Mədəni-maarif işinin ön
sırasında
Hacı Əliyevi çoxdan – 1998-ci ildən tanıyıram. O zaman ölkəmizdə sayca ikinci olan demokratik prezident seçkiləri keçirilirdi. Redaksiya rəhbərliyinin tapşırığı ilə Sabunçu rayonunda Seçki Komissiyalarının səsverməyə hazırlığı barədə material hazırlayır və şəkillər çəkirdim.
Seçki Komissiyasının üzvü
Hacı Əliyevlə cəmi 20 dəqiqəlik söhbətimiz
zamanı onun milli təəssübkeşlik
hisslərinə, üzərinə düşən vəzifəni
yerinə yetirmək üçün nümayiş etdirdiyi məsuliyyətə,
sənədlərlə işi qurmaq məharətinə, ən
başlıcası, insani keyfiyyətlərinə, seçicilərlə
ünsiyyətdəki səmimiyyət və
mehribanlığına heyran oldum. Sonralar onunla bələdiyyə, parlament
və prezident seçkilərində dəfələrlə
görüşdük. 2005-ci ildən isə
26 saylı Sabunçu birinci
Dairə Seçki Komissiyasının sədridir.
Kifayət qədər təşkilatçılığı,
işgüzarlığı və siyasi qətiyyəti
olan bir
soydaşımızdır. Məhz həmin keyfiyyətlərinə
görə müxtəlif illərdə çoxsaylı mükafat və təltiflərə, 2011-ci ildə
isə dövlət başçısının sərəncamı
ilə “Tərəqqi” medalına layiq görülüb.
Hacı
Nurəddin oğlu Əliyevin ömür yolu milli mədəniyyətimizin təbliğinə,
mədəni-maarif işinin
inkişafına həsr olunub – desək, qətiyyən
yanılmarıq. 1976-cı ildə o
zamankı M.Ə.Əliyev adına Azərbaycan Dövlət
İncəsənət İnstitutunun mədəni-maarif
fakültəsini bitirən
Hacı hərbi xidmətdən sonra Zabratda müəllimlik etmiş,
Ağsuda mədəniyyət evində
çalışmışdır. Sonralar Bakının Bilgəh
və Bakıxanov qəsəbələrindəki mədəni-maarif
ocaqlarında işləmiş, 1997-ci ildə isə Sabunçu Rayon İcra Hakimiyyətinin təqdimatı ilə
ARDNŞ “Balaxanıneft” NQÇİ-nin Adil İsgəndərov adına Mədəniyyət
Mərkəzinin direktoru vəzifəsinə
təyin olunmuşdur.
Artıq bir neçə ildir
həmin mədəniyyət ocağı Fövqəladə Hallar Nazirliyinin struktur vahidi kimi fəaliyyət göstərir. Hacı
müəllim də hal-hazıradək həmin mərkəzin
direktorudur. Vəssalam. Çox
sadə və asanlıqla qələmə alınan əmək
fəaliyyəti tarixçəsi. Ancaq bu sadəlik və asanlıq üzdədir.
Əslində isə mədəni-maarif işinin
kifayət qədər mürəkkəbliyi, məsuliyyəti
və çətinlikləri vardır ki,
onları da bilavasitə həmin sahələrdə
çalışanlar bilərlər.
Həmin məsələlər
barədə bilavasitə Hacı Əliyevin özündən
eşitmək istədik və eşitdik. Həmsöhbətimiz danışdı ki, Zabratda, Ağsuda,
Bilgəhdə və Bakıxanov qəsəbəsində
işlədiyi illərin hər
birinin öz gözəlliyi,
maraq doğuran cəhətləri
və məsuliyyəti var idi.
İstənilən ünvanda
qarşıya qoyulan vəzifəni yerinə
yetirirsənsə, işin də, əmək
fəaliyyətin də sənə maraqlı olur.
Bəlkə də elə ona görədir
ki, mənim üçün
bütün iş
yerlərim maraqlı olub. Həmişə
işə getməyə, hansısa planın, tədbirin
reallaşdırılmasına tələsmişəm. Adil İsgəndərov
adına Mədəniyyət Sarayı isə mənim üçün təkcə iş
yeri olmadı. Mən bu
sarayı həm özüm üçün məktəb sandım, həm
iş yeri, həm də
ev. Çünki burada çox şey öyrəndim, çox
səmərəli işlədim və günün
evə nisbətən daha çox
hissəsini burada oldum.
Ayrı cür də mümkün
deyil.
Mədəniyyət
ocaqlarının fəaliyyəti və idarə olunması
kifayət qədər mürəkkəb məsələdir. Çünki bizim fəaliyyətimiz
istedadlı gənclərin ortaya
çıxarılması, özfəaliyyət kollektivlərinin
yaradılması, hansısa tədbirlərin keçirilməsi
ilə məhdudlaşmır. Bizim fəaliyyətimizin böyük bir hissəsi
gündəlik həyatımızdakı ictimai-siyasi
proseslərlə bağlıdır. Ölkə müharibə
vəziyyətindədir. Dövlət
başçımızın qətiyyəti və müdrikliyi nəticəsində daxili sabitlik təmin olunsa da,
torpaqlarımızın 20 faizdən çoxu
hələ işğal altındadır. Bir milyondan çox
qaçqın-köçkünümüz var,
cəbhədə atəşkəsin pozulmadığı gün olmur və sairə.
Yəni bizim spesifik fəaliyyət
sahələrimizin hamısına gündəlik vətənpərvərlik
və hərbi-vətənpərvərlik istiqamətləri də
əlavə olunur.
Biz sarayda ilk
növbədə kadrların seçilib
yerləşdirilməsi, kurs və dərnək
rəhbərlərinin müəyyənləşdirilərək
təyin edilməsi, dinləyicilərin qəbul edilməsi, kollektiv üzvlərinin sənədləşdirilməsi,
ödənişli kurs və dərnəklərdən
yığılan üzvlük haqlarının müvafiq ünvana
köçürülməsi məsələlərini sistemli şəkildə qaydaya
salmışıq. İlin əvvəlində
“Nizami” Kino Mərkəzində
təşkil etdiyimiz möhtəşəm
yeni il tədbirlərində
sarayımızın bütün kollektivləri
iştirak etmiş, ədəbi-bədii
kompozisiyalarımız bir neçə telekanal və yazılı mətbuat vasitələri tərəfindən
əhatəli şəkildə
işıqlandırılmışdır. 20 Yanvar
faciəsinin ildönümü münasibətilə
Sabunçu Rayon İcra Hakimiyyəti ilə birlikdə təşkil
etdiyimiz “Şəhidlik bir
zirvədir” adlı ədəbi-bədii gecəni “Kristal” şadlıq sarayının akt zalında
reallaşdırmışdıq. “Xocalı qan yaddaşımızdır” və
“Xocalı, ay Xocalı” adlı tədbirlərimiz
də bilavasitə hərbi-vətənpərvərlik tərbiyəsi
xəzinəmizə töhfə kimi ərsəyə
gəlmişdi. 8 Mart, Novruz
bayramı, 9 May Qələbə
bayramı, 10 May Gül
Bayramı, 28 May Respublika
Günü münasibətiylə hazırladığımız silsilə tədbirlər də
müvafiq qurumlar tərəfindən
yüksək qiymətləndirilib. İndiyədək fəaliyyət
göstərən bədii özfəaliyyət və
yaradıcılıq kollektivlərimizin sırasına tezliklə
“Kukla teatrı”mız da
daxil olacaq. Bu istiqamətdə kifayət qədər
işlər görülüb. Sarayda fəaliyyət göstərən “Mahur” xalq
çalğı alətləri ansamblı isə bilavasitə
Fövqəladə Hallar Nazirliyinin
istedadlı əməkdaşlarından ibarətdir.
Bir sözlə, Adil
İsgəndərov adına Mədəniyyət Sarayı bu gün Fövqəladə
Hallar Nazirliyinin
adına layiq fəaliyyət göstərir.
Sarayın bütün
kollektivləri və ayrı-ayrı əməkdaşları
zamanın səsinə səs verərək və dövlətimizin
qarşıya qoyduğu vəzifələri
reallaşdıraraq sübut edirlər ki, mədəni-maarif ocaqları gənc
müstəqil respublikamızın daha da qüdrətlənməsinə yönəlmiş
siyasəti dəstəkləyənlərin önündədir.
Rafiq
SALMANOV
Xalq qəzeti.- 2014.- 20 iyun.- S.7.