Balakəndə
gördüklərim və eşitdiklərim...
...Balakənin axarlı-buxarlı vaxtıdır. Təbiətin gözəlliyi üzə çıxıb. Hər yan yamyaşıldır. Baxdıqca baxmaq, bu gözəl diyarı gəzdikcə gəzmək istəyirsən.
Veteranlar
parkı elə bu günlərdə istifadəyə verilib. Hamımız üçün çox əlamətdar olan bir tarixdə
– Qurtuluş Günündə.
İsa
Tanrıverdiyevlə birlikdə
parkı gəzirik. Onu çoxdan tanıyıram: uzun illər rayonda mətbuat yayımına rəhbərlik edib. Çox tədbirlərdə, məclislərdə
görüşmüşük. Səmimi adamdır. Ürəyindəkiləri gizlətməz. Balakənin
dünənindən, bugünündən
danışır: “Oğul,
bu gün biz fəxr edirik ki, Balakəndə yaşayırıq.
Yaxşı bilirsən ki,
İsa müəllim heç vaxt boğazdan yuxarı danışmayıb. Nə deyibsə, həqiqəti
deyib. Balakən aybaay yox, inanın ki, günbəgün dəyişir.
Əvvələr bu gəzdiyimiz yerin hansı vəziyyətdə
olduğu, yəqin ki,
yaxşı yadındadır.
Heç
adamın ağlına
da gəlməzdi ki, burada belə
yaraşıqlı park salmaq
olar. Uzağa getməyək yanımızdakı
“Soyqırımı” abidəsinə
də baxaq. Görürsünüz, necə möhtəşəmdir.
Rayonun girişində – xəstəxananın
qarşısında salınmış
seyrəngah da onun kimi. Yollara asfalt döşənir, hasarlar bəzək daşı ilə üzlənir, binalar yeni görkəm alır. Qərəz, Balakən tanınmaz
dərəcədə dəyişmişdir.
Dəyişməkdə də
davam edir...
İsa
dayı danışırdı. Sözünü kəsmək istəmirdim.
Heç
nə demirdim. Demirdim ki, bütün bunların hamısı mənə yaxşı bəllidir. Çünki onun dediyi yerlərdən mən bəlkə də yüz dəfə, min dəfə keçmişdim.
Veteranlar
parkında olmuşkən
bir məsələni
xüsusi qeyd etmək istəyirəm. Qələbə Günü münasibətilə
keçirilən tədbirdə
Böyük Vətən
müharibəsinin od-alovundan
keçmiş veteranların
dediklərini kaş siz də eşidəydiniz.
Statistikaya görə, İkinci
Dünya müharibəsinə
6 min 888 nəfər balakənli
yola düşüb.
Onlardan cəmi 4 min 577 nəfəri
geri qayıdıb.
2 min 311 nəfər isə döyüşlərdə
qəhrəmanlıqla həlak
olub. Bu gün
həmin müharibə
veteranlarından cəmi
17-si yaşayır. Dedikləri
söz indi də qulaqlarımdadır,
yaddaşıma ilişib
qalıb: “Oğul, biz
onların yarımçıq
qalmış ömürlərini
yaşayırıq”. Bu sözləri
yazıram, indi kağıza köçürürəm,
yadıma nə vaxtsa oxuduğum bir tükürpədici fakt düşür: “Əgər Böyük Vətən müharibəsində
həlak olan hər bir sovet
əsgərinin xatirəsini
bir dəqiqəlik sükutla yad eləmiş olsaq, gərək 38 il susaq”. Dəhşətli faktdır, çox dəhşətli...
Deyəsən,
mətləbdən bir
qədər aralı düşdük. Həmin tədbirdə
veteranlar rayonda aparılan tikinti-quruculuq işlərindən ağızdolusu
danışdılar. Bir məsələni
isə xüsusi qeyd etdilər. Ölkə başçısı cənab
İlham Əliyev onlara xüsusi diqqət göstərir.
Qayğıları ilə maraqlanır.
“Hər birimizə
maşın verib, – dedilər. – Belə münasibəti biz nə vaxt görmüşdük
ki... Bir vaxtlar az
qala hamımızı
xalq düşməni
elan edəcəkdilər.
Deyirdilər ki, siz rus torpağı uğrunda vuruşmusuz.
Qəribə məntiq idi.
Qəbri
nurla dolsun, ulu öndərimiz Heydər Əliyev gəldi, itirilmiş inamımızı özümüzə
qaytardı. Bu gün də onun oğlu, möhtərəm Prezidentimiz
İlham Əliyev bizim üçün hər cür şərait yaradıb.
Rayon icra hakimiyyətinin
başçısı İslam
Rzayevdən də çox razıyıq.
Hamıya dönə-dönə
tapşırıb: Veteranların
problemi olmamalıdır.”
Balakəndən
Sovet İttifaqı Qəhrəmanı çıxmayıb. Amma həmin gün maraqlı bir faktla rastlaşdım.
Sən demə, keçmiş SSRİ dövründə
18 nəfər balakənli
Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Bir rayonun
timsalında bu, çox böyük rəqəmdir. Dərhal
maraqlandım: “Sağ
qalanı varmı?” Təəssüf, çox təəssüf
ki, hamısı dünyasını dəyişib.
Amma söz verirəm. Növbəti yazılarımın birində bu məsələyə ayrıca
yer ayıracağam.
Maraqlıdır, görəsən,
bu qədər Sosiaslist Əməyi Qəhrəmanı olan başqa bir rayon da varmı...
Ölkə
başçısı İlham
Əliyev dörd dəfə Balakəndə
olub. Hər gəlişi, sözün
həqiqi mənasında,
bir tarixdir. Yaddaşlardan silinməyəcək unudulmaz hadisədir. Balakənlilər həmin günləri
iftixarla xatırlayırlar.
Onun dediyi sözləri dönə-dönə
təkrar edirlər: “Balakənin son illərdə
inkişafı məni
və yəqin ki, sizi çox
sevindirir. Balakənlilər həmişə olduğu kimi, Vətənə, dövlətə,
dövlətçiliyə sadiqdirlər, öz işləri ilə bizim ümumi işimizə də təkan verirlər.”
Prezident
İlham Əliyevin
son səfəri zaman istifadəyə verilən
Mədəniyyət Mərkəzində,
demək olar ki, hər gün
bir-birindən maraqlı
tədbirlər keçirilir. Açılışını etdiyi Yeni Azərbaycan Partiyası
rayon təşkilatının inzibati binası göz oxşayır.
Katex kəndindəki soyuducu anbar isə ilin bütün fəsillərində balakənliləri
kənd təsərrüfatı
məhsulları ilə
təmin edir. Hələ mən uzunluğu 24,5 kilometr olan Balakən–Sarıbalıq–Qabaqçöl–Xalatala
yolunun çəkilməsinə
ayrılan vəsaitdən
danışmıram. Artıq işlərin
xeyli hissəsi görülüb. Gedin bu kəndlərin əhalisi ilə görüşün,
görün nə deyəcəklər. Ümumiyyətlə,
hansı balakənlini
dindirsən, ötən
ilin oktyabr ayında
keçirilən prezident
seçkilərində nə
qədər uğurlu
seçim etdiklərinə
görə qurur duyduqlarından danışacaq.
Balakən
Rayon İcra Hakimiyyətinin
başçısı İslam
Rzayevi kabinetində
nadir hallarda taparsan. Demək olar ki, gün
ərzində bütün
tikinti meydançalarına
baş çəkir,
inşaatçılarla görüşür,
tapşırıqlarını verir. Tikinti də ki, dediyimiz kimi, saymaqla qurtaran deyil. Bəli, bu, həqiqətdir.
Bu gün Balakənin,
demək olar ki, hər yerində
tikinti-quruculuq işləri
gedir, şəhər
simasını dəyişir,
gözəlləşir.
İsti
günlər başlayıb. İnsanları öz gözəlliyi
ilə valeh edən, ərazisi 24 hektar olan Heydər
Əliyev parkında yenə qələbəlikdir.
Bu park haqqında da möhtərəm Prezidentimizin
öz sözü var.
Yazım, siz də oxuyun: “Deyə bilərəm ki, Azərbaycanın bölgələrində bəlkə
də ən böyük istirahət parkı Balakəndədir.
Çox
gözəl, möhtəşəm
parkdır. Həm böyük
rəmzi məna daşıyır, eyni zamanda, insanların rahat istirahəti üçün də çox gözəl imkanlar vardır.”
Dəfələrlə
yazılarımda adını
hörmətlə çəkdiyim
foto-müxbir Ramazan Abalovla birlikdə məhz cənab Prezidentin xoş sözlər dediyi bu parkda gəzirik. Doğrudan da, ayrı aləmdir.
Burada hər şey var. İnandırım sizi, Bakıdan, qonşu rayonlardan kanatla gəzmək üçün
buraya nə qədər insan gəlir. Gəlirlər, gəzirlər, istirahət
edirlər. Əyilib yerdə
şəkil çəkən
bir qızcığaz
diqqətimdən yayınmır.
Yaxınlaşıb, tanış oluram. Adını deyir: Aysu Məmmədova. Anası Pərvanə də yanındadır. Sentyabrda birinci
sinfə gedəcək.
Soruşuram: “Nə çəkirsən?” Sualıma
bir kəlmə ilə cavab verir: “Dünya”. Təkrar soruşuram: “Dünya haradır?” Cavab verir: “Balakən”.
Balacanın
cavabından duyğulanıram. İstər-istəməz düşünürəm.
Sən demə, bizim körpə balamız üçün
doğulub, boy atdığı
Balakən elə dünya boydaymış...
Balakənin gecələrindən
çox yazmışam. Yaxşı
yadımdadır. Hətta, sərlövhənin biri beləydi: “Elə bil
işığa düşüb bu şəhər”... O vaxtlar
Ramazan mənim üçün
maraqlı şəkillər də çəkmişdi. Yox, yox ideyanı mən
verməmişdim, özü düşünüb tapmışdı. Bu dəfə isə kanatla
ən yüksək zirvəyə qalxanda düşünürdüm ki,
buradan Balakən daha əzəmətli,
daha qürurlu
görünər. Bu zirvə gözəldir.
Bu zirvə müqəddəsdir. Ona görə müqəddəsdir ki, burada bu
dövlətin memarı, qurucusu olan ulu öndər Heydər
Əliyevin Balakənin hər yerindən görünən
möhtəşəm abidəsi qoyulub.
Əziz oxucu, bu yazıda bilmirəm, Balakən haqqında nəsə deyə bildimmi? Dəqiq bilmirəm. Amma bu, həqiqətdir ki, Balakənə budəfəki gəlişimdə nəsə yazmaq üçün heç kəsdən arayış istəmədim. Sadəcə oturub gördüklərimi və eşitdiklərimi qələmə aldım. Yazılarımın birində qeyd etdiyim kimi, necə vardısa, eləcə: bəzəksiz, boyasız...
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2014.- 22 iyun.- S.6.