Dövlət qulluqçusunun ən vacib
xüsusiyyətlərindən
biri də sənədlərlə iş
bacarığıdır
Dövlət qulluqçularının peşə bayramı ərəfəsində AzərTAc-ın müxbirinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılovdan aldığı müsahibəni oxuculara təqdim edirik. Müsahibədə dövlət qulluğunun mühüm vasitələrindən biri olan sənədlərlə iş məsələləri, bu sahədə dövlət qulluqçuları qarşısında duran ümdə vəzifələr və onlara verilən tələblər şərh edilmişdir.
– Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl həyata keçirdiyi Heydər Əliyev siyasəti nəticəsində
cəmiyyətimizin dinamik inkişafı təmin
edilir, ölkəmizdə dövlət quruculuğu işləri geniş
vüsət alır, idarəetmə işinin
təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Aydındır
ki, qanunların işlədiyi, insan hüquqlarının tam
qorunduğu, şəxsiyyət
azadlığının yetərincə təmin edildiyi demokratik bir cəmiyyətin formalaşması ölkənin
idarəetmə orqanlarında işin düzgün təşkilindən, bu orqanlarda
çalışan dövlət qulluqçularının peşə hazırlığından,
bacarıq və məsuliyyətindən çox
asılıdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə
görülən işlərin məqsədini izah edərək deyir: “Mən istəyirəm ki, Azərbaycanda
hər şey yaxşı olsun.
İstəyirəm ki, ölkəmiz daha da güclü
olsun, xalqımız rahat
yaşasın, xalqı narahat edən
problemlər aradan qaldırılsın, məmurlar
öz vəzifə borcuna
məsuliyyətlə yanaşsınlar. Hər bir məmur, ilk növbədə,
elə etməlidir ki, onun sahəsində irəliləyiş
olsun, tərəqqi olsun,
yaxşı nəticələr olsun”.
Hazırda
ölkədə dövlət qulluğu həm
elmi, həm də praktik
cəhətdən sürətlə inkişaf
edir, onun keyfiyyətinə
və səmərəliliyinə, o
cümlədən dövlət qulluğunun
ayrılmaz, vacib tərkib hissəsi olan sənədlərlə işin
əhəmiyyətinə
daha böyük diqqət
yetirilir.
Sənədlərlə
iş bütün
dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanları aparatlarının
işçiləri tərəfindən yerinə yetirilən
kütləvi funksiyadır. Dövlət qulluğunun məqsədlərinin onun nəticələrinə uyğunluğu,
səmərəliliyi və digər cəhətləri
dövlət orqanlarında hazırlanan sənədlərin
keyfiyyətindən əhəmiyyətli dərəcədə
asılıdır. Buna görə də
dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarının
işçiləri keyfiyyətli idarəetmə sənədlərini
tərtib etmək bacarıq və vərdişlərinə malik olmalıdırlar. Bir həqiqətdir
ki, dövlət qulluqçusunun
ən vacib xüsusiyyətlərindən biri də onun sənədlərlə
işləmək bacarığı və qabiliyyətidir.
2014-cü
il yanvarın 1-nə olan
məlumata görə, respublikanın dövlət hakimiyyəti
orqanlarında, idarə, təşkilat və müəssisələrində
29,7 min nəfər dövlət qulluqçusu çalışır və bu şəxslər ölkənin idarə
olunmasında mühüm rol
oynayırlar.
Hər bir dövlət orqanının gündəlik
fəaliyyətində sənədlərdən geniş istifadə olunur.
Qərarlar qəbul etmək, nəticələri ümumiləşdirmək,
sorğu-məlumat işi və uçot aparmaq üçün sənədlər əsas götürülür. Sənədlər hüquqi qüvvəyə malik
olduğuna görə həm sübut vasitələridir, həm də tarixi mənbələrdir. Sənədlər
dövlət quruluşunu təsbit edir, idarələr, təşkilatlar, müəssisələr
və vətəndaşlar arasında ünsiyyət
yaradır. Sənəd obyektiv gerçəkliyi
və insanın zehni fəaliyyətini, faktlar, hadisələr haqqında
informasiyanı xüsusi materiallarda
müxtəlif üsullarla təsbit etmək
vasitəsidir.
Məlumdur ki, sənədin ən mühüm
funksiyası informasiya daşımaq
funksiyasıdır. Sənəd təşkilatçılıq
funksiyasına malikdir. İnsanların fəaliyyətinin
təşkil edilməsi və əlaqələndirilməsi üçün sənədin köməyi ilə
insanlara, cəmiyyət üzvlərinə
təsir göstərilməsi təmin edilir.
Sənəd, eyni zamanda, hüquqi
funksiya daşıyır, çünki
onun məzmunundan sübut
kimi istifadə olunur.
Nəhayət, sənəd tərbiyə funksiyası
daşıyır. O, icraçıdan intizam,
yüksək səviyyəli təhsil hazırlığı
tələb edir. Yaxşı tərtib olunmuş sənəd isə idarəetmənin
təşkilində mühüm rol oynayır, dövlət qulluqçusunun
özünün və onun
işlədiyi təşkilatın nüfuzunu
qaldırır.
Sənədlərin
hazırlanması və rəsmiləşdirilməsi,
onların hərəkətinin təşkili, uçotu
və saxlanması sahəsində insanların göstərdikləri
fəaliyyətə kargüzarlıq deyilir.
Mahiyyətcə informasiyanın işlənməsi prosesi olan
kargüzarlıq idarəetmə texnologiyasının bir hissəsidir.
Sənədlərlə
işin təşkili dedikdə
kargüzarlıqda sənədlərin hərəkətini,
axtarışını və saxlanılmasını təmin
edən şərait yaradılması başa
düşülür. Hazırda bəzi mənbələrdə
“kargüzarlıq” terminindən daha çox “sənəd təminatı” termini işlədilir. Bu, heç də təsadüfi deyildir
və işin bütün
kompleksini, o cümlədən
sənədlərin dövriyyəsi və saxlanması məsələlərini
əhatə edir.
Kargüzarlığın
bilavasitə sənəd hazırlanması ilə bağlı
olan hissəsi sənədləşmə
adlanır. Sənədlərin hərəkəti və uçotu məsələlərini isə sənəd
dövriyyəsi məfhumu əhatə edir.
Sənədlərin saxlanmasının təşkili ilə
bağlı fəaliyyətə arxiv işi deyilir.
Sənədlər elə
hazırlanmalıdır ki, uzun müddət saxlanmağa
yararlı olsun, maksimum
əyaniliyi təmin etsin. Bu
keyfiyyətlərə malik olması üçün gərək sənəd həm
forma, həm də məzmun etibarilə düzgün tərtib edilsin.
Sənədləşdirmənin
normativ-metodik bazası sənədlərin
yaradılması, işlənməsi, cari
fəaliyyətdə istifadəsi və mühafizəsi
qaydalarını və texnologiyasını, habelə təşkilatda
kargüzarlıq xidmətinin fəaliyyətini reqlamentləşdirən
qanunların, normativ hüquqi
aktların və metodik sənədlərin
məcmusudur.
Bu
bazaya informasiya və
sənədləşdirmə sahəsində Azərbaycan
Respublikasının qanunvericilik
aktları, Azərbaycan Prezidentinin fərman
və sərəncamları, Nazirlər Kabinetinin
qərarları, mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi,
yerli icra hakimiyyəti
orqanlarının normativ aktları, sənədlərə
aid beynəlxalq və dövlət standartları, sənədləşdirmənin
vahid şəklə salınmış
sistemləri daxildir.
Bunların içərisində
Azərbaycan Respublikasının qanunları daha
yüksək hüquqi əhəmiyyətə
malikdir və onlarda təsbit
edilmiş normaların həmin
qanunların şamil edildikləri fəaliyyət
sahələrində tətbiqi məcburidir.
Azərbaycan
Respublikası qanunlarının və başqa
normativ hüquqi
aktlarının hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi,
dərc edilməsi, qüvvədə olması, şərh
edilməsi və sistemləşdirilməsi qaydaları “Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanunu ilə
müəyyən edilir. Qanunda normativ hüquqi
aktın strukturu, layihəsinin
hazırlanması qaydası, onun
razılaşdırılması, normayaratma
orqanına təqdim edilməsi, məcburi hüquqi
ekspertizası, məcburi linqvistik ekspertizası, layihəyə
baxılması, normativ hüquqi
aktın qəbul edilməsi, rəsmi dərc edilməsi,
qüvvəyə minməsi və sair
məsələlər əks olunmuşdur.
Qanunun normativ hüquqi aktın strukturuna
aid fəslində onun
aşağıdakı məcburi rekvizitləri göstərilir:
- aktın növü (Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikası Prezidentinin fərmanı, Azərbaycan
Respublikası Prezidentinin sərəncamı,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarı və s.);
- hüquqi
tənzimləmə predmetini əks etdirən
normativ hüquqi
aktın adı (sərlövhəsi);
- aktın qəbul edildiyi tarix, yer və qeydiyyat nömrəsi;
- müvafiq
normativ hüquqi
aktı rəsmi imzalamaq səlahiyyətinə
malik olan vəzifəli
şəxsin adı, soyadı, vəzifəsi və imzası.
Normativ hüquqi aktın layihəsinin məcburi
linqvistik ekspertizasına aid fəsildə
qeyd olunur ki, normativ hüquqi
aktın mətni lakonik formada,
normaların ziddiyyətli təfsirini istisna
edən sadə və aydın dildə, Azərbaycan ədəbi
dilinin və hüquq
terminologiyasının rəsmi-işgüzar üslubuna
əməl edilməklə
tərtib edilir. Normativ
hüquqi aktın terminologiyası
aydın anlaşılan sözlərdən və söz birləşmələrindən istifadə
etməklə formalaşdırılmalıdır. Normativ hüquqi aktda eyni terminlər bir mənada işlədilməli və vahid formaya malik
olmalıdır. Normativ hüquqi
aktda istifadə edilən terminlərin və
onların tərifinin dəqiqləşdirilməsi zərurəti
olduqda, həmin aktda
onların mənasını izah edən
maddə (bənd) yerləşdirilir.
Qeyd etmək lazımdır ki,
sənədin mətnində istifadə edilən termin və anlayışların aydın və
birmənalı olması onun icrasında böyük rol oynayır.
Sənədin icrası isə həmin mətn vasitəsilə
müəyyənləşdirilən məzmundan irəli gəlir.
Sənədin mətninə
verilən əsas tələblər konkretlikdir
və bunu dürüstlük,
tamlıq və anlaşıqlılıq tələblərinin
məcmusu kimi təsəvvür etmək olar.
Dürüstlük sənədin məlumatlarının həqiqətə
uyğun olmasıdırsa, tamlıq sənədin
mətnindəki məlumatların mahiyyətindən
asılı olaraq, onların idarəetməyə
təsiri dərəcəsini müəyyən edir. Buna görə də sənəddə bütün məlumatlar tam
əks etdirilməlidir, əks təqdirdə idarəetmə
prosesində sənədin
icrası mümkün olmaz.
Yəni, sənədin qəbul olunmasının məqsədi
aydın deyilsə, o yerinə yetirilməyəcəkdir.
Əgər sənəddə idarəetmə üçün
lazım olan bütün
məlumatlar varsa, onu tam sənəd adlandırmaq olar.
Sənədin,
yəni mətnin anlaşıqlılığını təmin
edən bir necə obyektiv
şərt mövcuddur ki,
bunlar da hər bir sözün leksik mənasını birmənalı şəkildə
müəyyənləşdirməkdən, daha
əsas sözün müəyyən
edilməsinə şübhə yaranmamasından, baş sözün leksik mənası
ilə onun konteksti
arasında ziddiyyət olmamasından, yəni, sənədin mətninin
ziddiyyətsizlik və hər sözün
bir-birinə bağlanması tələbinə cavab verməsindən ibarətdir.
Yuxarıda göstərilən
obyektiv şərtlərdən başqa sənədin mətninin
anlaşıqlılığına səbəb olan subyektiv şərtlər
də mövcuddur. Burada
tərtibçinin və icraçının lüğət
tərkibi onların istifadə etdikləri sözlərin leksik mənaları izahlı lüğətlərdəki
tərkibə uyğundursa, onda demək olar ki, idarəetmə sənədinin mətni tələbə
cavab verir.
Sənədlərlə
işdə əsas meyarlardan biri də Azərbaycan dilinin
tələblərinə tam riayət
olunmasıdır. Müvafiq qanunda normativ hüquqi aktların linqvistik
ekspertizası haqqında irəli sürülən tələblər
mərkəzi və yerli icra
hakimiyyəti orqanlarında
hazırlanan bütün aktlara şamil edilir. Dövlət dilimiz olan Azərbaycan dilinin tələblərinə
riayət edilməsi əsas qanunumuz olan Konstitusiyada, Azərbaycan
Prezidentinin imzaladığı qanun, fərman və sərəncamlarda təsbit
olunmuşdur. Dövlət
başçısının bu məsələyə
daim böyük diqqət
yetirdiyini onun “Azərbaycan
dilinin qloballaşma
şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında 2013-cü il 9 aprel tarixli sərəncamı
bir daha təsdiq edir.
Sənədin informasiya daşıyıcısı olması
barədə danışarkən “İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında”, “İnformasiya əldə etmək
haqqında” qanunların bəzi müddəaları üzərində
dayanmaq lazımdır. Bu qanunlarla
informasiyanın yığılması, işlənməsi,
saxlanması, axtarışı, yayılması əsasında
informasiya ehtiyatlarının
formalaşdırılması, informasiya
sistemləri, texnologiyaları, onların təminat vasitələrinin
yaradılması və onlardan istifadə
olunması, informasiyanın mühafizəsi ilə əlaqədar
olaraq yaranan münasibətlər
tənzimlənir, sənədləşdirmə sahəsində
əsas terminlər, anlayışlar
müəyyən edilir.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanunu sənədlərlə işdə
başlıca sənəd olmaqla
yanaşı, onun əsasında hazırlanmış
digər normativ hüquqi
aktların da diqqətlə öyrənilməsi
və dövlət orqanlarının gündəlik fəaliyyətində
rəhbər tutularaq düzgün icra edilməsi həm sənədləşmə
işinin, həm də dövlət
orqanlarının fəaliyyətinin təşkilində mühüm şərtdir. Bu Qanuna
uyğun olaraq
hazırlanmış aktların, o cümlədən
Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 27 iyul tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti
orqanlarının normativ hüquqi
aktlarının hazırlanması və qəbul edilməsi
qaydası haqqında Əsasnamə”nin, 2011-ci il
26 oktyabr tarixli fərmanı
ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti və
yerli özünüidarəetmə
orqanlarının normativ xarakterli
aktlarının hazırlanması və qəbul edilməsi
Qaydaları”nın, həmçinin digər normativ
hüquqi aktların tələblərinə
əməl edilməsi hər bir dövlət
orqanı rəhbərinin daim diqqət
mərkəzində olmalıdır.
Təəssüf ki, son vaxtlar
bəzi yerli icra
hakimiyyəti orqanlarında sənədlərlə işin vəziyyətinin öyrənilməsi
bu sahədə bir
sıra nöqsanlara yol
verildiyini göstərmişdir. Burada əsas
qüsur şəhər və rayon icra hakimiyyəti
başçılarının, habelə bələdiyyə
orqanlarının qəbul etdiyi normativ aktların hüquqi
cəhətdən kifayət qədər əsaslandırılmaması
və müvafiq sahə üzrə qanunvericiliyin tələblərinə tam uyğun
olmamasıdır. Yuxarıda adı çəkilən qanun və fərmanlara daha
diqqətlə yanaşılması və gündəlik iş prosesində hazırlanan bütün
sənədlərin bu aktlara
uyğunluğunun təmin edilməsi
dövlət qulluqçularının bilavasitə vəzifəsidir.
Ölkəmizdə
bütün sahələrdə olduğu kimi, sənədləşmə
işində də ən yeni
texnologiyaların tətbiq edilməsində, idarəetmə sisteminin təkmilləşdirilməsində,
sənədlərin kağız dövriyyəsinin elektron dövriyyəsi ilə əvəz
olunmasında, vətəndaşların dövlət orqanları ilə əlaqələrinin
elektron rabitə vasitələri ilə həyata
keçirilməsində, ölkədə daha
sürətli informasiya sisteminin
yaradılmasında “Elektron imza və elektron sənəd
haqqında” Qanunun, “Azərbaycan
Respublikasının inkişafı naminə informasiya
və kommunikasiya texnologiyaları üzrə
Milli Strategiyanın (2003-2012-ci illər)” böyük əhəmiyyəti
olmuşdur və bu iş indi daha
sürətlə davam etdirilir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “İnformasiya-kommunikasiya
texnologiyalarının gələcək
inkişafımızda çox önəmli
rolu olacaqdır. Çünki
bütün dünyanın elmi-texniki tərəqqisi bu
istiqamətdə inkişaf edəcəkdir”.
İndi dövlət qulluğunda
kompyuter texnologiyasından geniş
istifadə edilməsi nəticəsində bütün
sənədlərin layihələri elektron
daşıyıcılarda yaradılır. Bununla
yanaşı, bəzi dövlət orqanlarında hələ də
daha çox sənədlərin
kağız dövriyyəsinə üstünlük
verilir. Hətta yeni
proqramların tətbiq edildiyi təşkilatlarda da
bəzən elektron sənəd dövriyyəsi
yalnız daxil olan sənədlərin
və onlara verilmiş
cavabların qeydiyyatını əhatə edir.
Hazırda
respublikanın bütün dövlət
orqanlarında, o cümlədən Prezident Administrasiyasında kargüzarlıq sisteminin təkmilləşdirilməsi, bu sahədə ən müasir
proqramların hazırlanıb tətbiq edilməsi üçün böyük
işlər görülür. Azərbaycan
Prezidentinin 2012-ci il
4 sentyabr tarixli fərmanı
ilə təsdiq edilmiş “İdarələrarası
elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə” bu sahənin inkişafına yeni
təkan vermişdir.
Respublikada təkcə vətəndaş müraciətləri
üzrə sənəd dövriyyəsinə nəzər salsaq, hər il bütün təşkilatlarda minlərlə
müraciətin qeydiyyatdan keçirildiyini, bununla əlaqədar
böyük yazışma
aparıldığını görərik. Elektron sənəd
dövriyyəsinin geniş tətbiqi xeyli vaxta və vəsaitə
qənaət olunmasına kömək edəcəkdir.
Bu baxımdan Azərbaycan Respublikası
Prezidentinin rəsmi
internet saytını qeyd
etmək olar. Vaxtaşırı yeniləşdirilən bu sayt respublikanın,
dünyanın hər
bir vətəndaşı
üçün daim açıqdır. Həm
respublikanın, həm
də xarici ölkələrin hər
bir vətəndaşının
Azərbaycan Prezidentinin
imzaladığı rəsmi
sənədlər, normativ
hüquqi aktlar haqqında məlumat almaq, həmçinin öz müraciətini cənab Prezidentə birbaşa elektron poçt vasitəsilə ünvanlamaq imkanı vardır.
Hazırda
əksər nazirliklərdə
mərkəzləşdirilmiş elektron informasiya sisteminin yaradılması davam etdirilir.
Hazırda Prezident
Administrasiyasına edilən
vətəndaş müraciətlərinin
xeyli hissəsi
məhz Prezidentin
internet saytı vasitəsilə
daxil olur. Bu müraciətlərə “Vətəndaşların müraciətlərinə
baxılması qaydası
haqqında” Qanuna uyğun olaraq baxılır. Bu sahədə imkanlar getdikcə genişləndirilir.
Bir
çox dövlət
hakimiyyəti orqanlarında
qəbul edilmiş normativ hüquqi və digər sənədlər haqqında
vətəndaşlara məlumat
verilməsi sistemi yaradılmışdır. Bu orqanların saytlarında
və informasiya sistemlərində müvafiq
ərizə, arayış,
məlumat, hesabat formaları, müəyyən
məsələlərin rəsmiləşdirilməsi
üçün zəruri
olan sənədlər,
o cümlədən ərizə,
təqdimat və s. formalar, tarif və rüsumlar yerləşdirilmişdir. Bunlar vətəndaşlara vaxt itirmədən, operativ şəkildə informasiya
əldə etmək imkanı yaradır, süründürməçiliyə yol verən bir çox prosedurların aradan qaldırılmasına, şəffaflığın
təmin olunmasına kömək edir.
Bu gün vətəndaş özünə
lazım olan informasiyanı hər bir mərkəzi və yerli icra
hakimiyyəti orqanının
internet saytında, yaxud
portalında axtarıb
tapmaq imkanına malik olmalıdır.
Elektron
sənəd dövriyyəsindən
danışarkən elektron
arxivlərin yaradılmasının
çox vacib məsələ olduğunu
qeyd etmək lazımdır. Son illər respublikada
arxiv işinə diqqətin
artırılması nəticəsində sənədlərin
dövlət arxivlərinə təhvil verilməsi
yaxşılaşmışdır. Əgər bu gün bütün
idarə və təşkilatlarda sənədlərin elektron arxivləri yaradılaraq mərkəzləşdirilmiş
qaydada saxlanılsa, gələcəkdə vətəndaşlara
lazım olan sənədlərin
alınmasında heç bir
problem yaranmayacaqdır.
Azərbaycanda informasiya cəmiyyəti qurulması ölkənin daha sürətli və səmərəli inkişafının, rəqabət qabiliyyətli ölkəyə çevrilməsinin, eyni zamanda, hər bir dövlət orqanının, hər bir məmurun müasir şəraitdə işləyə bilmək bacarığının göstəricisidir. Bunun üçün müxtəlif dövlət orqanlarında görülən işlər sıx əlaqələndirilməli, vahid sistem halına salınmalıdır. Çünki dövlət qulluğunun əsas atributlarından olan sənədləşmə işinin düzgün təşkili hamıdan, hər bir dövlət orqanının rəhbərindən və məmurdan yeni düşüncə, respublikanın gələcəyinə yeni mövqedən yanaşma tələb edir.
AzərTAc
Xalq qəzeti.- 2014.- 21 iyun.- S.5.