Azərbaycanın
qurtuluşunun
və yüksəlişinin
dönüş nöqtəsi
(əvvəli qəzetimizin 15 iyun 2014-cü il tarixli sayında)
Ulu öndər Heydər Əliyev bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. Ümummilli liderin imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanda, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda insan hüquqlarının qorunması, beynəlxalq standartlara tam uyğunlaşdırılması üçün çox mühüm icra mexanizmləri nəzərdə tutulurdu.
Bu sahədə
müəyyən təcrübə toplamış beynəlxalq
təşkilatlarla əməkdaşlıq, ölkədə
hüquqi bazanın təkmilləşdirilməsi, kadr
hazırlığına diqqətin artırılması,
müxtəlif konvensiyalara, sazişlərə qoşulma
müsbət nəticəsini göstərdi. İlk dəfə
olaraq, Azərbaycanda
ölüm hökmünün ləğv olunması, amnistiya
aktları və əfv fərmanları ilə azadlıqdan məhrum
edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş
hissəsindən azad olunması insan amilinə diqqətin
nümunəsi kimi dəstəkləndi. Atılan addımlar
bu reallığı təsdiqlədi ki, insan hüquq və
azadlıqlarının qorunması dövlət siyasətinin
prioritetidir.
Azad mətbuatın
inkişafı istiqamətində atılan addımlar da
davamlılığı ilə diqqət çəkir. Ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə
Azərbaycanda Konstitusiyanın 50-ci maddəsindən irəli gələrək, senzuranın ləğvi,
sözün həqiqi mənasında, azad, müstəqil mətbuatın
formalaşmasında həlledici rol oynadı. 1998-ci ilin 6
avqustunda “Azərbaycan Respublikasında söz, fikir və məlumat
azadlığının təmin edilməsi sahəsində əlavə
tədbirlər haqqında” fərmanın imzalanması
ilə ölkə mətbuatının inkişafında yeni
bir mərhələnin başlanğıcı qoyuldu.
Ölkədə xeyli
sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin,
elektron KİV-lərin, jurnalist təşkilatlarının fəaliyyət
göstərməsi azad mətbuatın mövcudluğunu təsdiq
edən amillərdir. Ulu öndər Heydər Əliyevin azad mətbuatın
inkişafına göstərdiyi diqqət və
qayğının davamlılığının nəticəsi
idi ki, 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına
layiq görüldü.
Ölkədə
vətəndaşların hüquq və
azadlıqlarının təmin edilməsi istiqamətində
də mühüm addımlar atıldı. Siyasi kampaniyalarda vətəndaşlara
sərbəst seçim hüququnun verilməsi, şəffaf
seçkilərin təşkili, obyektivliyin təminatı
demokratik dəyərlərə sadiqlik kimi dəyərləndirilir.
2003-cü ilin mayında Azərbaycan hökumətinin
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları
Bürosu, eyni zamanda Avropa Şurası Venesiya Komissiyası ilə
birgə əməkdaşlığı nəticəsində
qəbul olunan Seçki Məcəlləsi ölkədə
seçkilərin demokratik və beynəlxalq standartlara
uyğun keçirilməsini təmin etdi.
Qeyd edək
ki, Azərbaycanın 2001-ci ilin yanvarında dünyanın
nüfuzlu təşkilatlarından olan Avropa
Şurasının tamhüquqlu üzvlüyünə qəbul
olunması demokratik dəyərlərə sadiqliyinin bariz
nümünəsi oldu. Ötən dövr ərzində
qurumla Azərbaycan arasında əlaqələrin yüksələn xətt üzrə
inkişafı, qəbul edilən qərar və qətnamələrdə
demokratik təsisatların inkişafına xidmət edən
addımların təqdir olunması bir daha onu təsdiqləyir
ki, dövlətimiz demokratik dəyərləri
bugününün, sabahının əsası kimi dəyərləndirir.
Çünki demokratiya Azərbaycan xalqının həyat tərzidir.
Müstəqil xarici siyasət başlıca
şərtdir
Bu, bir
tarixi həqiqətdir ki, Azərbaycanın müstəqilliyinin
ilk illərində hakimiyyətdə olmuş iqtidarlar
reallığı nəzərə alan müvafiq xarici siyasət
kursu apara bilmədilər. 1991-1992-ci illərdə Azərbaycanın
o vaxtkı rəhbərliyi nəinki prioritet vəzifələri
müəyyənləşdirib həyata keçirmədi, əksinə,
həm daxildə, həm də xaricdə çox ziyanlı
siyasət yeridərək ölkəni çətin duruma
saldı. Müxtəlif məsuliyyətsiz bəyanatlarla Azərbaycanı
həm daxildə, öz vətəndaşları arasında,
həm regionda, həm də xarici aləmdə çox
böyük problemlərlə üzbəüz qoydu. Xarici siyasət sahəsində yaşanan problemlərin
daxildə baş alıb gedən özbaşınalıq,
siyasi böhran, vətəndaş qarşıdurması ilə
müşahidə olunması, erməni
işğalçılarının bir-birinin ardınca Azərbaycan
torpaqlarını işğal etməsi və bunun
qarşısını almaq üçün mövcud hakimiyyətin
ciddi bir iş görə bilməməsi və
s. kimi məsələlər dövlətçiliyimiz
üçün faciəli anlar yaşatdı. Məhz ulu
öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın
xarici siyasətinin və beynəlxalq münasibətlər
sistemində təmsilçiliyinin strateji və cari vəzifələri,
beynəlxalq aləmlə əlaqələrin konturları,
prioritetləri müəyyən edildi. Xalqın
təkidli tələbi ilə dahi şəxsiyyət Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın
beynəlxalq münasibətlər sistemində iştirakı
və özünəməxsus mövqelər qazanması
üçün lazımi tədbirlər görüldü,
ölkənin xarici aləm üçün kəsb etdiyi maraq
dairəsi, geosiyasi və geoiqtisadi əhəmiyyəti
düzgün dəyərləndirildi, beynəlxalq aləmin Cənubi
Qafqazda, Xəzər regionunda və Azərbaycanda təmsil
olunan, üst-üstə düşən, kəsişən
maraq dairələri müəyyənləşdirildi. Beləliklə
də, bütün prioritetlər nəzərə alınaraq,
banisi ümummilli lider Heydər Əliyev olan
balanslaşdırılmış xarici siyasət
strategiyası reallaşdırılmağa başlandı.
Ümummilli lider hər
bir xarici ölkəyə səfəri zamanı daim diqqəti
Azərbaycan həqiqətlərinə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinə
yönəltdi. Dahi şəxsiyyət Azərbaycan
reallıqlarının təbliğində diasporun rolunu da
önə çəkərək, diaspor quruculuğu istiqamətində
mühüm addımlar atdı. Ayrı-ayrı ölkələrdə
Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin
yaradılmasına nail olduqdan sonra onların vahid mərkəzdən
idarə edilməsinin gərəkliyi önə çəkildi.
Ulu öndər Heydər Əliyevin sərəncamı ilə
2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının
I qurultayı keçirildi. Bu addım diaspor hərəkatının
inkişafında yeni mərhələnin
başlanğıcını qoydu. Dünya azərbaycanlılarının
vahid mərkəzdən idarə olunmasının yüksək
səviyyədə həyata keçirilməsi
üçün ulu öndər Heydər Əliyevin 2002-ci il
5 iyul tarixli fərmanı ilə Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsi yaradıldı. Qeyd edək ki, möhtərəm
Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı
ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin əsasında
Diasporla İş üzrə Dövlət Komitəsi təsis
olundu.
Ulu öndər Heydər
Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab
İlham Əliyevin təşəbbüsü ilə
2006-cı ilin martında Dünya Azərbaycanlılarının
II qurultayı, 2011-ci ilin iyulunda isə Dünya Azərbaycanlılarının
III qurultayı keçirildi. Qurultaylarda da bu məqam
xüsusi vurğulandı ki, bu gün Azərbaycan iqtisadi cəhətdən
qüdrətli dövlətə çevrilib,
genişmiqyaslı layihələr gerçəkləşdirir,
dünyanın inkişaf etmiş ölkələri Azərbaycanı
tərəfdaş və müttəfiq kimi görür.
Azərbaycanın etibarlı tərəfdaş kimi
özünü təsdiq etməsi dövlətimizin yeritdiyi
müstəqil xarici siyasətlə sıx bağlıdır.
Azərbaycan dövləti bu imkanlardan istifadə edərək,
dünyanın ayrı-ayrı ölkələrində
yaşayan azərbaycanlılara daha böyük qayğı ilə
yanaşır, onların birliyinin möhkəmləndirilməsi
istiqamətində ciddi səylər göstərir. Bunun nəticəsidir ki, bu gün artıq Azərbaycan
diasporunun yaxşı təşkilatlandığı, azərbaycanlıların
yaşadıqları ölkələrin ictimai-siyasi proseslərinə
təsir göstərə bilmək imkanlarının əhəmiyyətli
dərəcədə artması sayəsində onların Azərbaycanın
milli maraqlarını müdafiə etmək
iqtidarında olduqları inamla söylənilir.
Ən böyük
problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində diplomatik mübarizədə
qələbənin rolu inkaredilməzdir. Dövlət
başçısı bildirir ki, bizim diplomatiyamız
özünümüdafiə xarakteri daşımamalı,
hücum diplomatiyası olmalıdır.
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ probleminin tezliklə həlli Azərbaycan dövləti
ilə yanaşı, bütün həmvətənlərimizin
də qarşısında mühüm vəzifə kimi durur. Buna
görə də ürəyi Vətən sevgisi ilə
döyünən dünya azərbaycanlıları bu istiqamətdə
öz səylərini gücləndirməli, problemin mahiyyətini
xarici ölkələrin hökumət və ictimaiyyətinə,
beynəlxalq təşkilatlara çatdırmaq
üçün daha məqsədyönlü fəaliyyət
göstərməlidirlər. Diaspor təşkilatlarımız
dünyadakı proseslərin nəbzini tutaraq öz
çevikliyini artırmalı, digər xalqların diaspor mərkəzləri
ilə səmərəli əməkdaşlığın
yeni formalarını tapmalı, ölkəmiz əleyhinə
yönəlmiş təxribatlara qarşı operativ və adekvat
addımlar atmalıdırlar.
“Bu gün güclənən Azərbaycan bizim
qürur mənbəyimizdir”,– deyə bildirən Prezident
İlham Əliyev bu əminliyi də ifadə edir ki, Azərbaycan
öz ərazi bütövlüyünü bərpa edəcək,
işğal altındakı bütün bölgələri
azad olunacaq və soydaşlarımız öz doğma
yurd-yuvalarına qayıdacaqlar. Azərbaycanın
diplomatik mübarizədə qələbəsi, artan iqtisadi
imkanları, beynəlxalq standartlara cavab verən güclü
ordusu, xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının
həmrəyliyi bu əminliyi şərtləndirən əsas
amillərdir.
1993-2003-cü illər sabitlik, inkişaf
və
tərəqqi dövrü kimi yadda qaldı
Bir sözlə, aparılmış qısa təhlil
tariximizin 1993-2003-cü illərinin aydın mənzərəsini
yaratdı və 2014-cü il may ayının 27-də 28 May -
Respublika Günü münasibətilə keçirilən rəsmi
qəbulda Prezident İlham Əliyevin böyük inamla və
qətiyyətlə söylədiyi bu fikirlər dahi şəxsiyyət
Heydər Əliyevin Azərbaycan dövləti, xalqı
qarşısındakı xidmətlərinə, qurtuluş məfkurəsinin
ölkəmizə qazandırdığı uğurlara bir daha
işıq saldı: “1993-2003-cü illər tarixdə sabitlik,
inkişaf illəri kimi qalacaqdır. Azərbaycanın müstəqil ölkə kimi
yaşamasını təmin edən bir dövr kimi tarixdə
qalacaqdır. Biz bu gün öz fəaliyyətimizi o illərdə
müəyyən edilmiş strategiya çərçivəsində
aparırıq, Azərbaycanı inkişaf etdiririk”.
Yola
davam...
“Son on ilin təcrübəsi sürətli
inkişaf tarixidir. Bu da tarixdə
qalacaqdır. Çünki on il ərzində
iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci
ölkə olmamışdır. Bütün
statistik göstəricilər bunu təsdiqləyir. Bizim
gündəlik həyatımız da bunun əyani sübutudur”,– bildirən möhtərəm Prezident
İlham Əliyev qətiyyətlə söyləyir ki, son on
ildə çalışmışam ki, ulu öndərin siyasətinə
layiq olum: “Çalışmışam ki, onun siyasi xəttini
sizinlə bərabər, Azərbaycan xalqının dəstəyi
ilə yaşadım. Qürur hissi ilə deyə
bilərəm ki, bugünkü Azərbaycan ulu öndərin
görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla
gedir, güclənir, möhkəmlənir və çox
güclü regional amilə çevrilibdir”.
Ölkənin hərtərəfli
inkişafında iqtisadi amilin rolu son on ildə də həyata
keçirilən siyasətin ana xəttini təşkil edib. Enerji sahəsində qazanılan davamlı uğurlar
bir daha bu reallığın təsdiqidir ki, uğurlu
başlanğıc növbəti uğurlar üçün
möhkəm bazadır. 1994-cü ildə “Əsrin
müqaviləsi”nin imzalanması ilə əsası
qoyulan enerji strategiyasının uğurları davam edir. Enerji bazarında önəmli rolu, təşəbbüskarlığı
ilə fərqlənən Azərbaycanda neft
strategiyasının icrası sahəsində görülən
işlər, yaranan bu imkanlardan səmərəli istifadə nəticəsində
respublikamızın adı dünya miqyasında ən sürətlə
inkişaf edən ölkələr sırasında çəkilir.
Avropanın enerji təhlükəsizliyinin təminatında
qədim Odlar yurdunun xüsusi əhəmiyyəti barədə
dövlət başçılarının, siyasətçilərin,
xarici mütəxəssislərin söylədikləri xoş
sözlər də bu qənaət üçün əsas
yaradır. Bu bir həqiqətdir ki,
dünyanın enerji və yanacaq satışı bazarında
böyük nüfuza malik, qitə dövlətləri
üçün sabit və mühüm enerji mənbəyi
olan Azərbaycanın maliyyə imkanları artmaqdadır.
“Hədəfimiz bundan sonra da irəli getməkdir”,– deyə bildirən Prezident İlham Əliyev
TANAP, TAP kimi layihələri xalqlar arasında əməkdaşlığın
möhkəmlənməsi, bölgədə sabitliyin təminatı
baxımından daha əhəmiyyətli hesab edir: “Bu gün
gözəl bir əməkdaşlıq mühiti vardır və
bu əməkdaşlıq mühitinin coğrafiyası getdikcə
genişlənir. Çünki biz növbəti
illərdə yeni tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa
başlayacağıq”.
Qeyd edək ki, ötən ilin
dekabrında imzalanan “Şahdəniz-2” layihəsi üzrə
yekun investisiya qərarının imzalanması dayanıqlı
çoxtərəfli əməkdaşlığın başlanğıcı
kimi dəyərləndirilir. Dövlət
başçısı İlham Əliyev bildirir: “Şahdəniz-2”
layihəsi bundan sonra uzunmüddətli dayanıqlı
inkişafımızı təmin edəcəkdir. Milyardlarla dollar investisiya qoyulacaqdır. Yüzlərlə, bəlkə də minlərlə
yeni Azərbaycan şirkəti podratçı kimi
çalışacaqdır. Bu, öz növbəsində
on minlərlə yeni iş yerinin açılmasına gətirib
çıxaracaq və ölkəmizin qeyri-neft sektoru
inkişaf edəcəkdir”.
Azərbaycanın enerji sahəsində
qazandığı uğurlardan bəhs edərkən
ARDNŞ-in bütün tərəfdaşlarla çox gözəl
əməkdaşlığının mövcudluğu
xüsusi vurğulanır. Dövlət
başçısı İlham Əliyev bildirir: “Bu əməkdaşlığın
yaranması da məhz “Əsrin kontraktı”ndan
başlamışdır. Bu kontraktın
imzalanması ilə Azərbaycan Dövlət Neft Şirkəti
də beynəlxalq şirkətə çevrilmişdir.
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin
həm ölkə daxilində, həm dünyada çox
güclü mövqeləri vardır. Bu
gün SOCAR-ın nəinki Azərbaycanda, müxtəlif yerlərdə
böyük investisiya layihələri vardır. Bu investisiyalar Türkiyədə, Gürcüstanda,
İsveçrədə, Ukraynada, Rumıniyada, Birləşmiş
Ərəb Əmirliklərində uğurla icra edilir və
SOCAR öz investisiya layihələrini həyata keçirir”.
Dövlət başçısı
SOCAR-ın qarşısında dünya miqyasında beynəlxalq
və aparıcı şirkətlərin birinə çevrilmək
vəzifəsini qoyub. Bu gün ARDNŞ-in
adının nüfuzlu beynəlxalq şirkətlər
sırasında çəkilməsi bu istiqamətdə
atılan biri-birindən əhəmiyyətli addımların
nəticəsidir.
Neft sektorunda xarici sərmayələr
üçün mühüm məkana çevrilən Azərbaycanın
iqtisadi mühiti hazırda qeyri-neft sektoruna da marağı
artırır. Ulu öndər Heydər
Əliyevin yeni neft strategiyası Azərbaycana əhəmiyyətli
maliyyə imkanları qazandırmaqla yanaşı, sabitlik amili
kimi də ciddi təsir imkanını ortaya qoydu. Bu strategiya, eyni zamanda, nəhəng layihələrdə
Azərbaycanın söz sahibi olması, neftdən gələn
gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltməsi
istiqamətində ciddi addımlar atmaqla bərabər, ölkənin
etibarlı tərəfdaş imicinin formalaşmasına da
böyük təsir göstərir.
Son on ildə ümumi daxili məhsul 3,4
dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı
1,5 dəfə artıb. Ölkədə bir milyondan artıq
yeni iş yeri açılıb, yoxsulluq səviyyəsi 49
faizdən 5,3 faizə enib, işsizlik 5 faiz
təşkil edir. Ölkəmizə 160 milyard dollar investisiya cəlb
olunub ki, ötən il bu rəqəm rekord
həddə çataraq 28 milyard dollar təşkil edib.
Bölgələrdə sahibkarlığın sürətli
inkişafı, mövcud infrastrukturun yenidən qurulması,
yolların və kommunikasiyaların əsaslı şəkildə
bərpası, elektrik enerjisi, qaz təminatı probleminin həlli
yerlərdə istehsal potensialını gücləndirməklə
bərabər, bölgə sakinlərinin Bakıya
axınının qarşısını alaraq, daxili miqrasiya
prosesini xeyli dərəcədə azaldıb. ÜDM-də
özəl bölmənin payı 85,5 faiz
təşkil edir. Sahibkarlığın
inkişafı istiqamətində atılmış addımlar
sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır.
Son on ildə Sahibkarlığa Kömək Milli Fondu
hesabına 1 milyard 200 milyon manat investisiya qoyulub, sahibkarlara
güzəştli şərtlərlə kreditlər verilib.
İnkişaf etmiş dövlətlərin təcrübəsi
belə bir həqiqəti çoxdan sübuta yetirib ki, bazar
iqtisadiyyatına keçid dövründə özəl
sektorun fəaliyyətinə normal şərait yaratmadan cəmiyyət
qarşısında dayanmış bir sıra strateji vəzifələri
həyata keçirmək, iqtisadi yüksəlişi təmin
etmək, işsizliyin səviyyəsini aşağı salmaq,
infrastrukturu yeniləşdirmək, eləcə də sosial
xarakterli digər problemlərin həllinə nail olmaq çətindir.
2004-2008 və 2009-2013-cü illər
üçün nəzərdə tutulan regionların
sosial-iqtisadi inkişafına dair Dövlət
proqramlarının uğurlu icrası növbəti
proqramın təsdiqinə zəmin yaratdı. Artıq Dövlət Proqramının
üçüncü mərhələsinə start verilib və
2014-2018-ci illər üçün Dövlət Proqramında
yeni vəzifələr müəyyənləşdirilib.
Bu gün Azərbaycanın ən yüksək
inkişaf göstəricilərinə malik ölkələrdən
birinə çevrilməsi, sənaye potensialının
artımına, iqtisadi inkişaf tempinə görə
bütün dünyada öncül yeri tutması beynəlxalq
maliyyə təşkilatlarının hesabatlarında da öz
əksini tapır. Dünya Bankı Azərbaycanı
bir nömərəli islahatçı ölkə elan edib.
Beynəlxalq Valyuta Fondunun qənaətinə
görə, Azərbaycanda mövcud inkişaf tempi
saxlanılarsa, yoxsulluq səviyyəsi yaxın zamanlarda tamamilə
aradan qaldırılacaq. Ümumdünya
İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi
2013-2014” hesabatında isə Azərbaycan 7 pillə irəliləyərək
39-cu yerə layiq görülüb.
Heydər Əliyev siyasətini hər sahədə
uğurla davam etdirən dövlət başçısı
möhtərəm İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən demokratik islahatların uğurlu nəticələri
göz qabağındadır. İnsan hüquq və
azadlıqlarının qorunmasının yeni müdafiə
mexanizmlərinin yaradılması, seçkilərin
demokratikliyini təmin etmək üçün yeni təcrübələrin
tətbiqi, “Seçki Məcəlləsi”nin təkmilləşdirilməsi,
siyasi partiyaların, ictimai birliklərin fəaliyyətini tənzimləyən
qanunvericilik bazasında həyata keçirilən yeniləşmə,
təkmilləşmə, ölkə reallıqlarının bələdçisi,
eyni zamanda, demokratik, hüquqi dövlətin əsas atributu
kimi azad mətbuatın inkişafına yönələn
addımlar bugünümüzün gerçəklikləri
sırasındadır. Dövlətimizin azad mətbuatın
inkişafına diqqətinin bariz nümunəsi möhtərəm
Prezidentimizin iki dəfə “Jurnalistlərin dostu”
mükafatına layiq görülməsidir. Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun yaradılması, Milli Mətbuatımızın 138
illik yubileyində 17 mərtəbəli, iki bloklu, 156 mənzilli
binanın tikilərək jurnalistlərin istifadəsinə
verilməsi, eyni zamanda, “Azərbaycan mətbuat işçilərinin
sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə
tədbirlər haqqında” Prezident sərəncamı da bu
diqqət və qayğının göstəricilərindəndir.
Bu gün böyük qətiyyətlə
bildirilir ki, ölkəmizdə beynəlxalq standartlar səviyyəsində
kütləvi informasiya vasitələrinin mövcudluğu ulu
öndər Heydər Əliyevin və Prezident İlham
Əliyevin demokratik dəyərlərə önəm verməsi
sayəsində mümkün olub. Məhz
bu istiqamətdə göstərilən səylərin, eləcə
də KİV-lərə dövlət qayğısının
artırılmasının nəticəsidir ki, mətbuatımız
böyük inkişaf yolu keçərək, hər
dövrün tələblərini yüksək səviyyədə
yerinə yetirir, dövlətçiliyimizin inkişafına
öz töhfələrini verir.
Azərbaycanın uğurlu daxili siyasətinin
davamı kimi dəyərləndirilən xarici siyasətdə
də əldə olunan nəticələrin miqyası
genişdir. Ölkəmizlə əməkdaşlıqda
maraqlı olan dövlətlərin sayı artır, Azərbaycan
dünyada öz prinsipial mövqeyi ilə seçilir.
“Bizim sözümüz imzamız qədər dəyərlidir
və əhəmiyyətlidir”,– deyə
söyləyən dövlət başçısı
İlham Əliyev bildirir: Nəzərə alsaq ki, dünyada
ölkəmizə qarşı əks təbliğat
kampaniyası aparan ermənilər və erməni diasporu fəaliyyət
göstərir, inam qazanmağın heç də asan məsələ
olmadığını görərik. Azərbaycanın
2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq, BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi bu inamın təsdiqi,
Azərbaycanın bütün sahələrdə
qazandığı uğurların göstəricisidir. Bu uğur, eyni zamanda, Azərbaycanın ədalətli
mövqeyinin təntənəsidir.
Xarici siyasətimizdə əsas məsələ
olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində də
mühüm addımlar atılır. “Ölkələrin ərazi
bütövlüyü mübahisə mövzusu deyil, o
cümlədən Azərbaycanın ərazi
bütövlüyü mübahisə mövzusu deyildir...
Münaqişə BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsi əsasında
öz həllini tapmalıdır”,– söyləyən
Prezident İlham Əliyev bu fikri böyük inam və qətiyyətlə
bildirir ki, tezliklə münaqişə ədalətli həllini
tapacaq, qaçqın və məcburi köçkün
düşmüş soydaşlarımız öz doğma
yurd-yuvalarına qayıdacaq...
Dövlət başçısı
İlham Əliyev hər zaman bəyan edir ki, əldə olunan
uğurlarla kifayətlənməməli, daim irəliyə
baxmalıyıq. Bu baxışı
formalaşdıran, yeni-yeni hədəflərə yol
açan əsas amil isə təbii ki, inkişaf
strategiyasına yeni prioritetlərin əlavə
olunmasıdır. Təkmilləşmə, müasirləşmə,
modernləşmə dövrün əsas tələbi
olduğundan qarşıdakı illər üçün nəzərdə
tutulan “Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyası gələcək
uğurlarımızın aydın mənzərəsini
yaradır. Məqsəd Azərbaycanı
yüksək gəlirli ölkəyə çevirmək,
inkişaf etmiş dövlətlər sırasında görmək,
ümumi daxili məhsulu daha iki dəfə artırmaqdır.
Sözsüz ki, yeni hədəf qarşıya
qoyulursa, onun həyata keçirilməsinə böyük inam
mövcuddur. Bu inamı şərtləndirən
başlıca amil isə düşünülmüş və
gələcəyə hesablanmış siyasətdir.
Prezident İlham Əliyev 28 May - Respublika Günü
münasibətilə keçirilmiş rəsmi qəbulda bir
daha bildirdi ki, “Azərbaycan seçdiyi yolla getməlidir və
gedəcəkdir. Bizim yolumuz azadlıq yoludur,
inkişaf yoludur, müstəqillik yoludur. Biz
müstəqillik illərində sübut etmişik ki, müstəqil
ölkə kimi yaşaya bilərik, yaxşı yaşaya bilərik,
inkişaf edə bilərik. Ən
böyük sərvətimiz olan müstəqilliyimizi bundan
sonra da qorumalıyıq və qoruyacağıq”.
Bir sözlə, son on ilin uğurları
da çoxşaxəlidir və ölkəmizin perspektiv
inkişafı baxımından əhəmiyyətlidir. Çünki
10 ildə əsrə bərabər inkişaf dövrü
keçən, uğurlarının miqyası ilə
dünyanın diqqətində olan Azərbaycan beynəlxalq əhəmiyyətli
tədbirlərin keçirilməsi üçün əsas məkan
seçilirsə, inkişafın Azərbaycan modelinin
mövcudluğu yüksək səviyyələrdə
bildirilirsə, deməli, ulu öndər Heydər Əliyevin
böyük siyasi iradəsi, qətiyyəti, müdrikliyi, Azərbaycana
bəslədiyi hədsiz sevgisi və məhəbbəti sayəsində
ölkəmizin gələcək inkişafı
üçün elə etibarlı dayaq yaradılıb ki, bu
bünövrənin üzərində respublikamız
davamlı inkişaf edir, inamla irəliləyir. Bu mənada, hər bir Azərbaycan vətəndaşının
həyatında əhəmiyyətli dönüş
yaratmış Qurtuluş Günü Azərbaycanın
inkişafının və yüksəlişinin əsas
istinad nöqtəsidir.
Vüqar RƏHİMZADƏ,
YAP Siyasi Şurasının üzvü,
“İki
sahil” qəzetinin baş redaktoru,
əməkdar
jurnalist
Xalq
qəzeti.- 2014.- 18 iyun.- S.9.