Binəqədi rayonunda
səhiyyə işçilərinin peşə bayramı qeyd olunmuşdur
Binəqədi rayonunda səhiyyə
işçilərinin peşə bayramı münasibəti
ilə tədbir keçirilmişdir. Rayon icra hakimiyyətinin təşkilatçılığı
ilə Yeni Azərbaycan Partiyası Binəqədi
rayon təşkilatının inzibati binasında gerçəkləşən
tədbirdə icra hakimiyyəti
başçısının müavini Aygün Əliyeva, rayonun
səhiyyə müəssisələrinin rəhbərləri
və bir qrup səhiyyə
işçisi iştirak
etmişlər.
Tədbiri giriş sözü ilə açan Aygün Əliyeva icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adından səhiyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik etmiş, onlara ən xoş arzularını bildirmiş və şərəfli işlərində uğurlar arzulamışdır. Azərbaycanın bir çox sahələrdə olduğu kimi, tibb elminin inkişafında da böyük uğurlara imza atdığını deyən natiq səhiyyəmizin tərəqqisi və bugünkü səviyyəyə çatmasında misilsiz rol oynamış Mirəsədulla Mirqasımov, Əziz Əliyev, Mustafa Topçubaşov, Zərifə Əliyeva kimi görkəmli həkimlərimizin peşəkarlığı ilə yanaşı, həm də nəcib keyfiyyətləri və xeyirxahlıqları ilə yaddaşlarda silinməz iz qoyduqlarını vurğulamışdır.
Səhiyyə sahəsinə göstərilən dövlət qayğısına toxunan A. Əliyeva möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişi və təşəbbüsü ilə yeni-yeni tibb müəssisələrinin yaradılmasının, mövcud olanların təmir-bərpasının bu gün səhiyyə işçilərinə öz şərəfli peşələrini layiqincə yerinə yetirmələri üçün geniş imkanlar yaratdığını iştirakçıların diqqətinə çatdırmışdır.
Tədbir Xocəsən Sağlamlıq Mərkəzinin baş həkimi Loğman Əliyev və 3 saylı uşaq dəri-zöhrəvi dispanserinin şöbə müdiri Vüsalə Hüseynovanın çıxışları ilə davam etmişdir. Natiqlər səhiyyə sahəsinə göstərilən hərtərəfli dövlət qayğısından danışmış, belə qayğıkeş münasibətin onların üzərinə daha böyük məsuliyyət qoyduğunu qeyd etmiş və göstərdiyi diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirmişlər.
Tədbirin sonunda rayonun bir qrup səhiyyə işçisi peşə bayramı münasibəti ilə rayon icra hakimiyyətinin “Fəxri fərman”ı ilə təltif edilmişlər.
Vaqif BAYRAMOV,
“Xalq
qəzeti”. - 2014. - 19 iyun. - S. 7.