Bağçaların
barı uşaqlardır.
Onlara necə
baxarsansa...
Söhbət Tovuz, Şəmkir və Samux rayonlarındakı məktəbəqədər müəssisələrin mövcud vəziyyətindən, problemlərindən gedir
Burda, bu bağçada hər oğlan, hər qız
Böyüyüb
bir igid, bir ər olacaq.
Onların
nəsibi həyatdır yalnız,
Onların
ilk dərsi hünər olacaq,
Hər
biri bir igid, bir ər olacaq.
Xalq şairimiz Səməd Vurğunun hələ
1941-ci ildə qələmə aldığı
“Bağça” şeirindən gətirdiyimiz bu misralar nəinki
öz aktuallığını itirməyib, əksinə,
günümüzlə daha həmahəng səslənir. Böyük filosof və alim Nəsirəddin Tusi
özünün “Əxlaqi nasiri” əsərində
uşağı valideynin bağçasında ağaca bənzədir
və inanır ki, valideyn övladı necə yetişdirərsə,
o cür də bar verər. O, uşaqların tərbiyəsi
ilə yanaşı, həm də onların elmə, yaxud
peşəyə yiyələnməsini, habelə ünsiyyət
bacarıqlarının inkişafını da təmin etməyi
valideynin əsas vəzifəsi hesab edir.
Amma keçən əsrin əvvəllərindən
başlayaraq, valideynlərin bu funksiyalarını məktəbəqədər
müəssisələr yerinə yetirməyə
başlayıb və təbii ki, olduqca məsuliyyətli bir
işin hesabatı da onlardan soruşulur.
Respublikamızda məktəbəqədər
yaşlı uşaqların yalnız 14,8
faizi belə müəssisələrə cəlb olunub. Deməli, böyük əksəriyyət davamlı
və ardıcıl təhsil imkanından kənarda qalır.
Araşdırmalardan aydın olur ki,
bağçaya getmiş uşaqlar ibtidai təhsilin sonunda
uşaq bağçasına getməmiş uşaqlardan daha
yüksək nəticə göstərir.
Məktəbəqədər müəssisələrə
lazımi qədər uşağın cəlb
olunmamasının müxtəlif səbəbləri var.
Ən başlıcası, uşaq bağçaları və
körpələr evlərinin çatışmaması ilə
əlaqədardır. Məsələn, Tovuz
rayonunda 100-dən çox yaşayış məntəqəsi
olduğu halda, onun yalnız 26-da məktəbəqədər
təhsil müəssisəsi fəaliyyət göstərir.
Bu baxımdan Şəmkir rayonunda vəziyyət
bir qədər fərqlidir. Buradakı 66
yaşayış məntəqəsinin 35-də uşaq
bağçası var ki, bu da rayon üzrə ümumi
uşaqların 22,4 faizini, kəndlər
üzrə isə 14,9 faizini əhatə edir.
Qəribədir ki, bir sıra kəndlərdə 2-3
bağça fəaliyyət göstərdiyi halda, əhalisinin
sayı az qala elə həmin kənd qədər
olan digər yaşayış sahəsində bir dənə də
olsun məktəbəqədər təhsil müəssisəsi
yoxdur. Adları çəkilən rayonlarda belə kəndlər
az deyil.
Rayonlarda xüsusi layihə əsasında
fəaliyyət göstərən birtipli məktəbəqədər
uşaq müəssisələrini barmaqla saymaq olar. Onlar, demək olar ki, sovetlər dönəmində
inşa olunmuş binalardır. Samuxda 16
uşaq bağçasından yalnız 4-ü birtipli layihə
əsasında inşa olunmuşdur. Şəmkirdə
fəaliyyət göstərən 53 məktəbəqədər
təhsil müəssisəsindən yalnız 7-si birtipli layihə
üzrə tikilmiş binalarda, qalanları isə
uyğunlaşdırılmış obyektlərdə yerləşir.
Tovuzda isə 40 bu cür müəssisədən
30-u uyğunlaşdırılmış binalarda fəaliyyət
göstərir.
Mövcud uşaq bağçaları
binalarının əksəriyyəti artıq, necə deyərlər,
öz ömrünü başa vurmuşdur. Belə bağçaların təmir
olunmağındansa, yerində yenisinin tikilməsi daha məqsədəuyğundur.
Şəmkirdə, Tovuzda, Samuxda bu cür binalar
onlarcadır.
Başqa mühüm problemlərdən
biri uşaq bağçalarında qaz xəttinin olmaması ilə
bağlıdır. Odun sobaları, elektrik plitələri
ilə qızdırılan və ya yemək hazırlanan
uşaq bağçaları, əslində, təhlükə
mənbəyidir. Şəmkirin bir dənə
də məktəbəqədər təhsil müəssisəsi
yoxdur ki, oraya qaz xətti çəkilmiş olsun. Hətta rayon icra hakimiyyətinin
tapşırığı ilə Kür qəsəbəsində,
Könüllü, Plankənd kəndlərində məktəbəqədər
təhsil müəssisələri üçün əlavə
yeməkxana otaqları tikildiyi halda, onlara qaz xətti çəkilməmişdir.
Dəqiq desək, körpələrin təhlükəsizliyi
əsas gətirilərək sadəcə icazə verilməmişdir.
Bütün bunlar aydındır, amma vəziyyətdən
çıxış yolu deyil. Əlaqədar
nazirlik və digər təşkilatlar konkret təkliflər
irəli sürməli, tədbir görməlidirlər. Nə vaxta qədər uşaq məktəbəqədər
müəssisələri belə primitiv üsullarla
qızdırılacaq?
Tovuzda elə uşaq bağçaları
var ki, “kombi” sistemi quraşdırılıb və heç bir
problemlə qarşılaşmırlar. “Qərənfil” uşaq bağçası – körpələr
evində olduq. Hara baxırsan səliqə-sahmanlıdır.
Müdir Sevda Səfərova qeyd etdi ki, rayon rəhbərliyi
bağçamızın yüksək səviyyədə təmir
olunmasına, istilik sistemi çəkilməsinə çox
kömək göstərib... S.Səfərova daha sonra dedi ki,
rayonda öz körpəsini bizim bağçaya qoymaq istəyən
valideynlər çoxdur. Lakin hamının istəyini
yerinə yetirməyə gücümüz çatmır.
Çünki yer yoxdur.
Maddi-texniki bazanın güclü
olması uşaqların böyük əksəriyyətinin məktəbəqədər
müəssisələrə cəlbolunma faizini əməlli-başlı
yüksəldəcəkdir. Bu baxımdan Samux Rayon İcra Hakimiyyətinin
başçısı Alı Qocayevin söylədikləri
yaxın vaxtlarda daha nikbin rəqəmlər göstərməyə
imkan verir. Rayon rəhbəri qeyd etdi ki, Heydər Əliyev
Fondunun təşəbbüsü və dəstəyi ilə
rayonda yeni, müasir məktəbəqədər uşaq
bağçalarının tikilib istifadəyə verilməsinə
başlanılmışdır. Kolayır, Qarayeri və digər
kəndlərdə belə bağçalar inşa olunmuşdur.
Müvafiq Dövlət Proqramı çərçivəsində
2018-ci ilə kimi Samuxda 23 yeni uşaq
bağçasının tikilib istifadəyə verilməsi nəzərdə
tutulur. Deməli, Samuxda məktəbəqədər müəssisəsi
olmayan kənd və qəsəbə qalmayacaq.
Şəmkirdə də
vəziyyət tədricən düzələcək. Təkcə
2014-cü ildə 4 yeni bağçanın tikilməsi, birinin
isə əsaslı təmir edilməsi nəzərdə
tutulur.
Məktəbəqədər
müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi
bu gün qarşıda duran ən başlıca vəzifələrdən
biridir. Məlum olduğu kimi, bu ilin fevralın
24-də Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın rəhbərliyi
ilə fondun yeni layihəsinin – məktəbəqədər təhsil
müəssisələrinin inkişafı proqramının təqdimatı
keçirilmişdir. Proqram ölkəmizin bütün
bölgələrində uşaq bağçalarının
genişmiqyaslı tikintisi, yenidən qurulması və əsaslı
təmirinin dəstəklənməsini nəzərdə
tutur. Bu layihənin köməyi ilə məktəbəqədər
təhsil infrastrukturunun müasirləşdirilməsinə, məktəbəqədər
təhsilin səviyyəsinin yüksəlməsinə,
mövcud problemlərin tam aradan qaldırılmasına nail
olacağına inanırıq.
“Uşaqlara
gərək öz balan kimi baxasan”
Taciman xanımın təqaüd
yaşı çatır. Amma mən
inanmıram ki, ömrünün 40 ildən çoxunu sevimli
peşəsinə həsr edən bu qadın uşaqlardan
ayrıla bilsin. Çünki o, körpələrlə
nəfəs alır, onlarla şənlənir, nənə nəvazişi
göstərir. Onunla qısa
tanışlıqdan sonra başa düşdüm ki, Şəmkir
Rayon İcra Hakimiyyəti aparatının məsul
işçisi Nizami Abbasov təkidlə məni Düyərlidəki
bu kənd bağçasına niyə dəvət edirdi.
Düzü, heyran qaldım. İnsan
nə qədər bağçaya, körpələrə
bağlı olar, işinə sədaqətlə, məsuliyyətlə
yanaşar?! Bir daha əmin oldum ki, bəzən
yeri gəldi-gəlmədi binanın köhnəliyini,
maddi-texniki bazanın zəifliyini bəhanə gətirib məsuliyyəti
öz üzərindən atmağa çalışan
bağça rəhbərlərinə bəraət
qazandırmaq olmaz. Bu bağça da
köhnədir, uyğunlaşdırılmış binada yerləşir.
Di gəl ki, səliqə-sahman,
gül-çiçək, körpələrə münasibət,
işə yanaşma tamam başqadır. Uşaqların
yataq otaqlarına baxırıq. Divarların,
mebellərin rəngləri, hətta döşəkağları
həmahəngdir. Uzun dəhlizi
gül-çiçəklər bəzəyir. Uşaqlar üçün kiçik tarix muzeyi də
yaradılıb. Burada cəhrədən
tutmuş, müxtəlif qədim saxsı qablara kimi var.
Taciman xanım həyətdə
atılıb-düşən uşaqları göstərib: –
Onlara gərək öz balan kimi baxasan, – deyir. Gərək
bunu bir an belə yaddan çıxarmayasan.
Vaxtilə bura özləri körpə uşaq
kimi daxil olanlar indi nəvələrini gətirirlər. Bilirsiniz nə qədər sevinirəm? Həm də kövrəlirəm.
Ayrılanda o, bir söz də dedi. Dedi ki, dünən
imkanlı valideynlərdən biri bizə təzə əyləncə
vasitələri gətirəcəyinə söz verdi. İnanırsınız, bu
gecə sevincimdən yata bilməmişəm.
Bax, fədailik budur! Sevdiyin peşəyə,
uşaqlara doğma münasibət budur. Təsadüfi
deyildir ki, T.Heydərovanın təcrübəsi daim öyrənilir
və bu bağça qərb bölgəsində istinad
müəssisəsi olmaqla, rayonun bütün məktəbəqədər
təhsil müəssisələri üçün metodik mərkəzə
çevrilmişdir...
Məktəbəqədər müəssisələrdə
kadrlar heç də maddi-texniki bazadan az əhəmiyyət
kəsb etmir. Əksinə, uşaq
bağçaları üçün ixtisaslı kadrların
hazırlanması daim prioritet bir məsələ olub və bu
gün xüsusi əhəmiyyət kəsb edir.
Samux rayonundakı Çobanabdallı kənd
uşaq bağçasının müdiri Nuranə Həsənova
bizi əlləri, hətta üz-gözü də rəngli
boyaya bulaşmış şəkildə qarşıladı. Bir qədər
çəkinə-çəkinə: -
Bağışlayın, – dedi. Əlavə etdi
ki, hər işi yuxarılardan xahiş etmək, daim problem
yaratmaq olmaz axı. Əlimdən gəlir,
özüm görürəm. Burda nə
var ki? Tədbirə
hazırlaşırıq, “Dünyamızı təmiz
saxlayaq” adlı ekoloji tədbir keçirəcəyik. Məqsədimiz ətraf mühiti çirkləndirənlərə
qarşı mübarizə aparmaqdır. Xüsusilə
boş plastik qabları, sallofan torbaları, karton-kağız
parçalarını və digər tullantıları ətrafa
səpələyənlərə xəbərdarlıq edirik,
onları səliqə-sahmana əməl etməyə
çağırırıq. Uşaqlarımız
isə bu tullantılardan ən müxtəlif əşyalar
düzəldiblər. Onların əl
işlərini nümayiş etdirəcəyik. Bütün valideynləri dəvət etmişik.
Nuranə xanım danışdıqca hiss olunur ki, onun da
seçdiyi peşəyə böyük məhəbbəti
var. Bağçanın elə divarı, tavanı yoxdur ki,
oraya müxtəlif rəsmlər çəkilməsin, “zəif”
yerləri rəngli boya ilə ört-basdır edilməsin.
Rayon icra hakimiyyəti
başçısının birinci müavini Tahir Qarayevlə
birlikdə baxdığımız digər uşaq
bağçalarında da işinə məsuliyyətlə
yanaşan kadrlarla rastlaşdıq. Rayon mərkəzindəki
1 saylı uşaq bağçasının müdiri Ağca Həsənqızı,
4 saylı uşaq bağçasının müdiri Məhsəti
Xəlilova və başqalarını öz peşəsinin
vurğunları adlandırmaq olar. Yeri gəlmişkən,
qeyd edək ki, Samux Rayon İcra Hakimiyyəti ötən ilin
yayında bağçalarda vəziyyəti dərindən
öyrənmiş, nəticədə bir neçə
bağça müdiri, digər məsul şəxslər
işdən azad olunmuşlar.
İcra
hakimiyyətləri qayğını artırır
Artıq iki ildən çoxdur ki, məktəbəqədər
təhsil müəssisələri birbaşa icra hakimiyyətlərinin
tabeliyinə keçib. Azərbaycan Respublikası Prezidentinin
bununla bağlı 27 dekabr 2011-ci ildə imzaladığı sərəncamda
deyilir ki, körpələr evlərinin, körpələr evi
– uşaq bağçalarının, uşaq
bağçalarının, xüsusi uşaq
bağçalarının və uşaq evlərinin fəaliyyətinin
müasir tələblər səviyyəsində
qurulmasını, uşaqların intellektual, fiziki və
psixoloji inkişafı üçün lazımi şəraitin
yaradılmasını təmin etmək məqsədilə Təhsil
Nazirliyinin tabeliyindən çıxarılıb icra hakimiyyətlərinə
verilisin. Əslində, çox düzgün bir
qərardır. Çünki icra hakimiyyətləri
bu müəssisələrə daha çox fayda verərlər,
nəinki təhsil şöbələri. Elə söhbət
etdiyimiz mütəxəssislər də dediklərimizi təsdiq
etdilər...
Tovuz, Şəmkir, Samux rayon icra hakimiyyətlərində
də məktəbəqədər müəssisələrin
işi ilə daha yaxından məşğul
olduqlarını, konkret kömək göstərdiklərini
bildirdilər.
Bəli, istər maddi-texniki bazanın
möhkəmləndirilməsi, istərsə də ərzaq təminatı,
kadrların seçilib yerləşdirilməsi
baxımından müsbət irəliləyişlər
göz önündədir. Nəzarət
hər gün, hər saat var. Ona görə də son vaxtlar
uşaq bağçalarına maraq nəzərəçarpacaq
dərəcədə artıb.
Tovuzda, Şəmkirdə uşaq
bağçalarındakı vəziyyət bir neçə dəfə
müzakirə olunub. Özü
də onlar formal xarakter daşımayıb, konkret tədbirlər
görülüb. Uşaq bağçaları ilə iş
sahəsində qazanılan təcrübələr də var.
Sadəcə, onların yayılması, təbliğ
olunması işi zəifdir. Məsələn, Samux Rayon
İcra Hakimiyyəti xüsusi nəzarət mexanizmi işləyib
hazırlayıb. Qəfil yoxlamalar, ciddi tədbirlər səmərə
verir. Amma ayrı-ayrı rayonlarda uşaq
bağçalarının müsabiqələri,
yarışları keçirilmir, qabaqcıl təcrübə
öyrənilmir.
Uşaq
bağçaları daim dövlətin qayğısı ilə
əhatə olunub. Onlara müvafiq kömək göstərilir,
hətta güzəştlər edilir. Məsələn, bu
yaxınlarda həmin müəssisələrə müddətli
vergi güzəştləri verilməsi haqqında qanun qəbul
olunub. Yəni, yanvarın 1-dən 10 il müddətinə
Vergilər Məcəlləsi ilə müəyyən
edilmiş xüsusi şəxslərin mənfəət
vergisini və sadələşdirilmiş vergini ödəməkdən
azad olunublar.
Doğrudur,
adlarını çəkdiyimiz rayonlarda bir-ikisini
çıxmaq şərti ilə özəl uşaq
bağçaları, demək olar ki, yox vəziyyətindədir.
Amma bu qanunun tətbiqi ilə sahibkarların fəaliyyətinin
həmin sahəyə yönələcəyinə şübhə
yoxdur.
...Bir yazıda
uşaq bağçalarının bütün problemlərini
qeyd etmık mümkün deyil. Amma ümid verən budur ki, həmin
problemlər tədricən həll olunur.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2014.- 25 iyun.- S.10.