Azərbaycanın bəxti
onda gətirdi ki,
Heydər Əliyev kimi müdrik lideri vardı
Milli Məclisin qərarı ilə 1993-cü il iyunun 24-də ölkə Prezidentinin səlahiyyətləri ulu öndərə verildi
Mən hakimiyyətə özüm gəlməmişəm, məni dəvət etmişlər. Məni təkidlə dilə tutmuşlar. Gəncə hadisələrindən sonra bir neçə gün ərzində Azərbaycan əhalisinin müxtəlif qruplarının, ziyalıların nümayəndələri, nüfuzlu ağsaqqallar mənə müraciət etmişlər. Azərbaycan Prezidenti Əbülfəz Elçibəy də mənə təkidlə müraciət etmişdir.
Heydər Əliyev
Ümummilli lider
Ötən əsrin doxsan üçüncü ilinin 15 iyunundan sonra Azərbaycanda hakimiyyətin, demək olar ki, əksər qurumları iflic vəziyyətinə düşmüşdü. Ölkə başçısı Əbülfəz Elçibəy Surət Hüseynovun hədələrindən qorxaraq öz kəndinə – Kələkiyə qaçmışdı. Güc nazirləri vəzifələrindən kənarlaşdırılmışdı. Xarici işlər naziri və daha bir neçə yüksək ranqlı məmur vəzifəsini “dondurmuşdu”. Respublikanın Qarabağ, Şirvan, Aran, Gəncəbasar və digər zonalarındakı rayonların bir çoxunun icra hakimiyyəti başçıları Surət Hüseynovun əmrlərini yerinə yetirirdilər. Cənub rayonlarını separatçı Əlikram Hümbətov öz nəzarəti altına götürmüşdü. Şimalda sadvalçılar meydan sulayırdılar.
Ölkənin
paytaxtında hakimiyyət uğrunda
mübarizə kulminasiya
nöqtəsinə çatmışdı. Can
verməkdə olan AXC-Müsavat cütlüyünün iqtidarda
qalanları mövqelərini əldən verməmək üçün
dəridən-qabıqdan çıxırdılar. Ayaz Mütəllibovun tərəfdarları batan gəminin sərnişinləri kimi naümid vəziyyətə
düşmüşdülər. Kriminal
ünsürlər baş qaldıraraq gündə bir qətl hadisəsi törədirdilər. Bir sözlə, Pənah Hüseynovun
təbirincə desək, Azərbaycanda “bespredel”
hökm sürürdü. Bax, belə
mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu
öndərimiz Heydər Əliyev bütün
dolaşıq işləri nizama
salmağın mahir ustası olduğunu əməli fəaliyyəti
ilə sübuta yetirirdi.
Hakimiyyət strukturları içərisində
az-çox fəaliyyəti hiss edilən Milli Məclis
idi. O da ki,
iclaslarını ölkədə
yaranmış
başıpozuqluğun
baiskarlarını axtarmağa həsr
etmişdi. Əslində vəziyyətin
çıxılmaz həddə çatdırılmasında
Milli Məclis üzvlərinin əksəriyyətinin
günahı vardı. Ona görə də
hər cəhdlə çalışırdılar ki, özlərini aydan
arı, sudan duru
kimi
göstərsinlər. İclasların canlı yayımla
keçirilməsi
çoxlarının iç üzünü açırdı. Milli Məclisin yığıncaqları bir də ona görə
canlı yayımlanırdı ki, guya, uzaq dağ
kəndi Kələkidə oturan Əbülfəz Elçibəy “ölkəni
idarə edə bilsin”. Amma bu, absurd
yanaşma idi. O, hətta
Milli Məclis üzvlərinin müraciətinə cavab verməkdə acizlik göstərirdi.
Ölkədə,
sözün əsl mənasında,
başıpozuqluq
yaranmışdı. Surət Hüseynovun
qoşunları Prezident
Əbülfəz Elçibəyin istefası tələbi ilə Bakının, necə deyərlər,
iki addımlığında
dayanmışdı. Yenicə Ali Sovetin sədri seçilmiş
Heydər Əliyev gah Milli
Məclisin iclasını
çağırır, gah kütləvi informasiya vasitələri
üçün
brifinqlər keçirir, gah da qarşı tərəflərin
rəhbərləri ilə danışıqlar aparırdı
ki, təkrar faciələr baş verməsin.
Bütün bu tədbirlərdə
müzakirə mövzusu eyni
olduğu üçün
fikirlər dönə-dönə təkrarlanır, tərəflər
arasındakı kəskin ziddiyyətlər ortaq
məxrəcə gəlməyə, siyasi
və hüquqi baxımdan düzgün
qərarlar çıxarmağa mane olurdu. Əvvəllər bir gündə iki-üç qanun qəbul edəndə həmin iş gününü səmərəsiz
hesab edən
Milli Məclis son
beş-altı gündə bircə qərar da
qəbul edə bilməmişdi. İyunun
23-də gecə yarısınadək davam
edən yığıncaq da nəticəsiz
başa çatdı. Ali
Sovetin sədri
Heydər Əliyev həm Prezident
Ə.Elçibəylə, həm də S.Hüseynovla
aparılan danışıqlar
barədə millət vəkillərini məlumatlandırdı.
Qeyd etdi ki, Əbülfəz Elçibəy Surət Hüseynovun
qoşunlarının Bakıdan
uzaqlaşdırılmayınca geri
qayıtmayacağını bildirib.
Surət Hüseynov da
öz tələbində
israrlıdır: Prezident istefa
verməlidir!
Məclis üzvləri
Ordubad rayonundakı Kələki kəndinə
Prezidentlə görüşə getmiş
elm və mədəniyyət xadimlərindən
ibarət qrupun
rəhbərinin məlumatını da
dinlədilər. Belə çıxdı ki, Əbülfəz Əliyev qorxduğuna görə yox,
Bakıda “qan
tökülməməsi üçün”
paytaxtı tərk etmişdir. Buna münasibət bildirən millət vəkilləri uzun-uzadı danışmaqla mətləbdən
yayınır, höcətləşməyə
başlayır, hətta, bir-birini təhqir
etməkdən belə çəkinmirdilər. Belə vəziyyətlərdə bəzi deputatlar həmkarlarına xatırladırdılar ki, mətləbdən uzaqlaşmaq
lazım deyil. Azərbaycanda anarxiya hökm sürür, Prezident isə
uzaq dağ kəndinə
çəkilib, nə istefa verir, nə də səlahiyyətlərini
başqasına həvalə edir. Konstitusiyaya
görə, səlahiyyətlərin hamısı Prezidentin əlində cəmləşib, belə
vəziyyətdə biz nə etməliyik?
Deputatlardan bir qrupu,
çıxış yolunu Prezidentlə
Surət Hüseynovu
görüşdürməkdə görürdülər,
Heydər Əliyevdən xahiş edirdilər ki, bunu təşkil etsin. Ancaq iclasın gedişi zamanı Surət Hüseynovdan
alınan telefonoqram həmin ideyanı
heçə çıxardı. “Yun polkovniki” bildirirdi ki, Prezidentlə görüşmək həvəsində
deyil, onun tələbi
əvvəlkitək qüvvədə qalır. Belə olduqda deputatların bir
neçəsi yenidən Prezidentə etimadsızlıq məsələsini
qaldırdı.
Müzakirələrin
istiqaməti başqa bir
səmtə yönəldi: Prezident Kələkidən
ölkəni idarə edə bilərmi? Ali Sovetin
sədrinin müavini Afiyəddin Cəlilov
deputatların nəzərinə çatdırdı ki, Prezident zəng edərək iclasın gedişini izlədiyini bildirib
və millət vəkillərinə çatdırmağı
xahiş edib: Öz ölkəsinin hər hansı bir nöqtəsindən prezidentin
dövləti idarə etməyə ixtiyarı var.
Məsələnin
uzandığını görən deputat
Etibar Məmmədov iki
bənddən ibarət qərar layihəsini oxudu.
Həmin layihədə göstərilirdi ki,
Azərbaycan Respublikasının Prezidenti öz vəzifələrini icra
edə bilmir, buna görə
də onun səlahiyyətləri Konstitusiyaya görə, müvəqqəti Ali
Sovetin sədrinə verilməlidir. Millət
vəkillərinin əksəriyyəti qərar layihəsini bəyəndi.
Qərar layihəsinin səsə qoyulmasını tələb
edən deputatlara Ali Sovetin sədri
Heydər Əliyev məsləhət gördü
ki, gəlin tələsməyək,
Prezidentə bir gün
də vaxt verək.
Çıxışlarda
obrazlı ifadələrə tez-tez rast gəlinirdi: Məsələn, biri deyirdi: “Əbülfəz
Elçibəy Bakıya
qayıtmaq istəmir, Surət Hüseynovun Bakıdan geri
çəkilmək fikri yoxdur.
Bakı isə qan tökülməsinin tərəfdarı deyil”.
Bunlara qulaq asan İsa Qəmbərov
ayrı-ayrı çıxışları “siyasi lirika” adlandırdı. Ulu öndərimiz onun
atmacasını cavabsız
qoymadı. Bildirdi
ki, “siyasi lirika” Milli Məclisə əvvəllərdən xas olan əlamətdir,
ancaq indi nə yersiz höcət,
nə də hikkə
vaxtıdır, biz birləşib düşmənlərimizə
qarşı amansız
olmalıyıq.
Milli Məclisin iyunun 24-də
keçirilən növbəti
iclası Azərbaycanın ən yeni tarixində dönüş
nöqtəsi kimi yaddaşlarda
qalacaqdır. Məhz həmin gün parlamentin qərarı
ilə prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə
verilməsi Azərbaycanda müasir
dövlətçiliyin bünövrəsini qoydu.
Azərbaycan Respublikası Ali
Sovetinin qərarında göstərilirdi ki,
Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsinə
əsasən, “Azərbaycan Respublikası Prezidenti bu və ya başqa səbəblərə
görə öz vəzifələrini daha icra edə bilmədikdə, Azərbaycan
Respublikasının yeni prezidenti
seçilənədək onun səlahiyyəti
Azərbaycan Respublikası Ali Sovetinin sədrinə keçir”.
Qərar böyük
səs çoxluğu ilə qəbul edildi. Bu məsələdə
Prezident Ə.Elçibəyin könüllü surətdə öz səlahiyyətlərindən
imtina etməsi barədə verdiyi fərmanın da həlledici
rolu oldu. Sonralar buna başqa don geyindirməyə səy göstərənlər
də tapıldı. Həmin günlər Heydər Əliyevdən müsahibə
götürən “Ostankino” dövlətlərarası
televiziya şirkətinin müxbirinin
sualı konkret qoyulmuşdu
və ulu öndərimizin ona
hərtərəfli, dolğun cavabı hər
hansı şübhənin ayaq
açmasına imkan vermirdi:
– Cənab Əliyev, bir çox müşahidəçilər
Sizin hakimiyyətə gəlməyinizi Konstitusiyaya zidd hal kimi qiymətləndirmişlər.
Xahiş edirik, deyəsiniz:
Sizcə, siyasətdə elə
məqsədlər varmı ki, onların
naminə qanunu pozmaq olar? Bununla bağlı ikinci sual: Prezident
Əbülfəz Elçibəyin halı necədir, o, öz istefası ilə razılaşıbmı?
–
Əvvəla, deməliyəm ki, hakimiyyətə
gəlişimi Konstitusiyaya zidd
hesab etmirəm. İyunun
15-də parlamentin bir çox deputatlarının, habelə, Prezident Əbülfəz Elçibəyin özünün tövsiyələri ilə mən Azərbaycan Ali
Sovetinin sədri seçilmişəm. Bu, Konstitusiyaya
tam uyğun qərardır.
Bildiyiniz kimi, bundan bir neçə gün əvvəl Ali Sovetin sədri İsa Qəmbərov
istefa vermişdi. Buna görə
də mən Azərbaycan Ali Sovetinin sədriyəm.
İkincisi, mən hakimiyyətə özüm gəlməmişəm, məni dəvət
etmişlər. Məni təkidlə
dilə tutmuşlar. Gəncə hadisələrindən sonra bir neçə gün ərzində Azərbaycan əhalisinin müxtəlif qruplarının,
ziyalıların nümayəndələri,
nüfuzlu ağsaqqallar mənə müraciət
etmişlər. Azərbaycan Prezidenti
Əbülfəz Elçibəy də mənə təkidlə
müraciət etmişdir. O, üç dəfə
– ayın 7-də, 8-də, 9-da Naxçıvana xüsusi təyyarə
göndərmişdi və telefon söhbətlərində
israrla xahiş edirdi ki, mən Bakıya gəlim. Mən ayın 7-də
də, 8-də də imtina etdim. Nəhayət, vəziyyətin
getdikcə kəskinləşdiyini duyaraq,
iyunun 9-da bu dəvəti
qəbul etdim və Bakıya gəldim.
Vəziyyətin gərginliyini
zəiflətmək üçün burada mən
Əbülfəz Elçibəylə, digər siyasi xadimlərlə
birgə çalışırdım, iyunun
15-də, təkrar edirəm, parlamentin sədri seçildim. Burada Konstitusiyaya zidd, hüquqa zidd heç nə yoxdur. İyunun 24-dən başlayaraq,
Prezidentin vəzifələrinin yerinə yetirilməsinin mənə
həvalə edilməsinə gəldikdə isə, bunu izah etmək olar. Prezident Əbülfəz Elçibəy iyunun 17-dən 18-nə keçən gecə xəlvəti,
heç kəsə, o
cümlədən də mənə xəbər vermədən
təyyarə ilə Bakıdan çıxıb getmişdir. Halbuki, təyyarə Bakıdan
uçmamışdan bir saat əvvəl biz bir yerdə idik. Yalnız səhər
bizə məlum oldu ki, onun təyyarəsi
Naxçıvana enmişdir. Buradan Prezidenti Xalq Cəbhəsinin
üzvləri dağ
kəndi Kələkiyə aparmışlar. O, indiyədək
oradadır. Mən iyunun 18-dən 24-dək telefonla daim
danışıqlar aparmışam. Azərbaycan Elmlər
Akademiyasının prezidenti başda olmaqla,
ziyalıların böyük bir qrupu - akademiklər, professorlar,
yazıçılar, ağsaqqallar mənim
təşəbbüsümlə oraya
getmişlər. Onlar Prezidentlə
görüşmüşlər. Onu onlar da dilə tutmuşdular ki, o, Bakıya qayıtsın. Mən onu israrla dəvət edirdim. O, dəvəti qəbul etmədi, onunla razılaşmadı və indiyədək
Kələki kəndində
qalır. Prezidentin, demək olar ki,
bütün vəzifələrinin Ali Sovetin sədrinə həvalə edilməsi haqqında
fərmanı da
elə onun özü
imzalamış, öz fərmanında yalnız
vətəndaşlığa
qəbul və fərmanların imzalanması
hüquqlarını özündə saxlamışdır. Qalan hər şeyi o, Azərbaycan Ali Sovetinin sədrinə həvalə etmişdir.
Eyni zamanda, bu vəziyyət Azərbaycan parlamentinin
iclasında dalbadal bir
neçə gün müzakirə olunmuşdur, elə parlamentin
üzvləri də təkidlə tələb edirdilər ki, mən bu vəzifələri öz üzərimə götürüm. Mən razılaşmırdım,
yalnız Əbülfəz Elçibəyin özü
belə fərman verəndən
sonra
razılaşdım. Açığını desək,
respublika,
demək olar, idarəedilməz olmuşdu, çünki Prezident yoxdur. Baş nazir yox idi – o,
artıq çoxdan istefa vermişdi, mən
tək qalmışdım. Bir çox məsələlər
isə prezidentin səlahiyyətindən istifadə edərək həll olunmalı idi.
Bax, belə bir vəziyyətdə mən həmin vəzifələri
öz üzərimə götürdüm.
Təkrar edirəm, mən buna can atmırdım, mən bunu
istəmirəm. Əgər günü bu gün Əbülfəz Elçibəy buraya qayıdarsa, o, öz prezident vəzifələrini
yerinə yetirə bilər.
O ki
qaldı Əbülfəz
Elçibəyin taleyi barədə ikinci suala, o,
Kələki kəndində yaşamaqda davam edir, onu
Xalq Cəbhəsindən olan
bir dəstə silahlı adam
qoruyur. O, indi də
oradadır, məncə, heç nə ilə
məşğul olmur. Bəlkə istirahət
edir, bəlkə də bir
iş görür. Bu, mənə məlum deyildir.
Bizcə, ümummilli liderimiz Heydər
Əliyevin məntiqə əsaslanan tutarlı cavabının
əlavə şərhə ehtiyacı yoxdur.
Böyük dövlət xadiminin Azərbaycanda hakimiyyətə
qayıtması ölkəmizi
gözlənilən bəlalardan xilas etdi, müstəqilliyimizi əbədiləşdirdi,
ölkədə əmin-amanlıq, sabitlik
yaratdı, firavan
dolanışığa etibarlı yol
açdı.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2014.- 25 iyun.- S.4.