Heydər Əliyev
Naxçıvanın muxtariyyətini qorumaqla
onu işğaldan və məhv olmaqdan xilas etdi
Naxçıvanın muxtariyyəti məsələsi XX əsrin 20-ci illərində bölgədə baş vermiş ictimai-siyasi hadisələrin nəticəsində meydana çıxmışdı. 1918-ci ilin may ayında Cənubi Qafqazda müstəqil respublikaların - Gürcüstan, Azərbaycan və Ermənistan respublikalarının yaranması onlar arasında ərazi-sərhəd məsələlərini həll etməyi zəruri etdi. Gürcüstan və Ermənistan dərhal Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü. Xüsusilə, “Böyük Ermənistan” yaratmaq xülyası ilə çıxış edən və tarixi torpaqlarımızda yaradılan Ermənistan bununla kifayətlənməyərək Azərbaycanın bir sıra əzəli torpaqlarını da – Qarabağı, Zəngəzuru, Naxçıvanı və başqa əraziləri öz sərhədlərinə qatmaq üçün açıq mübarizəyə başladı. Bu işdə onlara bir sıra dövlətlər siyasi, iqtisadi və hərbi yardım göstərirdi.
Azərbaycan
Xalq Cümhuriyyəti hökuməti düşdüyü çətin vəziyyətə,
qarşılaşdığı daxili və
xarici amillərə baxmayaraq,
Naxçıvana imkan daxilində siyasi dəstək verir, ona iqtisadi və hərbi
yardım göstərməyə
çalışırdı. Naxçıvan əhalisi erməni
basqınçılarına qarşı inadla
mübarizə aparır,
bölgəni qoruyub saxlamaq
üçün bütün
imkanlardan istifadə edirdi.
Erməni silahlı qüvvələri
qarşısında lazımi silah-sursata malik olmayan yerli
müsəlman əhalisi, Müsəlman Milli
Şurası, onun rəhbərləri – Cəfərqulu
xan, Rəhim xan,
Kalbalı xan və yerli
ziyalılar erməni daşnaklarına qarşı
özünümüdafiə dəstələri
yaradırdılar.
1918-ci ilin yayında vəziyyətin çətinliyini
nəzərə alan Naxçıvan
nümayəndələri kömək üçün
Osmanlı hökumətinə müraciət etdilər. 1918-ci
ilin iyul ayında
Kazım Qarabəkir paşanın
başçılığı ilə Osmanlı ordusu Naxçıvana gəldi, yerli müsəlman əhaliyə kömək etdi. Lakin Birinci Dünya
müharibəsində məğlub olan və
1918-ci il 30 oktyabrda Mudros müqaviləsini imzalayan
Osmanlı dövləti öz
qoşunlarını Cənubi Qafqazdan, eləcə
də Naxçıvandan çıxarmağa məcbur oldu.
Naxçıvanda
Müsəlman Milli Şurası bölgənin
təhlükəsizliyini təmin etmək üçün
1918-ci il noyabrın 3-də paytaxtı
Naxçıvan olan Araz-Türk
Cümhuriyyətini yaratdı. Araz-Türk
Cümhuriyyətinin yaradılması təşəbbüsü
ilə Naxçıvan, Şərur müsəlmanları
çıxış etmiş və
onların təklifi ilə ordubadlılar da bu siyasi tədbirə qoşulmuşdular.
Bu
cümhuriyyətin yaranması ilə bir
sıra dövlət və idarəçilik orqanları təsis
edilmiş, hökumətin tərkibi
formalaşdırılmışdı. Bu
hökumətin tərkibi sədrdən və 6 üzvdən
ibarət idi,
başçısı naxçıvanlı Əmir bəy
Əkbərzadə idi. Əmir bəy
bölgə əhalisi
arasında və siyasi dairələrdə
çox bacarıqlı, vətənpərvər
və millətsevər bir şəxsiyyət
kimi dəyərləndirilirdi.
Araz-Türk Cümhuriyyətinin ərazisinə
Naxçıvan və Şərur-Dərələyəz qəzaları,
Ordubad mahalı, Eçmiədzin qəzasının
bir hissəsi, İrəvan qəzasının
Sərdarabad, Uluxanlı, Qəmərli, Vedibasar
və Mehri bölgələri daxil idi. Sahəsi 8,6 min kvadratkilometr, əhalisi
bir milyon nəfərdən
artıq idi. Əsas vəzifəsi
bölgənin təhlükəsizliyini erməni
basqınlarından qorumaq üçün
silahlı dəstələr yaratmaq və
onların fəaliyyətini təmin etmək idi.
Qısa müddətdə 500 nəfərlik süvari
alayı və könüllü xalq dəstələrindən ibarət 20 tabor yaradıldı.
Naxçıvanda
yaradılmış bu ali
qurum Azərbaycan Xalq
Cümhuriyyəti ilə sıx əlaqələr yaratmağa çalışmış, onunla birləşmək üçün
yollar aramışdı. Bu
cümhuriyyət, eyni zamanda,
erməni basqınlarına lazımi cavab verir, Naxçıvanın təhlükəsizliyini
təmin edirdi. Bununla belə erməni yaraqlıları əhalini qorxu içərisində saxlayır,
soyqırımı törədir, torpaqların azərbaycanlılardan
boşaldılmasına çalışırdı. Buna baxmayaraq, nə böyük dövlətlərin siyasi və diplomatik təzyiqi,
nə aclıq və səfalət, nə də ermənilərin
aramsız hərbi müdaxiləsi
naxçıvanlıların iradəsini qıra bilmədi.
Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin
başçısı Nəsib bəy Yusifbəyli 1919-cu ildə
parlamentdəki çıxışında deyirdi
ki, hökumət yaranmış şəraitdə
Naxçıvana real yardım göstərə
bilmədi, “igid naxçıvanlılar,
şərurlular... bu məsələni
özləri həll etdilər. Onlar həyatlarını, ailələrinin
şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq
üçün ayağa
qalxıb azad oldular və
bununla da, hökumətin
işini asanlaşdırdılar. Haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və
vətənpərvərliyi görəndən sonra
onların qanuni hüquqlarını danmayacaqlar”.
Naxçıvanlılar
özlərini Azərbaycandan ayrı təsəvvür etmir, birləşmək üçün
yollar arayır, inadla
və qəhrəmanlıqla mübarizə aparırdı. Onlar bəyan edirdilər ki,
“bu xalq mədəni
dövlətlərin alovlarında məhv olmağa
razı olar, amma Azərbaycandan
ayrılmaz”.
Naxçıvan Müsəlman Milli
Şurasının Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinə
ünvanladığı məktubda deyilirdi:
“Biz ermənilərə tabe
olmuruq. Tezliklə Azərbaycan
qoşunları tərəfindən Zəngəzurun tutulmasını
və Azərbaycana birləşməsini gözləyirik”.
Naxçıvanlıların
yaşadıqları torpaqları Ararat
Respublikasına vermək istəyən ingilis
general-qubernatoruna da kəskin
etirazlarını bildirdilər. Ona göndərilən məktubda yazırdılar ki, “bütün
dünyanın və bütün mədəni
qüvvələrin azad həyat,
xalqların öz müqəddəratlarını
həll etmək hüququ haqqında
qışqırdıqları bir vaxtda azərbaycanlılar bizdən heç bir cəhətdən
üstün olmayan, əksinə,
bir çox hallarda bizdən geri qalan ermənilərin qulu ola bilməzlər”.
Naxçıvanlıların
qəhrəmanlığını Ermənistanın birinci baş naziri O.Kaçaznuni də
etiraf etməyə məcbur olmuşdu: “Müsəlman
Naxçıvanı və Şərurunda, müsəlman
rayonlarında inzibati tədbirlərlə
qayda-qanun yarada bilmədik,
silaha əl atmağa,
qoşun yeritməyə,
dağıtmağa və qırğın törətməyə
məcbur olduq... Şərur,
Naxçıvan kimi mühüm
yerlərdə öz hakimiyyətimizi hətta
silah gücünə qura bilmədik, məğlub olduq
və geri çəkildik”.
Göründüyü kimi,
naxçıvanlıların siyasi,
silahlı və inadlı mübarizəsi bölgənin erməni
işğalına düşməsinə yol
verməmiş və Azərbaycan ərazisi kimi
qorunub saxlanılmışdır. Lakin Zəngəzur mahalı 1920-ci ildə Ermənistana
veriləndən sonra Naxçıvan
ölkənin əsas ərazisindən ayrı düşmüş,
sərhəd əlaqəsi pozulmuşdu.
Belə olan halda
Naxçıvan qəza və rayon hüququnda Azərbaycanın tərkibində qala bilməzdi. Ona görə də Naxçıvanın muxtariyyəti
məsələsi gündəmə gəldi və bu zəruri idi. Ümummilli lider Heydər
Əliyev bununla əlaqədar deyirdi: “Əgər Zəngəzur
mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə
də, Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid
əraziyə malik olan
bir ölkə idi”.
Sovet Azərbaycanının rəhbərliyi
isə Zəngəzurla bərabər, Naxçıvanı da Sovet Ermənistanına verirdi. Ermənistanda Sovet
hakimiyyətinin qurulması ilə Azərbaycan Hərbi İnqilab Komitəsi 1 dekabr
1920-ci ildə bəyanatla çıxış etdi. HİK-in sədri Nəriman
Nərimanovun imzası ilə yayılan bəyanat Rusiyanın
diqtəsi ilə yazılmışdı və “iki sovet respublikaları
arasında ərazi mübahisələrinin” Azərbaycanın
milli mənafelərinə zidd
şəkildə həll edilməsinə yönəlmişdi:
“Bundan sonra heç bir ərazi məsələsi
əsrlər boyu qonşu
olan iki xalqın
qanının tökülməsinə səbəb ola bilməz. Zəngəzur və
Naxçıvan qəzaları Sovet Ermənistanının
ayrılmaz hissəsidir. Dağlıq Qarabağın zəhmətkeş
kəndlilərinə isə öz müqəddəratını
təyin etmək hüququ verilir.”
Naxçıvanın
Sovet Ermənistanına verilməsi xəbərini
eşidən bölgə əhalisi bu bəyanata
qarşı kəskin etirazlarını bildirdi.
Vəziyyətin gərginləşdiyini görən Azərbaycan
Respublikasının rəhbərliyi respublika
HİK-in üzvü,
ədliyyə komissarı B.Şahtaxtinskini
Naxçıvana göndərdi. O, Naxçıvan, Şərur
və Ordubad əhalisi ilə
görüşlərində, mitinqlərdə yerli əhalinin kütləvi etirazını təşkil
edərək mərkəzi hakimiyyətin Ermənistanın
xeyrinə qəbul etdiyi qərarın
qarşısını aldı.
Naxçıvan
diyarının əhalisi Azərbaycanın tərkibində
muxtariyyət tələb edirdi. Ona görə
də “1921-ci ilin əvvəlində Azərbaycan,
Ermənistan və Rusiya nümayəndələrinin
təşəbbüsü və iştirakı ilə keçirilmiş rəy sorğusunda
bölgə əhalisinin 90 faizindən çoxu
Naxçıvan diyarının muxtariyyət statusunda
Azərbaycanın tərkibində qalmasına səs verdi”. Bu, əslində,
Naxçıvanın gələcək müqəddəratında
mühüm rol
oynadı.
Bu dövrdə Rusiya-Türkiyə
yaxınlaşması da məsələyə
müsbət təsir göstərdi.
Sovet Rusiyası Avropa dövlətləri
tərəfindən təcrid olunduğundan
Türkiyənin timsalında
Şərqdə başlıca müttəfiqini itirməkdən
qorxaraq, Naxçıvanın müsəlman
əhalisinin iradəsi ilə hesablaşaraq
və eləcə də Azərbaycan bolşeviklərinin millətsevər
qisminin mövqeyini nəzərə
alaraq, Naxçıvanın öz müqəddəratını həll
etmək hüququnu tanımaq məcburiyyətində
qaldı.
Naxçıvanın
Azərbaycanın tərkibində qalmasına
çalışan milli kommunistlərin
arasında Behbud ağa
Şahtaxtinskinin xüsusi
əməyi olmuşdu. Onun V.Leninə göndərdiyi
1 mart 1921-ci il tarixli teleqramında və əlavə etdiyi arayışda Naxçıvan, Zəngəzur,
Dağlıq Qarabağ, Zaqatala,
Borçalı, Qarayazı düzü,
Dağıstan, Şimali Qafqaz
müsəlman xalqlarının milli tərkibi,
sayı haqqında məlumat verilir,
Naxçıvanın müqəddəratı ilə
bağlı təkliflər irəli sürülürdü.
O qeyd edirdi ki, “Naxçıvan diyarı böyük
siyasi, iqtisadi və strateji əhəmiyyətə malikdir...
Bu diyarın Ermənistana verilməsi
xalqın özünütəyin prinsipini
və Sovet Azərbaycanının
hüquqlarını pozur”.
B.Şahtaxtinskinin təklifləri və məsələnin
qoyuluşu V.Lenini maraqlandırmış
və o, Naxçıvan məsələsinin
RK(b)P MK siyasi bürosunda müzakirə edilməsi barədə
göstəriş vermişdi. Naxçıvan məsələsi həm siyasi büroda, həm də
Rusiya-Türkiyə danışıqlarında müzakirə edildi. 1921-ci il martın
16-da RK(b)P MK siyasi bürosu B.Şahtaxtinskinin
təkliflərini bəyənərək, Azərbaycanın tərkibində
Naxçıvan Sovet Sosialist
Respublikası yaradılması haqqında qərar qəbul
etdi. Həmin gün Rusiya ilə
Türkiyə arasında “Dostluq və
qardaşlıq haqqında” Moskva
müqaviləsi də imzalandı. Moskva
müqaviləsinin üçüncü
maddəsinə əsasən, Naxçıvan vilayəti “Azərbaycanın
qəyyumluğu (protektoratı) altında muxtar
ərazi olurdu, bir
şərtlə ki, Azərbaycan bu qəyyumluğu üçüncü
dövlətə güzəştə getməyəcəkdir”.
1921-ci il
oktyabrın 13-də RSFSR nümayəndəsinin
iştirakı ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR ilə Türkiyə
arasında imzalanmış Qars müqaviləsinə
əsasən, Naxçıvanın ərazisi, sərhədləri
daha da dəqiqləşdirildi.
Müqavilədə göstərilirdi ki,
Naxçıvan vilayəti bu müqavilənin
beşinci maddəsində və üçüncü əlavəsində
müəyyən edilmiş sərhədlərdə
Azərbaycanın himayəsi altında muxtar
ərazi təşkil edir.
Beləliklə, Moskva və Qars beynəlxalq
müqavilələri ilə RSFSR, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan
Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi
tanıdı və ona beynəlxalq hüquqi təminat verdi.
Ümummilli lider Heydər
Əliyev Naxçıvanın muxtariyyət tarixinin
çətin sınaqlardan keçdiyini nəzərdə
tutaraq, eyni zamanda, bu muxtariyyətin
qazanılmasında fədakarlıq göstərənlərin
əməyini yüksək qiymətləndirərək deyirdi: “Naxçıvana muxtariyyət vermək,
Moskva, Qars müqavilələrində
Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan vəzifə deyildi. Amma o vaxt
milli mənafeyi qoruyan
adamlar bunu etdilər.
Mən bunu tarixi
nailiyyət hesab edirəm... Kim Azərbaycanın milli mənafelərinin
keşiyində durubsa, ona
xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə
hörmətlə yada salınmalı və
tariximizə daxil olmalıdırlar”.
Moskva və Qars müqavilələrinin
əhəmiyyətini, Naxçıvanın muxtariyyət statusunun
qorunub saxlanılmasında bu
beynəlxalq müqavilələrin tarixi rolunu qiymətləndirən ulu
öndər deyirdi: “Naxçıvanın
statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin böyük
əhəmiyyəti olubdur. Naxçıvan
Azərbaycanın əsas torpağından ayrı
düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini,
dövlətçiliyini, muxtariyyətini gələcəkdə
də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan
sənəddir”.
Qeyd etməliyik ki, Moskva müqaviləsindən sonra
Naxçıvan Azərbaycan Respublikasının muxtar qurumu kimi
idarə olunsa da, bu iş hüquqi
cəhətdən tam rəsmiləşdirilməmişdi.
Ona görə də bu
məsələ 1922-ci ilin noyabrında
RK(b)P MK siyasi bürosunun iclasında müzakirə olundu və həmin bölgədə muxtar respublikanın yaradılması
haqqında qərar qəbul edildi.
Naxçıvana
muxtariyyət statusu 1921-ci ildə verilsə
də, Naxçıvan Muxtar
Respublikasının yaradılmasına üç
il vaxt lazım oldu. 1923-cü ildə Naxçıvanın muxtar respublika statusu azaldılaraq muxtar diyara çevrildi. Lakin muxtar diyar
dövrü uzun
sürmədi. 1923-cü ilin dekabrında
Naxçıvan diyarı Naxçıvan Respublikasına çevrildi. 1924-cü il
fevralın 9-da Azərbaycan MİK Naxçıvan SSR-in yaradılması haqqında qərar verdi. Burada bir cəhəti də qeyd etməliyik ki,
Naxçıvan 1921-ci ildən Azərbaycanın muxtar qurumu kimi
idarə olunurdusa da
30-cu illərin ortalarına qədər o bütün rəsmi sənədlərdə
“Naxçıvan SSR” adlandırılmış, “muxtar” sözü
adından silinmişdi.
Naxçıvan
Muxtar Respublikasının
yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli
hadisəsidir. Ümummilli lider
Heydər Əliyev deyirdi ki,
“Naxçıvan Muxtar
Respublikasının yaradılması Azərbaycan
xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə
əldə etdiyi böyük
tarixi nailiyyətdir”.
Naxçıvan Muxtar Respublikasının yaradılmasından
90 il keçir. Muxtar respublikanın yaradılması burada inkişafın təmin olunmasına,
genişmiqyaslı quruculuq tədbirlərinin
aparılmasına, Naxçıvanın inkişaf
etmiş bir diyara çevrilməsinə şərait
yaratmışdır. Lakin bununla
belə, muxtar respublikanın təqribən
45 illik inkişaf tarixi ağır siyasi, sosial-iqtisadi və mədəni problemlərlə
üzləşdiyi bir dövrdür.
Bu dövrün
müxtəsər siyasi
xarakteristikasını verən ümummilli
lider demişdir ki, bizim xalqımız XX əsrdə
çox faciələrlə
rastlaşıbdır. Bunların içərisində
Naxçıvanın başına gələn bəlalar, bəlkə
Azərbaycanın başqa bölgələrindən
daha dəhşətli, faciəli olubdur... Naxçıvanın
hüquqlarını tam məhdudlaşdırmaq
istəyiblər. 1949 və
1964-cü illərdə Naxçıvan Muxtar
Respublikasının yaradılmasının 25 və 40 illiyi qeyd olunmuşdur.
Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlməsindən sonra Naxçıvan Muxtar
Respublikasının dirçəliş dövrü
başlamış, bu diyar
özünün əsl inkişafına qovuşmuşdur. Keçən əsrin
70-80-ci illərində Naxçıvan Muxtar
Respublikası qabaqcıl sənaye, kənd təsərrüfatı,
elm və mədəniyyət mərkəzinə
çevrilmişdir. 1974-cü ildə
Naxçıvan MSSR-in 50 illik
yubileyi dövlət səviyyəsində
qeyd edilmiş, yubiley tədbirində ulu
öndər Heydər Əliyev iştirak etmiş və tarixi nitq söyləmişdir.
XX əsrin
80-ci illərinin axırlarında Azərbaycanın
Dağlıq Qarabağ və
Naxçıvan əraziləri barədə erməni
iddiaları baş qaldırmış, mərkəzin
ikiüzlü siyasəti bu
hadisələri qızışdırmışdı.
1990-cı ilin iyul
ayında görkəmli dövlət xadimi
Heydər Əliyevin Naxçıvana
gəlməsi, burada siyasi
fəaliyyət göstərməsi muxtar respublika ərazisini erməni
işğalından və muxtariyyət statusunu
ləğv olunmaq təhlükəsindən
xilas etdi.
1990-cı il sentyabrın 30-da Azərbaycan və
Naxçıvan parlamentlərinə keçirilən
seçkilərdə Heydər Əliyev hər iki qanunverici orqanın
deputatı, 1991-ci il sentyabrın 3-də
isə Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri seçildi.
Ulu öndərin Naxçıvanda
yaşayıb fəaliyyət göstərməsi bu diyarın taleyini həll
etdi. Heydər Əliyevin siyasi
fəaliyyəti və artan nüfuzu o dövrdəki
iqtidarı ciddi narahat
edirdi. Ona görə
də bu naşı siyasətçilər
görkəmli dövlət xadimi Heydər
Əliyevi hakimiyyətdən kənarlaşdırmaq üçün Naxçıvanın muxtariyyətini
ləğv etmək istəyirdilər. Lakin
onlar başa
düşmürdülər ki,
Naxçıvana beynəlxalq müqavilələrlə
muxtariyyət statusu verilib
və bu statusu birtərəfli
qaydada ləğv etmək olmaz.
İkinci bir tərəfdən
məkrli düşmənlərimiz də belə bir xülya ilə uzun illərdir ki,
yaşayırlar və məqsədlərinə nail ola bilmirlər. Ümummilli lider nəinki
muxtariyyətin ləğv olunması, onun
möhkəmləndirilməsi, muxtariyyətin verdiyi
imkanlardan istifadə edərək Naxçıvanın blokadadan
çıxarılması istiqamətində məqsədyönlü
tədbirlər həyata keçirirdi. Heydər Əliyev Naxçıvanın muxtariyyət
statusunun dəyişdirilməsi ilə
bağlı təklifləri ermənilərin
işğalçı siyasəti ilə eyni
olduğunu bildirərək məkrli
düşmənlərin və AXC-Müsavat
iqtidarının diqqətinə çatdırırdı ki, “Naxçıvanın statusunun
dəyişdirilməsinə yönəldilən hər
hansı cəhdin, onun ərazisinə edilən
hər cür qəsdin qarşısı
qətiyyətlə alınacaqdır”.
Qətiyyətli
və müdrik dövlət xadimi kimi Heydər
Əliyev Naxçıvanı blokadadan qurtarmaq üçün
1992-ci ilin mart və avqust aylarında Türkiyə və İrana səfərlər etmiş,
onlarla müqavilələr
bağlamış, xüsusi ilə
Türkiyə rəhbərləri ilə Qars
müqaviləsini və onun şərtlərini müzakirə obyektinə çevirməklə,
beynəlxalq aləmin diqqətini ona cəlb
etmişdi. Ulu öndərin
Naxçıvandakı fəaliyyəti muxtar
respublikanın xilası ilə nəticələnmişdi.
Ölkə Prezidenti İlham
Əliyevin qeyd etdiyi kimi, “naxçıvanlılar Heydər
Əliyevi qorudu, Heydər Əliyev isə
Naxçıvanı xilas etdi”.
1993-cü
ildə Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışı ilə xalqın və müstəqil
dövlətçiliyin xilası və möhkəmləndirilməsinə
başlandığı kimi,
Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına və
muxtariyyətin qorunmasına diqqət daha da artırıldı. 1995-ci il
noyabrın 12-də referendumla qəbul olunmuş
müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvanın
muxtariyyət statusunu hüquqi
cəhətdən möhkəmləndirdi. Həmin
Konstitusiyanın VIII fəsli Naxçıvan Muxtar
Respublikası ilə əlaqədardır. Konstitusiyanın
134-cü maddəsində deyilir:
“Naxçıvan Muxtar Respublikası Azərbaycan
Respublikasının tərkibində muxtar
dövlətdir. Naxçıvan Muxtar
Respublikasının statusu bu
konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar
Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib
hissəsidir”.
Naxçıvanın
muxtariyyət statusunun zəruriliyini əsaslandıran
Azərbaycan Prezidenti Heydər Əliyev deyirdi: “Naxçıvanın muxtariyyəti mühüm hadisədir. Bu,
çətin bir dövrdə böyük bir mübarizənin
nəticəsi olubdur.
Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva
müqaviləsinin və xüsusən, Qars
müqaviləsinin böyük əhəmiyyəti
olubdur. Naxçıvanın
yaşamasının, inkişaf etməsinin
əsas şərtlərindən biri də
odur ki,
Naxçıvana o vaxt
muxtariyyət hüququ veriblər. Bu muxtariyyət hüququ
çətin vəziyyətdə yaşamaqda,
inkişaf etməkdə olan
Naxçıvana böyük şərait
yaradıbdır. Amma
Naxçıvanın bundan sonra da buna
ehtiyacı vardır, müstəqil Azərbaycan dövlətinin
içində buna ehtiyacı vardır”.
Azərbaycan Respublikasının Konstitusiyası qəbul
edildikdən sonra Naxçıvan Muxtar Respublikasının
Konstitusiyasının hazırlanmasına başlandı. Konstitusiya layihəsi Konstitusiya
Komissiyasında bir neçə dəfə
müzakirə edildi. Konstitusiya
Komissiyasının 1998-ci il yanvarın
14-də keçirilən iclasında ümummilli
lider Heydər Əliyev geniş
nitq söylədi. Ulu
öndər həmin nitqində Naxçıvanın muxtariyyətindən
bəhs edərək dedi:
“Naxçıvanın muxtariyyəti tarixi
nailiyyətdir. Biz bunu
qoruyub saxlamalıyıq.
Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən
getmiş başqa
torpaqlarının qaytarılması üçün
ona xidmət edən çox
böyük amildir. Biz bu amili
qoruyub saxlamalıyıq”.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Muxtar Respublika Ali Məclisinin 1998-ci il aprelin 28-də keçirilən sessiyasında
qəbul edilərək 1998-ci il
dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi. Konstitusiyanın birinci
maddəsində göstərilirdi ki,
“Naxçıvan muxtar dövləti Azərbaycan
Respublikasının tərkibində demokratik,
hüquqi, dünyəvi muxtar
respublikadır. Naxçıvan Muxtar
Respublikasının statusunu Azərbaycan
Respublikasının Konstitusiyası, 16 mart
1921-ci il Moskva və
13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri müəyyən
edir”.
Ümummilli lider Heydər
Əliyev ölkə Prezidenti kimi “Naxçıvan Muxtar
Respublikasının 75 illik yubileyinin keçirilməsi haqqında”
imzaladığı 4 fevral 1999-cu il tarixli fərmanda
Naxçıvanın muxtariyyətini şərtləndirən
başlıca tarixi-coğrafi amil göstərilirdi: “Azərbaycan
Xalq Cümhuriyyəti dövrünədək
sərhədlər alt-üst edilməyə
başlandı. İlk olaraq
Azərbaycan torpağı Zəngəzur mahalı Ermənistan
SSR-in tərkibinə qatıldı.
Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq
iddialarının əsas hədəfi məhz Naxçıvan
idi. Onlar Zəngəzurun
Ermənistana ilhaq edilməsini bu yolda atılmış mühüm addım hesab
edirdilər. Beləliklə də, Naxçıvanı Azərbaycandan
ayıran Azərbaycan torpaqlarının – Zəngəzur
mahalının Ermənistana verilməsi Naxçıvanın
muxtariyyət məsələsini zəruri etdi”.
XX əsrin 90-cı
illərində Naxçıvan üçün
yaranmış təhlükəni aradan
qaldıran muxtar respublika
əhalisinin fəaliyyətini yüksək qiymətləndirən
ulu öndər demişdi:
“Məhz belə ağır şəraitdə
Naxçıvan əhalisi böyük mərdlik
və yenilməzlik nümayiş etdirərək
Azərbaycanın bu qədim
torpağını ermənilərin işğalı təhlükəsindən
xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı. Milli
istiqlaliyyət uğrunda mübarizə
yollarında o zaman
Naxçıvanın atdığı cəsarətli
addımlar Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə
qarşılanaraq dəstəkləndi və respublikada
gedən siyasi proseslərə müsbət
təsirini göstərdi”.
Naxçıvanın
muxtariyyət statusu və buna
əsasən yaradılan Naxçıvan Muxtar
Respublikasının ölkəmizin müstəqillik tarixində
mühüm əhəmiyyəti olmuşdur. Bunu nəzərə
alan Azərbaycan Prezidenti
cənab İlham Əliyev
Naxçıvan Muxtar Respublikasının
90 illiyi ilə əlaqədar sərəncam
imzalamışdır. Sərəncamda deyilir:
“Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən
çətin sınaqlarla dolu mürəkkəb
və eyni zamanda,
şərəfli bir yol
qət etmişdir... Naxçıvan əhalisinin
milli istiqlal
ideyalarına bağlılıq nümayiş
etdirərək dövlət müstəqilliyimizin bərpası,
qorunub saxlanılması və möhkəmləndirilməsində
müstəsna xidmətləri vardır”.
Naxçıvanın
muxtariyyət statusunu və onun verdiyi imkanları
yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov demişdir:
“Naxçıvanın muxtariyyət statusu
ötən əsrin 90-cı illərində Azərbaycanın
müstəqillik uğrunda
apardığı mübarizə dövründə mühüm mərhələ təşkil etmişdir. Bu status imkan verirdi
ki, ulu öndər
Heydər Əliyevin 1990-1993-cü illərdəki siyasi fəaliyyəti dövründə
Naxçıvan xalqımızın suveren
hüquqlarının təmin edilməsi uğrunda
gedən mübarizənin mərkəzinə çevrilsin”.
Beləliklə,
müstəqillik dövründə Azərbaycanın dövlətçiliyinin
qorunması və möhkəmləndirilməsi ilə
bağlı kompleks problemləri uğurla həll etmiş ümummilli lider Heydər
Əliyev Naxçıvanın muxtariyyət statusu
əleyhinə yönələn cəhdlərin
qarşısını böyük qətiyyətlə almış və onu möhkəmləndirmişdir. Dövlət
rəhbəri cənab İlham Əliyevin
apardığı uğurlu və məqsədyönlü
daxili və xarici siyasət
Naxçıvan Muxtar Respublikasının
da hərtərəfli inkişafına,
çiçəklənən bir diyara çevrilməsinə səbəb olmuşdur. Naxçıvan bu
gün çoxminillik
tarixinin və
90 illik muxtariyyət dövrünün
ən şərəfli , möhtəşəm mərhələsini
yaşayır və ümummilli lider Heydər Əliyevin Naxçıvanla
bağlı arzuları gerçəkliyə çevrilir.
İsmayıl HACIYEV,
AMEA Naxçıvan bölməsinin sədri, akademik
Xalq qəzeti.- 2014.- 22 iyun.- S.4.