Dövlət idarəçiliyində
dövlət qulluqçularının
üzərinə böyük məsuliyyət
düşür
Müsahibimiz
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyanın sədri
Bəhram Xəlilovdur
– Bəhram müəllim, müsahibəmizə başlamazdan öncə Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə sizi və rəhbərlik etdiyiniz kollektivi təbrik edirik və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
– Çox
sağ olun, təşəkkür
edirəm. Mən də qəzetiniz vasitəsilə
öz adımdan və rəhbərlik etdiyim kollektivin adından bütün dövlət qulluqçularını
23 İyun – Dövlət
Qulluqçularının Peşə Bayramı Günü münasibətilə təbrik edirəm
və onlara vəzifə səlahiyyətlərini
düzgün və şərəflə
yerinə yetirmələrini arzulayıram.
– Dövlət qulluqçusu kimdir?
– Qeyd
etmək istərdim ki, Azərbaycan
müstəqillik əldə etdikdən sonra
ilk dəfə “dövlət qulluğu” anlayışı məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə hazırlanan və 1995-ci il
noyabrın 12-də keçirilmiş ümumxalq referendumunda qəbul
edilən Konstitusiyada öz
əksini tapmışdır. “Dövlət qulluğu”
anlayışının açıqlanması 2000-ci il 21 iyul tarixdə qəbul
edilmiş “Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikasının Qanununda
verilmişdir. Həmin qanuna görə, dövlət qulluqçusu
maaşlı dövlət qulluğu vəzifəsini
tutan və inzibati vəzifə
üzrə dövlət qulluğuna qəbul
edilərkən Azərbaycan Respublikasına sadiq
olacağına and içən Azərbaycan
Respublikasının vətəndaşıdır.
– Dövlətin idarə edilməsində dövlət qulluqçularının üzərinə böyük məsuliyyət düşür. Dövlət-vətəndaş, dövlət-cəmiyyət münasibətlərinin qarşılıqlı inam və etibar müstəvisində qurulması dövlət qulluqçusunun öz vəzifələrini necə həyata keçirməsindən çox asılıdır. Ümumiyyətlə, dövlət qulluqçularının fəaliyyətinə nəzarət necə həyata keçirilir?
– Öncə onu qeyd etmək istərdim
ki, dövlət qulluqçuları fəaliyyətləri
dövründə insan
hüquqlarını, demokratik prinsipləri
və yüksək etik davranış
qaydalarını rəhbər tutmalı və bu
qaydalara əməl etməyə borcludurlar. Hər bir
dövlət qulluqçusu
çalışmalıdır ki, şəxsin,
cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifə borcunu
səmərəli yerinə yetirsin və
hər bir şəxs üçün
vicdanlılıq nümunəsi olsun. Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa
və yuxarı rəhbəri ilə və ya
tabeliyində olan şəxslərə
münasibətdə nəzakətli, xeyirxah,
diqqətli və səbirli olmalı, xidməti vəzifəsini
yerinə yetirərkən və ya qərar
qəbul edərkən qərəzsiz olmalı, hər
hansı şəxsin və ya şəxslər
qrupunun üstünlüyünə və
ya belə üstünlüyün
əldə edilməsi üçün
şəraitin yaradılmasına yol verməməlidir.
Bütün bu qeyd olunan məsələlərə
isə ilk növbədə, əlbəttə
ki, dövlət qulluqçusu
özü nəzarət etməli və fəaliyyətində
bunlarla bağlı hər hansısa bir yanlışlığa yol
verməməlidir. Bundan əlavə,
dövlət qulluqçularının bilavasitə tabe olduqları struktur
bölmə rəhbərləri, eləcə də
çalışdıqları dövlət orqanlarının
rəhbərləri onların xidməti fəaliyyətlərinə
daim nəzarət edirlər. Qeyd etmək istərdim ki,
dövlət qulluqçusunun öz xidməti vəzifələrinə nə
dərəcədə əməl edib-etməməsi onun xidməti fəaliyyətinin qiymətləndirilməsində
nəzərə alınır.
– Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi məsələsinə toxundunuz. Bilmək istərdik ki, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi dedikdə, nə nəzərdə tutulur və bu məsələ nə kimi əhəmiyyət daşıyır?
– “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikası Qanununda qeyd
olunur ki, inzibati vəzifə tutan
dövlət qulluqçusunun xidməti fəaliyyəti
hər təqvim ilinin sonunda
qiymətləndirilir. Qiymətləndirmənin əsas
məqsədi isə dövlət qulluqçusunun
il ərzində vəzifəsinin öhdəsindən
nə dərəcədə gəlməsini, tutduğu
vəzifəyə dair tələblərin
yerinə yetirilməsini və gələcək
inkişafını müəyyən etməkdən ibarətdir.
Nəzərinizə
çatdırım ki, 2012-ci ildən başlayaraq Azərbaycanda dövlət
qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi
sahəsində pilot layihələr həyata
keçirilirdi. Layihələr həyata
keçirilərkən xidməti fəaliyyətin qiymətləndirilməsi
sahəsində beynəlxalq təcrübə də öyrənilirdi.
Məsələn, 2012-ci ildə “Azərbaycanda
Dövlət Qulluğu Sektorunda
İslahatların Dəstəklənməsi” layihəsi
çərçivəsində Komissiya və
Almaniya Federativ
Respublikasının İqtisadi Əməkdaşlıq
və İnkişaf Nazirliyi
adından Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyətinin təşkilatçılığı ilə
Bakıda “Xidməti fəaliyyətin qiymətləndirilməsi
vasitəsilə dövlət qulluğunda
səmərəliliyin artırılması” mövzusunda
beynəlxalq konfrans keçirilmişdir.
Konfransda
ABŞ, Almaniya, Avstriya,
Belçika və s.
ölkələrin dövlət qulluğu
və inzibati idarəetmə sahəsində
müvafiq qurumlarının nümayəndələri
ilə yanaşı, SİGMA, GIZ, UNDP və s.
beynəlxalq təşkilatların nümayəndələri
də iştirak etmişlər. Məqsəd isə dövlət qulluqçusunun
xidməti fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiqi ilə bağlı təcrübənin
əldə edilməsi və bu təcrübədən
pilot layihədə istifadə etməklə
qiymətləndirmə sisteminin təkmilləşdirilməsi
olmuşdur.
Pilot layihə Dövlət Sosial
Müdafiə Fondunda və Sumqayıt
Şəhər İcra Hakimiyyətində
tətbiq edilmişdir. 2013-cü ilin iyun ayında Dövlət
Sosial Müdafiə Fondunda
komissiyanın təşəbbüsü ilə dövlət
qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi
üzrə pilot layihənin nəticələrinin təhlili və
müzakirəsi məqsədilə tədbir keçirilmişdir.
Tədbirdə dövlət qulluqçusunun
xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə
pilot layihənin nəticələri, həmin
nəticələrə uyğun olaraq müvafiq
qaydaların təkmilləşdirilməsi ilə əlaqədar
verilən təkliflər qiymətləndirmə sisteminin iştirakçıları olan bilavasitə rəhbərlər, sektor müdirləri, dövlət
qulluqçuları və kadr qurumunun işçiləri tərəfindən
müzakirə olunmuşdur.
Nəhayət,
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiyanın 10 fevral
2014-cü il tarixli qərarı
ilə “Dövlət qulluqçusunun xidməti
fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” təsdiq
edilmiş və 22 fevral
2014-cü il tarixdən qüvvəyə minmişdir.
– “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” təsdiq olunub dediniz. Deməli, qiymətləndirməyə artıq start verilib.
– Xeyr, hələ başlanmayıb.
Qanunvericiliyə görə, hər bir
dövlət qulluqçusunun xidməti fəaliyyəti
hər təqvim ilinin sonunda
qiymətləndirilir. Burada söhbət
yalnız inzibati vəzifə tutan dövlət qulluqçusundan
gedir. Bildiyiniz kimi, dövlət qulluğunda
iki növ vəzifə
var: inzibati vəzifə
və yardımçı vəzifə. Yardımçı vəzifə
daşıyan dövlət qulluqçularının xidməti
fəaliyyəti qiymətləndirilmir. Qiymətləndirməni
aparmaq üçün,
ilk növbədə, qiymətləndirməni
aparacaq rəhbər vəzifəli
dövlət qulluqçuları üçün
müvafiq təlimlərin keçirilməsi
tələb olunur. Bu ayın əvvəllərində
xidməti fəaliyyətin qiymətləndirilməsi
qaydalarını tətbiq etmək, təkmilləşdirmək
və dövlət orqanlarının nümayəndələrini
təlimçi kimi yetişdirmək üçün komissiya tərəfindən
təlimlər təşkil edilmişdir.Tədbir xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədləri,
qiymətləndirmə sisteminin idarə
edilməsi, qiymətləndirmə zamanı hədəflərin
müəyyən edilməsi, qiymətləndirmə
meyarları, sistemin tətbiqi, çətinliklər
və onların aradan
qaldırılması ilə bağlı mövzuları əhatə
etmişdir.Təlim bütün mərkəzi
icra hakimiyyəti orqanlarında qiymətləndirməni
həyata keçirəcək struktur
bölmə rəhbərləri və qiymətləndirmənin
tətbiqinə məsul olan nümayəndələrin
və xidməti fəaliyyətin qiymətləndirilməsi
üzrə xarici mütəxəssislərin
iştirakı ilə keçirilmişdir.
Qanunvericiliyə görə, dövlət qulluqçusunun xidməti fəaliyyətinin
qiymətləndirilməsi onun bilavasitə
rəhbəri tərəfindən həyata keçirilməlidir
və qiymətləndirmə zamanı dövlət qulluqçusunun peşə bilikləri,
yaradıcılıq, təşəbbüskarlıq, əmək
intizamı və s. kimi
keyfiyyətləri əsas götürülməlidir. Bütün bunlar nəzərə
alınaraqdövlət qulluqçusunun
xidməti fəaliyyəti “əla”, “yaxşı”, “kafi” və “qeyri-kafi” kimi qiymətləndirilməlidir.
Həmçinin
qeyd etmək istərdim ki,
xidməti fəaliyyətin qiymətləndirilməsi ilə
bağlı bu cür
təlimlər bu ilin oktyabr-noyabr aylarına kimi
davam edəcək və yerli
icra və məhkəmə hakimiyyəti
orqanları üçün də təşkil
olunacaq.
Bundan başqa, hər
bir dövlət orqanı üçün
ayrı-ayrılıqda təlimlərin keçirilməsi dəplanlaşdırılır.
– Çox vaxt eşidirik ki, dövlət qulluğunda çalışmaq üçün staj tələb olunur. Bu, gənclərin, daha dəqiq desək, universiteti yeni bitirən məzunların dövlət qulluğu ilə bağlı keçirilən müsabiqələrdə iştirakına mane deyilmi?
– Məlumdur ki, komissiya dövlət
orqanlarında inzibati vəzifələrin
beşinci - yeddinci təsnifatlarına
uyğun olan vakant dövlət qulluğu
vəzifələrinin tutulması üçün
müsabiqə elan edir.
“Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikası Qanununda qeyd
olunur ki, müsabiqəyə
çıxarılmış vakant
dövlət qulluğu vəzifələrinin
tutulma prosesi iki mərhələdən - test
imtahanı və müsahibə mərhələlərindən
ibarətdir. Müsabiqə elan olunan andan etibarən
komissiyanın rəsmi internet səhifəsində
və kütləvi informasiya vasitələrində
yerləşdirilir. Elanlarda vakant vəzifələr barədə
ətraflı məlumat – iş yerinin ünvanı, vəzifə maaşı,
qulluq funksiyaları, vəzifənin
tutulması şərtləri, ali ixtisas təhsilinə, staja,
xarici dil və kompyuter biliklərinə dair
tələblər və sənəd qəbulu şərtləri
öz əksini tapır. Onu da qeyd
edim ki, qanuna əsasən müvafiq
vəzifənin tələblərinə uyğun
gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı
müsabiqədə iştirak edə bilər.
Müsabiqə
elan olunan tarixdən başlayaraq 30 gün ərzində
komissiyanın saytına daxil olaraq, gənclər öz
ixtisaslarına uyğun və sizin də qeyd etdiyiniz kimi, vəzifə
təlimatlarında tələb olunan staj müddətlərini nəzərə almaqla özləri üçün
vakant dövlət qulluğu
vəzifəsi seçə
bilərlər.
Əvvəllər ali təhsil müəssisələrini yeni bitirmiş məzunların
dövlət qulluğuna gəlməsində
maneələr var idi.
Bəzi dövlət orqanları tərəfindən
müsabiqəyə təqdim edilmiş bütün vəzifələrə, yerli bölmələrində olan
vəzifələr də daxil olmaqla, staj tələbi qoyulurdu. Ali təhsil müəssisələrini yeni
bitirmiş gənclərin dövlət qulluğuna cəlb edilməsi, habelə vakant dövlət qulluğu
vəzifələrinin tutulması zamanı vəzifənin təsnifatının
və funksiyalarının nəzərə alınması, həmçinin
dövlət orqanından asılı olmayaraq,
bu vəzifələrə iddia
edən şəxslər üçün
ümumi tələblərin müəyyən
edilməsi məqsədilə müvafiq tədbirlər
görülmüşdür. Belə ki, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş ümumi şərtlərdə
qeyd edilən təsnifatlara uyğun olan vəzifələrin
tutulması üçün təhsil, iş təcrübəsi və zəruri minimal biliklərə dair ümumi tələblər nəzərdə tutulmuşdur. Şərtlərə əsasən mərkəzi icra hakimiyyəti
orqanlarının mərkəzi aparatında olan
“aparıcı məsləhətçi” və “məsləhətçi”
vəzifələrinə, habelə aşağı təsnifat
vəzifələrinə, rəhbər vəzifələr istisna olmaqla, apellyasiya və birinci instansiya məhkəmələri üzrə
müsabiqəyə çıxarılan bütün
vakant dövlət qulluğu
vəzifələrinə staj tələbi
qoyula bilməz.
Buna görə də ali məktəbi
yenicə bitirmiş və heç
bir iş stajı olmayan istənilən vətəndaş
ixtisasına uyğun gələn və staj tələb etməyən istənilən
vəzifənin tutulması üçün
müsabiqələrə qatıla bilər.
– Bəhram müəllim, bəzi hallarda məzun olmuş gənclərimizə ali təhsillərini təsdiq edən sənəd ali məktəblər tərəfindən gec verilir. Bu, həmin gənclər üçün problem yaratmır ki?
– Təbii ki, müəyyən
problemlər yaradır.
Bayaq qeyd etdim
ki, qanunvericiliyin tələblərinə
görə müsabiqədə yalnız ali
təhsil müəssisəsini bitirmiş
və bu barədə müvafiq
sənədi, yəni diplomu olan vətəndaş iştirak
edə bilər. Nəzərinizə çatdırım ki, komissiya fəaliyyəti
dövründə hər zaman vətəndaşlara
layiqli xidmət etməyi öz
qarşısına məqsəd qoymuşdur.
Komissiyanın əməkdaşları da
çalışırlar ki, vətəndaşların
maraqlarına, istəklərinə uyğun
fəaliyyət göstərsinlər. Bütün
bunları nəzərə alaraq, artıq
2 ildir ki, biz yeni məzun olan və diplom almayan vətəndaşlara komissiyaya
ali təhsillə bağlı
arayış təqdim etməklə müsabiqələrdə
iştirak etmək hüququ
vermişik. Bu, gənclərin
dövlət qulluğuna cəlb edilməsi
üçün komissiyanın
atdığı addımlardan biridir.
– Dövlətimizin siyasətində gənclər siyasəti xüsusi yer tutur. Komissiya bu yöndə hansı tədbirləri görür?
– Komissiya gənclərin dövlət qulluğuna marağının
artırılması yönündə davamlı olaraq zəruri tədbirlər həyata keçirir. Komissiyanın əməkdaşları
tərəfindən keçən ilin noyabr və dekabr
aylarında, bu ilin isə
aprel ayında tələbələrlə
və magistrlərlə görüşlər təşkil olunmuşdur. Görüşlər həm
Bakıda, həm də regionlarda yerləşən,
ümumilikdə 14 ali məktəbdə keçirilmişdir. Görüşlərdə
tələbələrə komissiyanın məqsəd və
funksiyaları, fəaliyyəti və qarşısında duran vəzifələri, dövlət qulluğuna qəbulla bağlı tətbiq olunan yeniliklər barədə, eyni zamanda müsabiqələr
zamanı dövlət qulluğuna qəbulun
şərtləri, vəzifə seçimi zamanı nələrə diqqət
edilməsi, ixtisas tələbi, vəzifə
seçərkən vəzifəyə qoyulan
staj tələbi, sənədlərin
hansı formada təqdim olunması barədə
komissiyanın əməkdaşları tərəfindən ətraflı
məlumat verilmişdir.
Bundan başqa,
komissiyanın əməkdaşları, hər il
olduğu kimi, bu il də keçirilən
“Məzun - 2014” ümumrespublika, “Karyerada ilk addım”
yarmarkalarında və “ADA: karyera həftəsi”
mövzusunda təşkil edilən əmək
sərgisində iştirak etmişdir.
Onu da bildirim
ki, komissiya 2010-cu ildən
başlayaraq bu
yarmarkaların iştirakçısıdır.
– Gənclərin müsabiqələrdə iştirakı üçün komissiyanın atdığı addımları nəzərə alarkən bir sual ortaya çıxır: Gənclərin dövlət qulluğuna qəbulla bağlı elan olunan müsabiqələrdə iştirak səviyyəsi hansı vəziyyətdədir?
– Qeyd edim ki, dövlət qulluğuna qəbulda gənclərin fəallığı hər zaman olduğu kimi çox yüksək səviyyədədir. İndiyə kimi komissiyanın keçirdiyi müsabiqələr nəticəsində qeydiyyatdan keçmiş namizədlərin 79 faizini, test qalibi olmuş namizədlərin 84 faizini, müsahibə mərhələsində uğur əldə edən namizədlərin 81 faizini, vəzifəyə təyin olunanların isə 81 faizini, gənclər təşkil etmişdir.
– Komissiya novator bir qurum kimi tanınır, demək olar ki, hər müsabiqədən–müsabiqəyə yeniliklər edirsiniz. Keçən illə müqayisədə dövlət qulluğuna qəbulla bağlı bu il hansısa bir yenilik etmisinizmi?
– Komissiya
keçirdiyi müsabiqələrin həm
test imtahanı mərhələsində,
həm də müsahibə mərhələsində obyektivliyi və şəffaflığı təmin
etmək üçün bütün
zəruri addımlar atır. Test imtahanları mərhələsində obyektivliyin və şəffaflığın
qorunması, o cümlədən, ictimai nəzarətin artırılması məqsədi
ilə daha bir yenilik edilərək komissiyanın rəsmi internet saytı vasitəsilə test imtahanlarının gedişinin
canlı izlənilməsi imkanı yaradılmışdır.
Artıq hər bir Azərbaycan Respublikasının vətəndaşı,
o cümlədən media
və qeyri-hökumət təşkilatlarının nümayəndələri
test imtahanının gedişini
onlayn izləyə bilirlər. Bu imkan dövlət qulluğuna qəbulla bağlı komissiyada qeydiyyatdan keçmiş namizədlərin özləri,
valideynləri və yaxınları üçün
daha böyük
önəm daşıyır.
Vətəndaşların
dövlət qulluğuna qəbulu
zamanı test imtahanı mərhələsində
tələb olunan test
imtahanı proqramı üzrə daha
yaxşı hazırlaşmaları və bu
sahədə əldə etdikləri bilikləri yoxlamaları üçün isə komissiya
tərəfindən “Onlayn sınaq test imtahanlarının keçirilməsi” elektron
xidməti göstərilir. Artıq hər bir
vətəndaş bu elektron
xidmətdən rahatlıqla istifadə edə bilər.
Müsahibə
mərhələsində edilən dəyişiklik kimi isə onu qeyd etmək istərdim ki,
namizədin qiymətləndirilməsi zamanı müsahibə
qrupunun üzvlərinin namizəd barəsində
verdiyi ümumi ballar arasında əhəmiyyətli fərq 3
və daha çox bal olduqda, (əvvəllər
bu bal 4 və daha çox kimi nəzərdə tutulmuşdur)
və ya müsahibənin keçirilməsi
zamanı obyektivlik və şəffaflıq
prinsipləri pozulduqda müsahibənin nəticəsi
ləğv edilə bilər. Bu halda yeni müsahibə qrupu yaradılır.
Əlavə
olaraq bildirim ki, “Dövlət qulluğuna
qəbul və inzibati vəzifələrin
tutulması üçün müsahibənin
keçirilməsi Qaydaları”na edilmiş
dəyişikliyə əsasən namizədlərin vakant vəzifəyə uyğunluğunu
müəyyən edən qiymətləndirmə meyarları təkmilləşdirilmişdir.
– Elektron xidmətlərdən söz düşmüşkən, bildirmək istərdim ki, son illər ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində bir sıra ciddi addımlar atılmış və bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir. İKT-nin yaratdığı imkanlardan komissiya öz fəaliyyətində nə dərəcədə istifadə edir?
– Komissiya vətəndaşlarla əlaqələrini
daha çox özünün internet
saytı vasitəsilə qurur və qeyd etmək istərdim ki,
saytımız vətəndaşlar arasında kifayət qədər
populyardır. 2008-ci ildən indiyə kimi
komissiyanın rəsmi saytında verilən yazılara 8 milyon 600 mindən
çox baxış olub,
istifadəçilərin sayı isə 14700-dən çoxdur. Bütün bunlar komissiya ilə vətəndaşlar
arasında yaranmış qarşılıqlı etibar və etimadın göstəricisidir.
Komissiya sayt vasitəsilə
vətəndaşlara 7 növ elektron xidmət göstərir. “Onlayn sınaq test
imtahanlarının keçirilməsi” elektron
xidməti ilə yanaşı, “Dövlət qulluğuna
qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin
qəbulu”, “Müsabiqə və müsahibə nəticələri
barədə məlumatların verilməsi”, “Dövlət
Qulluqçularının Reyestrindən məlumatların
verilməsi”, “Dövlət orqanlarına ehtiyat
kadrlar barədə müvafiq
məlumatların verilməsi”, “Dövlət qulluğu
stajı kalkulyatoru” və “Dövlət
qulluqçularının etik
davranış qaydalarına riayət etməsi barədə
müraciətlərin qəbulu”dur.
Bütün bunlarla
yanaşı, bildirmək istərdim ki,
2013-cü ildə Media Hüququ
İnstitutu dövlət
qurumlarının internet saytlarının
monitorinqinin nəticələrini
özündə əks etdirən “Dövlət
qurumlarının onlayn şəffaflıq
hesabatı”nın təqdimatını keçirmişdir. Həmin təqdimatda informasiya
açıqlığını əks etdirən reytinq cədvəlində 56 faizlə birinci yerdə komissiyanın saytı olmuşdur.
2014-cü ildə Multimedia Mərkəzi tərəfindən dövlət qurumlarının informasiya açıqlığı vəziyyəti ilə bağlı aparılan monitorinqin nəticəsində isə komissiyanın saytı mərkəzi icra orqanları arasında üçüncü yeri tutmuşdur.
– Bəhram müəllim, elektron xidmətlərdən bəhs edərkən ehtiyat kadrlar barədə müvafiq məlumatların verilməsini də qeyd etdiniz. Buradan bir sual ortaya çıxır: Dövlət qulluğuna elan olunan müsabiqələrdə iştirak edib uğur qazanan, lakin vəzifəyə təyin edilməyən vətəndaşlar ümumiyyətlə, dövlət orqanlarında işlə təmin olunurlarmı?
– Bildirmək
istərdim ki, bu
günə kimi komissiya
tərəfindən dövlət qulluğuna
qəbulla bağlı elan olunan
müsabiqələrdə 50 mindən çox
vətəndaş iştirak etmişdir. Əlbəttə ki,
onların arasından müəyyən bir
qismi müsabiqənin həm test imtahanı mərhələsindən, həm də müsahibə mərhələsindən
uğurla keçmişdir.
“Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul”
Qaydalarında qeyd olunmuşdur
ki, elan olunmuş müsabiqədə iştirak
edərək test imtahanından və
müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant
vəzifəyə təyin edilmək üçün
müvafiq
dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri
həmin namizədlərdən yalnız birini
seçərək bir il
müddətinə stajçı kimi qulluğa qəbul edir və
vakant vəzifəyə təyin edir.
Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının
rəhbərinə təqdim olunan, lakin vakant vəzifəyə
təyin edilməyən namizədlər isə iki il müddətində komissiyada və həmin dövlət
orqanında ehtiyat kadr
kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət
orqanında analoji vakant
vəzifələr olduqda, namizədlər
onların razılığı ilə analoji
vəzifələrə təyin edilir və
yaxud digər dövlət orqanlarında analoji vakant vəzifələr
olduqda, komissiya qeyd olunan namizədləri
onların razılığı ilə analoji
vəzifələrə təyin olunmaq üçün müvafiq
dövlət orqanının rəhbərinə təqdim edir. Müəyyən olunmuş
iki il bitdikdən sonra və ya həmin
müddət ərzində namizədlər inzibati
vəzifələrə təyin edildikdə isə onlar, əlbəttə ki,
ehtiyat kadrlar
siyahısından çıxarılırlar.
Bu
məsələ ilə bağlı onu qeyd etmək istərdim ki,
keçən ilin sonlarında
komissiyanın dövlət qulluğuna qəbulla
bağlı keçirdiyi müsabiqələrdə
uğur əldə edən və ehtiyat kadrlar
siyahısında olan 16 nəfər Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə qəbul edilmişdir.
Ümumilikdə, komissiya tərəfindən elan olunan müsabiqələrdə iştirak edərək uğur qazanan, lakin ehtiyat kadrlar siyahısına daxil olan 300-ə yaxın vətəndaş dövlət orqanlarında inzibati vəzifələrə təyin edilmişlər.
– Dövlət qulluğu sahəsində beynəlxalq əməkdaşlıq barədə nə deyə bilərsiniz?
– Bildiyiniz
kimi, komissiya dövlət
qulluğu sahəsində vahid
dövlət siyasətini həyata keçirən orqandır.
Təbii ki, dövlət qulluğu
sahəsində beynəlxalq əməkdaşlığı da əsasən komissiya həyata
keçirir.
Dövlət qulluğu sahəsində digər dövlətlərlə
əməkdaşlığımız yüksək səviyyədədir
və bu əlaqələrin daha da dərinləşməsi
üçün zəruri addımlar
atılır.
Qeyd etmək istərdim ki,
bu ilin yanvar
ayında komissiya qardaş
Türkiyənin və Monteneqronun analoji qurumları ilə 2014-2015-ci illər üçün əməkdaşlıq
üzrə Fəaliyyət Planı imzalamışdır.Fəaliyyət
planlarında 2014 və 2015-ci illər ərzində hər il üçün
qarşılıqlı işgüzar səfərlərin
həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Türkiyə
ilə imzalanan Fəaliyyət Planına uyğun olaraq, bu ilin may
ayında Azərbaycanın müxtəlif dövlət
orqanlarını təmsil edən dövlət
qulluqçularından ibarət nümayəndə heyəti
Türkiyə Respublikasına səfər etmişdir. Türkiyəli dövlət
qulluqçularının Azərbaycana təcrübə
mübadiləsinə gəlməsi isə avqust
ayına planlaşdırılır.
Onu da qeyd edim ki, dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər xarici tərəfdaşlarımızda kifayət qədər maraq yaratmışdır. Buna görə də, təcrübə mübadiləsi məqsədilə təşkil olunan qarşılıqlı səfərlərdən Azərbaycan da öyrənir, xarici dövlətlər də. Qeyd etmək istərdim ki, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlər mütəmadi xarakter daşıyır.
– Sonuncu sualımız isə vətəndaş cəmiyyəti ilə qurduğunuz münasibətlərlə bağlı olacaq. Bilirik ki, vətəndaş cəmiyyəti hər bir dövlətin inkişafında önəmli rol oynayır. Komissiyanın vətəndaş cəmiyyəti ilə münasibətləri necədir?
– Bu sualla bağlı onu deyə bilərəm ki,
dövlət qulluğuna qəbulla
bağlı keçirilən müsabiqələrin həm test imtahanı, həm də müsahibə mərhələlərində
komissiyanın dəvəti ilə qeyri-hökumət təşkilatları
və media nümayəndələri
müşahidəçi
kimi iştirak edirlər.
Eyni zamanda, keçirilən müsahibələrdə
şəffaflığın artırılması və vətəndaş
cəmiyyəti üzvlərinin qəbul edilən qərarlarda
iştirakının təmin edilməsi məqsədilə vətəndaş
cəmiyyəti üzvlərinin müsahibələrdə qrup üzvü kimi iştirakını nəzərdə
tutan müddəalar “Dövlət qulluğuna qəbul və inzibati
vəzifələrin tutulması üçün
müsahibənin keçirilməsi Qaydaları”na əlavə
edilmişdir. Artıq vətəndaş cəmiyyəti
üzvləri həm də müsahibə qrupunun
üzvü kimi iştirak edir, namizədin
dövlət qulluğuna uyğun
olub-olmaması barədə qiymətləndirmə
aparırlar. Bu da vətəndaş
cəmiyyəti ilə münasibətlərimizin faydalı əməkdaşlıq
müstəvisi üzərində qurulduğunun
göstəricisidir. Artıq neçə ildir ki, komissiya
qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın
inkişaf etdirilməsi sahəsində bir sıra tədbirlər görür,
görüşlər təşkil edir, həmçinin
il ərzində gördüyü
işlər barədə hesabatlarla
qeyri-hökumət təşkilatlarını və müstəqil
ekspertləri tanış edir. Qeyd edim ki, 2012-ci ildə komissiya vətəndaş cəmiyyəti
institutları ilə əlaqələrin genişləndirilməsi
üçün Dövlət İdarəçilik
Akademiyası, Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası və qeyri-hökumət
təşkilatlarının iştirakı ilə əməkdaşlıq
şəbəkəsi yaratmışdır. Qeyd etdiyim əməkdaşlıq
şəbəkəsinin koordinatorunun
seçilməsi məqsədilə 2013-cü ildə vətəndaş
cəmiyyəti nümayəndələrinin iştirakı ilə
şəbəkənin ilk
toplantısı keçirilmişdir.
Toplantıda iştirakçıların səs çoxluğu ilə “Polisə dəstək”
İctimai Birliyinin sədri
Şəmsəddin Əliyev əməkdaşlıq şəbəkəsinin
koordinatoru seçilmişdir.
Müsahibəni
apardı:
Əliqismət
BƏDƏLOV
Xalq
qəzeti.- 2014.- 22 iyun.- S.5.