədən gənc nəslin meydana çıxması xüsusilə qeyd edilməlidir. Milli teatrımızın, musiqimizin inkişafında da şair və yazıçılarımızın əsərlərinin rolu böyükdür. Qələm sahiblərimiz Qarabağla bağlı hadisələri obyektiv və təsirli ifadə etməklə qaçqın və məcburi köçkün soydaşlarımıza mənəvi arxa olmağa çalışırlar.

Natiq ədəbiyyatımızın təbliğində, bədii düşüncənin yeni nəsillərin sərvətinə çevrilməsində, eyni zamanda, yazıçıların cəmiyyətdə rolunun yüksəlməsində müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulamışdır. Bildirmişdir ki, məhz ulu öndərin klassik irsə, yeni ədəbi prosesə müstəsna diqqəti sayəsində Azərbaycan ədəbi mühiti inkişaf etmiş, qiymətli əsərlərin ərsəyə gəlməsi üçün şərait yaradılmışdır.

Vurğulanmışdır ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ulu öndərin strategiyası yeni tələblərə uyğun şəkildə uğurla davam etdirilir. Dövlətimizin məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan yazıçıları cəmiyyətin ən nüfuzlu nümayəndəsi kimi qəbul olunur, onların əməyi yüksək qiymətləndirilir.

Qeyd olunmuşdur ki, Azərbaycan ədəbiyyatının əsas örnəkləri kütləvi tirajla çap olunaraq ölkə kitabxanalarına, elm, təhsil müəssisələrinə hədiyyə edilmişdir.  Hazırda dünya ədəbiyyatı silsiləsi nəşr olunur ki, bunlar da yeni ədəbi qüvvələrin bədii zövqünün formalaşmasına öz təsirini göstərəcəkdir.

Nazir diqqətə çatdırmışdır ki, AYB-nin aparatı, “Ədəbiyyat qəzeti", “Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnalları dövlət büdcəsindən maliyyələşdirilir. AYB-nin binası tamamilə yenidən qurulmuş, burada çalışmaq üçün gözəl şərait yaradılmış, yaşlı və gənc nəsildən olan qələm sahibləri xüsusi təqaüdə layiq görülmüşlər. Dövlətimizin başçısının müvafiq sərəncamı ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılması isə Azərbaycanın mədəni-intellektual həyatında böyük hadisədir.

Bildirilmişdir ki, Mədəniyyət və Turizm Nazirliyi dövlətimizin başçısının müvafiq fərmanlarının və sərəncamlarının icrasında AYB ilə sıx əməkdaşlıq edirbu qurumun təkliflərini nəzərə alır. Birgə əməkdaşlıq çərçivəsində müxtəlif nominasiyalar, mükafatlar təsis edilir, müsabiqələr keçirilir.

Azərbaycan yazıçılarının qarşısında böyük yaradıcılıq vəzifələrinin durduğunu  bildirən nazir, bəzən Azərbaycan ədəbiyyatının dünya oxucusuna, eləcə də dünya ədəbiyyatının azərbaycanlı oxucuya çatdırılmasında qüsurlara yol verildiyini də diqqətə çatdırmışdır.

Nazir qələm sahiblərinin indiki məqamda daha böyük maraqla uşaq ədəbiyyatına üz tutmalarına, Azərbaycanın müasir dövrünü əks etdirən əsərlər yaratmalarına dair arzularını ifadə etmişdir. Bildirmişdir ki, Qarabağ hadisələri, bədnam qonşularımız tərəfindən  Azərbaycan mədəniyyətinin mənimsənilməsi istiqamətində atılan addımların ifşa edilməsi təkcə dövlətin işi olmamalı, bu məsələdə yazıçılar da fəallıq göstərməlidirlər. Həmçinin əsərlər müasir müstəqil dövlətimizin inkişaf sürəti, gerçəkliyi, nailiyyətləri, eyni zamanda, real problemlər üzərində qurulmalıdır.

Qurultayın işinə Azərbaycan hökuməti adından uğurlar arzulayan nazir demişdir ki, qəbul olunacaq yeni qərarlar ədəbiyyatımızın daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

Mərasimdə təbrik nitqi söyləyən dünya şöhrətli qazax yazıçısı Oljas Süleymenov Azərbaycanda son illər həyatın bütün sahələrində baş verən yeniliklərdən söz açmışdır. Bildirmişdir ki, hər dəfə Bakıya gələndə böyük dəyişikliklərin şahidi olur. Azərbaycan mədəniyyəti, həmçinin Avropada da yüksək təbliğ olunur. Parisdə ən yaxşı mədəniyyət mərkəzi Azərbaycanın Mədəniyyət Mərkəzidir.

Keçmiş SSRİ-də yazıçılar birliklərinin yaranma tarixindən söz açan Oljas Süleymenov Azərbaycan yazıçılarının XII qurultayının keçirilməsini yüksək qiymətləndirmiş və çoxsaylı ölkələrdən qonaqların iştirak etdiyi belə möhtəşəm tədbirin digər respublikalarda da təşkilinin vacibliyini qeyd etmişdir. Vurğulamışdır ki, Azərbaycan rəhbərliyinin şair və yazıçılara böyük diqqət və qayğısı onları yeni yaradıcılıq uğurlarına ruhlandırır. Dövlət və qələm sahiblərinin əməkdaşlığı, onların dəstəklənməsi ədəbiyyatın inkişafına kömək edir. Belə bir şərait isə Azərbaycanda çox yüksək səviyyədədir.

Təbrik nitqi söyləyən Moskva Yazıçılar İttifaqının birinci katibi Yevgeni Sidorov xalqların bir-birini tanımasında, onlar arasında dostluğun yaranmasında ayrı-ayrı şəxsiyyətlərin böyük rol oynadığını demiş, Azərbaycanın müasir mədəniyyətinin və ədəbiyyatının yüksək sürətlə inkişaf etdiyini vurğulamışdır.

Qurultayda Türkiyədən Ataol Bəhramoğlu, Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya, Ukraynadan İvan Draç, Rusiyanın Tatarıstan Respublikasından Renat Xarisov, Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu, Serbiyadan Radomir Andriç və digər qonaqlar çıxış edərək dünya ədəbi prosesində baş verən yeniliklərdən söz açmış, Azərbaycanda yaradıcı insanlara dövlət qayğısını yüksək qiymətləndirmiş və qurultayın işinə uğurlar arzulamışlar.

Mərasimdə, həmçinin xarici ölkələrin yazıçılar birlik və təşkilatlarının təbrik teleqramları oxunmuşdur.

Azərbaycan Yazıçılar Birliyi təftiş komissiyasının sədri Qəzənfər Paşayev qurultay iştirakçılarına ötən dövr ərzində görülmüş işlər barədə məlumat vermişdir.

Qurultayda xalq şairi Nəriman Həsənzadə, akademik İsa Həbibbəyli, xalq şairi Vaqif Səmədoğlu, xalq şairi Zəlimxan Yaqub, yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova, xalq şairi Sabir Rüstəmxanlı, gənc yazıçı, Prezident mükafatçısı Pərvin Nurəliyeva, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, AYB-nin Moskva Bölməsinin sədri, tənqidçi-ədəbiyyatşünas Tofiq Məlikli, xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək ötən dövr ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açmışlar. Çıxışlarda Azərbaycan dövlətinin yazıçılara qayğısı yüksək qiymətləndirilmiş və minnətdarlıq ifadə olunmuşdur.

Fasilədən sonra işini davam etdirən Azərbaycan yazıçılarının XII qurultayında xalq şairi Söhrab Tahir, Milli Məclisin deputatları Nizami Cəfərov, Rafael Hüseynov, Aqil Abbas, tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova, yazıçı-publisist Əjdər Ol, yazıçı, AYB-nin gənclər şurasının sədri Elşad Ərşadoğlu, tənqidçi-dramaturq Əli Əmirli, şairə Həyat Şəmi, AYB-nin Qarabağ bölməsinin rəhbəri Ənvər Əhməd, “Azərbaycan” jurnalının redaktoru İntiqam Qasımzadə, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Elçin Hüseynbəyli, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs və başqaları Azərbaycan ədəbiyyatının müasir inkişaf mərhələlərindən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən söhbət açmışlar.

Bir sıra təkliflərlə çıxış edən natiqlər vurğulamışlar ki, Azərbaycan ədəbiyyatının daha geniş coğrafiyada tanıdılması üçün ciddi addımlar atılmalı, AYB-nin tərkibindəki qəzet və jurnallar vahid holdinqdə birləşdirilməklə internet portalı yaradılmalı, tərcümə mərkəzinin işi təkmilləşdirilməli və dəyərli ədəbi nümunələrimiz başqa dillərə çevrilərək internet vasitəsilə dünya oxucularına çatdırılmalıdır.

AYB tərəfindən ölkəmizdə istedadlı gənclərin üzə çıxarılması istiqamətində həyata keçirilən layihələri yüksək qiymətləndirən natiqlər bunun uğurlu nəticə verdiyini diqqətə çatdırmışlar.

Qurultayda AYB-nin orqanları olan “Azərbaycan”, “Ulduz” və “Literaturnıy Azerbaydjan” jurnalları, “Qobustantoplusu, “Ədəbiyyat” qəzeti və digər nəşrlər haqqında geniş məlumat verilmişdir. Vurğulanmışdır ki, bu orqanlarda mütəmadi olaraq Azərbaycan ədəbiyyatının nümunələrinə geniş yer verilir.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə çıxış edərək bildirmişdir ki, qurultayın özünün daxili dramaturgiyası, gözəl harmoniyası vardır.

F.Abdullazadə demişdir: “Yazıçılar Azərbaycan ədəbiyyatının, sözünün, nəsrinin, şeirinin keşiyində duran ən müqəddəs insanlardır. Bu missiya onlara Ulu Tanrı tərəfindən verilmişdir. Biz çalışmalıyıq ki, gözəl keçmişi, bu günü olan Azərbaycan ədəbiyyatının uğurlu sabahı da olsun. Dünyada baş verən buya digər hadisələrə baxmayaraq ədəbiyyat inkişaf edir və insanların şeirə, sözə olan marağı azalmır”.

Azərbaycanda uşaq ədəbiyyatının durumundan, onlar üçün yazılmış dərsliklərdən, televiziya verilişləri və teatr tamaşalarından və bu sahədəki mövcud problemlərdən söz açan şöbə müdiri Azərbaycan dilinin inkişafına təkan verəcək bədii əsərlərin yazılmasının zəruriliyini qeyd etmişdir.

Uşaq ədəbiyyatı sahəsində mövcud olan problemlərdən danışan natiq demişdir ki, Azərbaycanın görkəmli sənətkarlarının həyat hekayəsi olduqca oxunaqlı bir dildə, maraqlı formada uşaqlara çatdırılmalıdır.

İnternet resurslarında Azərbaycan dilində məlumatların az olduğunu diqqətə çatdıran Prezident Administrasiyasının rəsmisi bədii tərcümə məsələlərinə ciddi fikir verilməsinin vacibliyini vurğulamışdır.

Ölkədə kitab mağazalarının azlığını qeyd edən Fatma Abdullazadə bildirmişdir ki, bu işdə nəşriyyatlar, yazıçılar, ədəbiyyatşünaslar əlbir şəkildə, yeni mexanizm əsasında fəaliyyət göstərməlidirlər.

Sıralarında yüzlərlə qələm sahibini birləşdirən AYB-nin belə bir tərkibdə fəaliyyətini yüksək qiymətləndirən Fatma Abdullazadə demişdir ki, sözə vurğun bu qədər insanın olduğu bir yerdə Azərbaycan ədəbiyyatının parlaq gələcəyi heç kəsdə şübhə doğurmamalıdır.

Müzakirələrə yekun vurulduqdan sonra Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsinə əlavə və dəyişikliklər edilmiş, AYB-nin fəaliyyətinin əsas istiqamətləri təsdiq olunmuşdur.

Qurultayda təşkilati məsələlərə baxılmışdır.

 Xalq yazıçısı Anar Rəsul oğlu Rzayev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.

Qurultay AYB-nin rəhbər strukturunu, ağsaqqallar şurasını, idarə heyətini və təftiş komissiyasını seçmişdir.

Sonda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar ona yenidən etimad göstərdiklərinə görə qurultayın iştirakçılarına minnətdarlığını bildirmişdir.

Sədr demişdir ki, bir çox ölkələrdə yazıçılar birlikləri fəaliyyətini dayandırsa da, Azərbaycanda bu qurum yaşayır, fəaliyyət göstərir və 80 illik yubileyini qeyd edir. Bu, heç də təkcə mənim fəaliyyətimin nəticəsi deyildir. Bu işlərdə ulu öndərimiz Heydər Əliyev daim bizi dəstəkləmişdir. Bütün layihələrimizə xeyir-dua verən ümummilli liderimizin bu sahədəki siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

AYB-nin sədri tədbirin belə yüksək səviyyədə, möhtəşəm şəkildə keçirilməsinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirmiş və vurğulamışdır ki, biz millətimizə, dövlətimizə, ədəbiyyatımıza sadiqik  və həmişə bu yoldayıq.

Azərbaycan yazıçılarının XII qurultayında İraqda baş vermiş terror hadisələri ilə bağlı dünya yazıçılar ittifaqlarına və birliklərinə müraciət qəbul edilmişdir.

Bununla da Azərbaycan yazıçılarının XII qurultayı öz işini başa çatdırmışdır.

 

AzərTAc

 

Xalq qəzeti.- 2014.- 18 iyun.- S.11.