Abbasqulu ağa Bakıxanov:
böyük alim, maarifçi,
mütəfəkkir
Tarixi öyrənmək, xüsusən, o xalq üçün vacibdir ki, onun keçdiyi həyat yolu həmin tarixdə əks olunsun. Tarix həmin xalqı doğma torpağının keyfiyyətləri, orada yaşayan tayfaların xarakterləri ilə tanış edir, xalqların bütün qarşılıqlı münasibətlərindən nəticə çıxararaq, zərər və xeyiri göstərir.
“Gülüstani-İrəm”dən
Milli tariximizə, elmimizə, ədəbiyyatımıza və təhsilimizə daim böyük qayğı və diqqətlə yanaşan Prezident İlham Əliyevin bu il fevral ayının 12-də imzaladığı sərəncam xalqımızın hər bir fərdinin, daha çox isə biz tarixçilərin böyük məmnunluğuna səbəb oldu. Söhbət böyük mütəfəkkir Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında sərəncamdan gedir.
Dövlət
başçımızın imzaladığı sərəncamda
deyilir: “Ensiklopedik
biliyə və əhatəli dünyagörüşünə
malik şəxsiyyət kimi
Abbasqulu ağa
Bakıxanov elmin, mədəniyyətin ən
müxtəlif sahələrinə aid zəngin
bir irs
yaratmışdır. Xalqın həyatında əsaslı dəyişikliklərə
yol açmış maarifçilik
ideyalarının bərqərar olmasında onun
mühüm xidmətləri vardır. Azərbaycanın tarixi keçmişinin müasir
dünya elmi səviyyəsində
yeni, sistemli tədqiqi
mərhələsi Bakıxanovun adı ilə sıx
bağlıdır”. İndi
başladığımız bu yazıda
məhz sərəncamda qeyd olunan bir çox
məqamlardan bəhs edəcəyik.
Abbasqulu ağa Bakıxanovun həyat yolu Şərq dünyasının feodal ənənələri əsasında tərbiyələnmiş
azərbaycanlı gəncinin dövrün
və mühitin təsiri ilə mütərəqqi
dünyagörüşə malik kamil bir ziyalıya
çevrilməsini nümayiş etdirir. Tariximizin ən qarışıq dövrlərindən birində
- XVIII əsrin sonlarında, Bakı xanı II Mirzə Məhəmməd
xanın ailəsində dünyaya göz açan Abbasqulu ağa həyatının
ilk illərindən zəmanənin
ağırlığını hiss etmiş, daxili çəkişmələrin
acısını dadmışdır.
Orta əsrlər müsəlman
Şərqinin, xüsusilə, İranın mədəni ənənələrini
qoruyan və bu ənənələrə
riayət edən bir ailədə tərbiyələnən
Abbasqulu ağa hələ
Bakıda olarkən, 7 yaşında təhsilə başlasa da,
“ardı-arası kəsilməyən həyəcan və müharibələr
üzündən” Qubaya gedənəcən
yalnız fars dilini
öyrənə bilmişdi. Bu barədə öz
qısa tərcümeyi-halında məlumat verən Abbasqulu ağa
yazırdı: “Siyasi iğtişaşlar
qurtardıqda, ailəmiz isə Qubaya
köçdükdə mən 10 il
müddətində ərəb dilini və
müxtəlif elmləri öyrənməklə məşğul
oldum. Vəsaitin
çatışmazlığına və başqa
maneələrə baxmayaraq, mən elmdə
müəyyən ad qazana
bildim. Onda, Qafqaz qoşunlarının baş
rəisi general A.Yermolov
1235-ci ildə məni öz yanına qulluğa götürdü”.
Beləliklə,
1819-cu ilin dekabr
ayının sonlarında Abbasqulu ağa o zaman
bütün Cənubi Qafqazın inzibati-siyasi və mədəni mərkəzinə
çevrilmiş Tiflis
şəhərinə gedir. Şərq ilə
Qərb dünyalarını özündə birləşdirən
bu qədim şəhər özünəməxsus
mühiti ilə 25 yaşlı gənci cəlb edir. Hələ Quba
dövrü həyatında qoca Şərqin zəngin mədəniyyətini
mənimsəmiş, ərəb və fars
dillərini, müsəlman fəlsəfəsini, şəriət
qayda-qanunlarını, o cümlədən,
müxtəlif dünyəvi elmləri mükəmməl
öyrənmiş, şeir və elm sahəsində artıq ilk addımlarını atmış Abbasqulu ağa
anasının Vətəni olan Tiflisdə
yeni bir aləm ilə
üzləşir. O, Tiflisə gəldiyi
vaxt artıq Azərbaycanın Gəncə,
Qarabağ, Şəki, Lənkəran,
Şamaxı, Bakı, Quba, Dərbənd
xanlıqları rus qoşunları tərəfindən
işğal edilmiş,
Azərbaycan torpaqlarının Rusiyaya
qatılmasının birinci mərhələsi
tamamlanmışdı. Lakin Rusiya imperiyası Qafqazda daha da möhkəmlənmək
üçün Azərbaycan torpaqlarının
işğalını başa
çatdırmalı idi. Abbasqulu
ağanın Tiflisdəki fəaliyyətinin
başlanğıcı Rusiya xarici siyasətinin Azərbaycan xalqının
həyatında həlledici əhəmiyyət daşıyan məhz
bu dövrünə təsadüf edir.
Tiflisə, çar qulluğuna gələn
Abbasqulu ağa rus üsul-idarəsinə sədaqətlə
xidmət etməklə yanaşı, “həmvətənlərinin
xeyrini” də unutmurdu.
Məhz bu sahədə atdığı
addımlar A.Bakıxanovun özünü
və onun elmi-bədii irsini
əsrdən-əsrə, nəsildən-nəslə
çatdırmış, mədəniyyətimizin əhəmiyyətli
bir parçası etmişdi.
Tiflisdə,
rus ordusu
sıralarında ikiillik xidməti
dövründə A.Bakıxanov hələ Qubada
ikən öyrəndiyi rus dilini
daha mükəmməl səviyyəyə
çatdırmış və beləliklə, 1822-ci ilin ilk günlərindən
Qafqazın baş hakimi
A.Yermolovun dəftərxanasında mütərcimlik
etməyə başlamışdır.
Həyatının məhz bu
dövründə o, rus
və Avropa maarifçiliyi
ilə tanış olmuş, 25 illik tərcüməçilik fəaliyyəti
ərzində çar ordusunun
mütərəqqi fikirli zabitləri, eləcə
də xidmət edən və ya buralarda sürgündə olan
ziyalı ruslar və başqa
millətlərdən olan adamlarla tanış olmuşdur.
Bununla
yanaşı, A.Bakıxanov Qafqazda, Qafqazdan kənarda və bir
çox yerlərdə xidməti səfərlərdə
olmuş, özünün
tərcümeyi-halında yazdığı kimi,
həm o yerləri gəzmiş, həm də
həmin yerlərin elmi adamları ilə görüşmüşdür. 1832-33-cü illərdə
o, Qafqazın başqa
yerlərində, Donda, Rusiyanın bir çox şəhərlərində,
Polşada (Ləhistanda), Litvada
və başqa yerlərdə olmuş,
dövlət xadimləri, öz elmi və sənəti ilə
tanınmış adamlarla görüşmüşdür.
A.Bakıxanov yazırdı: “Mən ürək
və əqlin marağına səbəb olan
bir çox şeylər
gördüm və onlardan
faydalanmağa çalışdım. İnsan əməllərini izlədikcə mən
əmin oldum ki, Yer üzündə sarsılmaz heç bir şey yoxdur, var-dövlət
və hakimiyyət fanidir, şəxsi məziyyətlərin
olmasa, qərib ölkədə əsl-nəcabət
heç nədir, öz
ölkəndə isə xəcalətə səbəb olur. Və yalnız zehni məhsullarda
elm bizə Yer
üzündə xoşbəxtlik gətirə bilər və bizi öləndən sonra
da yaşadar”.
Elmə bu tükənməz
həvəs hələ ilk gəncliyindən
maarifçilik yoluna
düşən A.Bakıxanovun özünü
elmin müxtəlif sahələrində
sınamasına, bədii əsərlərlə
yanaşı, tarixə, coğrafiyaya, fəlsəfəyə,
astronomiyaya, dinə dair əsərlər
yazmasına səbəb olmuşdur. Özünün tərcümeyi-halında
elmə olan marağını xüsusi qeyd edən
A.Bakıxanov əsərlərinin aşağıdakı
siyahısını təqdim etmişdir: “Birinci - “Kitabi riyadi-l-Quds” (“Müqəddəs gülşənlər
kitabı”) türk dilində 14 fəsildədir,
burada mən İslamın 14 əsas
müqəddəs şəxsiyyətinin həyatı
haqqında qısa, imam Hüseyn
ibn Əli və onun ölümü münasibətilə hər il 10 gün müddətində
keçirilən Məhərrəm mərasimi
haqqında ətraflı məlumat vermişəm. İkinci - “Qanuni Qüdsi” (“Qüdsi qanunu”) üç fəsildə
yazılmış fars dili
sərfi-nəhvi (qrammatikası). Mən bu
qrammatikanı rus dilinə tərcümə
edib, imperator həzrətlərinin
ali əmri ilə Tiflisdə dərc
etdirmişəm. Üçüncü - “Kəşfu-l-qəraib”
(“Qəribə şeylərin kəşfi”) fars
dilindədir, iki hissədə
Amerikanın kəşfini və vəziyyətini əks edir. Dördüncü - “Təhzibu-l-əxlaq” (“Əxlaqın tərbiyəsi”)
fars dilində müqəddəs
kitabların, eləcə də yunan, ərəb
və Avropa filosoflarının əsərlərinin
öyrənilməsinə əsaslanan mənəvi fəlsəfəni
girişdə, iki fəsildə və nəticədə
izah edir. Beşinci - “Eyn əl-mizan” (“Əql tərəzisinin məğzi”)
ərəb dilindədir, giriş, iki fəsil və nəticədən ibarətdir,
məntiqi və sxolastikanı izah edir. Altıncı - “Əsraru-l-mələkut”
(“Kainatın sirləri”) fars və ərəb
dillərindəndir. Bu kitabda
qədim astronomların, xüsusilə, Ptolomey
və Kopernikin sistemləri müqayisə
edilir. Sonuncunun düzgünlüyü riyazi
hesablama və astronomik
müşahidələrdən başqa Quran kəlamları və Məhəmməd
Peyğəmbərin (s.) hədisləri
ilə təsdiq olunur. Yeddinci
- “Coğrafiya” fars
dilindəndir. Mənim Qafqazın Şərq hissəsinin
tarixinə dair tədqiqatlarım başa çatmadığı üçün yarımçıqdır. Səkkizinci
- “Mişkətul-ənvar” (“Nurlar
taxçası”) fars dilində əxlaqi
poemadır. Doqquzuncu - “Ərəb, fars, türk dillərində
xırda şeirlərdir”.
A.Bakıxanovun
özünün tərtib etdiyi
bu siyahıya müəllifin 1833-34-cü
illərdə Varşavada olarkən fars dilində yazdığı “Merace xəyal”, “Məclise firəng”
poemalarını, 1836-cı ildə Azərbaycan türkcəsində
tərtib etdiyi “Kitabi
nəsaih” (“Nəsihətnamə”) əsərini, 1841-ci ildə
fars dilində yazdığı “Mirat əl-Camal” (“Gözəllik güzgüsü”)
adlı şeir kitabını,
yaradıcılığının ilk
dövründə yazılmış “Kitabi-Əskəriyyə”
(“Əsgər haqqında kitab”) hekayəsini,
ərəb dilində yazdığı “Hədis-i Qüdsi” əsərini, eləcə də
müxtəlif illərdə yazdığı şeirlərini
və şeir “Divan”ını, tərcümə
əsərlərini əlavə etmək lazımdır.
XIX əsrin 20-ci illərinin
sonlarında Abbasqulu ağanın
yaradıcılığında dönüş
baş verir. Bu vaxtadək əsasən bədii yaradıcılıqla
məşğul olan və bu sahədə böyük
uğurlar qazanan
görkəmli alim elmi
axtarışlara başlayır. Buna təkan verən əsas amillərdən biri də A.Bakıxanovun xidməti ezamiyyətlər
zamanı rus ordusunun
işğalına məruz qalmış Ərdəbil,
Ərzurum, Bayazit, Axalsıx və başqa yerlərdəki
kitabxanalardan hərbi qənimət kimi əldə edilmiş
qiymətli əlyazmalardan istifadə edə bilməsidir. Şərqə
daha yaxşı bələd
olmaq və bu məqsədlə
Peterburq və Moskvada
təşkil edilmiş müvafiq
elmi-tədqiqat və tədris mərkəzlərində
yaradılmış kitabxanaları zəngin Şərq ədəbiyyatı
ilə təchiz etmək üçün
çar hökuməti döyüşən
orduda xidmət edən bəzi zabitlərinə
Şərq dillərində yazılmış nadir kitab və əlyazmalarını
axtarıb tapmaq əmrini vermişdi.
Belə tapşırıq alan zabitlərdən
biri də Abbasqulu ağa idi. Hələ
1827-ci ildə Ərdəbili tutan çar generalı P.Suxtelen
o dövrdə İranın ən zəngin
kitabxanalarından olan Səfəvilər
xanədanına mənsub kitab xəzinəsini
ələ keçirmiş, bu kitabxanadan 166 əlyazmanı
Tiflisə göndərmişdi. Abbasqulu ağa əsasən fars
dilində yazılmış tarixi və bədii
əsərlərdən ibarət qiymətli əlyazmalarla məhz
bu şəhərdə tanış olmuşdu.
1828-ci ilin payızında rus ordusu Axalsıxı, 1829-cu ildə isə
Ərzurumu və Bayaziti tutduğu
zaman əldə edilmiş
kitabların siyahısını tərtib edən Abbasqulu ağa həmin
kitabların həm tədris, həm tədqiqat üçün böyük
əhəmiyyət daşıdığını qeyd edir. O, Axalsıxın Əhmədi
(Əhməd paşa) məscidi nəzdindəki
mədrəsənin kitabxanasına mənsub, əksəriyyəti
ərəb dilində yazılmış 148 əlyazmasının
və iki nadir
Quranın rus və ərəb dillərində
14 səhifəlik siyahısını tərtib etmiş, bunların içərisində
qrammatikaya, fəlsəfəyə, şəriətə, tarixə,
astronomiyaya, riyaziyyata dair tədris vəsaiti
kimi istifadə edilə biləcək əsərləri
xüsusi vurğulamışdı. Abbasqulu ağa Ərzurum və
Bayazitdə həm pulla, həm də qənimət
yolu ilə əldə edilmiş
45 əlyazmanın siyahısını da
tərtib etmişdir. Bu siyahıda Nizami Gəncəvinin “İsgəndərnamə”
əsəri, Caminin şeir
topluları, Sədinin “Gülüstan” və
“Bustan” poemalarının müxtəlif
nüsxələri və onlara
yazılmış şərhlər, İbn
Xəlliqanın ərəb dilində A.Bakıxanovun özünün də “çox
nadir kitab” kimi qiymətləndirdiyi tarixi,
Əlişir Nəvainin “Tarixi
Muluk”u, VIII əsr ərəb
tarixçisi əl-Vakidinin ərəb
işğallarına və İslam dininin yayılmasına həsr edilmiş
tarix əsərinin I-VI hissələrinin ərəbcədən
türkcəyə tərcüməsi, Umar
ibn əl-Vardinin nadir coğrafi əsəri, Zəkəriyyə əl-Qəzvininin
məşhur “Əcaib əl-Məxluqat”ı,
türk dövlətinin tarixinə həsr
edilmiş “Tarixi-Peçəvi” əsəri,
“Dərbəndnamə”nin Azərbaycan dilində
yazılmış hicri 1099-cu ilə (1687-88) aid edilən əlyazması və bu əsərin digər nüsxələri,
İsgəndər Münşinin “Tarixi Cahan-ara” əsəri,
Teymurləngin, Nadir şahın dövrlərini
əks etdirən tarixi əsərlərin,
eləcə də ərəb və fars
dillərində bugünkü gündə
də əhəmiyyətini itirməmiş lüğətlərin
və başqa qiymətli əlyazmaların
adları vardır.
Xidməti istifadə üçün tərtib edilmiş
bu siyahılar hələ A.Bakıxanovun özünün sağlığında mətbuatda
geniş
işıqlandırılmış, elmi
dairələrdə böyük marağa səbəb olmuşdu.
Axalsıx kitabxanası əlyazmalarının siyahısı
“Tiflisskiye vedomosti” qəzetinin
16 oktyabr 1827-ci il
nömrəsində, Ərzurum və Bayazit
kitabxanalarından gətirilmiş kitabların siyahısı
isə 15 noyabr 1829-cu il
nömrəsində dərc edilmişdi. Qəzet
yazırdı ki, “Şərq dilləri
bilicilərinin əmin etdikləri kimi, əksəriyyəti
olduqca nadir və məzmunca
maraqlı olan bu 45 kitab və əlyazmalar yaxın zamanlarda Sankt-Peterburqa
göndəriləcək”. Mövcud ədəbiyyata görə, Ərdəbil,
Axalsıx, Bayazit, Ərzurum və başqa yerlərdən əldə edilmiş qiymətli kitablar
çarın əmri ilə doğrudan da Sankt-Peterburqa, imperator
kitabxanasına göndərilmişdi. Əlyazmaların imperator kitabxanasına göndəriləcəyindən
xəbər tutan A.S.Qriboyedov
general İ.V.Paskeviçə yazırdı:
“... Lütf edib, onları (əlyazmaları
- N.V.) imperator kitabxanasına göndərməyin,
belə ki, orada, demək
olar, heç kəsin
savadı yoxdur; onları Elmlər
Akademiyasına göndərin, oranın professorları Fren və Sinkovski (məşhur
şərqşünaslardır - N.V.) həmin əlyazmalardan elm aləmi üçün
xeyir əldə edə bilərlər”.
Bu qiymətli əlyazmalarla
tanışlıqdan sonra Abbasqulu
ağa özü də
elm aləmində yeni,
daha əhəmiyyətli addımlar
atır. Elə həmin il
Azərbaycan və fars dillərində
yazılmış “Dərbəndnamə”lərin bir neçə nüsxəsini müqayisə
edərək, əsərin rus dilinə tərcüməsini
hazırlayır və onun iki
parçasını “Tiflisskiye vedomosti” qəzetinin 8 noyabr
1829-cu il nömrəsində dərc etdirir. Qəzetin təqdimatında deyilirdi: “Bu, Şərq əlyazmalarının
rus dilinə çevrilməsinin ilk sınağı olacaq.
Yaxşı olardı ki, bu
iş qeyrətli şəxsləri təqlidə
həvəsləndirsin və nəticədə biz rus dilində Zaqafqaziya diyarı və Rusiyaya
dair Şərq hekayətlərinin tam toplusunu görə bilək...”
Əlbəttə, bu mühim işi
həyata keçirmək üçün
Şərq dillərini, o cümlədən,
fars dilini mükəmməl
bilən mütəxəssislər lazım idi.
A.Bakıxanovun bu sahədə gördüyü iş dördillik zəhmətin bəhrəsi olan “Fars dilinin
qısa qrammatikası”nın 1829-cu ildə başa
çatdırılması oldu. “Qanuni Qüdsi”
adlandırılan bu əsər
Rusiyanın yüksək dairələrinin marağına səbəb
olmuş, imperator I
Nikolayın göstərişi ilə onun
müəllifi “1500 manat dəyərində
brilyant üzüklə”
mükafatlandırılmış, bu “elmi kitabın” Peterburqda
dövlət hesabına 500 nüsxə çap
edilməsi nəzərdə tutulmuş,
“gənc rusiyalıların fars dilini daha asanlıqla
öyrənməsi üçün” rus dilinə tərcüməsi tövsiyə edilmişdi. Bütün bunlara baxmayaraq, əsər
çox böyük
çətinliklərlə işıq üzü
görmüş, onun
rus dilinə tərcüməsi yalnız
1841-ci ildə Tiflisdə çapdan
çıxmışdır.
XIX əsrin
30-cu illəri artıq öz elmi axtarışlarında xeyli
püxtələşmiş, Şərq və Qərb ədəbiyyatını
dövrün nailiyyətləri səviyyəsində
mənimsəyə bilmiş Abbasqulu ağa üçün elmi yaradıcılıq
fəaliyyətinin ən məhsuldar dövrü
oldu. Məhz bu dövrdə, özünün qeyd etdiyi kimi, “Avropa,
yəni Frank və Roma
(fransız və italyan N.V.)
kitablarından” istifadə edən, elmi
axtarış və öyrənmə yolu
ilə gedən, “bir neçə ay tarixə və coğrafiyaya
dair kitabları tədqiq və tərcümə
edən” A.Bakıxanov Amerikanın kəşfinə həsr
etdiyi “Kəşful qəraib” əsərini
yazıb. Qələmə aldığı bu əsəri ilə Abbasqulu
ağa dövrün
şərqli oxucusunu Qərb
dünyasının ona o
zaman məlum olmayan
nailiyyətləri ilə tanış etməklə
yanaşı “dünyada başlıca həyati
tələbatın... məhz insanlar
arasında yaradılan əlaqə və
qarşılıqlı münasibətlər” olduğunu təlqin edir.
Klassik Şərq mədəniyyətinin zəngin ənənələrinə
əsaslanan A.Bakıxanov mütərəqqi Avropa
və rus mədəniyyətlərinin təsiri
ilə xalqın maariflənməsi və qabaqcıl dünya xalqları içərisində layiqli yer tutması üçün əlindən gələni
etməyə çalışırdı. Bu
sahədə gördüyü mühüm
işlərdən biri də 1832-ci ilin 20 fevralında Zaqafqaziya
diyarının baş rəisi baron V.Rozenə yeni tipli (üsuli-cədid) müsəlman məktəbinin
təsis edilməsi haqqında təqdim etdiyi
layihədir. A.Bakıxanov Qərbin Şərqə nisbətən
irəli getməsinin əsas səbəbini xalqın
savadlanmasında görürdü. “Dərin
kök salmış xurafatın
asiyalıların təsəvvürünə hakim
kəsildiyini” vurğulayan müəllif
yazırdı: “Onlar (yəni
asiyalılar) başa düşmürlər
ki, avropalılara dünyanın başqa qitələrində yaşayanlara
nisbətən üstünlüyü maarif verir, ancaq
belə güman edirlər ki,
təsadüf və ya tale
Avropanı yüksəltmiş, ona şəksiz
birinciliyi qazandıran güc
və qüdrəti vermişdir”.
Bu
təsəvvürə qarşı etiraz
səsini ucaldan, “öz
həmvətənlərinin acınacaqlı halını
hüznlə seyr edən” Abbasqulu
ağa maarifə doğru
ilk addımı məktəb təsis
edilməsində görürdü. Özünün nəzarət edəcəyi bu məktəbin əlverişli mövqeyinə görə
Bakıda açılmasını tövsiyə edən böyük maarifçi məktəbin
üçsinifli olmasını, burada iki müsəlman (azərbaycanlı) və bir rus müəlliminin
işləyəcəyini, müsəlman müəlliminin birinci sinifdə əlifbanı, duaları, eləcə
də fars və Azərbaycan dillərində
müxtəlif rəvayətləri, ikinci-üçüncü
siniflərdə yazını və fars
qrammatikasını öyrədəcəyini, bu
dili mükəmməlləşdirmək üçün müxtəlif inşalar yazdıracağını nəzərdə
tuturdu. Rus müəllimi
isə birinci sinifdə əlifbanı,
lüğəti, danışığı və
yazını, ikinci sinifdə hesabı,
qrammatikanı və bəlağət elmini,
üçüncü sinifdə coğrafiya və tarixi
öyrətməlidir. Layihəyə görə,
üçillik tədrisi başa
çatdıranlardan bir qismi
işləyə və ya təsərrüfatları
ilə məşğul ola bilər, başqa qismi Tiflis gimnaziyasında
və ya Rusiyada təhsilini
davam etdirər, daha
başqaları isə həmin məktəbin dördüncü
sinfində qalaraq, ərəb dilini və digər elmləri öyrənə
bilərlər. A.Bakıxanov bu məqsədlə
özünün zəngin
kitabxanasını şagirdlərin istifadəsinə verəcəyini
bildirirdi. On bir maddəlik layihədə
şagirdlərin sayı, məktəbə qəbul
yaşı, geyimi, yeməyi,
yatacağı, xəstə otağı, əyani vəsaitlər
(kitablar, xəritələr, lüğətlər
və s.), eləcə də müəllimlərin
sayı, onların maaşı, hökumət xəzinəsindən
ayrılacaq pul və s.
haqqında mülahizələr irəli sürülmüşdür.
Yeni tipli müsəlman məktəbinin
yaranmasını dövlət əhəmiyyətli vacib məsələ hesab
edən A.Bakıxanov əmin idi ki, “maarif nə qədər
çox yayılsa, hökumət bir o qədər sağlam fikirli adamlar əldə edər, onlar
da hökumətin ümumi
rifah naminə gördüyü
xeyirli niyyətlərin xalq
içində yayılmasına kömək edər”.
Nailə VƏLİXANLI,
akademik
(ardı növbəti sayımızda)
Xalq qəzeti.- 2014.- 20 iyun.- S.6.