Prezident İlham Əliyevin Yunanıstana
dövlət səfəri iki ölkə arasında əməkdaşlığın
genişlənməsinə yeni təkan verəcəkdir
Bu gün Yunanıstan-Azərbaycan əlaqələri
uğurla inkişaf edir. Ölkələrimiz arasında siyasi əlaqələr
və faydalı dialoq iqtisadiyyat, mədəniyyət və
humanitar sahələrdə münasibətlərimizin
inkişafına təkan verir. Biz, həmçinin müxtəlif
beynəlxalq təşkilatlar çərçivəsində
də uğurlu əməkdaşlıq edirik.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Azərbaycanın dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu xarici siyasət ölkəmizin dünya birliyinə inteqrasiyasını daha da sürətləndirib. Məhz bu uğurlu siyasətin məntiqi nəticəsidir ki, respublikamızın Avropanın aparıcı dövlətləri ilə əməkdaşlığı keyfiyyətcə yeni müstəviyə qədəm qoyub.
Hazırda Avropanın aparıcı dövlətləri ölkəmizlə əməkdaşlığa böyük maraq göstərir və Azərbaycanın fəal tərəfdaşı kimi çıxış edirlər. Biz dövlətimizin başçısının Avropa ölkələrinə rəsmi səfərləri və Avropanın inkişaf etmiş dövlətlərinin rəhbərlərinin müxtəlif təmasları zamanı da bunun şahidi olmuşuq. Prezident İlham Əliyevin bu günlərdə Yunanıstana dövlət səfəri zamanı ölkəmizin beynəlxalq aləmdəki reytinqinin getdikcə artması özünü bir daha göstərdi.
Qeyd edək ki, bu, Azərbaycan Prezidentinin Yunanıstana ikinci səfəridir. Budəfəki səfərin yekunları bir daha təsdiqlədi ki, Azərbaycan-Yunanıstan əlaqələri getdikcə daha da genişlənmiş və bütün sahələr üzrə əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur. Dövlət başçıları arasında aparılan danışıqlar, imzalanan sənədlər və keçirilən görüşlər iki ölkə arasında münasibətlərin daha da genişlənməsində mühüm əhəmiyyət kəsb etmişdir.
Azərbaycanla Yunanıstan
arasında diplomatik münasibətlərin 22 illik tarixi var.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci
ilin aprelində yaradılıb. Yunanıstanın Azərbaycandakı
səfirliyi 1993-cü il mayın 27-də,
Azərbaycanın Yunanıstandakı səfirliyi isə
2004-cü il aprelin 16-da fəaliyyətə başlayıb.
Buna baxmayaraq, iki ölkə arasında əlaqələrin qədim tarixi vardır.
Dövlətimizin başçısı İlham Əliyev də
Yunanıstana səfəri zamanı bu əlaqələrin qədim tarixə
malik olmasını və ölkələrimizin münasibətlərinin
müasir dövrdə daha da inkişaf etdiyini diqqətə
çatdıraraq demişdir: “Hələ XII əsrdə
yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi
Böyük İsgəndərə ithaf etdiyi ”İsgəndərnamə"
poemasında Aristotel, Arximed, Sokrat, Platon və digər görkəmli
yunan mütəfəkkirlərindən bəhs edir. Bu gün Yunanıstan-Azərbaycan əlaqələri
uğurla inkişaf edir. Ölkələrimiz
arasında siyasi əlaqələr və faydalı dialoq
iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə
münasibətlərimizin inkişafına təkan verir.
Biz, həmçinin müxtəlif beynəlxalq
təşkilatlar çərçivəsində də
uğurlu əməkdaşlıq edirik. Avropa
İttifaqı ilə münasibətlərimizin
inkişafında Yunanıstan çox müsbət rol
oynayır. Biz də bunu yüksək qiymətləndiririk.
Əminəm ki, Yunanıstan Avropa
İttifaqı Şurasında sədrliyi dövründə
olduğu kimi, gələcəkdə də Azərbaycan-Avropa
İttifaqı münasibətlərinin inkişafına öz
töhfəsini verəcəkdir".
Azərbaycan
müstəqillik əldə etdikdən bir neçə il sonra Yunanıstanla qurulan çoxşaxəli
əlaqələr də inkişaf etmişdir. Fakt
üçün qeyd edək ki, 1994-2004-cü illərdə
iki ölkə arasında iqtisadi, sənaye, texnologiya, enerji,
elm, təhsil, mədəniyyət, nəqliyyat,
investisiyaların qorunması, gömrük sahələrində
sazişlər imzalanmış və qarşıya qoyulan vəzifələr
uğurla icra olunmuşdur.
Ulu öndərin
layiqli davamçısı Prezident İlham Əliyev ölkəyə
rəhbərliyi dövründə Azərbaycan-Yunanıstan əlaqələrinin
inkişafı daha da sürətlənib. Azərbaycan-Yunanıstan
münasibətlərinin göstəricisi olaraq qeyd edək ki,Yunanıstan Prezidenti Konstantinos Stefanopulos
2004-cü il iyunun 20-22-də Azərbaycana rəsmi səfərə
gəlib. Prezident İlham Əliyev ali
qonağı səmimiyyətlə salamlayaraq, onun ölkəmizə
səfərinin ikitərəfli əlaqələrin daha da dərinləşməsində
yeni mərhələ olacağını
vurğulamışdı. Dövlətimizin
başçısı bildirmişdi ki, o, Azərbaycan-Yunanıstan
münasibətlərinin inkişafı sahəsində
ümummilli liderimiz Heydər Əliyevin siyasətini davam etdirəcəkdir.
Yunanıstan Prezidenti Konstantinos
Stefanopulos ikitərəfli əlaqələrin möhkəmləndirilməsi
və ölkələrimiz arasında daha geniş əməkdaşlığa
nail olmaq üçün imkanlar olduğunu söyləmişdi.
Həmin gün
Yunanıstan Prezidentinə Bakı Slavyan Universitetinin fəxri
doktoru adı verilmiş, həmçinin, o, Müasir Yunan dili
və Mədəniyyəti Mərkəzinin
açılışında iştirak etmişdir.
Yunanıstan Prezidentinin səfəri zamanı Azərbaycan Respublikası və
Yunanıstan Respublikası hökumətləri arasında sərmayələrin
qarşılıqlı təşviqi və qorunması, beynəlxalq
avtomobil daşınmaları və gömrük işi sahəsində
qarşılıqlı yardım haqqında sazişlər
imzalanmışdı.
2004-cü il
avqustun 12-19-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Afinada keçirilən XXVIII Yay Olimpiya
oyunlarının açılış mərasimində
iştirak etmək üçün Yunanıstana səfər
etmişdi. Avqustun 13-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və xanımı Mehriban
Əliyeva mərasimə gəlmiş 120 ölkənin
dövlət və hökumət
başçılarının şərəfinə
Yunanıstan Prezidenti adından
təşkil edilmiş ziyafətdə iştirak etmişdilər.
Avqustun 15-də XXVIII Yay Olimpiya oyunları
çərçivəsində “Azərbaycan günü”
keçirilmişdi. Azərbaycan Prezidenti
avqustun 16-da Yunanıstanın Baş naziri K. Karamanlislə
görüşmüş və Azərbaycan – Yunanıstan
münasibətlərinin mövcud vəziyyəti müzakirə
olunmuşdu. Ölkəmizin başçısı iqtisadi əlaqələrin, o
cümlədən, enerji və digər sahələrdə əməkdaşlığın
uğurlu inkişaf etməsindən məmnunluğunu
bildirmişdi. 2009-cu il fevralın 16-18-də Azərbaycan Prezidenti
İlham Əliyev yenidən Yunanıstana səfər
etmişdi. Səfərin birinci günü Azərbaycan
Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Karolos Papulyasla
görüşmüşdü. Həmin görüşdə ölkələrimiz
arasında siyasi, iqtisadi, enerji sahələrində əlaqələrin
inkişafından məmnunluq ifadə olunmuş və səfərin
qarşılıqlı əlaqələrin genişlənməsi
baxımından əhəmiyyəti
vurğulanmışdı.
Geniş tərkibdə
görüşdən sonra Prezidentlər İlham Əliyevin və
Karolos Papulyasın iştirakı ilə Azərbaycan-Yunanıstan
sənədlərinin imzalanma mərasimi olmuşdu. Mərasimdə
Azərbaycan Respublikası və
Yunanıstan Respublikası hökumətləri arasında gəlirlərə
və əmlaka görə vergilərə münasibətdə
ikiqat vergitutmanın aradan qaldırılması haqqında
Konvensiya, hava əlaqələri haqqında saziş, informasiya
və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq
haqqında saziş, Azərbaycan Respublikası Sənaye və
Energetika Nazirliyi və Yunanıstan Respublikasının
İnkişaf Nazirliyi arasında bərpa olunan enerji
ehtiyatları və enerji səmərəliliyi sahəsində
anlaşma memorandumu imzalanmışdır. İki
ölkə arasında imzalanmış sənədlərin
iqtisadi və digər sahələrdə əməkdaşlıq
üçün hüquqi baza yaratdığı
vurğulanmışdır.
Bütün bunları
xatırlatmaqla bir daha vurğulamaq istərdik ki, Azərbaycan-Yunanıstan
əməkdaşlığı ildən-ilə inkişaf
etmiş və yeni müstəviyə qədəm
qoymuşdur.
Yunanıstan Prezidenti
Karolos Papulyas Prezident İlham Əliyevin budəfəki səfərini
də yüksək dəyərləndirərək, onun ikitərəfli
münasibətlərin bütün istiqamətlərini daha da
dərinləşdirməyə xidmət edəcəyini
bildirmişdi. K.Papulyas
vurğulamışdır ki, aparılan danışıqlar
bir daha qarşılıqlı inam və hörmətlə
xarakterizə olunan yüksək siyasi əlaqələrimizi təsdiq
etmişdir. Yunanıstan
dövlətinin başçısı iqtisadi sahədə əməkdaşlıq
üçün böyük potensialın olduğunu diqqətə
çatdıraraq demişdir: “Azərbaycan dünyanın ən
əhəmiyyətli neft-qaz istehsalçılarından biridir
və buna görə o, beynəlxalq aləmdə böyük
nüfuza malikdir. Bu fakt, həmçinin Azərbaycanın
Avropaya təbii qaz nəqli üçün TAP boru kəmərini
seçməsindən sonra bizim enerji münasibətlərimizin
xüsusi dinamikasında əksini tapıb. TAP bir
başlanğıcdır. Enerji sahəsində əməkdaşlığımız
Azərbaycan və Yunanıstan arasında münasibətlərin
dərinləşməsi və ölkənizin Avropa ilə
Asiya arasında geostrateji və geoiqtisadi mövqeyini gücləndirəcək
bir şəkildə inkişaf etməlidir. Qafqaz ərazisi Avropa İttifaqı üçün
xüsusi əhəmiyyət kəsb edir. Buna
görə də Yunanıstanın Avropa İttifaqı
Şurasına sədrliyi İttifaqla Azərbaycan arasında
münasibətlərin daha sürətli inkişafına
yardım edir”.
Yunanıstanın Qafqaz regionu ilə
çoxəsrlik tarixi əlaqələri olduğunu qeyd edən
K.Papulyas bölgədə
təhlükəsizliyi və sabitliyi həmişə dəstəklədiklərini
bildirmiş və bunun regional əməkdaşlığa və
rifaha səbəb olacağını
vuğulamışdır. Yunanıstanın xarici siyasətdə
Dağlıq Qarabağ da daxil olmaqla münaqişələrin
sülh yolu ilə həllinə həmişə tərəfdar
olduğunu bildirən ölkə Prezidenti problemin aradan
qaldırılmasında öz ölkələrinin
mövqeyini də açıqlamışdır: “ Biz münaqişənin tezliklə milli
suverenlik və ərazi bütövlüyü prinsiplərinə
əsaslanan beynəlxalq hüquq çərçivəsində
qaneedici həllinin tapılmasını arzu edirik”.
Azərbaycan Prezidenti
İlham Əliyev isə Dağlıq Qarabağ münaqişəsinin
bu vaxta qədər öz həllini tapmamasını beynəlxalq
təşkilatların qəbul etdikləri qətnamələrin
hələ də icra olunmaması ilə əlaqələndirmişdir.
Ölkəmizin başçısı bu məsələyə
münasibət bildirərkən demişdir: “Ermənistanın
hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin
20 faizi – tarixi torpağımız olan Dağlıq Qarabağ
və ətrafındakı yeddi rayon işğal edilmiş, bu
ərazilərdə etnik təmizləmə siyasəti
aparılmış və bir milyondan artıq
soydaşımız qaçqın və məcburi
köçkün vəziyyətinə
düşmüşdür. BMT Təhlükəsizlik
Şurasının münaqişə ilə bağlı
dörd qətnaməsi vardır ki, Ermənistan silahlı
qüvvələrinin işğal edilmiş torpaqlardan
qeyd-şərtsiz çıxarılmasını tələb
edir. Qoşulmama Hərəkatı, ATƏT, NATO, Avropa
Parlamenti, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı
və digər nüfuzlu beynəlxalq təşkilatlar da
oxşar qərar və qətnamələr qəbul
etmişdir. Münaqişə Azərbaycanın
ərazi bütövlüyü və beynəlxalq hüquq
normaları çərçivəsində həll
olunmalıdır”.
Göründüyü
kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində Yunanıstan Prezidenti də
Azərbaycan tərəfinin mövqeyini dəstəkləmişdir. Prezident İlham Əliyevin Yunanıstana səfəri çərçivəsində
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da bir
sıra görüşlər keçirmiş, Afinada “ELPİDA” Xərçəng Xəstəliyinə
Tutulan Uşaqların Dostluq Assosiasiyası ilə tanış
olmuş, Heydər Əliyev Fondu adından uşaqlara hədiyyələr təqdim
etmişdir. Azərbaycanın birinci xanımına “ELPİDA” mükafatı və
Beynəlxalq Olimpiya
Akademiyasının “Olimpiya mükəmməlliyi” xüsusi fəxri
mükafatı təqdim edilmişdir. Sonra Azərbaycanın
birinci xanımı “Kiklad” İncəsənət Muzeyinə də
baş çəkmişdir.
Azərbaycan Prezidenti İlham
Əliyev səfər çərçivəsində səmərəli
görüşlər keçirmiş, Azərbaycan ilə
Yunanıstan arasında qurulmuş dostluq əlaqələrinin
çox uğurla inkişaf etdiyini və bu əməkdaşlığın
gələcəkdə daha da genişlənməsi
üçün böyük imkanların olduğunu
bildirmişdir. İki ölkə arasında əməkdaşlığın
daha da möhkəmləndirilməsindəki fəaliyyətinə
görə Azərbaycan Prezidenti İlham Əliyev
Yunanıstan parlamentinin qızıl medalı ilə təltif
olunmuşdur. Səfər
çərçivəsində Azərbaycanla Yunanıstan
arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq
haqqında Saziş, Avropa İttifaqı məsələləri
üzrə və
gənclər sahəsində əməkdaşlıq
haqqında Memorandum imzalanmışdır.
Əliqismət BƏDƏLOV
“Xalq qəzeti”. - 2014. - 19 iyun. - S. 1-2.