“Akademik
Əhməd Mahmudov”
toplusu kitabxanaşünaslıq kontekstində
Beş milyonluq zəngin kitab fondu ilə 90 illik yubileyinə hazırlaşan Mərkəzi Elmi Kitabxana Azərbaycan Milli Elmlər Akademiyasının beyni, milli elmi irsimizin yaddaşı hesab olunur. Hər gün buraya yüzlərlə ənənəvi və elektron nəşr, mütəmadi olaraq görkəmli alimlərin şəxsi kitabxana və kitab kolleksiyaları, müxtəlif çeşidli sənəd-informasiya kütləsi daxil olur.
Onların arasında xüsusi əhəmiyyət kəsb edən, daha çox oxucu diqqəti qazanan nəşrlər
az deyil. Bu günlərdə Mərkəzi Elmi Kitabxanaya daxil olmuş “Akademik Əhməd Mahmudov”
adlı konfrans materialları toplusu da məhz belə nəşrlərdəndir.
Azərbaycanın görkəmli
iqtisadçı alimi, kənd təsərrüfatı
iqtisadiyyatı sahəsində dünyada
tanınmış mütəxəssis, akademik
Əhməd Mahmudovun 2013-cü ildə 90 illik yubileyi münasibətilə
təşkil edilmiş elmi
konfransın materiallarını, akademikin
həyat və elmi
yaradıcılığından bəhs edən kitabların
təqdimat mərasimindəki çıxışları,
alimə həsr olunmuş xatirə-məqalələri
və s. özündə cəmləşdirən
bu nəşr ilk
növbədə nəfis tərtibatı, maraqlı poliqrafik icrası ilə diqqəti cəlb edir.
2014-cü
ildə “Şərq-Qərb” nəşriyyatı tərəfindən
nəşr edilən kitabda biblioqrafik təsvir və tərtibatın tələbləri
gözlənilmiş, nəşr həm milli,
həm də beynəlxalq kitabxana
kataloqlarında təsvir oluna biləcək
lazımi rekvizitlərlə (ştrix kod, ISBN və s.) təchiz
edilmişdir.
Toplu 4 əsas bölmədən ibarətdir.
Birinci bölmə akademikin
90 illik yubileyi ilə əlaqədar
Azərbaycan Milli Elmlər Akademiyasında
(AMEA) təşkil olunan elmi-konfransa
həsr edilmişdir.
İkinci bölmədə akademik
Əhməd Mahmudovun 90 illik
yubileyi ilə bağlı
Naxçıvan Muxtar Respublikasında keçirilmiş elmi-konfrans
və Naxçıvanda akademik Ə.Mahmudov adına Şərur Türk
liseyinin fəaliyyəti əsas götürülmüşdür.
Üçüncü bölmə Odlar Yurdu Universitetində akademikin
yubileyi münasibətilə təşkil
edilmiş “Müasir inteqrasiya şəraitində Azərbaycan
iqtisadiyyatının səmərəliliyinin yüksəldilməsi
yolları” mövzusunda elmi
konfransa və alimin ömür yolunu əks
etdirən “Zirvə” sənədli-bədii kitabının təqdimat
mərasiminə işıq salmışdır.
Toplunun sonuncu bölməsində
akademik Əhməd Mahmudovun
90 illik yubileyi münasibətilə dövri mətbuatda dərc olunmuş
məqalələr verilmişdir.
Qeyd etmək yerinə düşər ki, topludakı materiallar tədbirlərdən,
mərasimlərdən çəkilmiş müvafiq
fotoşəkillərlə müşayiət olunur
ki, bu da
nəşrin fabulasının tamamlanmasına xidmət
göstərir.
Xatırlatdığımız
kimi, nəşrin birinci
bölməsi ötən il may ayının 31-də Azərbaycan Milli Elmlər Akademiyasında təşkil edilmiş elmi konfransa həsr olunmuşdur.
Akademik
Əhməd Mahmudovun anadan
olmasının 90-cı ildönümünə həsr edilmiş elmi konfrans AMEA Rəyasət Heyətinin qərarı
ilə reallaşmış və tədbirdə dövlət
və hökumət nümayəndələri, Milli Məclisin deputatları,
tanınmış elm xadimləri, xarici qonaqlar iştirak etmişlər. Topludan
da göründüyü
kimi, konfrans böyük alimin həyat
və elmi fəaliyyətini əks etdirən
Azərbaycan və xarici dillərdə nəşr
edilmiş kitablarla
tanışlıqla başlanmışdır. Mərkəzi Elmi Kitabxananın təşkil etdiyi
bu sərgidə
fotoşəkillər, videomateriallar
və virtual görüntülər də
təqdim edilmişdir.
Toplunun ilk səhifələri
AMEA-da keçirilən elmi
konfrans haqqında Azərbaycan Teleqraf Agentliyinin (AzərTAc)
tədbirlə bağlı geniş
reportajı ilə oxucuya təqdim olunmuşdur. Daha sonra elmi konfransdakı
çıxışlara geniş yer verilmişdir. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin
giriş məruzəsi ilə başlanan konfrans
materialları arasında akademik Ziyad Səmədzadə, professor
İsa Alıyev, akademik
Asəf Nadirov, Rusiya
Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun professoru, iqtisad elmləri doktoru Anatoli Arxipov, akademik İsa Həbibbəyli, Belarus
Milli Elmlər Akademiyasının həqiqi
üzvü Pyotr
Nikitenko, akademik Qərib
Məmmədov, AMEA-nın müxbir üzvü Kamal Abdulla, akademik Əhməd
Mahmudovun oğlu, milli təhlükəsizlik naziri,
general-leytenant Eldar Mahmudovun çıxışlarına yer verilib. Bu çıxışlarda
qeyd olunur ki, Əhməd Mahmudovun Azərbaycan
iqtisad elminin
formalaşmasında, inkişafında, iqtisadçı
kadrların hazırlanmasında əvəzsiz xidmətləri
olmuş və o, 25 il Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna
uğurla rəhbərlik etmişdir.
Görkəmli alim 200-ə
yaxın elmi əsər – monoqrafiya,
tədris vəsaiti, məqalələr nəşr etdirmişdir. Əhməd Mahmudovun
iqtisadiyyat və onunla
bağlı sahələrdəki araşdırmaları nəinki
respublikamızda, eləcə də
dünyanın ən nüfuzlu elm mərkəzlərinin yerləşdiyi xarici ölkələrdə yüksək
qiymətləndirilir.
Akademik Əhməd Mahmudovun
respublikanın uzunmüddətli perspektiv üçün elmi-texniki
tərəqqinin kompleks proqramının tədqiqinin
təşkilində və əlaqələndirilməsində
Azərbaycan Elmlər Akademiyasının və keçmiş Azərbaycan SSR Dövlət Plan Komitəsinin elmi-texniki
tərəqqi və sosial-iqtisadi
proqnozlaşdırma problemi üzrə
komissiyasının sədr müavini və eləcə
də, 300-dən çox nazirlik,
idarə, elmi-tədqiqat institutu, ali məktəb və müəssisələrin
elmi-tədqiqat işlərini əlaqələndirən baş təşkilatın - Azərbaycan SSR İqtisadiyyat İnstitutunun
rəhbəri kimi böyük
xidmətləri olmuşdur.
Topluda deyilir ki, alimin elmi
axtarışlarında aqrar sənaye
inteqrasiyası, əmək ehtiyatlarının səmərəli
istifadə edilməsi, əmək məhsuldarlığının
yüksəldilməsi, təsərrüfat hesablı problemlərin
tədqiqi məsələləri də əhəmiyyətli yer tutur. Elmin inkişafı
sahəsində mühüm xidmətlər
göstərmiş alimin müəllifi olduğu kitablar, monoqrafiyalar, dərsliklər uzun
illərdir ki, tələbə, alim və oxucular tərəfindən
dəyərli elmi vəsait kimi istifadə edilir. Onun bir sıra əsərləri
xarici ölkələrin nüfuzlu
elmi jurnallarında dərc edilmişdir.
Akademikin İqtisadiyyat
İnstitutuna rəhbərliyi
dövründə 300-dən artıq doktorluq
və namizədlik dissertasiyası müdafiə olunmuşdur.
Toplunun birinci bölməsi
milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun
çıxışı ilə yekunlaşır. Bu
çıxışında nazir
atasının xatirəsinə, onun elmi irsinə verilən yüksək qiymətə,
bütövlükdə Azərbaycan elminin
inkişafına, alim və
ziyalılara göstərilən
diqqət və qayğıya görə Prezident
İlham Əliyevə minnətdarlığını
bildirir.
Toplunun materiallarından da göründüyü
kimi, konfrans çərçivəsində
AMEA-nın müxbir üzvü
Teymur Kərimlinin “Akademik
Əhməd Mahmudov”, Məmməd Əlizadənin
“Şahtaxtıdan başlanan ömür” və Məmməd
Əfşanın “Zirvə” kitablarının təqdimatı keçirilmişdir.
Daha sonra topluda
akademik Əhməd Mahmudovun
90 illik yubileyi ilə
bağlı Naxçıvan Muxtar
Respublikasında keçirilmiş elmi-konfrans materiallarına geniş
yer verilmişdir. Naxçıvan Türk liseylərinin
baş direktoru Murad Çapan, akademikin qohumları Ədilə Seyidova və Azər Məlikov, Fərhad Vahabov,
Şərur Türk Liseyinin
məzunu Tuncay Həbibbəylinin
çıxışlarında qeyd olunur ki, ötən əsrin
70-80-ci illərində respublıkanın ictimai-siyasi
və sosial-iqtisadi həyatının bütün sahələrində baş verən yüksəliş
dövründə kənd təsərrüfatı ilə
bağlı elmi axtarışlar inkişafla yanaşı addımlamalı, daha yeni və müasir elmi-praktik tədqiqat
nəticələrini ortaya qoymalı idi. Ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçildiyi, respublikanın ictimai-siyasi
və iqtisadi həyatında köklü dəyişikliklər
aparıldığı, iqtisadiyyatın, o
cümlədən kənd təsərrüfatının yenidən
qurulmasına başlanıldığı həmin dövrdə Əhməd Mahmudovun rəhbərlik
etdiyi İqtisadiyyat İnstitutu xalq təsərrüfatının
dinamik inkişaf etməsi
istiqamətində qarşıya qoyulmuş
vəzifələrin öhdəsindən uğurla
gəlmişdir. İnstitutun elmi tövsiyələri respublikanın müvafiq dövlət qurumları tərəfindən
iqtisadiyyatın müxtəlif sahələri üzrə
qərarların qəbul edilməsində mühüm
rol oynamışdır.
Məruzələrdə
bildirilir ki, akademik Əhməd Mahmudov
İqtisadiyyat İnstitutuna
rəhbərlik etdiyi illərdə bu elm ocağı nəinki
respublikada, eləcə də keçmiş sovetlər məkanında böyük nüfuzu olan aparıcı elmi-tədqiqat mərkəzinə
çevrilmişdir. Alimin elmlə təşkilatçılıq
işini bacarıqla əlaqələndirməsi
sayəsində institutun
apardığı tədqiqatlarda respublikada
elm və istehsalatın əməli şəkildə,
real iqtisadiyyatla
bağlılığı daha geniş vüsət almış, elmi nəticələrin tətbiqi əhəmiyyətli
dərəcədə yüksəlmişdir. Görkəmli
alim əsl vətəndaş kimi yaxşı bilirdi ki, respublikada iqtisadiyyat elmini sırf nəzəri-metodoloji
problemlərə istiqamətləndirmək nəinki çətindir,
ümumiyyətlə, qeyri-mümkündür.
Reallıq isə respublikanın iqtisadi həyatının
canlanmasını, xalq təsərrüfatının
inkişafına kömək edəcək aktual
problemlərin sistemli tətbiqini tələb
edirdi. Bu məsələdə
də Əhməd müəllim əsl fədakarlıq
nümunəsi göstərirdi.
“Akademik Əhməd Mahmudov”
toplusunun üçüncü
bölməsi Odlar Yurdu
Unıversitetində akademikin yubileyi münasıbətilə təşkil edilmiş “Müasir
inteqrasıya şəraitində Azərbaycan
iqtisadiyyatının səmərəliliyinin yüksəldilməsi
yolları” mövzusunda elmi
konfransa və alimin ömür yolunu əks
etdirən “Zirvə” sənədli-bədii kitabın təqdimat mərasiminə həsr olunmuşdur.
Konfrans materiallarında Azərbaycan iqtisadiyyat
elminin yaradıcısı, böyük elm təşkilatçısı
kimi 25 il
akademiyanın İqtisadiyyat İnstitutuna rəhbərlik etmiş
və onlarca iqtisadçı kadr hazırlamış Əhməd Mahmudovun adının əbədiləşdirilməsi
istiqamətində Odlar Yurdu
Universitetində böyük işlərin
görülməsindən
danışılmışdır. Universitet rektoru,
professor Əhməd Vəliyevin məruzəsində
qeyd olunur ki, artıq uzun müddətdir,
iqtisadiyyat fakültəsinin əlaçı
tələbələrinə Əhməd Mahmudov
təqaüdü, o cümlədən ən
yaxşı müəllimlər üçün
Əhməd Mahmudov adına təltiflər
təsis edilmişdir. Həmin
fakültədə görkəmli alimin həyat
və elmi fəaliyyətini sənəd və
şəkillərlə əks etdirən xatirə kabineti fəaliyyət göstərir.
Toplunun bu bölməsində
Əhməd Mahmudovun həyat və
yaradıcılığından bəhs edən “Zirvə” əsərinin
təqdimat mərasimindəki çıxışlara da geniş yer
ayrılıb. Akademik Ə.Mahmudovun ailə üzvlərinin,
millət vəkilləri Ziyad Səmədzadə,
Nizami Cəfərov, Vahid
Əhmədov, Əli Məsimli, Rafiq Məmmədhəsənov,
Nəriman Əliyev və digər ziyalıların məruzələri
və akademik haqqında fikirləri toplunun bu bölməsində
oxucuların ixtiyarına verilmişdir.
Toplunun sonuncu bölməsində
akademik Əhməd Mahmudovun
90 illik yubileyi münasibətilə dövri mətbuatda dərc olunmuş
məqalələr cəmlənmişdir. Bu
məqalələrdə Ə.Mahmudovun
elmi-təşkilati, elmi-nəzəri fəaliyyəti
işıqlandırılmış, akademikin
AMEA-dakı gərgin əməyinə yüksək qiymət verilmişdir. Qeyd olunmuşdur ki,
akademikin İqtisadiyyat
İnstitutuna rəhbərliyi
dövründə institutun real elmi istiqamətləri
müəyyən edilmiş, Azərbaycanın
xalq təsərrüfatının
inkişafı ilə bağlı problemlərin
qaldırılmasına və həllinə üstünlük
verilmiş, yeni
şöbələr açılmış, iqtisad
elminin xalqın mənafeyinə
uyğunlaşdırılması istiqamətində qətiyyətli
addımlar atılmışdır.
Ümumiyyətlə,
bu nəşri görkəmli alim Əhməd Mahmudovun həyat
və elmi
yaradıcılığını öyrənmək
baxımından çox yüksək qiymətləndirir
və onun akademikin unudulmaz xatirəsinə qiymətli bir töhfə olduğunu
düşünürük. Heç şübhəsizdir ki,
akademik Əhməd Mahmudovun
elmi irsinin tədqiq və
təbliğ olunması sahəsindəki fəaliyyətlər
genişləndikcə bu kimi
dəyərli kitabların da sayı
çoxalacaqdır.
Aybəniz ƏLİYEVA-KƏNGƏRLİ,
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru,
filologiya üzrə elmlər doktoru
Xalq qəzeti.- 2014.- 25 iyun.- S.9.