Zəmilər bol məhsuldan xəbər verir
İlin bolluq, bərəkət çağıdır. Gərgin zəhmət hesabına yetişdirilən məhsullar tarlalardan, zəmilərdən toplanır. Hər yerdə ilin barı, elin ruzisi anbarlara daşınır. Bugünlərdə hansı bölgəyə, hansı kəndə üz tutursansa, eyni mənzərənin şahidi olursan - kəndli sahədə, iş üstündədir. Taxıl biçilir, yem tədarük edilir, bağ-bostan məhsulları yığılır... Kənd adamları əldə edilmiş ilkin nəticələrdən razıdırlar, ona görə də hamının üzü gülür. Aylardan bəri çəkilən zəhmət hədər getməyib, bolluq, bərəkət bu il də qapımızı döyür...
Zərdab
Zərdab ölkədə
taxıl biçininə ilk
başlamış bölgələrdəndir. Rayonda
taxıl biçininin sürəti
gündən-günə artır. İndiyə kimi 14 min hektarda
biçin aparılmış, 38 min tondan çox
məhsul toplanmışdır. Hər hektardan
məhsuldarlıq 27,5 sentner təşkil edir ki, bu
da ötən ilin müvafiq dövrünə nisbətən çoxdur. Körpükənd,
Qoruqbağı, Çallı, Otmanoba kəndlərinin
fermerlərinin əldə etdikləri ilkin
göstəricilər daha yüksəkdir.
Öyrəndik ki, cari ilin
bol məhsulu üçün
rayon üzrə 18031 hektarda—
6235 hektarda arpa, 11796 hektarda buğda səpini
aparılmışdır. Kənd təsərrüfatı məhsulları
istehsalçılarına güzəştli şərtlərlə
gübrələrin və subsidiyaların verilməsi
hesabına əkinlərdə yüksək səviyyədə
becərmə işləri aparılmışdır. Rayon suvarma sistemləri
idarəsinin 54 elektrik enerjisi,
16 dizel yanacağı ilə işləyən
nasos stansiyasının 120-dən çox aqreqatı vasitəsilə zəmilərin
aqrotexniki tələblər səviyyəsində
suvarılması təmin edilmişdir. Bu isə bol məhsulun
yetişdirilməsinə möhkəm təminat
yaratmışdır.
İlk günlərdən taxıl
yığımı yüksək mütəşəkkilliklə
təşkil edilmişdir. Biçinin
qısa müddətdə və itkisiz başa çatdırılmasına rəhbərlik
məqsədilə rayonda xüsusi
qərargah yaradılmışdır. Rayon
icra hakimiyyətində qaynar
xətt fəaliyyət göstərir. Burada biçinin
gedişinə ciddi nəzarət edilir, gündəlik nəticələr
ümumiləşdirilir, ortaya
çıxan çətinliklər dərhal aradan
qaldırılır. Əlaqədar idarə və müəssisələrin
səyləri biçinin tez
və itkisiz başa
çatdırılmasına yönəldilmişdir. İşin bu cür təşkili isə öz müsbət nəticələrini verməkdədir.
Məlumdur ki, biçinin müəyyən
olunmuş müddətdə və itkisiz başa
çatdırılması istifadə olunan
texnikanın mövsümə vaxtında və keyfiyyətlə
hazırlanmasından çox
asılıdır. “Aqroservis” rayon filialının rəisi Həmzə İsayev bu barədə
danışarkən bildirdi:
– Əvvəlki illərdən
fərqli olaraq, indi texnikadan heç bir çətinliymiz yoxdur.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin müvafiq
sərəncamları ilə Kənd Təsərrüfatı
Nazirliyinə ayrılan vəsait hesabına artıq ölkəmizə
kifayət qədər xarici markalı,
yüksək məhsuldar və hər cür
avadanlıqla təmin olunmuş kombaynlar alınıb gətirilmişdir.
Zərdab “Aqroservis” filialına da 9 kombayn verilmişdir.
Yeni texnikanı “Aqrolizinq”
ASC-nin Zərdab “Aqroservis”
filialının xüsusi kurs
keçmiş peşəkar
sürücüləri idarə edirlər. Bu
gün rayon üzrə
biçinə 200-ə qədər texnika,
o cümlədən 40
taxılyığan kombayn, otbiçən
aqreqatlar, şum
traktorları və digər nəqliyyat vasitələri cəlb
edilmişdir. Biçin
kampaniyasında iştirak edənlərə
lazımı iaşə xidməti də yaddan
çıxmamışdır.
Biz Çallı kəndində rayonun qabaqcıl fermerlərindən olan Faxrət Kərimovla görüşdük.
Zəmilərin hazırkı vəziyyətindən, ilkin nəticələrdən, biçinin
gedişindən razı idi. Ona görə də həvəslə
danışdı:
— Bu
il havalar kənd təsərrüfatı
üçün çox
əlverişli keçir, səpindən tutmuş biçinə qədər heç bir çətinliyimiz
olmayıb. Bu isə tələb olunan bütün aqrotexniki tədbirlərə vaxtında əməl
etməyə imkan vermişdir.
Biçinə də vaxtında və yüksək
hazırlıqla başlamışıq.
Fürsətdən
istifadə edərək rayonumuzun bütün kənd əməkçiləri,
fermer və sahibkarları adından bizə
göstərdiyi gündəlik diqqət və qayğıya
görə ölkə Prezidenti İlham Əliyevə hədsiz təşəkkür
və minnətdarlığımızı bildirmək istəyirəm. Dövlət
başçısının kənd təsərrüfatı
istehsalçılarına dəstək göstərilməsi
haqqında imzaladığı sərəncamlar
taxılçıların maddi
marağını qat-qat
artırmış, bizə əlavə güc
və həvəs vermişdir.
Bizim rayonda elə bir fermer tapılmaz ki, son illər taxıl əkini
sahələrini, ən azı, 2-3 dəfə
artırmasın. Bu isə, əlbəttə,
məhsul bolluğuna,
gün-güzaranımızın daha da yaxşılaşdırılmasına gətirib
çıxardır. Nəzərə almaq
lazımdır ki, dövlət
qayğısı, güzəştli şərtlər olmasa, kənd təsərrüfatı məhsullarını
artırmaq, xüsusilə, taxılçılığı inkişaf etdirmək mümkün
deyil.
Müsahibimin dediklərinə əlavə edək ki, son illər Zərdab rayonunda digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı
məhsulları istehsalında da ciddi irəliləyiş əldə edilmiş, yüksək nəticələr
qazanılmışdır. Bu isə, hər
şeydən əvvəl, aqrar
islahatların uğurla həyata
keçirilməsinin, sahibkarlara, fermerlərə,
kənd adamlarına göstərilən diqqət və
qayğının bilavasitə nəticəsidir.
Yeri gəlmişkən, onu
da deyək ki, cari ildə kənd təsərrüfatının
digər sahələrində də işlər yaxşı təşkil
edilmiş, uğurlu nəticələr
əldə edilmişdir. Məsələn,
pambıq, bağ-bostan, meyvə-tərəvəz,
eləcə də yem bitkilərinin əkin
sahələri xeyli
artırılmış, əvvəlki illərlə muqayisədə
ümumi məhsul istehsalını
artırmaq üçün bir sıra tədbirlər həyata keçirilmişdir.
Heyvandarlığın
sürətli inkişafı, xüsusilə, diqqəti cəlb
edir. Belə ki,
hazırda rayonda 55 min
iri, 112 min xırda mal saxlanılır ki, bu da ötən ilin müvafiq
dövründəkindən çoxdur. Deməli,
paralel olaraq yemçilik sahəsində də diqqəti
artırmaq tələb olunur. Elə ona görə də son
illər 2353 hektar sahədə təzə
yonca əkilmişdir.
Zərdab ənənəvi
kənd təsərrüfatı rayonudur.
Əvvəllər olduğu kimi, indi də burada taxılçılıq,
pambıqçılıq, bağ-bostançılıq və
heyvandarlıq əsas yer tutur.
Fərəhlidir ki, son
illər kənd əməkçiləri və fermerlər daha çox
taxılçılığa üstünlük
verir, bu sahədə
məhsul istehsalını artırırlar. Zərdablı
fermerlər bu il də
zəmilərdən bol məhsul
götürmək əzmi ilə çalışırlar. Son məqsəd belədir: 51 min
ton taxıl istehsal etməli.
Bu isə ötən ildəkindən xeyli çoxdur. Qoyməhsulları
bol və bərəkətli olsun!
Laçın
Ağcabədi–Zərdab
yolunun sağ tərəfində
Taxtakörpü qəsəbəsi yerləşir.
Laçın rayonunun
Kürqırağı qışlaqda yerləşən
obalarına yol buradan gedir. Əvvəllər bu
yerlər qış otlaqları idi. Məlum
hadisələrdən sonra isə
laçınlı məcburi köçkünlər, əsasən,
buradakı obalarda məskunlaşdılar.
Kür çayı boyunca yerləşən
şoran torpaqlarda oturaq həyat, əkin-biçin işləri
də elə bundan sonra
başladı. İndi burada
yerləşən 60-dan çox obaya yol çəkilmiş,
başqa infrastruktur
layihələri həyata keçirilmiş,
müasir qəsəbələr
salınmışdır. Əsas məsələlərdən
biri -
müasir suvarma sisteminin yaradılması da
yaddan çıxmamışdır. Yeni kanallar çəkilmiş,
Kür çayı üzərində güclü nasos
stansiyası quraşdırılmışdır. Yeni məskənlərə və əkinlərə
su xətlərinin çəkilişi indi də davam etməkdədir.
Son illər daha sürətlə
inkişaf etdirilən əkinçilik və
heyvandarlıq, o cümlədən
taxılçılığın genişləndirilməsi də
məhz həmin kompleks tədbirlər nəticəsində
mümkün olmuşdur.
Təsadüfü deyildir ki,
son illər bitkiçilik
məhsulları, eləcə də ət, süd
və yun istehsalı artan
sürətlə inkişaf etmiş, məhsuldarlıq yüksəlmişdir.
Taxtakörpüyə
budəfəki səfərimizdə də bizi
daha çox taxıl biçininin gedişi, əldə
edilmiş ilkin nəticələr,
işin təşkili
maraqlandırırdı. Laçın Rayon
İcra Hakimiyyəti
başçısının birinci müavini Tofiq Mirzəyevdən
aldığımız məlumata görə, cari
ildə 1565 hektar sahədə taxıl yetişdirilmişdir.
Hələlik zəmilərdən 1505 ton
məhsul götürülmüşdür
ki, bu da
keçən ildəkindən artıqdır. Hər
hektarın məhsuldarlığı isə 29,7 sentner təşkil edir.
Minkənd, Malıbəy, Alxaslı, Qarakeçdi,
Hacılar obalarında ümumi məhsul
istehsalı daha artıqdır.
“Aqrolizinq”
ASC-nin rayon filialı
olmadığına görə biçinə Kənd Təsərrüfatı
Nazirliyinin tapşırığı ilə
Ağcabədi, Bərdə və Zərdab rayonlarından kombaynlar cəlb edilmişdir.
Biz Malıbəy obasında Arif
Əsədovla tanış olduq. Öyrəndik
ki, rayonun qabaqcıl
fermerlərindən biridir. Neçə
illərdir ki, ən yüksək məhsuldarlıq
da elə bu təsərrüfatda
əldə edilir. Builki
göstəricilərlə maraqlandıq:
– Düzdür,
gördüyümüz bu
sahələr, əsasən, qeyri-məhsuldardır. Ona görə ki,
şoranlığa meyillidir. Ancaq son illər burada həyata keçirilən zəruri tədbirlər,
ardıcıl meliorasiya tədbirləri, yeni su xətlərinin
çəkilməsi torpaqları cana gətirmiş,
məhsuldarlığı artırmışdır. Təsadüfi
deyildir ki, əldə
etdiyimiz göstəricilər də ildən-ilə
yüksəlir. Məsələn, əgər əvvəllər
bu yerlərdə hər hektardan
9-10 sentner taxıl
götürülürdüsə, indi həmin
rəqəm 30-35 sentnerə
çatdırılmışdır.
Bu, əlbəttə, öz-özünə
yaranmamışdır. Yaxşı başa düşürük
ki, əldə edilmiş
böyük uğurlar,
hər şeydən əvvəl, ölkə rəhbəri İlham Əliyevin biz kənd
əməkçilərinə, xüsusilə, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi
köçkünlərə göstərdiyi ardıcıl
diqqət və qayğının konkret
nəticəsidir. Bu himayə bizi daha da
ruhlandırır, ikiqat-üçqat səylə
çalışırıq.
Minkənd obasında fermer Vəliyəddin Məmmədov
sualımıza dərhal cavab vermədi. Hiss olunurdu ki,
xəyalı hardasa uzaqlarda
dolanır.
– Rayon
üzrə ən çox taxıl əkini
bizim təsərrüfatdadır – dedi. – Məhsulumuz
boldur, məhsuldarlıq da ötən illərlə müqayisədə
yüksəkdir. Biçini bu gün başa
vurduq. Zəhmətimiz hədər getməyib.
Zəmilərdən gözlədiyimizdən də artıq məhsul
götürdük. Heç
nədən korluğumuz yoxdur.
Gəlirimiz artır, güzaranımız
yaxşılaşır. Obalarda müasir, abad evlər tikilir, qəsəbələr salınır.
Bütün bunlar, əlbəttə,
çox yaxşıdır və hər birimizi ürəkdən sevindirir.
Ancaq bayaq sizin sualınız xəyalımı uzaqlara, doğma yerlərə,
Laçına, Minkəndə, Dəlidağa... apardı. İlin bu
çağlarında o yerlər cənnətə
dönür, dağların
qonaqlı-qaralı, xoşbəxt günləri
başlardı...
Bayaq da dedim,
indi də təkrar edirəm: heç nədən çətinliyimiz yoxdur, təknəmizdə çörəyimiz,
bucağımızda taxılımız boldur.
Bircə arzumuz, yeganə istəyimiz doğma yurd-yuvamıza, ata-baba
torpaqlarımıza qayıtmaqdır. Bizi yaşadan da elə o yerlərə dönmək arzusudur.
Prezident İlham
Əliyevin bu istiqamətdə
apardığı yorulmaz fəaliyyəti,
ardıcıl və cəsarətli xarici
siyasət xətti də buna yönəlib.
Yoxsa, bu istidə aran yerlərində belə inamlı və dözümlü olmazdıq.
İsti-bürkülü yay günlərində
aranda görüşüb
tanış olduğum dağlar
oğlunun ürəkdən gələn bu səmimi sözlərinə biz
də qoşuluruq:
– Gün
o gün olsun ki, Laçında,
Minkənddə, Dəlidağda görüşək, eloğlu!
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2014.- 24 iyun.- S.6.