Abbasqulu ağa Bakıxanov:

böyük alim, maarifçi, mütəfəkkir

 

(əvvəli ötən sayımızda)

 

Lakin belə üstün məziyyətlərinə baxmayaraq, çar hökuməti bir neçə il əvvəl işğal etdiyi bu yerlərdə yeni tipli məktəblərin açılması üçün hələ tələsmirdi. A.Bakıxanovun bu layihəsi də baron Rozenin dəftərxana arxivinə atılıb qaldı. “Üsuli-cədid” tipli məktəblər isə yalnız XIX yüzilliyin I yarısının son illərində açılmağa başladı.

Maarifçilik ideyalarının yayılmasını qarşısına əsas məqsədlərdən biri kimi qoyan A.Bakıxanov gənc nəslin təlim-tərbiyə məsələlərinə də ciddi yanaşmış, dövrün gəncliyini əxlaq baxımından kamil olmağa çağırmışdır. Maraqlıdır ki, müəllif bu zaman özünü heç kəsdən üstün tutmur, öz şəxsiyyətinə, bəlkə, qədərindən də artıq tənqidi yanaşır və uzun özünütərbiyədən sonra, nəhayət, belə bir ciddi mövzuya yanaşmağa cəsarət edir. Hicri 1248-ci ildə (1832-33-cü illər)  fars dilində “Təhzibul-əxlaq” (“Əxlaqın tərbiyəsi”), 1252-ci ildə (1836-37-ci illər)  yenə həmin dildə məşhur “Nəsaih” (“Nəsihətnamə”) əsərlərini yazır.

Nəhayət, dünyanın hər üzünü görmüş, müdrik “əxlaq müəllimi kimi faydalı məsləhət və nəsihətləri ilə” gənc oxucusunu ali ümumbəşəri etik normalara yaxınlaşdırmaq istəyən Abbasqulu ağa qarşıya çıxan suallara dərin mənalı fəlsəfi cavablar tapmağa çalışır, fikrini daha tutarlı etmək üçünQurana, “İncil”ə, peyğəmbərlərin kəlamlarına, eləcə də Şərqin və Qərbin dərin zəka sahiblərinin – “müsəlman, yunanAvropa filosoflarının” əsərlərinə müraciət edir.

“Fəlsəfəyə dairgiriş, on iki fəsil və nəticədən ibarət olan “Təhzibul-əxlaq” əsərində müəllif elmin sirlərinə yiyələnməyi ən böyük və əsl hikmət sayır, hər bir insanın öz elmini kamilləşdirmə naminə çalışmasını vacib bilir, özünü misal gətirərək, bu işdə ən böyük faydanı “dünyanın qabaqcıl adamlarının və müxtəlif xalqlardan olan alimlərin əsərlərinin öyrənilməsi və tədqiqində” görür. Müəllif yazır: “Onlarla (həmin alimlərin əsərləri ilə – N.V.) bir qədər tanışlıqdan mən böyük xeyir gördüm. Narahatçılığım az da olsa keçdi. Bir çox hallarda indi mən təskinlik yolunu tapıram, var-dövlətimlə az fəxr edirəm, dərddən az zarıyıram. Bütün bunlar göstərir ki, bilik və təcrübəmiz artsa, nələr qazana bilərik”.

İnsan əxlaqı ilə cəmiyyət əxlaqı arasında müəyyən yaxınlıq görən A.Bakıxanov əxlaqda, davranışda mötədilliyi – orta vəziyyəti üstün tutur. Onun fikrincə, müəyyən həddi gözləmək ən vacib şərtlərdəndir, belə ki, hətta “azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa (anarxiyaya) çevrilir”, və ya “şöhrətpərəstlik insana üstün gəlsə, onu öz nəfsinin qulu edir”, və ya “ağıl fitnəkar və boş xəyallara uyduqda dönüb axmaqlıq olur” və s. “Yaxşılığın üstünlüyü” ideyasını irəli sürən A.Bakıxanov yaxşılığı bacarıb, ancaq onu etməyən adamların halına heyifsilənir. Lakin, bunun, eləcə də pislik məfhumunun nisbi olduğunu da qeyd edir, “bütün bədəni xilas etmək üçün ilan çalmış barmağı kəsib atmağın zərurətini” göstərir, ümuminin mənfəətini güdməyi tövsiyə edir. “Təhzibul-əxlaq”ın ideyaları əsasında az sonra tərtib etdiyi “Nəsihətnamə”sində isə müəllif uşaqlara üz tutub, “gördüyün pis əməlin sənə xeyri qalmaz, pis adı qalar” söyləyir, “insan yaxşı əməldən iki dəfə zövq alar: birincisi onu edən zaman, ikincisi əvəzini görən zaman”, – deyə nəsihət edirdi.

Abbasqulu ağanın “Təhzibul-əxlaq”da toxunduğu məsələlərdən biri də adətlərə bağlılıqdır. O qeyd edir ki, məsələn, İranda adət olan şey Avropada qəbahət sayılır,  Avropa ölkələrində təqdir edilən hərəkəti ərəblər pis hesab edirlər. Hətta ingilislər onlarla eyni qitədə yaşayan almanların rəftarını xoşlamır, fransızlar ispanların adətlərini bəyənmirlər. A.Bakıxanovun yazdığına görə, insanlar öz dərrakəsi, elmi və mədəniyyəti sayəsində yaxşını pisdən ayırır, bu və digər adəti təqlid edirlər. Müəllifin fikrincə, bu zaman ümumun, yəni xalqın xeyrinə olan işlər təqlid edilməlidir.

Daha sonra Abbasqulu ağa əxlaqı korlayan şöhrətpərəstlik, “insan təbiətinin əsas (mənəvi) tələbi olan” məhəbbət, “sağlamlıq, bilik və təcrübə artıran” əmək, dostluq, düşmənçilik, “qəlbin məlhəmi” olan xoş rəftar, ədəb-ərkan qaydaları və başqa bu kimi mənəvi dəyərlər haqqında öz fəlsəfi fikirlərini irəli sürür. Nəhayət, böyüklər və daha çox gənclər üçün nəzərdə tutduğu bu kitabına əlavə olaraq yazdığı “Nəsihətnamə”sində uşaqlara müraciətlə, sanki, fikirlərini tamamlayır: “Ey mənim əzizim, sən insansan. Allah insanı dünyada hər şeydən yaxşı yaratmışdır. Görmürsənmi ki, heyvanlar o qədər böyük bədən və gücə malik olmaqla yenə insanın əlində əsirdilər. Bu isə işi yaxşı bacarmaq səbəbindəndir. İnsanlar arasında da hər kəs çox bilikli və işbilən olsa, həmişə hörmətli olar. Deməli, gərək bilmək və yaxşılıq etmək qaydalarını o adamlardan öyrənmək lazımdır ki, onlar həyatda təcrübəli və qabiliyyətli olmuşlar. Belə adamların sözləri bizə nəsihətdir”.

A.Bakıxanovun əxlaq və tərbiyəyə dair mülahizələri sufi nəzəriyyələrindən və müsəlman Şərqi xalqlarının zəngin etik görüşlərindən təsirlənsə də, burada Rusiya vasitəsilə Qərb və xüsusilə antik dövr etikasının güclü nüfuzu hiss olunur. Özünün elmi sahədə axtarışlarını davam etdirən A.Bakıxanov  hicri 1251 (1835-36-cı) ildə müsəlman Şərqində ənənəvi olaraqEyn əl-Mizan” (Əql tərəzisinin məğzi) adlandırılan janrda əsər yazmaq qərarına gəlir. Müəllifin elm dili hesab etdiyi ərəb dilində yazılmış bu əsər onun məntiqə dair görüşlərini əks etdirən giriş, iki fəsil və nəticədən ibarətdir. A.Bakıxanovun özünün qeyd etdiyi kimi o, bu əsərini “Əmsar kəndində”, həqiqətə və sirlərə vaqif olmuş bəzi yaxşı kişilərlə birlikdə qələmə almışdır. Giriş işarənin izahı və nitqin təsnifatına həsr edilmişdir; iki hissədən ibarət birinci fəsil sadə təsəvvür, iki hissədən ibarət ikinci fəsil isə təsdiq haqqındadır. Əsər eristika (mübahisə etmək məharəti) və onun qaydaları ilə tamamlanır.

Tədqiqatçıların fikrincə, A.Bakıxanov öz məntiqində yalnız hökm və nəticənin həqiqiliyinin formal-məntiqi meyarından deyil, onların materiyaya (yəni məzmuna) görə həqiqiliyindən də çıxış edirdi. Məhz bu mülahizə Bakıxanov məntiqini öz dövrünün bir çox formalist məntiqi sistemlərindən fərqləndirirdi. Əsərin hal-hazırda Sankt-Peterburq  Universiteti kitabxanasının Şərq şöbəsində saxlanılan yeganə əlyazması 1840-cı ildə Kazan Universitetində fəaliyyət göstərən azərbaycanlı alim Mirzə Kazım bəyə məxsus olmuşdur. Əlyazmanın üstündəki hədiyyə yazısında aşağıdakı sözlər qeyd edilmişdir: “Bu, fəqir müəllifdən istəkli, müdrik, şanlı və hörmətli alim, Kazımbəyzadə adı ilə tanınan cənab Mirzə Məhəmməd Əliyə hədiyyədir. 20.03.1256, Quba qalası”.

1833-cü ilin payızında xidməti işləri ilə əlaqədar Varşavaya gələn və 1834-cü ilin mayınadək burada qalan A.Bakıxanov bu şəhərdə də elmi tədqiqatlarını davam etdirmiş, dahi polyak alimi Nikolay Kopernikin ölümünün 300 illiyi münasibətilə başlanan yubiley tədbirlərinin təsiri ilə kosmoqrafiya məsələləri ilə məşğul olmağa başlamışdı. Onun bu sahədə apardığı axtarışlar özünün qeyd etdiyi kimi, hicri 1255 (1839/40)-cı ildə əvvəl fars dilində yazdığı, sonra isə ərəb dilinə tərcümə etdiyi “Əsraru-l-məlakut” (“Kainatın sirləri”) əsərinin yazılması ilə nəticələnmişdir. Abbasqulu ağanın astronomiya sahəsində cəhdləri haqqında 1844-cü ilin yayında Qubada olmuş Yen Universitetinin təbiət tarixi professoru Karl Kox yazırdı: “Öz xalqının tarixi ilə yanaşı, Abbasqulu ağa astronomiya ilə də son dərəcə maraqlanmış, rusca bildiyindən bu dildə nəşr edilmiş hər şeyi oxumuşdur... Lakin Abbasqulu ağa göy cisimləri hərəkətini adicə müşahidə etməkdən daha böyük həvəslə bir yığın astroloji hesablamalara və müqayisələrə girişir. Beləliklə, o, getdikcə bu qənaətə gəlir ki, Yer... çox da uzaq olmayan gələcəkdə hansı sabit ulduzlasa toqquşacaq...”

Öz əsərini “Yer kürəsinin və sair əcramin imkan daxilində əhvalına, vəziyyətinə və onların intizamına səbəb olan qanunların” tədqiqinə həsr edən A.Bakıxanov dövrümüzə gəlib çatan əlyazmaların (əsərin farsca mətni itmiş, ərəbcə iki əlyazması respublika Əlyazmaları İnstitutunda saxlanılır) coğrafiyaya aid yazdığı kitabın riyaziyyat bölməsindən çıxarış olduğunu bildirir. Təəssüf ki, müəllifin nə coğrafiyaya aid xatırladığı böyük əsəri, nə də onun müfəssəl riyaziyyat bölməsi elm aləminə hələ məlum deyildir.

“Əsraru-l-məlakut” əsərinin tədqiqi göstərir ki, A.Bakıxanovun bu əsəri yazmaqda əsas məqsədi, görünür, öz həmvətənləri, eləcə də Şərq dünyası üçün o dövrün elmi nailiyyətləri səviyyəsində kütləvi vəsait hazırlamaq olmuşdur. Giriş, müqəddimə, üç hissə və sonluqdan ibarət olan bu əsərin əvvəlində A.Bakıxanov oxucuları PtolemeyKopernik nəzəriyyələri ilə tanış edir, hər iki nəzəriyyənin elmi müqayisəsində Kopernik üsuluna üstünlük verir. Müəllifin fikrincə, Kopernik nəzəriyyəsi təkcə həndəsə elminin qəti dəlilləri ilə sübut edilmir, o həm də Quran ayələri və Peyğəmbər hədislərinin köməyi ilə təsdiq olunur. Məsələn, Quranın (23, 36) “Və Günəş onun üçün qərarlanmış yerə doğru hərəkət edir” ayəsini Abbasqulu ağa belə izah edir: bu kəlam Günəşin də kəhkaşandakı başqa bir mərkəz ətrafında fırlanmasına sübutdur, “Yerin başqa bir Yerə, göylərin (başqa göylərə) çevriləcəyi gün” sözləri ilə başlayan Quran (13, 14) ayəsini isə o, belə təfsir edir: “...bu kəlam ölümdən sonra cəsədlərin dəyişdiyi kimi, həmin nəhəng göy cisimlərinin də başqası ilə əvəz olunacağına dəlalət edir. Bundan aydın olur ki, elə bir dəqiqə, elə bir saniyə olmur ki, bir neçə Günəş sistemi yaranıb məhv olmasın”.

A.Bakıxanov 1846-cı ildə Məkkəyə ziyarətə gedərkən yolüstü İstanbulda olmuş, “Əsraru-l-məlakut”u türk sultanı I Əbdülməcidə (1839-1861) təqdim etmişdir. Sultanın tapşırığı ilə türk alimi Seyyid Şərəf Xəlil Həyatizadə həmin əsəri Osmanlı türkcəsinə tərcümə və şərh etmiş, “Əfkaru-l-cəbarut fi tərciməti Əsrari-l-mələkut” (“Əsraru-l-məlakut”un tərcüməsi haqqında dahilərin fikirləri”) adı ilə 1848-ci ildə İstambulda nəşr etdirmişdir. Auqsburqda çıxan qəzetlərdən birində deyilirdi: Bu günlərdə cənab Ustinov (rus səfiri – N.V.) sultanın qəbulunda olarkən Bakı şəhərinin ən adlı-sanlı müsəlman ailəsi nəslindən olan, Rusiyanın Zaqafqaziya ordu korpusunun baş qərargahında xidmət edən polkovnik Abbasqulu Xanzadəni sultana təqdim etmişdi. Alimliyinin şöhrəti burada onun özünü qabaqlamışdı. Qəbul zamanı o, türklərin küfr kimi rədd etdikləri Kopernik sisteminin Quranla uyğunluğunu sübut edən astronomik traktatını sultana təqdim etmək şərəfinə nail oldu. Abbasqulu Xanzadə sultanın nəzərini daha çox özünün şəhadətlik haqqında fikirləri ilə cəlb etdi. Onun fikrincə, məhkəmədə yalnız müsəlman şahidlərinin iştirakı haqqında Quranda elə bir göstəriş yoxdur. Mənim bildiyimə görə, polkovnik xarici dövlətin nümayəndəsi (burada, görünür, xristian dövləti nəzərdə tutulur - N.V.) kimi sultana təqdim edilən ilk müsəlmandır”.

İntellektual səviyyə baxımından öz çağdaşlarını xeyli arxada qoyan Abbasqulu ağa orta əsrin böyük dühaları kimi, özünü elmin müxtəlif sahələrində sınasa da, ən böyük uğuru filologiyatarix sahəsində qazana bilmiş, məhz bu əsərlərində orijinal təfəkkür sahibi kimi çıxış etmişdir. Bu baxımdan onun ən böyük nailiyyəti görkəmli mütəffəkkirin adını Azərbaycan tarixşünaslığında əbədiləşdirən, onu tarixşünaslığımızın “atası” edən “Gülüstani-İrəm” adı ilə məşhur olan “Şərqi Qafqaz tarixi” əsəridir.

Tarixi “ən ali mənəvi elmlərdən birihesab edən A.Bakıxanov yazırdı: “Tarix elə bir müəllimdir ki, bəşər nəslinin bütün nümayəndələri onun məktəbində keçirilən dərslərdən faydalanır. Yeni canverici kimi o, bizim qarşımızda min ilin ölüsünü dirildir. Neçə-neçə əsrlərin müxtəlif tayfaları hərə öz libasında, özünün adətləri, düşmənçiliyi və dostluğu ilə onun dəhşətli məhkəməsinə gəlir, onun qarşısında hər kəsin sinəsində (mələklər tərəfindən) qeydə alınmış və əməllərinin haqq-hesabı ilə dururlar.

Məhz tarix gələcək nəsillərin məhkəməsi qarşısında yaxşının və yamanın layiqli haqqını verir. O, gələcək nəsillərə əcdadların vəziyyətlərini lazımi şəkildə və təfərruatı ilə çatdıran, sərvətin və miskinliyin, tərəqqinin və tənəzzülün səbəblərini, həqiqətin və səhvin nəticələrini izah edən dilsiz natiqdir. O, bizə keçmişin paltarlarında gələcəyi təqdim edir. Onun təsvir etdiyi keçmiş hadisələr gələcək üçün yol göstəricisidir. Keçmişi bilmədən bu gündə yaşamaq yolsuz səhraya girib, orada məqsədsiz dolaşmaq deməkdir. Təhlükə qaçılmazdır; əgər hər bir adam öz qısa həyatının təcrübələrindən xeyir əldə edə bilirsə, bütöv bəşəriyyətin həyat təcrübələrinə əsaslanan tarixdən görün nə dərəcədə (xeyir) gözləmək olar?”

“Gülüstani-İrəm” əsərini yazarkən müxtəlif dilli, müxtəlif dövrlərə aid onlarca məxəzdən istifadə etmiş Abbasqulu ağa ona çağdaş olan Avroparus müəlliflərinin əsərlərindən, eləcə də maddi mədəniyyət abidələrindən, toponimik, numizmatikepiqrafik materialdan bəhrələnmişdir.  Tədqiqatçıların haqlı qeydinə görə, A.Bakıxanovun əsəri, əslində, o dövr tarixşünaslığının bütün nailiyyətlərinin əks olunduğu ilk tədqiqatdır. A.Bakıxanov başa düşürdü ki, Vətən tarixinin öyrənilməsi milli özünüdərkin və vətənpərvər hisslərin inkişafına kömək edir; buna görə də o, bütün Qafqaz xalqlarını öz tarixlərini öyrənməyə çağırırdı:Tarixi öyrənmək xüsusilə o xalq üçün vacibdir ki, onun keçdiyi həyat yolu həmin tarixdə əks olunsun. Tarix həmin xalqı doğma torpağının keyfiyyətləri, orada yaşayan tayfaların xarakteri ilə tanış edir, xalqların bütün qarşılıqlı münasibətlərindən nəticələr çıxararaq, zərər və xeyri göstərir”.

A.Bakıxanov bu qiymətli tədqiqatının fars dili variantını 1841-ci ildə başa çatdırmış, 1844-cü ildə isə onun rus variantını hazırlamışdır. Elə həmin il əsərin nəşrinin icazəsi üçün rus əlyazması Peterburqa göndərilmişdir. Çar I Nikolay müəllifin 800 manat gümüş pul dəyərində brilyant üzüklə mükafatlandırılması, əsərinin isə Rusiya Elmlər Akademiyasına rəyə göndərilməsi barədə əmr verir. Akademiklər M.BrosseB.Dornun müsbət rəyinə baxmayaraq, əsərin dövlət hesabına deyil, müəllifin şəxsi vəsaiti hesabına çap edilməsinə icazə verilir. Bütövlükdə, yalnız 80 il sonra işıq üzü görəcək “Gülüstani-İrəm” əsərinin bəzi hissələri müəllifin sağlığında yalnız dövri mətbuatda – “Russki invalid”, “Kavkaz” qəzetlərində, eləcə də “Sbornik qazetı Kavkaztoplusunda nəşr olunur.

Abbasqulu ağanın zəngin yaradıcılıq irsinə onun xidməti xarakter daşıyan bəzi yazılarını da daxil etmək vacibdir. Bunlardanİndiki Zaqafqaziya əyalətlərində yaşayan tayfaların mənşəyi”, “Adlartitullar haqqında”, “Zaqafqaziya diyarının idarə sistemi” və s. bu kimi qeydlər tarixilik baxımından xüsusilə qiymətlidir. 1846-cı ildə A.Bakıxanov Şərq ölkələrinə getmək üçün ikillik məzuniyyətə çıxır. Həm dini, həm də elmi əhəmiyyət daşıyan bu səfər zamanı o, Ərdəbil, Təbriz, Tehran şəhərlərində olmuş, oradan Ərzurum vasitəsilə İstanbula, daha sonra isə Misirə getmiş və nəhayət, həmin ilin sonuna yaxın Məkkəyə gəlib çıxmış, həcc ziyarətini yerinə yetirmiş, lakin geri qayıdarkən Məkkə ilə Mədinə arasındakı Vadiyi Fatimə adlı yerdə vəba xəstəliyinə tutulmuşorada ömrünün 52-ci ilində, yaradıcılığının çiçəkləndiyi dövrdə vəfat etmişdir.

A.Bakıxanov öz yaradıcılığı və şəxsiyyəti ilə Şərqlə Qərbin qovuşuğunda dururdu. Onun bütün fəaliyyəti köhnədən yeniyə gedən keçid mərhələsində cərəyan edirdi. Tədqiqatçılar onun iki, hətta üç mədəniyyətdən—ənənəvi Şərq, yeni Avroparus mədəniyyətlərindən bəhrələndiyini xüsusi qeyd edirlər. A.Bakıxanov yaradıcılığının ən yaxşı araşdırıcısı Ə.Əhmədovun dili ilə desək, “o, Azərbaycan üçün orta əsrlərin son mütəfəkkiri olduğu kimi, yeni dövrünilk mütəfəkkiri” olmuşdur. Klassik Şərq elmi və ədəbiyyatının ən yaxşı nailiyyətlərindən geniş istifadə edən əsərlərinə Şərq aləmində ənənəvi olmuş adları verən Abbasqulu ağa bununla yanaşı, yeni qarşılaşdığı Qərb mədəniyyəti dəyərlərini də mənimsəməyə çalışırdı. Onun yaradıcılığı ilə tanış olan rus akademiki B.Dorn hələ XIX yüzilliyin 40-cı illərində Rusiya Akademiyasında Abbasqulu ağanın həyat və fəaliyyəti haqqında çıxış etmiş, onu dövrün “müsəlmanları arasında nadir halkimi qiymətləndirmişdir.

Abbasqulu ağa Bakıxanov elmi səviyyəsi baxımından müasirlərini, həqiqətən, xeyli qabaqlasa da, öz dövrünün, öz xalqının oğlu idi. Onun nailiyyətləri, uğurları, eləcə də nöqsanları yaşadığı dövrün mühiti ilə bağlı olan ab-havadan irəli gəlirdi. Abbasqulu ağa Vətənini, xalqını sevir, onun özünəməxsus mədəniyyəti ilə fəxr edirdi. O, bütün həyatını,  yaradıcılığını xalqının daha da maariflənməsi, dünyanın qabaqcıl xalqları ilə bir cərgədə durması işinə sərf etmiş, Şərq və Qərb mədəniyyətlərinin sintezindən doğan yeni mədəniyyətə sahib olmasına cəhd göstərmişdi.

 

Nailə VƏLİXANLI,

akademik

 

Xalq qəzeti.- 2014.- 21 iyun.- S.7.