Rusiya ilə strateji tərəfdaşlığın
dərinləşdirilməsi Azərbaycanın
xarici siyasətinin ən mühüm prioritetlərindən
biridir
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovun AzərTAc
və “Novosti-Azerbaydjan” agentliklərinə müsahibəsi
- Əli müəllim, iyunun 23-də Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayacaqdır. Bilmək istərdik, siz bu forumdan nə gözləyirsiniz?
- 2010-cu
ildə yaradılmış Azərbaycan-Rusiya forumu
iki ölkənin həyatında xüsusi yer tutmuş, özünün
vacibliyini və səmərəliliyini sübut etmiş, dövlətlərimiz
arasında etimada əsaslanan işgüzar əlaqələrin nə dərəcədə
davamlı olmasını nümayiş etdirmişdir.
Xoş və danılmaz faktdır ki, bu forum nisbətən
qısa müddətdə regionlararası iqtisadi
əməkdaşlığın prioritet
istiqamətlərinin müzakirə edildiyi,
müştərək layihələrin həyata keçirilməsinin
ictimai-siyasi, mədəni-humanitar məsələlərinin
və digər aspektlərinin müzakirə edildiyi
mühüm məkana çevrilmişdir. Başqa sözlə, iki
ölkənin regionlarının qarşılıqlı fəaliyyətinin
genişlənməsi və möhkəmlənməsi üzrə
həm Azərbaycanda, həm də Rusiyada
intensiv iş
aparılır. Tamamilə aydındır ki, bu forum
çərçivəsində ünsiyyətin forması bir tərəfdən Azərbaycan və Rusiya regionları arasında yeni,
qarşılıqlı faydalı əlaqələr
yaranmasına, digər tərəfdən isə dövlətlərimizin
strateji tərəfdaşlığının
möhkəmlənməsinə şərait yaradır.
Mənim fikrimcə, əvvəlki
forumlar kimi, beşinci forum da konstruktiv və işgüzar şəraitdə keçəcəkdir.
Forumun geniş və maraqlı proqramı
iştirakçılara ictimai-siyasi, ticari-iqtisadi, energetik və
humanitar əməkdaşlığın
fəallaşdırılması məsələlərini
müzakirə etməyə, qarşılıqlı
investisiyaların artırılması üzrə
addımları müəyyənləşdirməyə, nəqliyyat
infrastrukturu barədə söhbət aparmağa, bank işi sahəsində informasiya
mübadiləsinə, turizm potensialının
qiymətləndirilməsinə və s. imkan verəcəkdir. Bir
sözlə, forumda əməkdaşlığın
perspektivlərindən başlamış,
qarşılıqlı fəaliyyətin mexanizmlərinə qədər
bir çox məsələlər
nəzərdən keçiriləcəkdir.
Xoş haldır ki, forum iştirakçılarının sayı
ilbəil artır. Builki forumun
iştirakçılarının və qonaqlarının
sayı 500 nəfərə yaxın olacaqdır. Buraya prezident administrasiyalarının əməkdaşları,
parlamentlərin deputatları, nazirlik, idarə
və digər dövlət müəssisələrinin rəhbər
işçiləri, yerli icra
hakimiyyətlərinin başçıları, habelə işgüzar dairələrin, qeyri-hökumət
təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri
daxildir. Yeri gəlmişkən,
bu forumun təşkilatçıları
Azərbaycan Respublikası İqtisadiyyat və
Sənaye Nazirliyi və Rusiya
Federasiyasının Regional İnkişaf Nazirliyidir. Foruma hazırlıq işləri iki ölkənin prezident
administrasiyalarının ümumi rəhbərliyi
altında aparılmışdır.
- Əli müəllim, icazə verin, Azərbaycan-Rusiya əlaqələri haqqında söhbətimizi davam etdirək. Siz müasir mərhələdə iki ölkənin qarşılıqlı münasibətlərini bütövlükdə necə səciyyələndirirsiniz?
- Azərbaycan
dövlət müstəqilliyini bərpa edəndən sonra Rusiya ilə əməkdaşlığın
qorunub saxlanması və möhkəmlənməsi
ölkəmizin xarici siyasətinin ən mühüm prioritetlərindən biri olmuşdur.
Şübhəsiz, bu işdə ümummilli lider Heydər
Əliyevin xidmətləri çox böyükdür.
Məhz ulu öndər siyasi hakimiyyətə qayıdandan sonra 1990-cı illərin əvvəlində
aralarında müəyyən soyuqluq
müşahidə edilən Azərbaycan-Rusiya münasibətlərini
normallaşdırmağa nail oldu. İki ölkənin
qarşılıqlı münasibətləri tarixində yeni səhifə isə cənab Vladimir Putin Rusiyanın Prezidenti seçiləndən sonra açılmışdır. Fərəhli
haldır ki, müasir
mərhələdə dövlətlərimizin
başçıları - cənab İlham
Əliyev və cənab Vladimir Putin bu əlaqələri
strateji tərəfdaşlıq səviyyəsinə
yüksəldə bilmişlər.
Qeyd etmək yerinə düşər ki, Rusiya Prezidentinin
keçən il Azərbaycana işgüzar səfəri bərabərhüquqlu
və qarşılıqlı faydalı əməkdaşlığın
daha da genişlənməsinə
güclü təkan vermişdir.
Bu səfər çərçivəsində
ikitərəfli əlaqələrin perspektivləri müzakirə
edilmiş, əsas beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi
aparılmışdır. Görüşün
yekunlarına əsasən iqtisadiyyat, energetika və humanitar sahələr
üzrə altı saziş
imzalanmışdır. Azərbaycan Prezidenti
İlham Əliyev Vladimir
Putinin respublikamıza səfəri barədə
danışarkən qeyd etmişdir
ki, bu səfər
münasibətlərimizin strateji və dostluq xarakterini, bizim dost və tərəfdaş
olduğumuzu bir daha təsdiqləmişdir. Zənnimcə, burada şərhə ehtiyac
yoxdur.
Mübaliğəsiz
demək olar ki, bu gün Azərbaycan-Rusiya
münasibətləri yüksəliş mərhələsindədir.
Biz ictimai-siyasi, ticari-iqtisadi və humanitar
sahələrdə sıx əməkdaşlıq edirik. Rusiya
Federasiyasının subyektləri ilə Azərbaycanın
regionlararası əlaqələri səmərəli və dinamik inkişaf edir.
- Adətən, ticari-iqtisadi əlaqələr əməkdaşlığın hərəkətverici amili olur. Hazırda Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi əlaqələrin dinamikası necədir?
- Ölkələrimizin
bu sahədə qarşılıqlı fəaliyyəti
barədə danışarkən vurğulamaq
istəyirəm ki, Rusiya
Azərbaycanın əsas ticari-iqtisadi tərəfdaşlarından
biridir. Müstəqillik illərində
ölkələrimiz arasında ticari-iqtisadi
məsələlərə dair 40-dan çox müqavilə imzalanmışdır.
2013-cü ildə Azərbaycan ilə Rusiya
arasında əmtəə dövriyyəsi əvvəlki
dövrlə müqayisədə 10 faiz
artmışdır. Keçən il Rusiya Azərbaycanın ticarət tərəfdaşları
arasında üçüncü yeri tutmuşdur.
Azərbaycan ərazisində
Rusiya kapitalı ilə 570 müəssisə
fəaliyyət göstərir. Bu il iyunun əvvəlində
Azərbaycan Respublikası İqtisadiyyat və
Sənaye Nazirliyi ilə Rusiya
Federasiyası İqtisadi İnkişaf
Nazirliyi arasında
qarşılıqlı anlaşma
haqqında Memorandum
imzalanmışdır. Şübhəsiz ki,
bu sənəd ölkələrimiz
arasında uzunmüddətli iqtisadi əlaqələrin
daha da
inkişafına və dərinləşməsinə kömək
edəcəkdir. Üstəlik, müştərək investisiya fondu
yaradılması haqqında razılaşma vardır.
- Azərbaycan-Rusiya tərəfdaşlığı ilbəil genişlənir və sizin qeyd etdiyiniz kimi, iki ölkənin həyatının demək olar ki, bütün sahələrini əhatə edir. Ticari-iqtisadi sahədə baş verən müsbət prosesləri qeyd edərkən, ictimai-siyasi və humanitar sahələr barədə də danışmamaq olmaz...
- Bəli, bu, xüsusi mövzudur. Azərbaycan Prezidenti
cənab İlham Əliyev dəfələrlə
vurğulamışdır ki, ictimai-siyasi və humanitar
sahələrdə Rusiya ilə Azərbaycan
arasında münasibətlər nümunə ola
bilər. 2010-cu ili xatırlamaq kifayətdir.
O vaxt Azərbaycan Prezidenti cənab İlham
Əliyevin və Rusiyanın o vaxtkı Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə
Bakıda humanitar əməkdaşlıq
üzrə birinci Azərbaycan-Rusiya Forumu keçirilmiş, sonradan bu forum
beynəlxalq status almışdır.
Əlamətdar haldır ki, Bakı Beynəlxalq
Humanitar Forumu hər il keçirilir, onun işində dünyanın elmi-mədəni
və siyasi elitasının görkəmli
nümayəndələri, nüfuzlu beynəlxalq
təşkilatların rəhbərləri və KİV əməkdaşları
iştirak edirlər. Bu
görüşlərdə müasir dövrün aktual problemləri
müzakirə olunur.
Yəqin
xatırlayırsınız, 2013-cü ildə Moskva
Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarının I Ümumdünya Forumu məhz
Bakıda keçirilmiş, foruma dünyanın 30 ölkəsindən
400-dən çox qonaq
gəlmişdi. Həmin tədbir Rusiyanın bu
nüfuzlu ali məktəbinin
məzunu olan Azərbaycan Prezidenti
cənab İlham Əliyevin dəstəyi
ilə təşkil edilmişdi.
Fikir verdinizsə, mən “Bakı” sözünü deyərkən bir neçə dəfə “birinci”,
“ilk dəfə” sözlərini işlətdim.
Bu sözlər demək olar
ki, möhkəm
bağlanmışdır. Özünüz
fikirləşin, Azərbaycanda Rusiya ili çərçivəsində
keçirilən I Beynəlxalq Rus
Kitabı Festivalı məhz Bakıda təşkil edilmişdir. Postsovet məkanında ilk Rus Kitabı Evi Bakıda
açılmışdır, burada
bakılılar və şəhərimizin qonaqları
Rusiyanın aparıcı nəşriyyatlarının geniş çeşiddə kitab
məhsulları ilə tanış olmaq üçün gözəl imkana
malikdirlər. 2007-ci ildə Azərbaycan paytaxtı Birinci Beynəlxalq Mstislav Rostropoviç Festivalına uğurla
ev sahibliyi etdi, görkəmli musiqiçiləri və məşhur
kollektivləri bir səhnəyə
topladı.
Bu cür mühüm tədbirlərin ilk
dəfə məhz Bakıda keçirilməsi heç də təsadüfi deyildir.
Axı bizim respublikamız polietnik və polikonfessional
ölkə olmaqla, multikulturalizm
sahəsində çox böyük
təcrübəsi və zəngin mədəni-mənəvi irsi ilə həmişə başqa
xalqlara və dinlərə, bütün dünyanın müxtəlif mədəniyyətlərinə
münasibətdə tolerantlıq nümayiş
etdirmişdir. Buna görə də tamamilə qanunauyğun haldır ki,
Cənubi Qafqazda etnik
rusların ən çoxu Azərbaycanda
yaşayır. Onlar öz
identikliyini və mədəniyyətini,
özünəməxsus dil və dini xüsusiyyətlərini qoruyub
saxlamışlar. Yeri gəlmişkən,
mühüm bir məqamı
qeyd etmək istərdim: Azərbaycanda rus kəndlərinin adları dəyişdirilməmişdir.
Məsələn, İsmayıllı rayonunda
məşhur İvanovka kəndi, Gədəbəy
rayonunda Slavyanka,
Masallı rayonunda Kalinovka,
Quba rayonunda Alekseyevka, Vladimirovka və
bir sıra başqa kəndlər
vardır. Bu faktlar,
şübhəsiz ki, yerli
rus əhalinin tarixi
yaddaşına hörmətlə
yanaşıldığına dəlalət edir.
Azərbaycan
ilə Rusiya arasında ictimai-siyasi
və humanitar münasibətlərin mühüm amillərindən biri
respublikada rus dilinin qorunub saxlanması və
inkişafıdır. Əlamətdar haldır ki,
böyük Puşkinin
dili bu günə qədər
Azərbaycanda öz mövqeyini
itirməmiş, milli təhsil sistemindən
sıxışdırılıb
çıxarılmamışdır. Tədrisin rus dilində aparıldığı təhsil
müəssisələrinin və bu məktəblərdə
təhsil alanların sayı buna əyani sübutdur. Belə ki, 327 orta təhsil müəssisəsində tədris
Azərbaycan və rus dillərində, 16
məktəbdə isə yalnız rus
dilində aparılır. Ölkəmizin 27 universitetində tədris
prosesi iki dildə aparılır.
Rus dilində təhsil alan
şagirdlərin və tələbələrin sayı 100 min nəfərdən çoxdur.
Qeyd etmək yerinə düşər ki, son illərdə həm
orta, həm də ali
məktəblərdə rus bölməsinə
qəbulun artması müşahidə olunur.
Bakıda
rus dilinin öyrənilməsi
üzrə iri mərkəzlərdən biri - Bakı Slavyan Universiteti fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin filialı
açılmışdır, Rusiya
İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət
göstərir, Səməd Vurğun
adına Rus
Dram Teatrı çox
populyardır. Rusiyanın bir sıra informasiya agentliklərinin Azərbaycanda müxbir məntəqələri vardır. Rus dilində 50-dən çox
qəzet və jurnal nəşr edilir, külli miqdarda Rusiya dövri nəşrləri yayılır. Onu da qeyd
etmək istəyirəm ki, “Bakinski raboçi” qəzetinə
əlavə kimi Rusiya
mətbuatının “Vesti iz
Rossii” daycesti
buraxılır.
Rus Pravoslav Kilsəsi rus icmasının mədəni və mənəvi
irsinin, adət və ənənələrinin
qorunub saxlanılmasında mühüm
rol oynayır. Respublikada
bu kilsəyə dərin hörmətlə
yanaşırlar. Keçən il Müqəddəs
Miradaşıyan Qadınlar Kafedral Kilsəsinin
ərazisində Azərbaycan hökumətinin köməyi ilə
tikilmiş Pravoslav
Dini-Mədəni Mərkəzinin açılması buna əyani sübutdur.
- Əli müəllim, müasir regionlararası əlaqələr yetərincə mürəkkəb inteqrasiya prosesidir. Bu proses iqtisadiyyat, sənaye, mədəniyyət, səhiyyə və başqa sahələri əhatə edir. Azərbaycan-Rusiya regionlararası əlaqələrinin inkişaf perspektivləri necədir?
- Rusiya
ayrı-ayrı regionlardan ibarət çox böyük
ölkədir. Federasiyanın hər bir subyektinin böyük sosial-iqtisadi potensialı vardır və o, xarici ölkələrlə,
o cümlədən Azərbaycan ilə də
birbaşa əlaqələr
yaradılmasına ehtiyac duyur.
Biz bu reallıqlardan
çıxış edərək Rusiyanın müxtəlif
regionları ilə birbaşa əlaqələrin
qurulmasına böyük əhəmiyyət
veririk.
Son illərdə bu sahədə çox ciddi dəyişikliklər
baş vermişdir:
regionların rəhbərlərinin ölkəmizə
qarşılıqlı səfərləri
çoxalmışdır, ikitərəfli münasibətlər
kifayət qədər səmərəli inkişaf
edir, mədəni mübadilə və s. fəallaşmışdır.
Azərbaycan Moskva və Sankt-Peterburqla,
Dağıstan və Tatarıstan respublikaları, Stavropol diyarı, Moskva, Həştərxan,
Ulyanovsk, Sverdlovsk, Vladimir, Tambov, Volqoqrad vilayətləri və başqa
regionlarla sıx əməkdaşlıq edir.
Əlamətdar
haldır ki, iki
ölkənin regionlararası əməkdaşlığı
sürətlə inkişaf edir və coğrafiyası genişlənir.
Hazırda Rusiya Federasiyasının 72 subyekti Azərbaycan ilə xarici
iqtisadi əlaqələrə cəlb edilmişdir, 30 subyektlə hökumətlərarası
sazişlər imzalanmışdır. Şübhəsiz ki, bu faktlar
çox amillərə dəlalət edir.
- Yəqin ki, müştərək layihələrin həyata keçirilməsi də uğurlu regionlararası əməkdaşlıq üçün yaxşı amildir.
- Bəli, tamamilə
haqlısınız. Heydər Əliyev Fondu
tərəfindən Rusiyanın müxtəlif regionlarında bir sıra layihələr uğurla
həyata keçirilmişdir. Yəqin
yadınızda olar, Həştərxanda 11
nömrəli orta məktəbin yenidən
qurulması işləri aparılmışdır; Heydər
Əliyevə abidə ucaldılmış, onun
adını daşıyan park
açılmış, “Meçta” uşaq əyləncə şəhərciyi
yaradılmış, Azərbaycan-Rusiya dostluğunun
rəmzi olan piyada körpüsü istifadəyə verilmişdir. Lap yaxın vaxtlarda isə burada
müqəddəs mələksima Knyaz
Vladimirə abidə ucaldılmışdır. Hazırda Heydər
Əliyev adına məktəbin yaxınlığında uşaq bağçası inşa
edilir. Dərin məmnunluq hissi ilə vurğulamaq
istərdim ki, həştərxanlılar da bakılılara öz hədiyyələrini
vermişlər - Həştərxan vilayətinin qubernatoru cənab Aleksandr Jilkinin Azərbaycana səfəri zamanı
“Bakı-Həştərxan” parkının
açılışı olmuşdur.
Keçən il Heydər Əliyev Fondunun
təşəbbüsü ilə qəhrəman şəhər
Volqoqradda daha bir layihə həyata keçirilmiş
- “Volqoqrad-Bakı” dostluq parkı
salınmış, bu park
qısa müddətdə şəhər sakinlərinin sevimli istirahət yerlərindən birinə çevrilmişdir. Parkda ümummilli
lider Heydər Əliyevin barelyefi,
habelə xatirə abidələri qoyulmuş,
bu abidələrin üzərində Stalinqrad döyüşünün
qəhrəmanlarının, o cümlədən
Azərbaycanın görkəmli oğulları - iki dəfə Sovet
İttifaqı Qəhrəmanı, general-mayor
Həzi Aslanovun və Sovet
İttifaqı Qəhrəmanı mayor
Xıdır Mustafayevin adları əbədiləşdirilmişdir.
Azərbaycan Ulyanovsk şəhərindəki Nəriman Nərimanov
meydanını yenidən qurmağı planlaşdırır.
Ulyanovsk sakinləri isə “Milli kənd” layihəsi çərçivəsində
Azərbaycan həyəti qurmağa
hazırlaşırlar. Yeri gəlmişkən,
Rusiyanın bu şəhərində də
Heydər Əliyevə abidə qoyulmuşdur.
Tezliklə Ulyanovsk məktəblərindən
birinə Azərbaycanın ümummilli liderinin adı veriləcəkdir. Əlbəttə,
bu, görülən və görüləcək
işlərin heç də tam siyahısı deyildir.
Qeyd etmək lazımdır ki,
yuxarıda adları çəkilən layihələrdə
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla xanım Əliyeva çox
böyük rol
oynamışdır. O, Rusiyanın Azərbaycan diasporunun nümayəndələrini cəlb
etməklə xalqlarımız arasında mədəni və dostluq əlaqələrinin möhkəmlənməsi
üzrə böyük iş
aparır, dahi babası, Azərbaycan
xalqının ümummilli lideri,
Azərbaycan-Rusiya münasibətlərinə həmişə
çox böyük əhəmiyyət verən Heydər
Əliyevin işini layiqincə davam etdirir.
Sonda qeyd etmək istərdim
ki, qarşıda çox
maraqlı ideyalarımız və layihələrimiz
vardır. Biz müxtəlif sahələrdə
imkanlarımızdan və potensialımızdan istifadə etməklə
regional səviyyədə əməkdaşlığı
bundan sonra da fəal inkişaf etdirəcəyik.
Xalq
qəzeti.- 2014.- 22
iyun.- S.3.