Milli qəhrəmanlar”

sənədli filmlər həftəsi

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 19-26 iyun 2014-cü il tarixdə “Milli qəhrəmanlar” sənədli filmlər həftəsini keçirir. “Salnamə” və “Yaddaş” sənədli filmlər studiyalarında dövlət sifarişi ilə çəkilmiş 11 filmin təqdimatı Bakı və Sumqayıt şəhərlərində, Ağdam, Oğuz, Göyçay, Quba, Biləsuvar, Xaçmaz rayonlarında təşkil olunacaq.

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunan kino-baxışlar rayon mədəniyyət və turizm şöbələri və Bakı Şəhər Kino Xidməti İdarəsi tərəfindən həyata keçirilir. İyunun 18-də  Nizami Kino Mərkəzində “Milli qəhrəmanlar” sənədli filmlər həftəsinə həsr olunan mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında sənədli filmlərin müəllifləri, rejissorlar iştirak etmişlər.

Repertuara  Bakı şəhərindən  Afqan Hüseynov haqqında “Qəhrəman”,  Oğuz rayonundan Milli Qəhrəman Koroğlu Rəhimova həsr olunmuş “Vətənim mənim”, Göyçay rayonundan  Milli Qəhrəman Kovalyov Yuriyə həsr olunmuş “Azərbaycanlı Yura”,  Xaçmaz rayonunda Milli Qəhrəman Yaşar Şahbazovun şücaətini əks etdirən “Bitməyən ömür”,  Bakı şəhərindən Milli Qəhrəman Gültəkin Əsgərova barədə “Gültəkin” adlı filmlər  salınmışdır.  Bundan başqa, “Haqqa söykənmiş həyat” (Ağdam rayonunda Milli Qəhrəman Asif Məhərrəmova həsr olub),  Mübarizlik Zirvəsi” (Biləsuvar rayonundan Milli Qəhrəman Mübariz İbrahimova həsr olunub), “Dostuma məktub” (Quba rayonundan Milli Qəhrəman Albert Aqarunova həsr olunub), “Adadan başlayan yol  (Bakı şəhərindən  Milli Qəhrəman Rasim İbrahimova həsr olunub), “Həsrətlə cənnətə qovuşanlar” (Sumqayıt şəhərindən Milli Qəhrəman Mətləb Quliyevə həsr olunub), “Xatirələrdə yaşayan ömür( Bakı şəhərindən Milli Qəhrəman Məzahir Rüstəmova həsr olunub)  adlı filmlərin də təqdimatı  baş tutacaq.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 20 iyun.- S.6.