Azərbaycan Respublikasında regionların
sosial-iqtisadi inkişafının nəzəri aspektləri
Ümummilli lider Heydər Əliyevin
dediyi kimi, iqtisadiyyatı güclü olan dövlət hər
şeyə qadirdir". Məhz bu ideyadan
çıxış edərək, 1991-ci ildə müstəqilliyini
bərpa edən Azərbaycan Respublikası o vaxtdan etibarən
bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə
də müstəqil siyasət həyata keçirir. Bu baxımdan bazar iqtisadiyyatına əsaslanan və
dünya iqtisadi sisteminə inteqrasiya oluna bilən iqtisadiyyat
yaratmaq üçün səhmləşdirmə və özəlləşdirmə
ilə kifayətlənməyən respublika rəhbərliyi
bununla yanaşı, həm də regional dövlət siyasəti
həyata keçirməklə ölkədə
çoxşaxəli islahatlara başlamışdır.
Regionların iqtisadi inkişafını təmin etməklə ümumi iqtisadiyyatı dirçəltmək üçün həyata keçirilən tədbirlər bu günə kimi davam edir. Buna görə də regionların sosial-iqtisadi inkişaf prosesini şərti olaraq 4 mərhələyə bölmək olar:
1) 1991 - 1995 - ci illər - böhran mərhələsi;
2)1995 - 2003 - cü illər - Ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövrü;
3) 2003-
2008 - ci illər - İlham Əliyevin birinci prezidentlik
dövrü;
“Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramının
( 2004 - 2008-ci illər) həyata keçirilməsi mərhələsi;
4) 2009 -
2013 - cü illər - İlham Əliyevin ikinci prezidentlik
dövrü
“Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramının ( 2008 - 2013-cü
illər) həyata keçirilməsi mərhələsi.
Birinci, yəni
böhran mərhələsi, ümumiyyətlə, çox
çətin bir tarixi dövrü əhatə edir. Yenicə
müstəqillik qazanmış dövlətə digər
dövlətlərin təzyiqi, Ermənistan tərəfindən
ərazilərimizin işğalı, bununla regionlara vurulan
ziyan, ölkədə hökm sürən qeyri-sabitlik, eləcə
də hakimiyyət uğrunda gedən mübarizə, vətəndaş
müharibəsi nəticəsində yaranmış xaos təbii
olaraq iqtisadiyyatın tənəzzülünə və
ölkədə iqtisadi böhrana gətirib
çıxardı. Məhz buna görə də, 1991-ci ildə
2,7 milyard manat olan ÜDM 1991-1994-cü illər
ərzində hər il orta hesabla 16,5 faiz azaldı. Bu isə
1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əmək
haqqı üzrə əldə etdiyi real gəlirlərin səviyyəsinin 5,7
dəfə azalmasına səbəb oldu. Bununla
da ölkə hiper-inflyasiya mərhələsinə daxil oldu.
Təəssüf
ki, bu cür çətin siyasi situasiyada ölkə
rəhbərliyinin qəbul etdiyi qərarların konkret olaraq
regionlara yönəldilməməsi,
yəni ümumrespublika səviyyəsində nəzərdə
tutulması regionların diqqətdən kənarda
qalmasına, bu isə regionların əhalisinin həyat səviyyəsinin
düşməsinə, istehsalın azalmasına,
yoxsulluğun, işsizliyin artmasına gətirib
çıxarmışdı.
Lakin 1993-cü ilin iyun
ayında ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə başlanan ikinci mərhələdə
həyata keçirilən siyasət nəticəsində bu
böhranı aradan qaldırmaq mümkün olmuşdur.
Xüsusən, 1994-cü il sentyabr
ayında imzalanan “Əsrin müqaviləsi” ilə ölkə
müstəqillik tarixində iqtisadiyyatın inkişafı
istiqamətində yeni mərhələyə qədəm
qoymuşdur. Bununla da həyata keçirilən
uğurlu neft strategiyası ölkəyə xarici
investisiyaların axınını gücləndirmiş və
iqtisadiyyatın canlanmasına şərait
yaratmışdı. Təbii ki, xarici investisiyaların cəlb
edilməsi, qabaqcıl ölkələrin idarəetmə təcrübəsindən
istifadə olunması, ölkəyə müasir
texnologiyaların gətirilməsi, yeni müəssisələrin
inşası, iş yerlərinin açılması nəticədə
iqtisadi inkişaf demək idi. Bütün bunların tətbiqi ölkədə
inflyasiyanın kəskin şəkildə aşağı
düşməsinə gətirib çıxardı. 1994 -
1997 - ci illər arasında inflyasiya tempini
aşağıdakı cədvəldən də görə
bilərik.
İl İnflyasiyanın tempi
(faizlə)
1994 1800
1995 84,6
1996 6,8
1997 0,4
Göründüyü kimi,
“dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən
də istifadə etmək, islahatlar aparmaq, bazar iqtisadiyyatı
yolu ilə getmək, sərbəstlik vermək, torpağı
kəndlilərə vermək, onları torpağın sahibi
etmək, mülkiyyət formasını dəyişdirmək
lazımdır”,– deyən ümummilli lider
Heydər Əliyevin apardığı radikal islahatlar nəticəsində
çox qısa müddətdə respublikada inflyasiyanın səviyyəsi
aşağı salındı və iqtisadi sabitlik əldə
olundu. Ən böyük yenilik isə Heydər Əliyev tərəfindən
dövlət quruculuğu və iqtisadi islahatlar sahəsində
yeni bir modelin – Azərbaycan modelinin əsasının
qoyulması oldu ki, bununla da müstəqil milli iqtisadiyyatın
yaradılması və onun dünya iqtisadi sisteminə
inteqrasiyasının təmin olunması əsas məqsədə
çevrildi.
2003-cü il
prezident seçkilərində inamla qələbə qazanan cənab
İlham Əliyev də hakimiyyətə gəldiyi ilk gündən
etibarən ulu öndərin siyasi strategiyasının layiqli
davamçısı kimi, Azərbaycanın inkişafı
istiqamətində mühüm addımlar atmağa
başladı. Xüsusən, dünyada neft
ölkəsi kimi tanınan Azərbaycan Respublikasında
iqtisadiyyatın neftdən asılılığına son
qoyulması ümummilli lider Heydər Əliyevin müəyyən
etdiyi əsas prioritetlərdən biri sırasında
olmuşdur. Məhz buna görə də Azərbaycanın
malik olduğu əmək ehtiyatlarından, təbii və
iqtisadi potensialından səmərəli istifadə etməklə
neftdən gələn gəlirləri iqtisadiyyatın digər
sahələrinə yönəltmək, ölkədə rəqabətqabiliyyətli
malların istehsalını artırmaq, əhalinin yoxsulluq səviyyəsini
aşağı salmaq, müasir tipli infrastruktur yaratmaq məqsədilə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2004-cü il fevralın 11-də “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının (2004-2008-ci illər)” icrası ilə
bağlı fərman imzalamışdır. Həmçinin
Quba-Xaçmaz, Şəki-Zaqatala, Şirvan, Lənkəran,
Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi
rayonlarına daxil olan şəhər və rayonların
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə olaraq 17 sərəncam imzalanmışdır.
Bununla da regionların iqtisadi inkişafında
üçüncü mərhələnin
başladığını demək olar.
Proqramın icrası nəticəsində
regionların sosial - iqtisadi inkişafı əhalinin gəlirlərinin
və həyat səviyyəsinin
yaxşılaşdırılmasına səbəb
olmuşdur. Dövlət Statistika Komitəsinin məlumatına
görə, proqramın həyata keçirildiyi 5 il ərzində
qeyri-neft sektoru 1,8 dəfə, qeyri-neft sektoruna qoyulan
investisiyanın həcmi isə 6,2 dəfə artmış və
ümumi investisiyaların strukturunda onun xüsusi çəkisi
2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə
çatmışdır. Ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında
isə 25,2 faiz artım olmuşdur.
Həyata keçirilən tədbirlər
nəticəsində 766 mindən çox yeni iş yeri
açılmış, 27,5 mindən
çox yeni müəssisə yaradılmışdır ki,
bunun da 40 faizə qədəri
regionlarda fəaliyyət göstərir. Ölkədə
sahibkarlıq fəaliyyyətini inkişaf etdirmək məqsədilə
5 il ərzində Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyi nəzdində
fəaliyyət göstərən Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitləri hesabına sahibkarlara yüksək
miqdarda kreditlər verilmişdir. Beləliklə,
bu proqramın icrası Azərbaycanın iqtisadi
potensialının gücləndirilməsində böyük
rol oynamışdır.
Bütün bunlarla yanaşı,
proqram çərçivəsində regionlarda infrastrukturun bərpası
və yenidən qurulması, əhalinin kommunal xidmətlərlə
təchizatının, təhsil və səhiyyə müəssisələrinin
yaxşılaşdırılması, su və kanalizasiya
sistemlərinin təkmilləşdirilməsi, nəqliyyat
sisteminin inkişaf etdirilməsi, ölkədə əlverişli
biznes mühitinin formalaşdırılması və s. işlər
də görülmüşdür. Beləliklə,
bütün bu işlər nəticəsində ölkə
iqtisadiyyatı canlanmış və ölkənin neftdən
asılılığına son qoyulmuşdur.
Azərbaycan Respublikasının
müasir vəziyyəti, həyata keçirilən məqsədyönlü
islahatların nəticəsi özünü təbii olaraq,
2008-ci il prezident seçkilərində də
göstərdi. Qısa bir müddətdə
ölkə iqtisadiyyatının yüksək səviyyəyə
qaldırılması, əhalinin rifahının daha da
yaxşılaşdırılması istiqamətində
görülən təsirli tədbirlər Prezident İlham
Əliyevə olan ümumxalq rəğbətini və
etimadını artırdı və növbəti prezident
seçkilərində onun yenidən seçilməsi ilə
bu, bir daha təsdiqləndi.
Prezident İlham
Əliyev başladığı işləri daha böyük
əzmlə davam etdirdi. 2009-cu il aprelin 14-də “Regionların 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramı
imzalandı. Dövlət Proqramında qeyd
olunduğu kimi, bu sənədin əsas məqsədi ölkədə
qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına nail olmaq idi.
Bu məqsədlərdən irəli gələn vəzifələrin
icrası 5 il ərzində Azərbaycanın
iqtisadi inkişaf tempini daha da irəli aparmağa yönəlmişdi.
Təbii ki, buna da nail olundu.
Ötən il fevral ayının 12-də
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının dördüncü ilinin
yekunlarına həsr olunmuş konfransda Prezident İlham
Əliyev ümumiyyətlə, son 10 il ərzində
görülmüş işləri xarakterizə edərək
vurğulamışdır ki, proqramın həyata
keçirilməsinin əsas səciyyəvi cəhətlərindən
biri onun daim yenilənməsidir. Təbii ki,
dövr yeniləndikcə tələbatlar da yenilənir və
bu tələbatlara uyğun olaraq yeni vəzifələr
meydana çıxır. Bu baxımdan
proqramın daim mövcud situasiyaya uyğun şəkildə
formalaşdırılması, eləcə də bölgə əhalisinin
təkliflərinə baxılaraq, onların seçilib sənədə
salınması əhalinin rifahının
yaxşılaşdırılması istiqamətində
görülən işlər baxımından təqdirəlayiq
haldır.
Bu il yanvar ayının 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev 2013 - cü ildə inflyasiyanın 2,4 faiz olduğunu qeyd etmişdir. Bu isə müasir dövr üçün, təbii ki, müsbət amildir.
Qeyd edək ki, proqram çərçivəsində müasir infrastrukturlar yaradılmış, regionların su, qaz, işıq və s. kommunal xidmətlərlə təchizatı yaxşılaşdırılmış, bölgələrdə nəqliyyat yolları, təhsil və səhiyyə müəssisələri təmir edilmiş və yenidən qurulmuş, sahibkarlığa dəstək məqsədilə onlara güzəştli şərtlərlə 275 milyon manat kredit verilmiş, elektrik enerjisinin təchizatını yaxşılaşdırmaq üçün “Cənub” Elektrik Stansiyası tikilərək istifadəyə verilmiş, eləcə də, Bakıda metro tikintisi davam etdirilərək yeni stansiya (Dərnəgül) açılmışdır. Yuxarıda qeyd etdiyimiz iqtisadi göstəricilər növbəti proqram əsasında aşağıdakı kimi dəyişmişdir:
Beləliklə, bütün bu göstəricilər Azərbaycan Respublikası iqtisadiyyatının son 10 il ərzində həyata keçirilən tədbirlər nəticəsində nə qədər inkişaf etdiyini əyani sübut edir. Müsbət haldır ki, bu proqramların icrası müəyyən müddət üçün deyil, daimi olaraq nəzərdə tutulur və bir proqramın yekununda artıq özündə gələcək perspektivləri birləşdirən digər proqramlar irəli sürülür. Ölkədə regionların inkişafı təbii olaraq, ümumi iqtisadiyyatın inkişafına təkan verir. Bu isə ölkənin daxili sabitliyini təmin etməklə yanaşı, həmçinin onun dünyada nüfuzunun artırılmasına da şərait yaradır. Bu aspektdən də, Azərbaycan bu gün Cənubi Qafqaz ölkələri arasında ən inkişaf etmiş dövlətə çevrilmişdir.
Ləman XƏLİLOVA,
“Azerbaijan Realities” analitik təhlil
qrupunun üzvü
"Xalq qəzeti".
- 2014. - 19 iyun. - S. 4.